Payız eskizləri - Əli Şirin Şükürlü
Yazici.az ədəbiyyat portalı Əli Şirin Şükürlünün "Payız eskizləri - ədəbi supermatizm" silsiləsini təqdim edir.
***
Bir payız günü
Hava çiskinli
və mən kədərli.
Yenə də
başımı qatar adamlar,
yenə də
dadıma çatar ağaclar
bu payız günü.
Adam yaşadıqca
misqal – misqal ürək itirər,
ağac yaşadıqca
yarpaq – yarpaq ürək gətirər.
Baxıb ağaclara
mən yolumu azaram,
doğulandan qəlbimə
məzaram mən, məzaram.
***
Yağışın altında
Bir sən idin, bir də mən.
Saçların islanıb dəyir üzümə,
əllərin əllərimə, gözün gözümə,
yarpaqlar uçuşur düşür izimə.
Yağışın altında
bir sən idin, bir də mən.
Sevincimiz sahil boyu –
İslanmışdı yağışda;
kimsə xəbər tutmaz bizdən,
qorxma, gülüm,
gizlənmişik biz yağışın altında.
Yağışın altında
Bir sən idin, bir də mən
Yağış yağır,
şəhər qaçıb yağışdan.
şəhər qaçıb,
dayanmışıq, islanmışıq, donmuşuq -
asılmışıq bir sevdalı baxışdan.
Yağışın altında
Bir sən idin bir də mən
Yağış yağır,
Dünya qaçır yağışdan.
Dünya qaçır, zaman axır.
Bir dünyasız,
Bir zamansız dünyada
Biz qalırıq sevgilərin adından
O yağışın altında.
Yağışın altında
Bir sən idin bir də mən.
***
Bu il tez gəldi payız,
gəldi nə gəldi,
gəldi yaman gəldi,
yağan yağışlara könlüm
aldandı.
Ata yurdunda yarpaq tökümü,
qızımın əlində ölümü
qızılı rəngli armud yarpağı.
Qızımın sevinci payız,
anamın əlləri
qocalmış payız,
ata yurdunda yarpaq
tökümü? !..
Sevincim - kədərim payız,
qızılı, qırmızı payız,
gözəlim, gözəlim payız,
bütün gözəlliklərə
qırmızı ölümmü
vəd eləyirsən?!
***
Sonuncu qədəhi çəkdi başına,
bir araqlıq ümid də öldü,
daha içə bilmədiyindən
hara gedəcəyi haqda düşündü,
tüstülü kafedən
yağışlı küçəyə çıxdı,
sabaha islanmış ümidlər qaldı.
Sabahın xeyirli olsun,
köhəlmiş ümidlər
köməyin olsun,
yolun hayanadı,
mənə oxşayan?
***
yay yağışı
əvvəl baxışlarım, sonra əllərim toxunur qəfil başlayan yay yağışına.
nəyəsə təəssüf edirmiş kimi yırğalanır ağacın budaqları. küsməyi
olur ağacların da. son dəfə qüssəli gördüm meyvə ağaclarını ata mülkündə.
kədərə yoluxanlar bilirlər üzdə təbəssümün nə olduğunu, həsrətə
yoluxanlar uzun-uzun yolların - yolçuluğun. atıb gedə bilmədim
doğulduğum məmləkəti vətəndir deyə. indi qızım yaşayır qəribliyi
əvəzimdə, mənsə ayrılıqları. və hələ də alışa bilmirəm məkanlara-
ayrılıq havası zümzümə edən: “yola düşür. qarşılayın. yubanır və sairə”.
inanın, hər şey ötəridi sürətlə ötüb keçən qatarlar, limana bir daha
dönməyən gəmilər kimi: heç nə və heç kəs təkrar olunmur -
yox olur səmada
nöqtə şəklində gözdən itən təyyarələrtək. inanın həm də ömrün
o biri üzünün var olduğuna, inanın gözəl rəsm əsərləritək bütün
cinayətlərin də həyatın mənasızlığından doğulduğuna.
mən artıq inanmışam.
sevgiyə, həsrətə, sevincə, kədərə - bütün faniliklərə,
yəni həyata yoluxandan.
sanki bütün yolları geri dönmək üçün gedər adamlar. keçilən yollar var
bir də geriyə qayıtmaq olmur, elə bil uzanan kəndirdi həmən dartıb yığarlar.
250 km yol qət etdim ata yurduna, yay yağışına.
ilk dəfə sevmədim yay yağışını, ilk dəfə darıxdım ata mülkündə.
sahibsiz bağın ağacları meyvə gətirməz, hüzn aşılayar yay yağışları.
dəyişər libasın yay yağışları geriyə dönər, yerdən göyə yağışlar yağar.
bir də qayıdaram ata yurduna, bir də qayıtmaram yay yağışına.
... – 07.09.2010.
***
Məyus qadın - yağışda sevdalanan
Ax yağış, yağış...
nə deyim indi sənə:
bir zaman necə də sevərdim səni –
pəncərə önündə dayanıb düşünür qadın.
Yığıb baxışları ilə yağışı özünə
ilk dəfə necə sevdalandığını salır yadına:
O gün qəfil başlamasaydı leysan yağış
yubanmayacaqdı sığındığı dayanacaqda.
Cəmi bir dayanacaqlıq yol vardı mənzilinə və
xoşladığından piyada gedərdi o yolu daima.
O gün qəfil yağmasaydı yağış
rast gəlməzdi ona və gedib evinə
həmişə olduğu kimi
yaşayardı adi günlərdən birini bəlkə də.
Bəlkə də adi yox, fərqli olardı o gün. Sadəcə,
o olmazdı o günün içində və
yağışı sevərdi hələ də.
Təsəvvür edək
o gün o saatdaqəfil başlamır yağış;
qız piyada gedir evinə. Amma
bir tanışa rast gəldiyindən yubanır yolda.
Yubandığındanüz-üzə gəlirlər və vurulur yenə
yağışdan gizləndiyi dayanacaqda
rast düşdüyü adama.
Fərz edək
o gün o saatda qəfil başlamır yağış,
tanışa da rast gəlib yubanmır yolda,
sadəcə marketə dönür yolüstü və
yüngülcə kimsə toxunur çiyninə; beləcə,
vurulur yenəyağışdan gizləndiyi dayanacaqda
rastlaşdığı adama.
Fərz edək o gün o saatda
qəfil başlamır yağış,
tanışa da rast gəlib yubanmır yolda
və yolüstü dönmür mağazaya,
nə baş verərdi onda? -
nəsə baş verərdi sözsüz, nəsə baş verərdi
ya yolda, ya da evdə. Əsas nə olacaqdısa
olardı o da.
O gün o saatda
qəfil başlamasaydı yağış
indi bir fərq ola bilərdi sadəcə:
pəncərə önündə dayanan qadın
yağışı sevərdi hələ də.
... – 07.11.2013
***
şair-filosof
şair poetik düşünən filosofdu – deyir Haydeger.
mən də düşünürəm neçə illərdi:
yaranan nə varsa –
tələbdən doğar,
şəkli əks olunar düşüncədə,
sonra yavaş-yavaş istəyə dönər.
həyat var a – asta-asta ölümdü elə düşünsən dərindən,
düşünsən dərindən
sevgi – bir az da nifrətdi, nifrət – bir az sevgi,
sevinc – bir az kədərdi, kədər – bir az sevinc,
xoşbəxtlik – bir az bədbəxtlikdi, bədbəxtlik – bir az səadət.
qələbə - məğlubiyyətdi həm də,
məğlubiyyət – qələbə.
(hər şey ifratda öz tərsinə çevrilər). elə çevrilər
bir də görərsən sevinc kədərə dönüb,
səadət acıya, qələbə məğlubiyyətə
ya da tərsinə - odur ki gəlin şükür edək tale verənə.
varolan – yox olandı,
yoxolan – var olan.
ölüm – həyatın davamı; yoxolma deyil,
şüurun məhsulu – bu yerdə, deyəsən, səhv edər şüur.
şair – poetik düşünən filosofdu.
mən də
düşündüm, düşündüm, düşündüm...
və şeir yazdım:
payız gəldi. saralan yarpaq
elə həmin yarpaqdı,
rəngini dəyişib sadəcə.
payız gəldi yenə də.
saralan yarpaq
endiyi budaqdan uçmaz uzağa.
... – 14.11.2015
***
yağış, gölməçə və günəş
(minimalist şeir)
yağış
yağış yağış
yağış yağış yağış
yağış yağış yağış yağış...
gölməçə gölməçə gölməçə... gölməçələr
yağış yağış yağış yağış...
yağış yağış yağış
yağış yağış
yağış
gün çıxır
gün çıxır gün çıxır
gün çıxır gün çıxır gün çıxır
gün çıxır gün çıxır gün çıxır gün çıxır...
quruyur gölməşələr
yenə yağış
yenə yağış yenə gölməçə
yenə yağış yenə gölməçə yenə günəş
..........................................................
yaranan hər şey
öz-özünü sonsuz təkrar edər
... – 01.04.2017
***
Fenomenologiya: payızın rəngi
Tünd yaşıl, yaşıl, açıq yaşıl...
açıq sarı, sarı, tünd sarı...
açıq qırmızı, qırmızı, al qırmızı...
nə çox rəng varmış təbiətin payız şəklində;
hər rəng cürbəcür rəng yaradır özündən sanki –
sarı, qırmızı, yaşıl cürbəcür çalarlarıyla
bu canlı şəkil mənzərədə.
Bu canlı əsərdə quşlar; rəngdən rəngə qonur,
birdən pırr edib qalxır səmaya,
çıxa bilmir cazibəsindən, qayıdır... dönə-dönə qayıdır
uçduğu şəklə - hər dəfə yeni sənət əsəri yaranır
rənglərin çoxritimli çalarlarında; musiqiyə bənzəyir həm də -
şəkillə musiqi bir-birinin içində; həyatın məna şəkillərindən biri.
“Nə gözəl imiş mövcudluq məna tapanda onda” –
olumla ölüm arasında çırpınan insan baxıb
evinin iri pəncərəsindən, ilk dəfə görürmüş kimi
musiqi içində rənglərə bürünmüş bu canlı mənzərəni,
vaz keçir romantikasının cazibəsindən çıxa bilmədiyi
intihar həvəsindən: eros – yaşamaq...
yalnız yaşamaq “həyatın məna şəklində”!
... – 09.12.2024
***
Monizm: payızda zaman
Kənd evimizdə yenə də payız,
payızda ağaclar, quşlarda payız.
Ağaclarda (quşlarda) zaman - nəsə dəyişib; axı
ağaclar daha çox tanıdar dəyişmələri.
(Bir də çiçəklər – onların öz zamanı
hamıdan fərqli; gündüz açıb, axşam solanlar).
Nəsə dəyişib deyəsən: yox olub (r) yaşıllıq,
dayanıb bir mövcudolma, yerində başqası.
Yaşıl sarıya çevrilib(r) tədricən – eyni ağaclar deyilmi,
indi rəngini dəyişən,
bəs yaşıl hanı? – sarıda gizlənib sadəcə.
Eyni cür dəyişmələr bildirir;
bütün ağaclar eyni ağacdır əslində,
Ümumi olandan qopub
tək-tək düşüblər torpağa
bir qədər fərqli formalarda.
İnsanlar da ağac kimidi elə,
heç kim inanmasa da,
mən dəqiq bilirəm; Bir olub
və ayrı düşüblər nə vaxtsa –
indi o Bir olan gizlənib
Hamının içində.
... – 10.09.2024
Sizin reaksiyanız nədir?
Bəyən
2
Bəyənmədim
0
Sevgi
0
Əyləncəli
0
Əsəbi
0
Kədərli
0
Vay
0