Mənim ağ saçlımsan, ana.. - Aliq Nağıoğlu
Yazici.az ədəbiyyat portalı Aliq Nağıoğlunun "Doymayacaq" rekviyem-essesini təqdim edir.
Bütün mərhum analara..
– Salam, ana… Mən qayıtdım… Sənə nə olub?
Dünyada ən doğma, ən yaxın insanını – ananı qucaqlayacaqsan… Sənin dərbədər olduğun o illərdə o, elə qocalıb, elə kiçilib. Səni heç olmasa arabir görmək ümidi ilə ömrünün son çağlarını yaşayır.
Bu dünyada nələri görməyib ki! Kiçicik bir xəbər belə ona bəs edərdi ki, sənin səhhətin, rahatlığın haqqında hərbi xidmətdən ona bir soraq çatsın.
Harada olmağından asılı olmayaraq, o, həmişə həyəcan içində olub. Sakitcə qonşuluqdakı məscidin həyətinə gəlib, əllərini onun müqəddəs divarlarına qoyaraq sənin canına dualar oxuyub. Məsciddən çıxanda əllərini göyə açıb, sağ əlini üzünə çəkə-çəkə pıçıldadığı dualar taxta qapısının kandarına çatana qədər kəsilməyib.
Üzünü sənin sinənə qoyub səssiz-səssiz hönkürəcək, büzüşmüş, qısılmış çiyinləri titrəyəcək, örpəyinin qırağı ilə axan göz yaşlarını siləcək, qızarmış gözlərini sənin qıyılmış gözlərinə dikib deyəcək:
– Heç, heç nə, oğlum… Bu, sevinc göz yaşlarıdır… Heç fikirləşmirdim ki, belə tez gələsən…
O, qəfəsdən çıxmış quş kimi çırpınacaq, uzun-uzadı gözləməkdən yorulmuş bütün vücudu titrəyəcək, yanaqlarının qırışları arasına süzülən göz yaşları xəfifcə parlayacaq.
– Sənin saçların büsbütün ağarıb ki!..
Yüngülcə fəryad edəcək, sənin qısa saçlarını darayacaq, titrəyən barmaqlarını nəvazişlə saqqal basmış yanaqlarına toxunduracaq. Çoxdandır axı sənin xurmayı, yumşaq saçlarına, incə uşaq yanaqlarına doğma ana əli toxunmamışdı. İndi amansız illərin kişi taleyinə vurduğu zərbələrin izləri çökmüş üzünə baxacaq.
– Elə sən də mənim ağ saçlımsan, ana, – deyib gülümsəyəcəksən.
Codlaşmış əllərini körpəlikdən qoxusunu tanıdığın qısalmış hörüyünə, qırış-qırış olmuş alnına çəkəcəksən. Boğazındakı qəhəri udacaq, nəmli gözlərini gizlədəcək, dodaqlarını onun taqətdən düşmüş balaca əllərinə söykəyəcəksən.
Bir anlığa otağa sakitlik çökəcək. Kəfkirli divar saatının ahəngdar tıqqıltısı eşidiləcək. Çürümüş balaca pəncərələrə axşamqabağı qüruba enən günəşin şəfəqləri düşəcək. Haradasa yuvasına girməyə ləngimiş cücələr civildəşəcək, qaranquş-ana çiy kərpicdən hörülmüş otağındakı yuvasına qayıdacaq.
Küçədən keçən tozlu qoyun sürüsünün mələşməsi, çobanın üskürəkdə çaldığı yanıqlı oyun havası, arabadakı biçilmiş yoncanın ətri varlığın bu lal saniyələrini dayandıracaq.
– Mənə bax ha! Axı sən yoldan gəlmisən, yorğunsan, özün də ac-susuz! Yaman xərifləmişəm, bala… – deyib danışmaqdan yorulacaq. Dəyirmi masanın üstünə ağ süfrə sərib qab-qacağı çıxaracaq, cingilti ilə düzəcək, kiçik buxarının üstündə bişirdiyi, sənə tanış olan dadlı kənd yeməyindən qabağına çəkəcək.
Yaxınlıqdakı məsciddən axşam azanının səsi yüksələcək. Yenə onun rəngsiz dodaqları aramsız tərpənəcək. Əllərini göyə qaldırıb üzünə çəkəcək. Sonra stulunu sənə yaxınlaşdırıb baxacaq, baxacaq, sənə tamaşa etməkdən doymayacaq.
Sizin reaksiyanız nədir?
Bəyən
0
Bəyənmədim
0
Sevgi
0
Əyləncəli
0
Əsəbi
0
Kədərli
0
Vay
0