Qarağaclar döngədə bitir - "Qazax ədəbiyyatı" rubrikasında..
Yazici.az ədəbiyyat portalının "Qazax ədəbiyyatı" rubrikasının buhəftəki qonağı
nasir, kinodramaturq Didar Amantay..
Didar Amantay (Didar Amantayulı Kosılbekov, 1969, 5 fevral) – nasir, kinodramaturq, filosof
Karaqanda vilayətinin Karkaralı rayonunda anadan olub, Əl-Fərabi adına Qazaxstan Dövlət Universitetinin fəlsəfə və politologiya fakültəsini fərqlənmə ilə (1994), T.Jurgenov adına Teatr və Kino İnstitutunun kino fakültəsini (1998), Slovakiyada Bratislava Akademiyası yanında Amerika jurnalistika məktəbi kurslarını (2000) bitirib. Ş.Aymanov adına “Qazaxfilm” kinostudiyasının baş redaktoru (2009), bir mətbu nəşrin baş direktoru, bir neçə televiziya proqramının aparıcısıdır.
D.Amantay yaradıcılığa 90-cı illərdən başlayıb, hekayə, povest və romanları ilə ədəbi aləmin diqqətinin cəlb edə bilib. Onun “Postskriptum” (1996), “Mənə hörmət göstər” (2000), “Güllər və kitablar” (2003), “Payız görüşü” (2005) və s. nəsr kitabları oxucuların diqqətini çəkib, uğurlu ədəbi nümunələr kimi qəbul olunub. Əsərləri bir neçə xarici dilə tərcümə olunub. O, eyni zamanda, bir neçə sənədli və bədii ekran əsərinin ssenarisini qələmə alıb.
D.Amantay ədəbi uğurlarına görə, “Darın” (1998) dövlət və “Tərlan” (2010) müstəqil mükafatlarına layiq görülüb.
QARAĞACLAR DÖNGƏDƏ BİTİR
(hekayə)
Darxan ayağa qalxıb paltarını çırpdı. Söyüdlüyə toran çökmüşdü. Asiya dizlərini qucaqlayıb aralıda oturmuşdu, gümüldənə-gümüldən axan Jarlı çayına baxırdı. O, qıza yaxınlaşıb əlində tutduğu gödəkcəni açdı, yerə salıb üstündə əyləşdi. Günəş asta-asta şərq tərəfdəki üfiq boyu üzürdü. Onlar axar çaya baxırdılar.
-Onunla görüşə gedəcəksən? – Asiya soruşdu.
-Hə.
-Mənsə buzovu axtarmalıyam
-Sabah yenə gəl.
-Bura?
-Hə.
-Sonra yenə onun yanına qaçacaqsan?
-Sabah getməyəcəyəm. Sabah onları ailəlikcə Karkaralıya qonaqlığa dəvət eləyiblər.
-Onu mənə göstərərsən?
-Bəlkə, xoşuna gəlmədi?
-Hər halda, göstərərsən?
-Göstərərəm.
Asiya donunu çırpdı, pırtlaşmış saçlarını səliqəyə saldı. Darxan qalxdı. Yaxında, bir neçə addımlıqda, sıldırımlı enişin o tərəfində Jarlı çayının döngəsi görünürdü. Çaya yaxınlaşıb qumluqdakı yastı daşlardan birini götürdü, yastılama suya atdı. Daş üç dəfə sıçrayıb suyun dibinə getdi.
-Yaxşı, mən gedim, - qız dilləndi.
Darxan onun üzünə baxmadan suya daha bir daş atdı. Asiya aul tərəfə dönüb söyüd meşəliyində gözdən itdi. Qalın kolluğu keçəndən sonra təpənin üstünə qalxdı. Yuxarıda xeyli dayanıb ətrafa göz gəzdirdi. Darxan döngədəki qarağacın altındakı iri qaya parçasını görüb yaxınlaşdı. Var gücünü toplayıb itələdi, amma yerindən tərpədə bilmədi. O, oturub kürəyini daşa söykədi, dabanlarını bərk-bərk yerə dayayıb güc verdi. Daş qımıldandı, bir az da güc versəydi, aşardı. Darxan qalxdı, dizi üstə çöküb ikiqat qüvvəylə itələdi. Daş tərpəndi, aşağı yumbalandı, sonra gumbultuyla çaya düşdü.
-Hə, indi getmək olar, - oğlan astadan dilləndi.
O, qəfildən bütün varlığını bürümüş qəlbindəki həyəcanı, əsintini hiss eləmədən addımlayırdı. Ətrafın mənzərəsinin qarşısını kəsən söyüdlük geridə qalanda nəzərləri dərhal ensiz ağac zolağının o tərəfindəki qırmızı kərpicdən tikilmiş evə sataşdı. Həmin məqamda qəlbində yenə həyəcan peyda oldu. O, yerdən daş götürüb havaya atdı. Daş havada qısa dairə cızıb düşdü, yoxuş aşağı dığırlandı. Evin ətrafına hündür hasar çəkilmişdi. Şər qarışır, Günəş şüaları saysız-hesabsız, təkrarolunmaz rənglərə çalır, evin həyətində, yaşıl rəngə boyanmış taxta hasarın səthində şən halda oynaşırdı. O, enli hasar taxtasına amanabənd vurulmuş mismarı çıxarıb cibinə soxdu. Sonra taxtanı kənara çəkib yaranmış deşikdən içəri baxdı. Bax, o, gündən qaralmış qız əylənir. Rezin topu evin divarına vurub əllərini bir-birinə çırpır, sonra yenə topa zərbə endirir. Maraqlıdı, onun altı, yoxsa artıq yeddi yaşı var? Nəfəsi təngiyən qız növbəti zərbəni endirməyə macal tapmamışdı ki, top Darxana sarı diyirləndi. O balaca mələk geri çevrilənəcən oğlan taxtanı yerinə çəkə bildi. Ürəyi dəlicəsinə döyünürdü. Çaşqınlıq içində beynindən keçirdi ki, deyəsən, qız onu görməyib. Bir qədər gözləyib hasarın deşiyindən baxdı. Ona bürkü altındakı çöl çiçəyini xatırladan Günəşdən qaralmış qız artıq həyətdə gözə dəymirdi. Görünür, atası qızı evə aparmışdı. Daha oynamaq istəməyəcək ki? Yoxsa daha çox gecdi? Get-gedə qarılaşan qaranlıqda onsuz da heç nə görmək mümkün deyil. Darxan şalvarına yapışmış otları çırpıb aula tərəf addımladı, onun arxa tərəfində isə tünd-qırmızı qürub alışıb-yanırdı.
Gecə gözlərinə yuxu getmirdi. Qonşu çarpayıda yarmış anasının asta fısıltısını eşidirdi, otağın sükutunu yalnız atasının uca xorultusu pozurdu. Darxan isə o balaca qız barədə düşünürdü. Qərara gəldi ki, sabah mütləq onun yanına getsin, itirdiyi topu versin, yanında otursun. Qəfildən anlaşılmaz bir qüssənin onun istəyinin əksinə olaraq o kərpic evə sarı getməyə məcbur elədiyini duydu. Adyalı üstündən kənara atdı, qalxıb oturdi. Yenə də o balaca məxluqun onu qarşısıalınmaz bir qüvvəylə özünə cəlb elədiyini duydu...
O, gec oyandı. Tələm-tələsik geyinib həyətdəki əl-üzyuyanda ötəri yuyunub evə qayıtdı. Masanın üstündəki iri çaydan artıq soyumuş, çaynikdəki dəmin rəngi qaçmışdı. Hündür, uzunsov taxta piyalədə qızarmış qutab vardı, yanındakı iri piyalə də qaymaqla dolu idi. O, qutab götürdü, qaymağa batırıb asta-asta yeməyə başladı. Sonra soyumuş çayı birnəfəsə başına çəkdi. Səhər yeməyini başa vurub bayıra çıxdı. Kandarda anasıyla rastlaşdı.
-Atan həyəti də, tövləni də təmizləməyi tapşırdı.
-İndi təmizləyərəm.
-Yenə aradan çıxıb avara-avara dolaşma.
-Yaxşı.
Darxan bütün günü həyətdə işlədi. Axşamüstü söyüdlüyə sarı getdi. Asiya artıq onu gözləyirdi. Çayın qırağında sakitcə oturub suya baxırdı. Oğlan onun yanına çökdü. O da gümüldənə-gümüldənə axıb gedən Jarlı çayına baxmağa başladı.
-Gəldin?
-Hə.
-Hara gedək?
-Burda da oturmaq olar.
-Bura xoşuma gəlmir.
Qız yerindən sıçrayıb çayın dik sahiliylə yuxarı qalxmağa başladı. Darxan da onun arxasınca getdi. Onlar bir qədər aralanıb kiçik talaya çıxdılar, ayaq saxladılar, sonra qatı kölgəliyə sarı yönəldilər.
Asiya bəzən kolluğa girib ağacların seyrək yerində dayanır, göydən bol-bol səpələnən Günəş şüaları altında isinirdi. Buna görə də sinəsi, döşlərinin arasıyla göbəyinə uzanan çökək qırmızımtıl0qəhvəyi rəngə çalırdı. Darxan onun qarnını sığallayanda əlinin altında yeniyetmə qız bədənini duyur, gözlərini yumub ağlagəlməz zövq dəryasına cumur, həmin məqamda hiss elədiyi təsvirəgəlməz ləzzəti büruzə verməmək üçün gözlərini yumub susurdu. Amma gündən yanmış, qətran kimi qara saçları olan o qıza sahib olan kimi, dərhal varlığını unudurdu. Həmişə də ünsiyyətləri bu cür başa çatırdı. Yanaşı oturub yenə gözlərini çaya zilləyirdilər. Darxan susurdu. Asiya da dillənmirdi. Alov kimi alışıb-yanan qıpqırmızı Günəş qüruba enirdi. Oğlan daş götürün var gücüylə çaya atdı. Daş çayın səthinə dəyin dərhal batdı. Dalğalı izi sürətli axın bir anda götürüb apardı.
-Hə, göstərəcəksən?
-Kimi?
-Axı söz verdin ki, onu mənə göstərəcəksən.
-Bu gün tək getmək istəyirəm.
-Özün bilərsən.
-İncidin?
-Yox.
Asiya qəfildən başını qaldırıb ona nüfuzedici, incik nəzər saldı.
-Onun yanına getməyin xoşuma gəlmir.
Darxan cavab vermədi. Hətta qımıldanmadı, əvvəlki kimi etinasız halda çaya baxırdı.
-Qısqanıram, - qız etiraf elədi. Toranlıq qatılaşmağa başlamışdı. O, Asiyanın ləngidiyinə, çıxıb getmək istəmədiyinə görə hiddətlənirdi. Sükuta qərq olmuş aləm mürgüləməyə başlamışdı. Suyun asta gümültüsü eşidilirdi. Qız özünü naqolay hiss elədi. Darxanın dinib-danışmamasından, yarıyuxulu sükutu bircə səsin belə pozmamasından, söylədiklərinin cavabsız qalmasından ovqatı təlx olmuşdu. Burda, söyüdlüyün əhatə elədiyi sahildə qəfildən özünü artıq hiss elədiyinə görə, özünə yer tapa bilmirdi. Qız sakitcə qalxıb aralandı. Darxan qət elədi ki, o, bir daha Jarlı çayının sularının yuduğu bu qayalı sahil boyu uzanıb gedən söyüdlü sahilə bir daha gəlməyəcək.
O, yenə tanış həyətəcən getdi. Hasarın taxtası hələ də bərkidilməmişdi. Yadına düşdü ki, dünən aşağıdan çıxardığı mismarı cibinə qoyub. Əlini cibinə saldı, dərhal da uzun və yoğun mismarı hiss elədi. Oğlan taxtanı yana çəkib baxdı, işıqsız, zülmətə bürünmüş pəncərəni gördü. Evi əhatə eləyən geniş həyətdə heç kəs gözə dəymirdi. Yumşaq böyürlərinə bürküdə açmış çöl çiçəyinə oxşayan balaca qızın nazik barmaqlarının və zərif ovuclarının toxunduğu rezin top küncdəki güllüyün qırağındaydı. O, həmin topu götürür, divara atır, geri sıçrayanda vururdu.
Darxan sivişib həyətə girdi, qaça-qaça topa tərəf getdi. Onu götürüb sinəsinə sıxdı. Varlığını bürümüş həyəcandan rezin topu var gücüylə sıxa-sıxa həyətin ortasındaca donub qaldı. Sonra təsəvvüründə o balaca, gözəl məxluqun indi yanında topla oynadığını canlandırmağa başladı. Bax, qız cingiltili səslə gülür, ondan nəsə soruşur, qəfildən əlindən tutub kənara sıçramış topu gətirməyi xahiş eləyir – bütün bunlar şəffaf mənzərəyə çevrilib gözlərinin qabağında cərəyan eləyir, onun rahatlığını əlindən alırdı. Əraf artıq qaranlığa qərq olmuşdu.
Darxan hələ də sinəsinə sıxdığı güllüyün qırağına qoyub hasara doğru getdi. Sallanan taxtanı kənara çəkib bayıra çıxdı. Aula gedən cığırın tutqun zolağı uzanır, qırmızımtıl toranlığın qoynunda yoxa çıxırdı. O, yolda qızın görkəmini yaddaşında bərpa eləməyə çalışdı. Evin kandarından içəri qədəm qoyanacan onunla bağlı qüssəli düşüncələrə daldı, gecə yatağına uzananda isə sahilsiz arzu dəryasına baş vurub uzun müddət gözlərini yuma bilmədi. Az qala, dan yeri ağaranda yuxuya getdi. Yuxusunda dönə-dönə ağ geyimli, ilğımı xatırladan, gah ondan uzaqlaşan, gah da əl işarəsilə yanına çağıran bir adamın yayğın obrazını gördü.
Yuxudan oyananda Günəş bir adam boyu qalxmış, şüaları otağı parlaq işıqla doldurmuşdu. O, adyalı kənara atıb yatağın kənarında oturdu. Çarpayının yanına, kandara atdığı şalvar-köynəyini götürüb geyindi, hələ də yarıyuxulu halda bayıra çıxdı. Külək əsmirdi, bürküydü. Kölgədə dayanıb evin böyründə gəzişən toyuqlara maraqla, uzun-uzadı göz qoydu. Sonra həyətin küncünə yığılmış taxtalardan rahat yer düzəldib arxası üstə uzandı. Yenə balaca qızla bağlı düşüncələrə daldı. Onu hiss olunmadan yuxu basdı.
O, axşama yaxın oyandı. Çəpərin dibindəki əl-üzyuyulana yaxınlaşdı, qurşağacan soyundu, ləzzətlə yuyundu, süfrəyə yemək düzüb tələsmədən yedi.
Sonra Jarlı çayının sahilinə üz tutdu. Hər dəfə addımını atanda quru yoldan toz qalxır, bulud kimi göyə qalxırdı. Oğlan əvvəlcə hasarın deşiyindən həyətə baxmaq üçün kərpic evə sarı dönmək qərarına gəldi. Sola döndü, yaşıl hasara çatıb taxtanı yana çəkdi. Gözləri qarşısında yaxşı tanış olan mənzərə açıldı. Hündür dam, baca. Pəncərələrin pərdələri çəkilmişdi. Həyət tər-təmiz yığışdırılmışdı. Evin arxasında, darvazanın sol tərəfində iki it damı vardı. Amma it gözə dəymirdi. Zəncir də yox idi. Görünür, heç vaxt da olmamışdı. Deyəsən, ev sahibləri hələ qayıtmamışdılar.
Həvəsdən düşən Darxan geri döndü. Söyüdlüyə girəndə geri boylandı. Hasarın arxasından evin yalnız damı, bir də pəncərə taxtalarının yuxarısı görünürdü. Qalan yerləri yaşıl rəngli taxtaların arxasında qalmışdı. Evin görkəmindən soyuqluq yağırdı. Axı qız orda yox idi. Oğlan yenə qəlbində boşluq hiss elədi.
Çayın sahilində, qarağacın altında Asiya gözləyirdi. Darxan qıza yaxınlaşıb yanında oturdu. Az sonra gözlə görmək mümkün olmayan ənginliyə, buludların o tərəfindəki boşluğa baxmaq istədi. Bütün varlığını mövcudluğun ruhuna get-gedə daha dərin işləyən mənasızlığı bürümüşdü. Nəzərlərini səmaya qaldırdı. Ənginliyə səpələnmiş ulduzlar şən halda göz vururdular. Fikirləşdi ki, həmin gözəl qız indi bayırda oynayırsa, deməli, bu ulduzları o da görür. Qızğın topa kimi boğazında ilişib qalmış göz yaşları onu boğurdu. Oğlan, az qala, boğazından qopacaq hönkürtünü çətinliklə boğub dərindən nəfəs aldı. Heç istəmirdi ki, Asiya onun ağladığını görsün. Əlhavasına yerdən daş götürüb çaya atdı. Daş şappıltı ilə suya dəyib batdı, sıçrantılar ətrafa səpələndi.
-Niyə gecikdin?
-Belə oldu.
-Burda artıq xeyli vaxtdı oturmuşam.
-Bilirəm.
-Gedək?
-Hara?
-Bir az uzağa.
-Bəs burda?
-Burda da istəmirəm.
-Mənsə səni xeyli müddət gözlədim.
Jarlı çayı gümüldənə-gümüldənə axırdı. Çay onların heç vaxt olmadıqları naməlum uzaqlara doğru şığıyırdı. Darxan qəhərin yenə sinəsindən qalxıb boğazında düyünləndiyini hiss elədi.
Tərcümə: Nəriman Əbdülrəhmanlı
Sizin reaksiyanız nədir?
Bəyən
0
Bəyənmədim
0
Sevgi
0
Əyləncəli
0
Əsəbi
0
Kədərli
0
Vay
0