Sazın bağrından qopan söz adamı

Noy 6, 2026 - 22:34
Noy 6, 2026 - 22:37
 0  4
Sazın bağrından qopan söz adamı

Bir neçə gün bundan öncə ötən əsrin ortalarında Tovuz rayonunda yaşayıb yaratmış tanınmış el şairi Fətəli Alıoğlunun şeirlərindən ibarət "Deyərlər" adlı mükəmməl nəşr işıq üzü görüb. 

☆☆☆☆☆

Uca millətimizin bağrından qopan milli xüsusiyyətləri öz türk ruhunda yaşadan qədim Tovuz mahalı saza-sözə, folklora, ümumilikdə ağız ədəbiyyatına dərindən bağlılığı ilə də seçilib. Bu torpaqda dünyaya göz açan körpələrin beşiyi başında layla deyilib, saz çalınıb, şeir söylənilib. Bəlkə elə buna görədir ki, bu torpağın insanlarında sənət eşqi, milli-mənəvi dəyərlər, elə-obaya bağlılıq bütün həyatı boyu onların içində bərqərar olub, könüllərində bur mayak kimi bərq vurur.

Əsrarəngiz təbiəti ilə gözəlliklər məskəni olan Tovuzun ayrı-ayrı kəndlərində xeyli sayda el şairləri, köhnə kişiləri xatırladan azman aşıqlar yaşayıb. Onların sayı isə hədsiz çoxdur. Ozan sənətinin böyük təmsilçiləri olan Hüseyn Bozalqanlı, Mirzə Bayramov, Əsəd Rzayev, Nəcəf Əlimərdanlı, Xəyyat Mirzə, Mikayıl Azaflı, Əkbər Cəfərov, Əlixan Niftəliyev, İmran Həsənov, Çopur Ələsgər, İdris Alakollu, Mahmud Məmmədov, Xanlar Məhərrəmov, Aydın Şobanoğlu, Urfan Əli Quliyev kimi nəhəng aşıqların, həmçinin müasir dövrdə Kamandar Tağıyev, Cahandar Əkbəroğlu, Roman Azaflı, Elməddin Məmmədli, Səyyad Aydınoğlu, Şəhriyar Qaraxanlı kimi sevilən və istedadlı sənətkarların adını çəkmək bəs edər ki, Tovuzda sazın nə qədər müqəddəs tutulduğunu hiss edəsən.

Qeyd etdiyimiz kimi, bu məkan həm də sözə, şeirə könül verən incə ruhlu şairlərin vətənidir. Belə ruhu gözəl, alçaqkönüllü söz adamlarından biri də Fətəli Alıoğlu olub. 

Görkəmli və unudulmaz aşıq Xanlar Məhərrəmovun şirin havacatı və misilsiz ifası ilə məşhurlaşan:

Gəncə mahalından şikar eyləyib,

Tovuz ellərinə xoş gələn sonam.

Alagöz, qaraqaş, ayna qabaqlı,

Cəmi gözəllərdən baş gələn sonam.

-qoşmasının müəllifi olan Fətəli Alıoğlunun xeyli şeiri var ki, çoxdan aşıqların dilinin əzbəri kimi dildən dilə dolaşır. 

1921-ci ildə Tovuzun Əmirli şenliyindəki Xatınlı kəndində dünyaya göz açan Fətəli Alıoğlunun həyatı ağır məşəqqətlərdən, ağrı-acılardan keçib. İlk vaxtlardan İkinci Cahan savaşına yollanan gənc Fətəli, qanlı-qadalı döyüş yolu keçir. 1943-cü ildə Mozdok şəhəri uğrunda gedən vurumalarda ağır yaralanır və ikinci qrup əlil kimi Vətənə qayıdır. Bundan sonra fəal iş qabiliyyətini itirir. Aldığı amansız yaralardan, bədənində gəzdirdiyi qəlpələrin ağrısından həyatının sonuna kimi əziyyət çəkməli olur. Bir müddət doğma kəndində kitabxana müdiri işləyir.

Atası Alı kişi və böyük qardaşı Həsən də şeirə-sözə bağlı insanlar olub. Ara-sıra şeirlər yazıblar. Belə bir ailənin təmsilçisi olan Fətəli, poeziya ilə daha ciddi məşğul olur, ömrünün sonunadək səmimi, könüloxşayan şeirlər qələmə alır:

Əldə hökmün ola, cibində pulun,

Dinəntək kəlmənə "bəli" deyərlər.

Kimə neyləyəndi biçarə kasıb,

Oturub-duranda dəli deyərlər.

Həyatın hər üzünü görən Fətəli Alıoğlu canını saran ağrı-acılardan təskinliyini yazdığı şeirlərlə yanaşı, ölkəmizi gəzib dolanmaqda görür. Belə səfərlərin birində bütün ömrü boyu unuda bilmədiyi bir hadisə baş verir. Şuşa şəhərində böyük Səməd Vurğunla rastlaşır. Səmimi söhbətdən sonra ustad Səməd Vurğun tərcümə edib, çap etdirdiyi rus poeziyasının günəşi sayılan Aleksandr Puşkinin "Yevgeni Onegin" kitabını avtoqrafla ona bağışlayır. Bu hadisə gənc Fətəliyə sonsuz sevinc bəxş edir. Böyük şairin ona verdiyi bu hədiyyəni həmişə qoruyub saxlayacağına söz verir.

Fətəli Alıoğlu gənc ikən aşıq Nəcəf Əlimərdanlının yanında şəyirdlik edir. Bir sıra el sənətkarları, o cümlədən ustadlar ustadı Hüseyn Bozalqanlı ilə görüşüb, ünsiyyətdə olur, Qaraxanlı aşıq Vəli və başqa üzdə olan sevimli saz ustaları ilə dostluq edir. Təbii ki, bu görüşlərin hər biri onun yaddaşında silinməz izlər buraxır. 

Fətəli Alıoğlu əksər şeir növündə qələmini sınayıb. Ürəyəyatan, mükəmməl nümunələr yaradaraq səmimiyyəti və sadəliyi ilə el-obasında hörmət-izzət yiyəsi olub. 

1986-cı ildə dünyasını dəyişən Fətəli Alıoğlu, doğulduğu Xatınlı kəndinin qəbristanlığında torpağa tapşırılıb. 

Şairin yaradıcılığının xeyli hissəsi əldə olunmasa da, toplanan şeirləri ilk dəfə 1998-ci ildə işıq üzü görüb. Tovuzun simalarından biri olan xeyirxah iş adamı Namazali Mammadovun təşəbbüsü və maddi dəstəyi ilə həmin il "Səni düşünürəm" adlı şeirlər kitabı çap olunub. Nəşrin tərtibçisi və redaktoru gözəl şair, mərhum Şəmşad Rza olub. 

Fətəli Alıoğlunun növbəti kitabı da 2009-cu ildə Namazəli Məmmədovun təmənnasız yardımı ilə nəşr edilib. Namazəli müəlliminn ön sözü ilə çıxan "Ataların bir yadigar sözü var" kitabının tərtib edəni isə dünyasını vaxtsız dəyişmiş istedadlı şair Bağman Baba idi.

Unudulmaz el şairi Fətəli Alıoğlunun "Deyərlər" adlı bu mükəmməl kitabı xeyirxah eloğluların - həm də yaxın qohumu olan Orxan Əmrahovun və saz-söz divanəsi, eşqli qardaşımız Bəhruz Cəfərovun təşəbbüsü və dəstəyi ilə nəşr olunub.

Ehtiram İlham

Şair-publisist

Sizin reaksiyanız nədir?

Bəyən Bəyən 0
Bəyənmədim Bəyənmədim 0
Sevgi Sevgi 0
Əyləncəli Əyləncəli 0
Əsəbi Əsəbi 0
Kədərli Kədərli 0
Vay Vay 0
Tural Adışirin AMEA-nın Şəki Regional Elmi Mərkəzinin "Ədəbi-mədəni mühit və folklor" şöbəsinin elmi işçisi, Yazici.az ədəbiyyat portalının baş redaktoru