"Taclı": Taxt-tac, eşq və sənət haqqında hekayət
Yazici.az ədəbiyyat portalı Nəriman Əbdülrəhmanlının yazısını təqdim edir.
Nə vaxtsa qələmə alacağım mövzuyla rastlaşanda xəfif diksinti, ardınca onurğa sütunumda soyuq gizilti duyuram...
Başqalarını bilmirəm, bu, məndən ötrü nəyinsə ayan olduğunu duymaq, İlahi kodu qəbul eləməkdi - sonrası taleyin və qismətin işidi...
Sonunun nə olacağını hələ açıq-aydın dərk eləmədən o sirli-sehirli duyğunun ardınca gedirəmsə, deməli, müəyyən müddətdən sonra ortaya nəsə çıxacaq...
Doxsanıncı illərin əvvəllərində tarixi mənbələrin birində Şah İsmayıl Xətainin anası Aləmşah Bəyimi öldürtməsinin, xatunu Taclı Bəyimin Çaldıran döyüşündə əsir düşməsinin, həqiqət olmadığı barədə faktlara rast gələndə də eyni halı keçirdim, duman içində səfərə çıxan yolçu kimi, o versiyayla bağlı axtarışa başladım...
I
İlk üz tutduğum mənbə görkəmli tədqiqatçı Oqtay Əfəndiyevin “Azərbaycan Səfəvilər dövləti” (1981) araşdırması oldu. O, ilk dəfə olaraq dövrün mənzərəsini tarixi mənbələr - İbrahim Əmininin “Fütuhat-i-şahi”, Budaq Qəzvininin “Cəvahir əl-əxbar”, Əbdi bəy Şirazinin “Təkmilət-ül-əxbar” və Qazi Əhməd Quminin “Xülasət-üt-təvarix kimi nadir əlyazmalar - əsasında yaratmış, Şah İsmayılın Aləmşah Bəyimi öldürtməsi, Taclı xanımın əsir düşməsi iddialarını təkzib eləmişdi.
Taleyin gərdişiylə, bir müddət sonra, 2011-ci ildə tanınmış türk yazıçı İsgəndər Palanın “Şah və Sultan” romanını Azərbaycan türkcəsinə çevirməli oldum; müəllif Taclı Bəyimin sadiq xidmətçisi Qəmbər Canla birgə Yavuz Sultan Səlimin hüzuruna aparıldığını, Sultanın onun gözəlliyindən və ləyaqətindən təsirlənib toxunmadığını, böyük ehtiram göstərdiyini, müalicə etdirib İstanbula göndərdiyini, ən yaxın adamlarından biri olan dövlət xadimi və şair Tacizadə Cəfər Çələbi ilə evləndirdiyini, Cəfər Çələbinin ona dərin məhəbbət bəsləyib və şeirlər yazdığını, lakin bir müddət sonra edam olunduğun, sevimli xanımının rəqibinə əsir düşməsi və başqasına verilməsi xəbərindən sarsılan Şahın öz adamı Hüseyni gizlicə İstanbula göndərib Taclı Bəyimi öldürtmək istədiyini, amma Sultan Səlimin, ardınca Şah İsmayılın vəfat etməsindən sonra Taclı bəyim də ömrünün sonunu İstanbulda başa vurduğunu... ustalıqla qələmə alıb.
Amma nəşrə ön söz yazmış görkəmli türkoloq, filologiya elmləri doktoru, professor Əsgər Rəsulovun da qeyd elədiyi kimi, bütün bunlar uzun müddət ancaq Osmanlı mənbələrində ağızdan-ağıza keçən hekayət kimi dolaşıb qələmə alınmış rəvayətdi, əsl həqiqətlə heç bir əlaqəsi yoxdu.
Elə o vaxtlar oxuduğum əsərlərdə - çağdaş türk tarixi romançıları Reha Çamuroğlunun “İsmail” (1999), Okay Tiryakioğlunun “Yavuz” (2009) və “Çaldıran: Kılıçların ve Şiirlerin Savaşı” (2014) romanlarında – də məlum versiya bədii təxəyyülün gücü ilə bəzəkli-düzəkli tərzdə təqdim olunurdu...
Türkiyə folklorşünaslığı da mövzudan yan keçməmişdi, Prof. Dr. Muhsin Macitin “Şah Hatayi ile Taçlı Hanım Hikayesi” araşdırmasında “Şah İsmayıl və Gülüzar” dastanının müxtəlif variantlarında Taclı xanımla bağlı epizodlar və deyişmələr yer alırdı.
Əlbəttə, XVI əsrdə yaradılmış, bizə ayrı-ayrı parçaları gəlib çatmış “Şah İsmayıl və Taclı xanım” dastanımız vardı, o dastanda Taclı xanım Şah İsmayılın sərkərdəsi Şamlı Əbdi bəyin qızı idi, döyüşlərdə yaralanır, Şah İsmayılla deyişirdi. Əzizə Cəfərzadənin “Bakı-1501”, Fərman Kərimzadənin “Xudafərin körpüsü” və “Çaldıran döyüşü”, Əlisa Nicatın “Qızılbaşlar” romanları isə mənbələrin əlçatar olmadığı dövrdə qələmə alınmış, üstəlik, məlum tarixi həqiqətlər bədii təsvirlərin toxumasında az qala görünməz olmuşdu...
Taclı Bəyimlə bağlı həqiqət dövrün salnamələrində, şahidlərin şəhadətlərində idi, həmin mənbələrin əksəriyyəti də hələ Azərbaycan türkcəsinə çevrilməmişdi, bu səbəbdən, axtarışlarımın uzun çəkəcəyini bilirdim...
II
Bakıda da, hər dəfə Türkiyəyə yolum düşəndə də vaxt tapıb kitab dükanlarına baş çəkir, kitabçılara üz tutur, Taclı Bəyimin Çaldırandan sonrakı taleyinin əks olunduğu mənbələr axtarırdım...
Az sonra artıq əlimdə Namiq Musalının “I Şah İsmayılın hakimiyyəti (“Tarix-i aləmara-yi Şah İsmayıl” əsəri əsasında)” (2011), Tufan Gündüzün “Son Kızılbaş Şah İsmail” (2010), “Kızılbaşlar, Osmanlılar, Safeviler” (2015) kimi etibarlı araşdırmaları da vardı...
Əlaqəsi olan dostlar vasitəsilə Təbrizdə, Ərdəbildə, Urmiyada yaşayan, öz soy-kökünə sonsuz sevgi bəsləyən aydınlara da müraciət elədim, sağ olsunlar, farsca mənbələrdən bir çox gərəkli parçalar göndərdilər...
Səfəvi və müstəqil Qərb mənbələri faktlarla Taclı Bəyimin döyüşdə əsir düşməsi versiyasını təkzib, onun döyüş meydanından sağ qurtulduğunu sübut eləyirdi. Anonim Səfəvi salnamələri “Aləmara-yi-Şah İsmayıl” və “Aləmara-yi-Səfəvi”də onun döyüş zamanı yaralandığı, Təbrizə doğru geri çəkiləndə yolu itirdiyi, əvvəlcə Xoy hakiminə sığındığı, iki gecə orada qaldıqdan sonra Durmuş xanın vəziri ilə sağ-salamat Təbrizə gəldiyi, Qazi Əhməd Qəffarinin “Tarixi-Cahanara” əsərində döyüş meydanında əsir düşən qadının Taclı xanım deyil, Şah İsmayılın digər həyat yoldaşı Bəhruzə Bəyim olduğu (bu versiya da səhvdir, güman ki, əsir düşən Taclı Bəyimin sadiq kənizlərindən biri imiş), Osmanlı tarixçilərinin məhz o iki xanımı səhv saldığı vurğulanırdı; XVI əsrin əvvəllərində o yerlərdə olmuş Venesiya italyan səyyah Covanni Maria Ancolellonun qeydləri də Taclı xanımın döyüşdən sonra əsir alınmadığını təsdiqləyirdi; tanınmış Qərb şərqşünası Rocer Seyvori (“Taclı Xanım: Çaldıran döyüşündə Osmanlılar tərəfindən əsir götürülübmü?”) və İran tarixçisi professor Nəsrullah Fəlsəfi (““Cəng-i Çaldıran”) bütün ilkin mənbələri müqayisə eləyib Taclı xanımın əsir düşməsi xəbərinin Osmanlı saray təbliğatı olduğunu sübuta yetirmişdilər.
Taclı xanımın ömrünün son illəri və Şiraz sürgünü də XVI əsr Səfəvi tarixçilərinin əsərlərində əksini tapmışdı: Əbdi bəy Şirazi şirazlı, hadisələrin müasiri və şahidi kimi “Təkmilət-ül-əxbar” əsərində onun saray intriqaları nəticəsində Şiraza göndərilməsini, hicri 947-ci (miladi 1540) ildə orada vəfat elədiyini və Bibi Düxtəran məqbərəsində dəfn olunduğunu yazırdı; Səfəvi sarayına yaxın olan bu tarixçi Qazi Əhməd Qumi də “Xülasət-üt-təvarix” əsərində Şah Təhmasibin anası ilə münasibətlərinin pozulduğunu, onun Şiraza sürgün edildiyini və 1540-cı ildə orada dünyasını dəyişməsini təsdiqləyirdi.
Məşhur tarixçi Həsən bəy Rumlu da XVI əsrin ən mötəbər Səfəvi salnamələrindən biri olan “Əhsən-üt-təvarix” əsərində Şahbigə Sultanın (Taclı xanımın) 1540-cı ildə Şirazda vəfatını qeyd etmişdi.
Mənbələrdə Taclı Bəyimin (Bigə, Bikə) Mosul hakimi Mihmad (Mahmud) bəyin qızı olduğu yazılsa da, Ağqoyunlu xanədanına mənsubluğuyla bağlı gümanlar da mövcuddu...
Əlbəttə ki, bu qədər səhih tarixi mənbə müqabilində “Taclı Bəyimin əsir düşməsi” bəlağət dolu hekayətdən başqa bir şey olmadığı gün kimi aydın idi...
III
Üstəlik, İsgəndər Palanın romanında təsvir elədiyi digər iddiaları - Osmanlı mənbələrində ağızdan-ağıza yayılan, Şah İsmayılın doğma anası Aləmşah (Həlimə) bəyimi öldürtməsi, şahzadə Səlimin dərviş libasında saraya girib Şah İsmayılla şahmat oynaması, Qəmbər Canın Taclı Bəyimə aşiq olması barədə - da araşdırmaq lazım gəlirdi...
Ciddi ilkin mənbələr, epiqrafik abidə (məzar daşı) birinci iddianı tamam təkzib eləyirdi. İddianın əsas qaynağı bəzi Avropa müəlliflərinin Şah İsmayılın 1501-ci ildə Təbrizi tutduqdan sonra atasının (Şeyx Heydərin) dul qalmış arvadlarından birini edam etdirməsi ilə bağlı qeydləri idi, sonra bəzi tarixçilər, həm də Reha Çamuroğlu kimi müasir roman müəllifləri həmin qadının Şah İsmayılın doğma anası Aləmşahbəyim olduğunu iddia eləmişdilər. Əslində isə söhbət Şeyx Heydərin digər zövcəsindən - Şah İsmayılın ögey anasından - gedir. Şeyx Heydər 1488-ci ildə Tabasaran döyüşündə həlak olduqdan sonra həmin arvadı onun qətlində iştirak etmiş Ağqoyunlu əmirlərindən birinə ərə getmiş, düşmənə məlumat ötürmüşdü. Şah İsmayıl da Təbrizə girəndən sonra məhz atasının qatilinə ərə gedən ögey anasını edamı barədə hökm verib.
Aləmşah Bəyimsə Həsən Padşahın qızı olsa da, heç vaxt qardaşlarının tərəfində olmayıb, əksinə, 1499-cu ildə Ağqoyunlu hakimi Əlixan Sultanın İsmayıla qurduğu pusqunu əvvəlcədən xəbər verməklə oğlunun həyatını xilas eləyib. Səfəvi saray salnamələrinə (xüsusilə “Aləmara-yi-Şah İsmayıl” əsərinə) görə, Aləmşah Bəyim 1501-ci ildən sonra sarayda böyük hörmət sahibi idi, siyasi uğurlarında oğluna mənəvi dəstək verirdi Onun 1501-ci ildə öldürülmədiyini sübut edən ən təkzibolunmaz maddi dəlilsə, onun Ərdəbildəki Şeyx Səfi kompleksinin həyətindəki (“Allah-Allah” günbəzinin yanında) qəbridir. Məzar daşının üzərindəki epiqrafik kitabədə Aləmşah Bəyiçmin hicri 929-cu (miladi 1522–1523-cü) ildə, yəni Şah İsmayılın vəfatından cəmi bir il əvvəl təbii ölümlə dünyasını dəyişdiyi yazılıb.
Şahzadə Səlimin Trabzon valisi olduğu illərdə dərviş libasında gizlicə Səfəvi sarayına gəlməsi, Şahın onu tanıması, lakin qonaqpərvərlik göstərib qonaq eləməsi, şahmat oynayıb uduzması, “dərviş”ə qızıl kisəsi və ya şahmat dəsti hədiyyə verib kimliyini bildiyini eyhamla vurğulaması da rəvayətdən başqa bir şey deyil, həm Yavuz Sultan Səlimin yürüşlərini və həyatını saatbasaat qeydə almış rəsmi Osmanlı salnamələri (“Səlimnamələr”), həm də Səfəvi tarixçiləri (Həsən bəy Rumlu, Qazi Əhməd Qumi və b.) belə bir görüşdən bəhs eləmirlər. Şərq folklorunda və dastanlarında böyük hökmdarların döyüşdən əvvəl təbdili-qiyafə olub (libasını dəyişib) rəqibinin sarayına getməsi, ağıl oyununda (şahmatda) güc sınaması geniş yayılmış bədii motivdi. Üstəlik, Səfəvi və Osmanlı dövlətlərinin güclü casusluq şəbəkəsi vardı, Trabzon sancaqbəyi olan şahzadə Səlimin Təbrizə getməsi həm Osmanlı sarayının (atası II Bəyazidin), həm də Səfəvi gözçülərinin nəzərindən yayına bilməzdi. Beləcə, iki hökmdar arasında yeganə birbaşa ünsiyyət Çaldıran yürüşü ərəfəsində (1514) bir-birlərinə göndərdikləri sərt və rəmzi məna daşıyan diplomatik məktublar, eləcə də hədiyyələr (Sultan Səlimin əba və əsa, Şah İsmayılın isə tiryək qutusu göndərmiçdi) vasitəsilə baş tutub...
Qəmbər Canın Taclı xanıma aşiq olması iddiası da tarixi mənbələrdə yer almır, İsgəndər Palanın bədii təxəyyülündən doğulmuş uydurma obraz və əhvalatdır. Romanda Qəmbər Can (Kamber Can) Şah İsmayılın və Taclı Bəyimin ən sadiq adamlarından, Səfəvi sarayının cəsur və fədakar döyüşçülərindən biri kimi təsvir edilir, ona uşaqlıqdan bəri dərin, lakin heç vaxt dilə gətirmədiyi platonik məhəbbət bəsləyir, həm Şah İsmayılın əmanəti, həm də özünün müqəddəs eşqi kimi qoruyur, Taclı bəyim Osmanlılara əsir düşəndə tək buraxmır, birgə İstanbula gedir, Tacizadə Cəfər Çələbi ilə evliliyinə şahidlik eləyir, ömrünün sonunadək yanında qalır.
XVI əsrə aid ilkin Səfəvi salnamələrində (“Aləmara-yi-Şah İsmayıl”, “Əhsən-üt-təvarix”, “Xülasət-üt-təvarix”) və Osmanlı mənbələrində Qəmbər Can adlı bir şəxsin mövcudluğu barədə məlumat yoxdu. Yazıçı obrazı romana dramatik gərginlik qatmaq, sədaqət və fədakarlıq motivini gücləndirmək, eləcə də İstanbulda tək qalan Taclı bəyimin daxili monoloqlarını və yaşantılarını oxucuya çatdırmaq üçün yaradıb...
IV
Romanı təkcə Taclı Bəyimin ömür yolunun təsviri kimi qələmə almaq fikrində deyildim, üstəlik, bu, oxucuya düzxətlı nağıldan başqa bir şey verməzdi...
“Taclı” adı ilə də yalnız Şahbikə xatunu, sarayda adlandırıldığı kimi, Şahbəyim Sultanı nəzərdə tutmamışam: Taclı - hər şeydən əvvəl, tac gəzdirən, tacidar, hökm sahibidir, Şah İsmayıl da, Şahbikə də, övladları Təhmasib də tac, yəni hökm sahibidilər, bu səbəbdən də roman Şah, Şah (bəyim), Şah (zadə) haqqında trilogiyadı.
Üstəlik, Səfəvi mühitində Şah İsmayılı üç dəfə təkrarlanan “Şah! Şah! Şah!” nidaları ilə qarşılayırdılar. Bu adi vəcd, heyranlıq, itaət, döyüş nidası deyildi, o üç kəlmədə Qızılbaş döyüşçülərinin öz hökmdarlarına mütləq mənəvi, dini və hərbi sədaqətinin ən ali ifadəsi ehtiva olunurdu. Çünki Səfəvi şahları təkcə dünyəvi hökmdar deyil, Səfəviyyə sufi təriqətinin də ali başçısı, yəni “Mürşidi-Kamil” sayılırdılar. Qızılbaş müridlər üçün “Şah” sözü həm də ilahi həqiqətə və Həzrət Əliyə işarə eləyən müqəddəs rəmz, döyüşdən əvvəl və ya təriqət məclislərində ucadan “Şah! Şah! Şah!” demək sufi zikrinin forması idi. Bu zikr döyüşçülərdə özündənkeçmə halı yaradır, ölüm qorxusunu aradan qaldırırdı.
Qızılbaş süvariləri düşmən üzərinə hücuma keçəndə “Allah! Allah! Allah” nidası ilə yanaşı, xorla “Şah! Şah! Şah!” hayqırır, bu səs düşmən ordusunda güclü psixoloji sarsıntı və vahimə yaradırdı. Qızılbaşlar Şah uğrunda ölməyi ən böyük şərəf və şəhidlik məqamı sayır, bəziləri döyüşə zirehsiz girir, “Şah! Şah! Şah!” hayqıra-hayqıra özlərini düşmən sıralarına vururdular. Səfəvi sarayında Şahın hüzurunda söz deyiləndə, elçilər qəbul ediləndə və ya Şahın əmrləri elan olunanda əyanlar və qorçular öz itaətlərini “Şah! Şah! Şah!” nidaları ilə bildirirdilər. Bu nida Şah İsmayıl Xətainin şeirlərində və sonrakı dövr aşıq-ozan ədəbiyyatında da dərin iz buraxıb, təriqət nəfəslərinin əsas rədiflərindən birinə çevrilib...
Üstəlik, Taclı xanım hakimiyyətin ötürücüsü idi, Şah İsmayıl Xətayi 1524-cü il mayın 23-də vəfat eləyəndə on yaşlı oğlu Təhmasibin əlindən tutub taxta oturtmuş, o hədd-büluğa çatanacan səltənət naibi kimi ölkəni idarə eləmiş, içdən və dışdan gələn fitnələrin qarşısını almışdı...
Amma onun qüdrəti Rumlu, Ustaclı, Təkəli və Şamlı tayfaları arasında ali hakimiyyət (vəkillik) uğrunda şiddətli çarpışmalara son qoymağa yetsə də, qadın fitnələrinin qarşısını almaqda aciz idi...
Nəticədə şahın əleyhinə çıxan bəzi qızılbaş əmirləri (xüsusilə öz tayfası olan Mosullu və Təkəli əyanları) ilə gizli əlaqə saxlaması və qardaşları Bəhram Mirzə və ya Əlqas Mirzəni dəstəkləməsi iddiası ortaya atılmış, əvvəlcə saraydan uzaqlaşdırılmış, sonra da paytaxtdan sürgün edilmişdi...
V
Səfəvi dövlətinin qurulmasıyla (dövləti Şah İsmayılın, yoxsa türkman tayfalarının qurmasıyla) bağlı araşdırıcıların fikirləri də, təbii ki, üst-üstə düşmür...
Fikrimizcə, yeni dövlətin meydana çıxması ortaq ağlın nəticəsiydi: Səfəvi təriqətinin hakimiyyət üçün türkman tayfalarna, türkman tayfalarının da onları Osmanlı zülmündən qurtaracaq Ağqoyunlu xanədanı mənsubuna ehtiyacı vardı...
Həmin şəxs də Həsən Padşahın nəvəsi, Ərdəbil yaxınlığındakı Şəməsbi döyüşündə həlak olmazdan əvvəl qardaşı Şeyx Sultan Əlinin təriqət rəhbərliyini (mürşidlik tacını) ötürdüyü İsmayıl idi...
Həmin ərəfədə Həsən Padşahın (1478) və Sultan Yaqubun (1490) vəfatından sonra Ağqoyunlu dövləti sürətlə zəifləyirdi, taxt-tac uğrunda gedən daxili çəkişmələr nəticəsində dövlət 1500-cü ildə Əbhər sazişi ilə iki yerə bölünmüş, Əlvənd Mirzə Azərbaycan və Diyarbəkirə, Sultan Murad isə Ərəb İraqı və Farsa sahib olmuşdu. Beləcə, Yaxın Şərq və Azərbaycan ərazisində dərin siyasi parçalanma baş verir, güclü mərkəzləşmiş hakimiyyətin olmaması üzündən yerli hakimlər bir-biriləriylə didişirdilər. Şirvan ərazicə kiçik idi, vahid Azərbaycan torpaqlarını birləşdirmək gücündə deyildi, üstəlik, şirvanşahlarla Ərdəbil şeyxləri (Şeyx Cüneyd və Şeyx Heydər) arasında qatı düşmənçilik münasibətləri vardı. Şəki hakimliyi və digər yerli əmirliklərsə müstəqil siyasət yürütməyə çalışır, vahid iqtisadi və siyasi məkanın formalaşmasına mane olurdular. Şərqdə və Xorasanda Teymurilər dövləti daxili ziddiyyətlər nəticəsində parçalanmışdı, Mərkəzi Asiyadan gələn Məhəmməd Şeybani xan isə Teymuriləri sıxışdırır, Xorasanı zəbt eləməyə çalışırdı. Misir və Suriyanın hakimi Məmlüklər daxili böhran keçirir, şimal sərhədlərində baş verən proseslərə qarışa bilmirdilər. Sultan II Bəyazid əsas diqqətini Avropaya (Balkanlara) və Aralıq dənizi hövzəsinə yönəltmişdi.
Üstəlik, Osmanlı sarayında və dövlət idarəçiliyində yerli türklərə (xüsusilə Anadoludakı türkman tayfalarına) münasibət mürəkkəb, ziddiyyətli və həddən artıq soyuq idi. Fatih Sultan Mehmet dövründən başlayan mərkəzləşmə siyasəti nəticəsində türkman aristokratiyası saraydan və yüksək vəzifələrdən, Osmanlı dövlətinin quruluşunda əsas rol oynayan Çandarlı, Evrenos və Mihaloğlu kimi köklü ailələr mərkəzi hakimiyyətə potensial rəqib hesab edildikləri üçün siyasi səhnədən uzaqlaşdırılmışdılar. Sarayda və orduda (Yeniçəri ocağı) bütün əsas vəzifələr Balkanlardan (xristian ailələrindən) toplanıb müsəlmanlaşdırılan və birbaşa sultana tabe olan devşirmələrə verilirdi, çünki yerli tayfalarla bağları olmadığı üçün onlar sultana tam sədaqət göstərəcəkdilər. Saray köçəri və yarıköçəri türkman tayfalarını (yörükləri) vergiyə cəlb eləmək, həm də nəzarətdə saxlamaq üçün zorla oturaq həyata keçirməyə çalışır, bu da azadlığa öyrəşmiş türkmanların kəskin etirazına səbəb olurdu. Dövlət idarəçiliyində türkman bəylərinə yer verilmir, mərkəzdən təyin olunan, yerli əhalinin adət-ənənələrini bilməyən, xalqa qarşı sərt davranan devşirmə məmurlar (bəylərbəyilər və sancaqbəyilər) göndərilirdi. Sarayda ərəb və fars dillərinin təsirilə ağır və süslü “Osmanlıca” formalaşmışdı, əyanlar özlərini “Osmanlı” adlandırır, Anadoludakı sadə türklərə yuxarıdan aşağı baxırdılar. Dövrün Osmanlı salnamələrində və saray yazışmalarında Anadoludakı türkman kəndliləri və köçəriləri “Etrak-i bi-idrak” (düşüncəsiz, cahil türklər) adlandırılırdılar.
Bütün bu təcrid və təzyiq siyasəti Anadoludakı türkman tayfalarını (Şamlı, Rumlu, Ustaclı, Təkəli, Əfşar, Qacar və s.) dövlətdən küsdürmüş, regionda yeni siyasi qüvvənin meydana çıxması üçün əlverişli tarixi şərait yaranmışdı...
Anadolu türkman tayfaları da bu imkandan ağıllı şəkildə yararlandılar, həm böyük nüfuz sahibi olan Səfəvi təriqətinə, həm də həmin təriqətin Ağqoyunlu dövləti taxt-tacına varislik haqqı olan İsmayılı seçdilər...
VI
Dövləti-Səfəviyyə (yaxud Dövləti Qızılbaşiyyə, Məmaliki-Əcəm) “Əhli-ixtisas” adlanan dərin dövlət zəkasının - 7 sadiq qızılbaş əmiri və onların təmsil etdikləri türkman (qızılbaş) tayfalarının - əsəridir...
O dərin dövlətə Şamlu (Suriya Şam və Hələb ətrafı), Rumlu (Kiçik Asiyanın Rum vilayəti, indiki Sivas-Tokat bölgəsi), Ustaclu (Şərqi Anadolu və Azərbaycan), Təkəlu (Anadolunun cənub-qərbi, Antalya-Təkə bölgəsi), Zülqədərlu (Maraş və Əlbistan bölgəsi), Əfşar və Qacar (Azərbaycan və İran ərazisi) tayfaları daxil idi. Qaramanlu (Qarabağ, Muğan və Qazax-Ağstafa əraziləri), Xınıslu (indiki Ərzurum vilayəti ərazisi), Talış (Talış mahalı) tayfaları da həmin ittifaqa qoşulmuşdular.
1494-cü ildə Ağqoyunlu Rüstəm Mirzə Ərdəbili ələ keçirəndə “Əhli-ixtisas” 7 yaşlı İsmayılı Gilana (Ləhicana) qaçırıb 6 il ərzində səbirlə himayə elədi, ona həm dini, dünyəvi hərbi təhsil verdi, həm də ilahi aurasını yaratdı, zəmanənin Mehdisi şöhrətini qazandırdı, qələbələrini təmin elədi, məqamı çatanda Təbriz taxtına oturtdu.
“Lələsi” (tərbiyəçisi və qəyyumu) Hüseyn bəy Lələ (Şamlu) ona döyüş sənətini, dövlət idarəçiliyini öyrətdi, dövlət qurulanda ilk vəkil (baş vəzir) və əmirəl-üməra (baş komandan) təyin edildi; “Dədə bəy” ləqəbi ilə tanınan Əbdüləli bəy Dədə (yaxud Abdal bəy Talış) ən yaxın sirdaşı və himayədarı oldu, Lahicanda təhlükəsizliyini təmin elədi; Şeyx Heydərin ən sadiq müridlərindən və “xəlifət-ül-xüləfa” (baş xəlifə) Xadim bəy Xüləfa (Talış), mənəvi-dini tərbiyəsində mühüm rol oynadı, sonradan Bağdada hakim göndərildi; Qaramanlı tayfasının başçısı Rüstəm bəy Qaramanlı İsmayılı təqiblərdən qoruyanlardan biri idi; Bayram bəy Qaramanlı Ləhican dövründə İsmayılın yanında oldu, Səfəvi ordusunun formalaşmasında iştirak elədi; Həm Şeyx Heydərin, həm də Şah İsmayılın sadiq sərkərdəsi kimi İlyas bəy Ayğutoğlu (Xınıslu) şahzadəyə sədaqətini sübuta yetirmişdi; igidliyinə görə “Tozqoparan” ləqəbi almış Qarapiri bəy Qacar İsmayılın hərbi hazırlığına rəhbərlik eləyənlərdən biri idi.
Düzdü, sonralar onların əksəriyyəti hakimiyyətin qaçılmaz mərəzinin - saray çəkişmələrinin – qurbanına çevrildi: Hüseyn bəy Lələ 1508-ci ildə vəzifədən uzaqlaşdırıldı, 1514-cü ildə Çaldıran döyüşündə qəhrəmancasına həlak oldu; Əbdüləli bəy Dədə qorçubaşı (şah qvardiyasının rəisi) məqamı aldı, 1512-ci ildə Gicduvan döyüşündə ordu daxilindəki ixtilaflar səbəbindən döyüş meydanını tərk elədi, nəticədə vəzifədən kənarlaşdırıldı və unuduldu; Xadim bəy Xüləfa ömrünün sonunadək Şaha sadiq qaldı, 1514-cü ildə Çaldıran döyüşündə həlak oldu; Bayram bəy 1512-ci ildə döyüş meydanında dünyadan köçdü, Rüstəm bəy isə müxtəlif yürüşlərdə iştirak etdikdən sonra ömrünün son illərində hərbi işlərdən uzaqlaşaraq vəfat etdi; Qarapiri bəy Qacar də 1512-ci ildə özbəklərlə döyüşlərdə (Gicduvan ətrafında) həlak oldu; İlyas bəy Ayğutoğlu bir sıra əyalətlərin hakimi kimi fəaliyyət göstərdi, təbii ölümlə dünyasını dəyişdi.
Əlbəttə, nə qədər ədalətli olur-olsun, bunlar bütün hakimiyyətlərin təbiətində var, qaçılmazdır, Səfəvi xanədanı da bu cür sarsıntılardan xali deyildi...
VII
Şübhəsiz, Səfəvi dövlətinin təbiətini dərk eləmədən o dövrlə bağlı nəinki roman, hətta kiçicik bir məqalə qələmə almaq da naşılıq əlamətidi...
Səfəvi dövlətinin ideoloji əsasını təşkil edən, lakin yaranış mənşəyi, ritual formaları və tarixi təkamülü baxımından bir-birindən fərqlənən iki dini-siyasi anlayış Qızılbaşlıq və Şiəlik idi...
Dövlət Təriqət və Şəriətin harmoniyası özülündə qurulmuşdu. Şah İsmayıl Xətayi təriqət yolunun şəriət qaydalarından kənar olmadığını vurğulayır, özünü həm təriqət şeyxi, həm də klassik şiəlik dəyərlərinin qoruyucusu kimi göstərirdi...
XIII əsrdə Şeyx Səfiəddin Ərdəbilinin qurduğu Qızılbaşlıq təriqəti əvvəlcə sünni-şafii yönümlü sufi ocağı kimi qurulmuşdu, Şeyx Cüneyd və Şeyx Heydərin dövründə Anadoludakı türkman tayfaları arasında yayıldı, radikal şiə (qülat və ya ğulat, ərəbcə ğuluv - “həddi aşmaq”, “ifrata varmaq” İslam tarixində dini rəhbərlərə, imamlara və ya mürşidlərə ilahi sifətlər aid edən ifrat təriqət və cərəyanlar) elementləri ilə zənginləşdi, XV əsrdə türkman tayfalarının sufi-hərbi hərəkatına çevrildi. Ərdəbil sufi təriqəti (Səfəviyyə) Anadolu türkmanlarının - köçəri və yarıköçəri Şamlu, Rumlu, Ustaclu, Təkəlu, Zülqədərlu, Əfşar, Qacar və s. tayfalarının inancları əsasında yaranmışdı, türk dilində nəfəslər (deyişlər), zikr, musiqi (saz), rəqs (səma) və təriqət məclisləri (cəm) ilə təlqin olunurdu. Şah həm də “Mürşidi-Kamil” (mütləq mənəvi rəhbər) sayılır, az qala, ilahiləşdirilirdi.
Şah İsmayılın Təbrizdə taxta çıxdıqdan sonra İslamın erkən dövrlərində Həzrət Əli və on iki imam xətti üzrə formalaşmış klassik fiqh məktəbi olan, ərəb dilində klassik şəriət qaydaları, məscid ibadətləri, müctəhid fətvaları və fiqh normalarının üstünlük təşkil etdiyi Şiyəliyi (İsnaəşəriyyə) dövlətin rəsmi məzhəbi elan eləməsi, şübhəsiz, təkcə özünün yox, həm də dərin dövlətin – onu hakimiyyətə gətirən qüvvənin – iradəsiydi. Bu addım ölkəni vahid ideologiya ətrafında birləşdirmək, Osmanlıya qarşı siyasi-dini sərhəd çəkmək məqsədi daşıyırdı. Bu məqsədlə də ölkədə klassik şiə alimləri az olduğundan, Cəbəl Amil (indiki Livan), Bəhreyn və İraqdan tanınmış şiə müctəhidləri dəvət edildi, mədrəsələr açıldı, rəsmi şəriət sistemini quruldu.
Təbii ki, yeni hakimiyyəti və rəsmi məzhəbi tanımaqdan boyun qaçıran, xüsusilə Ağqoyunlu və ya Osmanlı meylli olan yerli din xadimləri və feodallar cəzalandırıldı. Edamlar kütləvi dinc əhaliyə deyil, yeni dövlət quruluşuna açıq müqavimət göstərən siyasi rəqiblərə və üsyançılara qarşı yönəlmişdi. Osmanlı-Səfəvi qarşıdurması dövründə Osmanlı salnaməçiləri və saray üləmaları (məsələn, İbn Kamal və Xoca Sadəttin) Sultan Səlimin Şərq yürüşünə dini bəraət qazandırmaq üçün Səfəviləri “kafir” və “sünni qatili” kimi təqdim edən fətvalar verib, əsərlər yazıblar. O mətnlərdəki şişirdilmiş rəqəmlər və hadisələr müharibə təbliğatının tərkib hissəsindən başqa bir şey deyildi. Anadoluda zorla oturaq həyata keçirilən, ağır vergilər və yerli məmurların özbaşınalığından əziyyət çəkən, “Açın qapıları, Şaha gedəlim” hayqıran yarıköçəri türkman tayfalarına qarşı amansız cəza tədbirləri nəticəsində öldürülənlərin qat-qat çox idi.
Şair Xətayi şeirlərində də özünü Səfəviyyə təriqətinin ali rəhbəri kimi təqdim eləyir, “Mən” anlayışını ilahi həqiqətlə birləşdirir, aşiq (mürid) ilə məşuq (Tanrı/Mürşid) arasındakı hüdudları silir, qızılbaşlığın rəmzi olan 12 zolaqlı tac, qırmızı çalma, cəm məclisləri və sazla oxunan nəfəslər xüsusi yer tutur, Xətayi dərvişləri və qaziləri zahiri qaydalardan daha çox daxili saflığa və mürşidə mütləq təslimiyyətə çağırır...
O zamanlarda Anadoluda yaşayan, Şah İsmayıl Xətayinin mənəvi və poetik irsini davam etdirən, həm mənəvi bağlılıq, həm də Osmanlı təqiblərindən qorunmaq məqsədilə onun “Xətayi” (yaxud “Şah Xətayi”) təxəllüsüylə şeirlər, nəfəslər və deyişlər yazan Ələvi-Bəktaşi aşıqları və təriqət şairlərinin ortaya çıxması da maraqlı faktdı...
Osmanlı sarayında dəbdəbəli və qəliz ərəb-fars tərkibli klassik poeziyanın çiçəkləndiyi dövrdə müridlərin böyük əksəriyyəti türkman tayfaları mənsubları olduğuna görə, onların anlaması üçün Şah Xətai şeirlərini mürəkkəb ərəb-fars tərkiblərindən uzaq, sadə heca və əruz vəznlərində yazıb...
***
Beləcə, “Taclı” mövzusunda diksintimlə romanın araya-ərsəyə gəlməsi (2017) arasında az qala bir qərinə keçdi
Əsər təkcə Şah, Şahbəyim və Şahzadənin deyil, həm də Qızılbaşlıq, yaddaşımızın Çaldıran yarası, hakimiyyət tacı daşıyanların - Uzun Həsən və törəmələri, Sultan II Bəyazid, Sultan Hüseyn Bayqara, Məhəmməd Şeybani xan, Sultan Süleyman – taleyi barədədi...
“Taclı” həm də oxuculara söz və sənət tacı gəzdirənlərin - Şeyx İbrahim Gülşəni, Kəmaləddin Behzad, Sultan Məhəmməd, Şah Mahmud Nişapuri, eləcə də Yavuz Sultan Səlimin Əcəm səfərindən apardığı insanların - bir-birilə heyrətamiz tərzdə kəsişən taleləri, sözün, xəttin və nəqşin gözəllikləri nağıl edilir...
2016, noyabr
Sizin reaksiyanız nədir?
Bəyən
0
Bəyənmədim
0
Sevgi
0
Əyləncəli
0
Əsəbi
0
Kədərli
0
Vay
0