Əmanət - Nazilə Gültacın hekayəsi
Yazici.az ədəbiyyat portalı Nazilə Gültacın "Əmanət" hekayəsini təqdim edir.
Neçə gün idi ki, bir tikə yemək tapmaq ümidi ilə dolaşmadığı yer qalmamışdı. Özündən çox, yeni doğulmuş balaları üçün narahat idi. Axı, ac olanda südü də olmurdu.
Qarşı tərəfdəki zibilxanadan nəsə tapmaq ümidi ilə yolu keçərkən, sürətlə gələn avtomobil onu vurub yolun kənarına atdı. Uzun müddət yerindən qalxa bilmədi, ağrıdan inildədi. Yanından keçən onlarla adamın isə heç biri dayanıb halını soruşmadı, ona kömək etmək üçün əyilib yardım etmədi.
Kimsədən kömək görməyən zavallı nəhayət, son gücünü toplayıb ayağa qalxmağa çalışdı. Sonra bir təhər sürünə- sürünə onu səbirsizliklə gözləyən balalarının yanına çatdı. Analarını görən ac balalar zingildəşərək sevinclə onun üstünə cumdular. Balaca burunlarını köksünə soxub süd əmməyə çalışdılar. Amma yaralı ananın südü yox idi. Süd əmə bilməsələr də, analarının isti nəfəsi və yanlarında olması onları bir qədər sakitləşdirdi.
Beləcə, bir neçə gün keçdi. Yerindən güclə tərpənən ana it getdikcə daha da zəifləyirdi. Ağzını açıb bir qurtum su da içə bilmirdi – çənəsi sınmışdı. Balalar hər dəfə onu əmdikcə, bədəninin son gücü də tükənirdi.
Anlayırdı ki, ömrünə az qalıb. Köməksiz balalarına baxdıqca ürəyi qan ağlayırdı. Ən çox da onların taleyini düşünürdü. O ölsə, beş balasını faciəli bir aqibət gözləyəcəkdi. Yaşadıqları qamışlıqda ac- susuz məhv olacaqdılar.
Həyatı boyu üzləşdiyi əzab və çətinlikləri bir- bir gözünün önündən keçirdi: üstünə atılan daşlar, bir tikə yemək uğrunda apardığı amansız mübarizə, susuz keçən günlər, soyuq axşamlar, zibilxanalarda çəkdiyii məşəqqətlər. .. Bütün bunları xatırladıqca, gözlərindən yaş süzülürdü.
Bilirdi ki,onları sevməyən, hətta varlıqlarına belə dözə bilməyən zalım adamlar çoxdur. Artıq qalan yeməklərini onlarla bölüşmək istəməyib, selofan torbaların ağzını bərk- bərk bağlayan adamlardan mərhəmət gözləmək mənasız idi. Yaxşı adamların olduğuna da inanırdı.
Yenə də son dəfə qayğıkeş bir insana rast gəlmək ümidi ilə çırpındı. Günlərlə hamıdan gizlətdiyi balalarını qamışlıqdan çıxarıb yol kənarına aparmaq qərarına gəldi. Tamamilə taqətdən düşmüşdü. Sanki bütün bədəni ölmüşdü, yalnız ümidlə baxan gözləri hələ də yaşayırdı. Uzun- uzadı ətrafa boylandı. Hava dözülməz dərəcədə isti idi.
Heç nədən xəbərsiz balalar isə tanımadıqları ərazidə bir- birini qovur, qarşılarındakı təhlükədən bixəbər hər yeni qoxunu maraqla öyrənməyə çalışırdılar.
Taqətdən düşərək yerə çökən ana it başını güclə qaldıraraq, yoldan keçən hər kəsə yalvarış dolu gözlərlə baxırdı. Sanki:” mənə yox, balalarıma kömək edin”,- deyə imdad diləyirdi. Gözlərində son damla yaş gilələnmişdi. O, can verirdi.
Elə bu zaman bir qadın onun yanında dayandı. Anidən baxışları toqquşdu. Qadın qabırğaları sayılan cılız bədənə, sonra isə ora- bura vurnuxan köməksiz balalara dərin kədərlə baxdı. Qəlbi sızladı:- “Bu yazıqlar özləri heç nə əldə edə bilmirlər. Bizə möhtacdırlar. Dillərini anlasaydıq nələr danışmazdılar.” Dərindən köks ötürüb cəld addımlarla gəldiyi yolu geri qayıtdı.
Ana it uzun – uzadı onun arxasınca baxdı. Nədənsə, ürəyinə dammışdı ki, qadın yenidən qayıdacaq. Çünki o qadının baxışlarından alicənab bir insan olduğunu hiss etmişdi. İlk dəfə idi ki, ürəyinə bir az rahatlıq çökdü.
Gözlədiyi kimi də oldu. Çox keçmədi ki, qadın əlində bir torba yemək, su şüşəsi və su qabı ilə geri döndü. Yaxınlıqdakı divarın yanına geçib onu və balalarını səslədi. Torbadakı ət tikələrini yerə tökdü, qaba su doldurdu.
Ana it son gücünü toplayıb zəif səslə balalarını da ardınca səsləyərək, yeməyə tərəf süründü. Balalar acgözlüklə yeməyə başladılar.
Qadın isə ana itin yeməyə toxunmadığını görüb əyildi və diqqətlə ona baxdı. Sınmış çənəsini görəndə göz yaşlarını saxlaya bilmədi. Hıçqıraraq, ehmalca başını sığalladı. Qadın yumşaq səslə nəsə dedi. Ana it sözləri anlamasa da onun səsindəki şəfqəti və mərhəməti hiss etdi. Başa düşdü ki, bu qadın onun dərdinə yanır. Başını dikəldib minnətdarlıqla ona baxdı.
Balalar yemək üstündə dartışırdılar. Ana it bütün ağrılarını unudub onları ayırmağa çalışdı. Bu ana qayğısı qadının ürəyini göynətdi. Tələsik telefonunu çıxarıb onların şəklini çəkdi.
Əvvəl baytar həkimə, sonra heyvanlara qayğı göstərən mərkəzə zəng etdi. Uzun- uzadı nəsə danışır, göz yaşlarını saxlaya bilmirdi.
Sonra yenə harasa getdi. Ana itin ürəyi ümidlə dolmuşdu. Balalar üçün içindəki qorxu səngimişdi.
Təxminən bir saat sonra qadın bişirdiyi un horrasını gətirdi. Balalar bir- birinə sığınıb mürgüləyirdilər. Anaları isə gözə dəymirdi. Ətrafa göz gəzdirdi, xeyli gözlədi. Gətirdiyi horradan balalara verdi, sonra ana iti nə qədər gözləsə də o, gəlmədi.
Qadın yaxınlıqda yaşayan adamlardan soruşdu:
- Burada çənəsi sınmış bir ana it vardı. Onu görməmisiniz? Baytar gəlib onu müalicəyə aparacaq.
- Hamı eyni cavab verdi:
- Xeyr, görməmişik.
Qadın uzun müddət həmin ərazidə dolaşdı, qamışlığa göz gəzdirdi, onu səslədi. Səhəri gün yenə balalara yemək gətirdi. Ana it yox idi. Balalar onu uzaqdan görən kimi quyruqlarını bulaya- bulaya üstünə qaçdılar.
Ana it balalarını qadına əmanət etdiyindən əmin olub sakit bir guşəyə çəkilmiş və gözlərini əbədi yummuşdu. Rahatlıq tapan ruhu haradansa balalarını izləyir, onların artıq tək olmadığını görürdü. Çünki ən qiymətli əmanətini etibar edə biləcəyi bir ürək tapmışdı.
Sizin reaksiyanız nədir?
Bəyən
0
Bəyənmədim
0
Sevgi
0
Əyləncəli
0
Əsəbi
0
Kədərli
1
Vay
0