Qətl sınan gecə - Pərviz Cəbrayılın hekayəsi
Yazici.az ədəbiyyat portalı Pərviz Cəbrayılın "Qətl sınan gecə" hekayəsini təqdim edir.
(Hekayə 2021-ci ildə Almaniyada nəşr olunan tanınmış "Bawülon" ədəbiyyat və sənət jurnalında dərc edilib.)
Adam, ilboyu ən çalışqan, ən intizamlı işçi olmuşdu; lap barmaqla göstərilən biriydi; və buna görə mükafat alacağını, iş yerinin hesabına ən bahalı sanatoriyalardan birində pulsuz istirahətə göndəriləcəyini hələ on beş gün irəlicədən bilirdi. Hər şey bir yana, bu sanatoriya məsələsinə işdə qibtə eləməyən tapılmazdı.
Özünüsə artıq günü sabah alacağı pul mükafatı, hələ üstəgəl maaşı da bunun gözünə qatıb verəcəkləri hədsiz sevindirirdi.
Cəmi bir gün sonra qayğılardan quş kimi azad olacağını düşünəndə öz-özünə gülümsəyirdi, aldığı həzzdən gözləri qıyılıb balacalaşır, dodaqları qaçırdı.
Üzünü əbədən düşmədiyi bu halından yığışdırıb adi qaydasına salmaq üçün kədərli bir hadisəni xatırlamaq istəyirdi; hərçənd ki, ömrüncə başqa bir gününün yoxluğuna tamam-kamal əmindi.
Günortadan sonra birdən-birə həyəcanlandı, özünü pis hiss elədi; ürəyi dəlicə çarpdı; əvvəlcə ayaqları, sonra əlləri, sonunda bütün bədəni əsməyə başladı. Təlaşlandı. Canını alan qorxu can sarıdan deyildi; qorxdu ki, birdən, iraq-iraq, nəsə olar, mükafat məsələsi təxirə-zada düşər.
Yavaş-yavaş ilk dəfə keçirdiyi bu hal sovuşub çəkilməyə başlamışdı ki, anidən kiminsə onu çağırdığını eşitdi. İş yoldaşlarına boylandı, otaqdan çıxıb dəhlizdəkilərə zilləndi, sonra həyətə çıxdı...
Ancaq yüz faiz əmindi ki, o "kimsə" hələ də onun adını çağırır; səs də ki, lap aydın gəlirdi; di gəl yiyəsini tapa bilmirdi. Küçədə də bir xeyli gəzib aradı və birdən hiss elədi ki, daha çağıran yoxdu.
Sevinməyə macal tapmamış, başında arı vızıltısına bənzər səs baş qaldırdı. Səs, beynini deşməsin deyə, başından ikiəlli yapışıb sıxdıqca-sıxdı.
Hə qədər sıxdısa da, bu səsi qova bilmədi başından, ancaq ən uzaq keçmişindən bəri huşunda nə vardısa sıxıb suyunu çıxardı, yadındakılar şikəst doğulan körpə gününə düşdü. Az keçmiş vızıltının yerinə başında sözlər dolaşdı - nizamlı, düzümlü:
- Yaşamaq boynuma düşdü -
boynuna göy kartof yemək düşən
kəndlimiz Xubyar kimi...
O, göy kartof yeməkdən öldü,
Mən-yaşamaqdan...
Axıb gələn bu misraları aramsız söləyə-söyləyə özündən ixtiyarsız evə yol aldı.
***
Məhəlləyə çatanda, - burada yol üç yerə şaxələnirdi; onunki orta yoldu - məhəllənin düz ortasından keçir və tən ikiyə bölürdü; yaşadığı ev sağdan ikinciydi, - başını qaldırıb yuxarı baxdı.
İlk gördüyü yolun başı üstündən keçən qaz borusuydu.
- Dünyanın işinə bax e... İki il, gündə də neçə yol nəyinsə altından keçəsən və bu nəsəni görməyəsən!!? - mat-mat fikirləşdi.
Sonra ulduzları gördü. Və axırıncı dəfə nə vaxt gördüyünü yadına salmağa çalışdı. Ha əlləşdisə, bir şey çıxmadı.
Bayaqdan elə yolun ortasında dayanmışdı.
Dodaqaltı bayaqki misraları pıçıldayırdı, gözlərisə hələ də göydəydi.
Yoldan ötənlər bir anlıq ayaq saxlayıb göyə baxır və maraqlı nəsə görməyəndə, gözlərini göydən çəkib onun barələ qalmış gözlərinə, açıq ağzına zilləyir, pıçapıç-pıqqapıqla yollarına düzəlirdilər.
"Hər halda, ulduzlar yaman yavuqlaşıb, - düşündü, - hələ bəlkə, tərkinə minmək də olar..." - Təəccüblə başını yellədi.
Bu vaxt kimsə salam verib keçdi. Kimliyini ayırd eləyincə
adam tini buruldu. Ancaq eləcə, öz-özünə: "Salam, - dedi, - salam və əleykümsalam".
Darvazaya yanaşıb qapını bərk-bərk döyməyə başladı.
Tələsirdi. Qorxurdu ki, misralar yadından çıxar. Birdən ağlına gəldi ki, elə tək yaşayır, min il döysə də açan olmayacaq.
Ciblərini eşələyib açarı, sonra da zorla açar oyuğunu tapıb qapını açdı. Otağa keçib, evə göz gəzdirdi. Çarpayıda uzanan qadını görüb çaşdı. Elə diksindi ki, canında can qalmadı.
Qadının üzü yaman tanış gəldi - lap elə bil bu gün görmüşdü hardasa. Kimliyini, evə necə girdiyini soruşmaq istəyirdi ki, söz lap dodaqlarından qayıtdı və: "Cəhənnəmə, - düşündü, - hər kimdisə, adamdı da, qoy uzansın".
Sonra təzədən otağı gözdən keçirdi. Divarın çat yerlərinə yaşıl lentlə yapışdırdığı şəkillər, şairlərin portretləri qoparılmışdı. Bəzi yerlərdə şəkillərin qırağının lentqarışıq cırılıb qaldığı görünürdü.
Elə bil ev köç üstəydi. Hər şey qablaşdırılıb güncə yığılmışdı. Sevdiyi şairlərin qalın kağızlı portretləri necə gəldi dürgələnib paltar boğçasına dürtülmüşdü. Götürüb baxdı - əzik-üzük olmuşdular. Elə əyilmiş vəziyyətdəcə başını qadına sarı döndərib şairləri niyə bu günə saldığını soruşmaq istədi. Əvəzində:
- Noolub? - soruşdu. Qadın bayaqdan bəri gözünün qıyıyla belə ona baxmadan yerindəcə uzanmışdı. Baxdı və gözləri dörd oldu; adamın üz-gözü əyilib sifətlikdən çıxmışdı. "Noolub?" - o da eyni sualı vermək istədi, di gəl həvəsi gəlmədi, laqeyd-laqeyd: - Hə, - dedi, - nə deyirsən?
- Deyirəm, gözlərin niyə qannan dolub? - adam fağır-fağır dedi və dərhal da düşündü ki, birdən qadın soruşsa ki, bəyəm əvvəl gözümü görmüşdün, bəlkə elə mənim gözüm həmişə qannıdı? - onda nə cavab verəcək? Qadın xeyli susdu. Birdən hönkürtüylə ağlamağa başladı.
- Axı noolub e, noolub? - bir də soruşdu.
Qadın burnunu çəkib tələsmədən: - Bütün bədənim əsir, - dedi, - qolum-qıçım. Noolub? - oğlanın sualını təkrarladı. - Noolacaqdı ki?.. - gözlərini silib, indi də yazıq-yazıq ağlamağa başladı, - noolub - bir də sözü uzatdı, - xozeykan gəlmişdi, deyir ki, iki gün vaxt verirəm, evdən çıxmalısız.
- Bircə bu çatmırdı elə, - ürəyində fikirləşdi. - İndi mən evi hayandan tapım, sənin də bədəninin əsməyindən heç olmaz, - demək istədi, heç nə demədi, iş otağına keçib, elə paltar-palazlı özünü çarpayıya tolazladı.
Bir anlığa ev bazarını, - bazara, hələ qosqoca dörd gün vardı, - evlərini kirayə verənlərin sifətlərini, minnət qoya-qoya üyüdüb-tökmələrini xəyalına gətirdi, qanı it qanına döndü.
Bütün canıyla özünə, öz ağılsızlığına, dünyaya nifrət elədi. Başını əllərilə bərk-bərk sıxıb - elə bil başına hərlənən dünyanı yolundan saxlamaq istəyirdi.
Düşünürdü ki, axı bu qız, bu qadın kimdi ki, ona görə ilişib-qalıb, rahatcana çul-çuxasını götürüb yataqxanada-zadda, lap belə vağzalda gecələməyə gedəmmir?
Çarpayı cırıltısına fikirdən ayıldı.
Qadın yerindən qalxıb güzgünün qabağında durmuşdu. Pis günə qaldığını düşünə-düşünə: - Yenə də çörək almamısan? - dedi və sanki lap çoxdan bəri alışdığı cavabı gözləmədən, - İlahi, belə də zülm olar, Allahın çörəyini almaq da buna çətin gəlir, - deyib mətbəxə keçdi və deyəsən qapını arxasıyca güllə kimi çırpmağıyla bugünkü nitqinə nöqtə qoydu.
Xatırladı ki, səhərdən bəri dilinə bir tikə də çörək dəyməyib, acından ölür. Nəsə istəməyə dili gəlmədi və aclığını yadına saldığına görə, ürəyində qadına söydü.
- Vay dədə, yenə də çörək, yenə də çörək? Day bu çörək almaqdan əzablı şey yoxdu.
Durub bir siqaret yandırdı və külqabını axtara-axtara fikirləşdi ki, onunçün əzabdan başqa nə əzablı deyil ki?
Hə axtardığını unutduğundan, əyilib mizin siyirməsinə baxdı, döşəyinin altını axtardı, axır ki, nəyi axtardığını tapıb: - Külümün qabını neynəyibsən! - qadını səslədi.
Külqabı miz üstə qoyuldu; gül kimi yuyulmuşdu.
Külü çırpıb: - Min dəfə demişəm ki, yuma bunu, yuma! - çımxırdı. Dediyi özünə də qəribə gəldi, qadınsa tərs-tərs baxıb yan otağa keçdi. Bədəni doğrudan-doğruya əsirdi.
Elə bədəni əsə-əsə işığı keçirib evdən çıxmağın dərdiylə yerinə girdi.
- Pah atonnan, bir giləni tamam-kamal çəkməmiş, aparıb yuyurlar, - öz-özünə söylənirdi, - ayaqqabılarımı yumaqla çürütdü, dincəldi. Yumaq dəlisidi zalım qızı, yumaq dəlisi.
Siqareti söndürüb çarpayıya uzandı və yenidən çörək haqqında fikirləşməyə başladı. Adəm atanın atasına söymək istədi, Allahdan qorxdu və düşündü ki, atası olsaydı, elə söyərdin.
Allah evini yıxsın, - demək istədi, - Adəm ata, - yenə qorxdu və - Allah evini tiksin, - dedi, - bu çörəynən bizi lap işə salıbsan. Nola, çörək məsələsi olmayaydı....
Hə gözəl olardı... Sonra...
... İşığı keçirib təzə bir siqaret alışdırdı.
Qaranlıqda saatı tapıb, ağzına yaxınlaşdırdı. Dərin bir qüllab vurub, işığında saatı öyrəndi - ikiydi.
Eləcə siqaretin işığına qapının yerini müəyyənləşdirib həyətə çıxdı. Fikirləşə-fikirləşə bir ovucluq həyətdə irəli-geri vargəl elədi. Başını dik qaldırıb ulduzlara baxmağa başladı.
Xirtdəyi, nəfəs aldıqca, ox kimi aşağı-yuxarı dartınıb boğazını cırmağa qalırdı.
Gördü ki, ulduzlar bayaq gördüyündən bir az da yaxınlaşıblar və hər an da yaxınlaşırlar. Sevindi. "Bundan sonra Allaha çatmaq olar, hələ ulduzları demirəm", - fərəhlə fikirləşdi.
Nəsə pıçıldaya-pıçıldaya kor kimi əl havasına, qaranlıqdan tuta-tuta otağına qayıtdı. Ayağı nəyəsə ilişdi, yıxılıb stula dəydi. Stul döşəmənin üstüylə sürüşüb ətürpədən bir səs çıxardı.
Ufuldaya-ufuldaya qalxıb işığı yandırdı, qıçının əzilən yerinə baxdı - qan axırdı. Bir az qəzet cırıb qanayan yerə yapışdırdı.
Döşəmənin üstündə qalaqlanmış kitablar az qala dizə çıxırdı. Arvadı köçəcəklərinə görə, rəfdən boşaltmışdı - hələ onu da Allah bilirdi köçəcəklər, ya yox?!
"Zalım qızı, elə bil indidən bunları yerə səpələməynən bütün işləri düzələcək. Guya köçəndə heç rəfdən götürmək olmazmış..."
Qadın başını basdırıb çoxdan yatmışdı və yəqin ki, heç nə eşitmirdi.
Təzədən pıçıldaya-pıçıldaya nəyisə axtarmağa başladı və nəhayət, mizin böyründəki kitab qalağının lap altından qırmızı üzlü bir dəftər çıxardı; bugünəcən işdəki çalışmalarıyla bağlı haqq-hesabları yazmışdı bu dəftərə - vərəqləri üst-üstə qatlanıb əzik-üzük olmuşdu, - kitablar dağılıb döşəməyə səpələndi.
Bayaqdan damağındaca sönmüş siqareti yandırıb, mizin arxasında oturdu, üstünə dağılmış külü üflədi, dəftəri açıb yazmağa başladı:
- Yaşamaq boynuma düşdü -
boynuna göy kartof yemək düşən
kəndlimiz Xubyar kimi...
... O, göy kartof yeməkdən öldü,
Mən-yaşamaqdan...
Sonra yazının altından qol çəkib, tarix qoydu. Təzə bir
siqaret yandırıb, alışqanı mizin üstünə tolazladı.
Dəftəri götürüb yazdığını elə ayaq üstəcə gözdən keçirdi. İlk dəfəsindəncə dahiyanə misralar yaratdığına zərrəcə şübhəsi qalmadı. Sevincdən ruhu uçundu:
"Bu nə xoşbəxtlikdi, İlahi? Bəs sən nəyin mükafatını verirsən? Xeyirdimi?.."
Sevincdən nəfəsi kəsilirdi.
Elə bil, nəfəs yolu boğazından deşilmişdi, nəfəsi ciyərlərinə yox, harasa aşağı, qaynar su kimi axıb qarnına-zada tökülür, içini yandırırdı, - dəftəri ağzı gələn səmtə tullayıb işığı keçirdi, yataq otağına keçdi, qollarını sinəsində çarpazlayıb durdu və qadına, pəncərədən düşən ay işığının nurlandırdığı çöhrəsinə baxmağa başladı.
Baxdı və indi gördü ki, təkcə gözəl yox, üstəlik, həm də hamilədi - yeni qayğı, yeni dərdlərə hamilə. Gözlərini yumub dərin, giziltili bir ah çəkdi.
Bu vaxt hardasa, yaxında, xoruzlar banladı. Əvvəlcə xoruzların şəhərdə də yaşamasına təəccübləndi, fikirləşdi ki, görəsən, indi xoruzun neçənci banıdı və ümumiyyətlə, xoruzun neçə banı olur... sonra, "daha bundan mənə nə?" - düşündü.
Qadın qurcalandı, çarpayı cırıldadı, o gözəl üzü əzab və dəhşət ifadə eləyən qorxulu görkəm aldı, dəli kimi qalxıb yerin içində oturdu və anidən hönkürtüylə ağlamağa başladı. Yenə də bədənini əsməcə tutdu.
Gözləri açıqdı, ərinə baxırdı. Yuxuyla ayıqlığın sərhədindəydi.
Bu cürə, ancaq yasda-zadda ağlamaq olardı. Əvvəlcə çaşdı, sonra qadının çiyinlərindən tutub: - Nooldu sənə, yenə nə oldu, - silkələyə-silkələyə soruşdu.
Qadın sualı eşitməmiş kimi, onu bərk-bərk özünə tərəf çəkib qucaqladı və elə ağlaya-ağlaya: - Axı, niyə öldün, niyə, niyə?! - soruşdu.
Adamı gülmək tutdu, zarafat eləmək istədi: - Neynim, - dedi, - deməli, mənimki buracanmış, axı, mənim əlimdən nə gələrdi, bu Allahın işidi. - Gülə-gülə arvadına baxdı.
- Yox, Allah razı deyildi, sən özün öldürdün özünü, özün! - bədəninin əsməsi şiddətləndi və ona da keçdi. Fikirləşdi ki, bir az da zarafatını davam elətdirsə, arvadı oyanlıq olacaq, ondan sonra da gəl, bunun dərdini çək. Su gətirib içirdi, üzünə, sinəsinə çilədi. İşığı yandırıb ayıltmağa çalışıdı:
- Özünə gəl, - hövlnak dedi, - özünə gəl, ölüb-eləməmişəm, bax, sənin yanındayam, - bir az özündən aralayıb, yumulmuş gözlərini açdı və yenə,- bax, - dedi, - görürsən ki, sağam... Qadın: - Yox, sən öldün, - dedi.
Oğlan səsi xırıldaya-xırıldaya, "deməli, ölmüşəm, götürənim yoxdu, hə?.." - dedi və qadını bu sözdəncə ayılıb gözlərini bərəltdi, elə bil kipriklərindən dünya asılmışdı və qoymurdu ki, gözləri açıla, baxa.
Sonra qıyılmış gözüylə inamsız-inamsız adama baxdı. Bayaqdan gözləri açıq olsa da, yuxudan ayılmamışdı - handan-hana ayılırdı.
... Qadın çarpayının divar tərəfində yatmışdı, üzü adamın kürəyinə söykəniliydi, nəfəsi yandırırdı - adam yorğanı qatlayıb körpə uşaq kimi qucaqlamışdı. Bayaqkı hadisəni unudub yenidən o üç-dörd misranı düşünürdü.
Başı yenə o arı vızıltısınabənzər səsdən deşilirdi. Bir-iki dəfə yerində fırlandı - işdəki kimi yenə özünü pis hiss eləyirdi, fikirləşirdi ki, yəqin darıxmağına səbəb elə bu üzdə yatmağıdı; qadını oyadıb pıçıltıyla:
"Yerimizi dəyişək, - dedi, - bu yanda gözümə yuxu getmir". qadın yarıyuxulu, bircə: "Ay Allah..." - deyib yerini dəyişdi.
Bir azdan yenə darıxdı, ancaq bu dəfə qurcalanmağa, təzədən yerini dəyişməyə utandı. Heç cürə rahatlana bilmirdi. ...Bayaqdan, qolu qızın başının altındaydı. Keyləşib qaxac olmuşdusa da, çəkməyə də utanırdı.
Gördüyü yuxudanmı, nədənmi - burasını bir Allah bilir - dik atılıb qalxdı, qolunun birini hiss eləmədi, elə bil qələm eləmişdilər, qadını ayaqlayıb çarpayıdan düşdü, ağrıdan necə zarımasını da eşitmədən o biri gözə keçib geyinməyə başladı.
Qadın "çax-çax" səsi eşitdi - adam, dünyada hamıdan əziz, sevimli alışqanıyla siqaret yandırırdı. Sonra telefon dəstəyini götürüb, yəqin ki, qarasına, bir nömrə yığdı.
Bundan sonra qadın heç nə başa düşməyib, yenidən yuxuya getdi.
Uzun çağırışdan sonra dəstəyi qaldırıb indicə yuxudan ayılan adam səsiylə birbaşa soruşdular:
- Polis serjantı filankəs eşidir! Gecənin bu vaxtı kimdi?
- Polisdi? Hə lap yaxşı, cənab polis... - cavab verdi və sonra nəsə uzun-uzadı sevgidən, evlənməkdən, şerdən danışdı. İlk dəfə bu gün, əslində dünən şer yazmasını böyük sevinclə polisə xəbər verdi.
Cavab gözləmədən dünyanı, özünü dərk eləməkdən danışdı polisə.
Polis özü də məəttəl qaldı ki, nə əcəb bayaqdan bəri dözüb bu gicgici söhbətə. Dəstəyi atmaq istədi, di gəl, üstəlik bir ağız da gülüb:
- Əmoğlu, deyəsən, başını itiribsən, tapa bilmirsən... - dedi.
Siqaret tutduğu əlini başına tərəf apardı, keyləşmiş əli çiyninə düşdü və tələsik:
- Hə, - dedi,- hə, hə, - sevindi, - yaxşı, ama hayandan bildin, bəlkə tapmısız hə? Həm də ki, bu, elə sizin işinizdi, əsl polis işidi, - uğunub getdi. Polis gülməkdən içini çəkə-çəkə:
- Gəl apar, - dedi, - hə, düz tapdın, tapmışıq, gəl apar. - Sonra bir az rəsmi tonda:
- Tez gəl a, növbəmiz bitir, yoxsa, sonra başsız qalarsan, vətəndaş! - deyib dəstəyi asdı.
... Darvazanın dəmir qapısı tələsik açılıb, örtüldü.
Qadın yenə həmin yuxunu görürdü... Hardansa şəbih çıxaranların səsi gəlirdi. Bu gecə qətl sınırdı...
Sizin reaksiyanız nədir?
Bəyən
0
Bəyənmədim
0
Sevgi
0
Əyləncəli
0
Əsəbi
0
Kədərli
0
Vay
0