Şahvələd Ayvazov: Ağ-qara dünyanın səyyahı

İyn 27, 2026 - 11:15
 0  12
Şahvələd Ayvazov: Ağ-qara dünyanın səyyahı

Yazıçı Ədəbiyyat Portalı Nəriman Əbdülrəhmanlının yeni yazısını təqdim edir.

Xatırlatma

Şahvələd Əli oğlu Ayvazov 1956-cı il iyunun 26-da Gürcüstanın paytaxtı Tbilisidə anadan olub.  1974-cü ildə orta məktəbi bitirdikdən sonra Sovet ordusu sıralarında xidmət edib.

1977-ci ildən Tbilisidə nəşr olunan “Sovet Gürcüstanı (indiki “Gürcüstan”) qəzetində fotomüxbir işləyib.

1983-cü ildə Tbilisi Dövlət Universitetinin jurnalistika fakültəsini bitirib.

1980-1992-ci illərdə Gürcüstan Dövlət Teleqraf Agentliyinin (həm də SİTA-nın) fotomüxbiri olub. 1992-2016-cı illərdə Amerikanın “Assoşieyted Press” (“Associated Press”) xəbər agentliyinin Qafqaz üzrə fotoqrafı olub.

6 müharibədə (Abxaziya, Osetiya, Qarabağ, Çeçenistan, Dnestryanı və Əfqanıstan), 20 Yanvar hadisələrində də fotoqraf kimi iştirak edib, müharibə veteranı statusu qazanıb.

Çoxsaylı mükafat və dünyaca məşhur foto yarışların qalibi və laureatı olmuşdur. 2015-ci ildə Aleksandre Roinishvili adına ilk foto-müxbir mükafatına layiq görülüb.

Gürcütsan Beynəlxalq Universitetində fotojurnalistika fənnini tədris edib.

“Gürcüstan Respublikasının Əməkdar jurnalisti” fəxri adına layiq görülüb.

 

1.     Faktların arxasındakı ömür

…Əlbəttə, bu rəsmi məlumat peşəkar foto sənətçisi, fədakar vətəndaş, bənzərsiz insan barədə yalnız səthi təsəvvür yaradır...

Fotoqraf peşəsinin cəlbedici olduğu qədər də təhlükəli (söhbət peşəkar fotoqraflardan gedir) olduğunu, sonsuz dözüm və səbir tələb elədiyini çoxları bilmir...

Artıq əsərləri təkcə Gürcüstanda, Azərbaycanda, postsovet dövlətlərində yox, Avropa və Amerikada tanınan, dəyərləndirilən peşəkar foto ustası Şahvələd Ayvazovun timsalında bunu aydın görmək olar...

Şahvələdin yaradıcılığı artıq çoxdan faktoqrafik qeyd çərçivəsindən çıxıb, sənət və tarixi sənəd ölçüləri qazanıb. O, qaynar bölgələrdə lentin yaddaşına köçürdüyü təkrarsız kadrlarla zamanın və hadisələrin dolğun obrazını yaradıb, özünəməxsus ruhunu yaşadıb.

Şahvələd Ayvazovun dəst-xəttini, görümünü, nəfəsini səhvsiz ayırd eləmək olur. O, elə ilk kadrlarındanca kütlədən seçilməyi, etüdləri və portretləri ilə dünyaduyumunu peşəkarzasına ifadə etməyi bacarıb.

Mənə elə gəlir, əsl sənətçi üçün bundan böyük xoşbəxtlik yoxdu...

 

2.     Onu ilk kadrlarından tanıdım...

Şahvələd Ayvazovla təxminən yaşıdıq, aramızda cəmi iki yaş fərq qar, ilk fotolarını da 1980-ci illərin əvvəllərində “Sovet Gürcüstanı” qəzetinin səhifələrində görmüşəm. Elə onda fotoqraflıq Şahvələddən ötrü yalnız peşə deyildi, həm də özünü ifadə eləmək, dünyaya, təbiətə, insanlara özünəxas münasibətini bildirmək üçün əvəzolunmaz sənət idi. Onun foto-reportajları, etüdləri, portretləri hədsiz ifadəliliyi ilə fərqlənir, həmişə oxucunun yaddaşına yazılırdı.

Tale elə gətirdi ki, 80-ci ilin ortalarında Şahvələdlə qəzetdə bir neçə il birgə işləməli olduq. Onda o, həm də Gürcinform-SİTAnın fotomüxbiri idi, tez-tez rayonlara ezamiyyətə gedir, onlarla bənzərsiz foto-kadrlarla qayıdırdı. O həmin illərdə artıq öz üslubunu formalaşdırmışdı, respublikanın müxtəlif mətbuat orqanlarında dərc olunan fotolarını dərhal ayırd eləmək, tanımaq olurdu.

Şahvələd Ayvazovun fotoları 80-ci illərin ortalarında artıq Sovet İttifaqının müxtəlif nəşrlərində də işıq üzü görürdü. Hətta məşhur “Sovetskoye foto” jurnalı saylarının birində əsas yeri onun yaradıcılığına ayırmışdı. Sonralar Şahvələdin əsərləri Avropanın, Amerikanın müxtəlif foto-nəşrlərində və jurnallarında çap olundu, mükafatlara layiq görüldü.

Şahvələd Eyvazov sırf peşəkar olmaqla yanaşı, həm də insani duyğularla yaşayan sənətçidi. O, təkcə ətraf aləmdə baş verənləri yaddaşa köçürməklə qalmır, həm də həmin kadrlara öz yaşantılarını hopdurur. Bəlkə elə bu səbəbdən tamaşaçılar Şahvələdin əsərlərində izahı çətin cazibədarlığı dərhal hiss edirlər.

 

3.     “Biz müharibəni seçmirik, müharibə bizi seçir...”

Şahvələd Ayvazov həyatın, sözün əsl mənasında, qaynar nöqtələrində olmağı özünə borc bilir...

1989-cu il aprelin 9-da Sovet Ordusu Tbilisidə qan tökəndə Şahəvələd Ayvazov hadisələrin mərkəzində idi, sonsuz kədərinə güc gəlib baş verənləri tarixin yaddaşına köçürürdü…

1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə həmin ordu Bakıya soxulandan bir neçə saat sonra Şahvələd göz yaşlarını boğa-boğa o qeyri-insani, vəhşi aksiyanın nəticələrini lentin yaddaşına köçürürdü...

1992-ci ildən Amerikanın nüfuzlu “Assoşieyted Press” (AP) Agentliyinin Qafqaz üzrə xüsusi müxbiri, Qafqaz bürosunun rəhbəri çalışan Şahvələd Ayvazovun fəaliyyət dairəsi daha da genişləndi.

O, sonrakı iki il ərzində  müharibə meydanlarında olub, Ermənistanın Azərbaycana qarşı silahlı təcavüzü nəticəsində öz doğma yurd-yuvalarından qovulmuş məcburi köçkünlərin həyatını əbədiləşdirib.

Dəfələrlə Şimali Qafqaza, Çeçenistana, Dağıstana gedib, o bölgələrdə baş verən hadisələri lentə alıb…

2008-ci ildə Rusiyanın Gürcüstana təcavüzü zamanı həmkarları ilə birgə ən qaynar nöqtələrdə olub, həyasız işğal aktının xronikasını lentin yaddaşına köçürüb və beynəlxalq ictimaiyyətə çatdırıb.

O, dözümlülüyü, soyuqqanlılığı, təmkini sayəsində bir çox təhlükələrdən qurtulub. Hətta 2011-ci ildə peşə borcunu yerinə yetirən vaxt bir neçə həmkarı ilə birgə qısamüddətli həbs də yaşayıb…

 

4.     Bənzərsiz portret və etüd ustası

Şahvələd Eyvazov, əsasən, ağ-qara janrda işləməyi sevir. Sənətçinin ağ-qara fotoları təbiətin çalarlarını da, insanın yaşantılarını da tamaşaçıya heyrətamiz dəqiqliklə çatdırır...

Son illərdə onun yaradıcılığında rəngli fotolara rast gəlsək də, Şahvələd ilkin prinsiplərindən əl çəkmək fikrində deyil. Xüsusilə müharibə mövzusundakı fotolarında rənglərdən istifadəni qəbul etmir. Onun fikrincə, müharibə həyatı və insanları rəngsizləşdirir, buna görə də müharibənin amansız simasını ağ-qara rənglər daha dəqiq ifadə edir.

Şahvələd Ayvazovun ağ-qara portretləri baxış bucağı, cizgilərin canlılığı, ifadəliliyi ilə seçilir. O, insanın simasında həyatının obrazını yarada bilir, bu da ki, Allah vergisidir.

Onun fotokamerasının obyektivi qarşısında sadə adamlar, döyüşçülər, qaçqınlar və köçkünlərlə yanaşı, Heydər Əliyev, Eduard Şevardnadze, Mstislav Rostropoviç, papa II İohann Pavel, Cövhər Dudayev, Aslan Məshədov, Şamil Basayev, Aşıq Hüseyn Saraçlı, Hüseyn Arif, Zəlimxan Yaqub kimi… böyük şəxsiyyətlər dayanıblar…

Onun Tiflis, xüsusilə Şeytanbazar etüdlərini də, Borçalı mənzərələrini də, müharibə və təbii fəlakət zamanı lentə aldığı foto-reportajlarını da yüksək peşəkarlıq, incə duyum, özünəməxsus baxış bucağı fərqləndirir...

 

5. İllərin təcrübəsi və halal şöhrət

         Şahvələd Ayvazovun yaradıcılığında başlıca obraz insandı – o, insan ömrünün xronikasını lentə köçürməyi sevir...

         O, adət-ənənələri, maddi mədəniyyət abidələrini lentə alanda belə insanı obyektivinin mərkəzinə gətirir, aləmin onun gözləri ilə görür. Dünyanın hər üzünü görmüş qocalar da, ömür yoluna yenicə qədəm qoymuş uşaqlar da, xalqın bağrından qopmuş sənətçilər də, müharibə kabusunun yaxaladığı qaçqın-köçkünlər də Şahvələdin özünəməxsus hekayətçisinə çevrilir, olub-keçənləri ağ-qara rənglərin dili ilə nağıl eləyirlər...

         2015-ci ildə Şahvələd Ayvazov Gürcüstan Mədəniyyət Nazirliyi, Tbilisi meriyası və “Kolqa Tbilisi foto” təşkilatının təşəbbüsü ilə fotoqrafların müsabiqəsində iştirak etdi. 40 ölkədən 9 min fotonun təqdim olunduğu müsabiqədə Şahvələd qalibi oldu, Gürcüstan foto sənətinə verdiyi töhfələrə görə Aleksandre Roinişvili adına mükafata layiq görüldü.

Az sonra İ.Qrişaşvili adına Tbilisi Tarix Muzeyində təşkil olunan “Müharibə xətti” adlanan sərgidə Osetiya, Abxaziya, Dağlıq Qarabağ və Çeçenistan müharibələri zamanı lentə aldığı 60-dan artıq əsəri nümayiş etdirildi. “Anaların göz yaşı hələ də gözümün önündən getmir. – O, sərginin açılışında dedi. - Bu müharibələr Qarabağda, Abxaziyada, Osetiyada və Çeçenistanda insanları evsiz-eşiksiz qoyub, neçə-neçə körpə ata-anasız qalıb, neçə-neçə ailə yox olub, torpaqlar işğal edilib. Mən o kədəri, qəmi fotolarıma köçürmüşəm”.

         2016-cı ildə 60 illik yubileyi münasibətilə “Gürcüstan Respublikasının Əməkdar jurnalisti” fəxri adına layiq görülməsi də məhz Şahvələd Ayvazovun 40 illik yaradıcılığına verilən dəyər idi.

         Azərbaycan Fotoqraflar Birliyi (AFB) isə “İlin fotoqrafı-2016” tədbiri çərçivəsində onu “Azərbaycan fotoqrafiyasının dostu” mükafatına layiq gördü.

 

6. 40 ilin yradıcılıq hesabatı

2017-ci ildə Şahvələd Eyvazovun Tbilisidə, Veteranların İşi üzrə Dövlət Xidmətinin yeni istifadəyə verilən binasında açılan fərdi sərgisi bir növ 40 illik yaradıcılığının yekunu idi. Sərgidə onun tamaşaçılara 200-dən artıq əsəri təqdim olundu. Açılışda Gürcüstanın Baş naziri Georgi Kvirikaşvili, Veteranlarla İş üzrə Dövlət Xidmətinin rəhbəri, briqada generalı Vladimir İmnadze, Gürcüstanın dövlət və hökumət rəsmiləri, parlament üzvləri, diplomatik korpusun təmsilçiləri iştirak etdilər.

Hökumət başçısı bildirdi ki, yeni binada veteran jurnalistin fotosərgisinin açılışı veteranlara töhfədir. Gürcüstanın ərazi bütövlüyü uğrunda döyüşləri əks etdirən bu fotolar müharibə veteranlarına keçmişi xatırlatmaq üçün deyil, buraya gələcək insanlara mübarizə əzmimizi əks etdirmək üçün sərgilənir.

V.İmnadze Şahvələd Ayvazovu şəxsən müharibənin ağrı-acısını yaşayan, o ağırlığı çiyinlərində daşıyan əsl vətənpərvər kimi təqdim elədi, fotolarda müharibənin ağrı-acısı ilə yanaşı, gürcü xalqının suverenliyi və müstəqilliyi, torpaqlarımızın azadlığı uğurundakı mübarizəsi əks edildiyini, onun lentə aldığı hər bir fotonun dövlətçiliyin, müstəqilliyin necə baha başa gəldiyinin sübutu olduğunu vurğuladı.

Onda Şahvələd Ayvazov arzusunu belə ifadə eləmişdi: “Mən həm Azərbaycanda, həm də Gürcüstanda müharibənin ağrı-acısını yaşamışam. Lentə aldığım fotolara baxdıqca o anları yenidən yaşayıram. Arzu edirəm ki, tarixi Vətənim olan Azərbaycan torpaqları işğaldan azad olunsun, belə bir sərgini Dağlıq Qarabağda açaq...”

 

7. Sönməyən yaradıcılıq eşqi

Həmkarları arasında və yaradıcılıq aləmində “Şah” kimi tanınan Şahvələd Ayvazov adını Qafqaz və Gürcüstanla yanaşı Azərbaycanın da tarixinə parlaq hərflərlə yazdırıb...

1990-cı ilin yanvarında imperiya qoşunu Bakıda dinc əhaliyə qarşı qırğın törədəndə o, daha bir qaynar bölgədən - Abxaziyadan təcili özünü çatdırıb, qanlı gecədə həyatı bahasına lentə aldığı 400-dən çox foto-şəkillə Azərbaycan xalqının müstəqillik yolunda yaşadığı ən qanlı-qadalı tarixi səhifəni canlandırıb, çətinliklə də olsa Tbilisiyə çatdırdığı həmin kadrlar ifşaedici sənəd kimi xarici KİV-də işıq üzü görüb, dünya və Gürcüstan ictimaiyyətinin 20 Yanvar qətliamı barədə məlumatlandırılmasında xüsusi rol oynayıb.

1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan Silahlı Qüvvələri tərəfindən Rusiyanın 366-cı motoatıcı alayının iştirakı ilə Xocalıda qətliam törədiləndə Şahvələd Ayvazov qısa müddət ərzində özünü yetirib, o vəhşi aksiyanın izlərini lentin yaddaşına köçürüb.

Şahvələdin o foto-şəkilləri həm də Gürcüstanın Milli Arxivi və Gürcüstanın Milli Parlament Kitabxanasının fotoarxivinə daxil edilib. 2019-cu ildə isə  Gürcüstanın Milli Parlament Kitabxanasında onun 20 Yanvar faciəsini əks etdirən foto-şəkillərindən ibarət sərgi keçirilib.

2021-ci ildə Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi və "Yarat" Müasir İncəsənət Məkanımın birgə təşkilatı dəstəyi ilə yerli rəssam və fotoqrafların əsərlərindən ibarət “Dumanlar başımda dastana döndü”, 2023-cü ildə “Heydər Əliyev – 100” layihələri çərçivəsində ölkənin rayonlarında uğurla nümayiş etdirilən qrup sərgisində Şahvələd Ayvazovun da əsərləri vardı.

Şahvələd Ayvazov isə yenə də “foto-ov”undan qalmır: ən çox sevdiyi istirahəti doğma Tbilisinin küçələrini dolaşmaq, zamanın təkrarolunmaz anlarını “tutmaq” və sənətsevərlərlə bölüşməkdi...

         2026, iyun

Sizin reaksiyanız nədir?

Bəyən Bəyən 0
Bəyənmədim Bəyənmədim 0
Sevgi Sevgi 0
Əyləncəli Əyləncəli 0
Əsəbi Əsəbi 0
Kədərli Kədərli 0
Vay Vay 0