Seyfəddin Hüseynli - 50: Ustadlıq və münsiflik
Bu gün ədəbiyyatşünas, esseist, tərcüməçi, redaktor, naşir Seyfəddin Hüseynlinin 50 yaşı tamam olur.
Yazici.az ədəbiyyat portalı bu münasibətlə Fərid Hüseynin "Ustadlıq və münsiflik" yazısını təqdim edir.
Yaradanı yarıdan...
Ədəbiyyatşünas, esseist, tərcüməçi, redaktor, naşir - bütün bu ədəbi imza ünvanları günümüzdə çox qələm adamlarının adının yanına, altına ya könüllü, ya da "zorən" yazılır, lakin təyinlər əksərən özünü gərəyincə doğrultmur. Baxırsan ki, imzanın yanında "redaktor" kəlməsi yazılıb, amma əslində, o adam heç redaktor-filan deyil, yaxud "ədəbiyyatşünas" sözü qeyd olunub, fəqət dərindən düşünəndə anlayırsan ki, ömrünü həsr elədiyi işə köklü şəkildə aidiyyəti yoxdur.
50 illik yubileyi yetişmiş Seyfəddin Hüseynli ədəbi imzasının önündəki təyinlərin hər birini iş yarıtmağı, peşəkarlığı, sənətə, sözə ciddi, güzəştsiz münasibəti, dərin zəkası, əhatəli dünyagörüşü, yüksək səviyyəli tərcüməçilik bacarığı, ədəbi təhlilləri, analitik mükalimə səriştəsi və canlı ünsiyyətdəki sirayətedici təfəkkürü ilə haqq eləyib. Nə xoş ki yuxarıda sadalanan təyinlərin hər birini o sənətlərin hörmət minbərinə ucaldan Seyfəddin Hüseynli kimi peşəkar, qol qoyduğu işlərə başucalığı gətirən şəxsiyyət var. Vətən mənəvi ərazicə bu sayaq adamların varlığı ilə bütövdür!
Sərraf...
Seyfəddin müəllimlə, az qala, 20 illik dostluğa, həmkarlığa nərdivan söykəmişik. Bu illər ərzində onu daim mədəniyyətimiz, ədəbiyyatımız, ümumilikdə humanitar sabahımızdan sarı qayğılı görmüşəm. Ədəbiyyatımızla bağlı yazılarında, yaxud hansısa tədbirlərindəki çıxışlarında həmin qayğılanmaların satirik-ironik, əslində isə "göz yaşları içində gülüşə" bələnmiş ifadəsinin şahidi olmuşam. O, çoxlarından yaxşı bilir ki, əgər ədəbiyyatda bəzi məsələlər bir sıra cəhətdən ürəkaçan deyilsə, o vəziyyəti yaradan mövcud səbəblər, reallıqlar nələrdən ibarətdir, kimlərdən asılıdır. Ona görə də o, əhatəsində daim bir ironik, satirik əhvali-ruhiyyə yaradır ki, hansısa gənclər, cavanlar yaraşmaz işlərə, ötəri həvəslərə uymağın gərəksizliyini, olanları görən itigözlü sənət xiridarlarının var olduğunu anlasınlar. Ona görə də Seyfəddin müəllimin redaktə dərslərini almış, onunla dostluq ülfəti bağlamış adamlar hər zaman mətnlərində kənardan-kənara da olsa, onun varlığını, nəzərini daim duyurlar...
Sirayət qüdrəti...
Əgər Seyfəddin Hüseynlinin nəyi yazmaq, necə yazmaq məsələləri ilə bağlı şifahi məsləhətləri yazıya çevrilsəydi, ədəbiyyatımızda neçə-neçə mətnlərin necə yaranmasının tarixçəsini öyrənə bilərdik. O, ədəbiyyata yön, impuls verən, istedadlara yol açmaq missiyasını öz yazılarından üstün tutan söz adamıdır. Ona görə də başqalarının uğurlu mətnlərini heç zaman görməzdən gəlmir, gözəl əsərlər barədə könül dolusu danışır, bəyəndiyi nümunələri sevə-sevə təbliğ edir.
Tərcüməçi məharəti...
Seyfəddin Hüseynlinin 2024-cü ildə nəşr edilən "Tərcümə təcrübələri" adlı kitabında uzun illər ərzində dilimizə çevirdiyi tərcümələri toplanıb. Həmin kitab zahirən başqalarının yaradıcılığından ibarətdir, amma batini cəhətdən elə öz yazıları kimidir. Çünki o mətnləri yüksək zövqü ilə arayıb tapıb, ədəbiyyat və dil biliciliyinin gücü ilə tərcümə edib və eyni zamanda onları ölkəmizdə lazımi hörmətdə təbliğ edib. Kitabda Riçard Brotiqan, Xorxe Asis, İvan Kraus, Li Fuyan, Xuanfu Şi, Anatol Frans, Anna Qavalda, Mişel Turnye, Cerom Klapka Cerom, Etqar Keret, İtalio Kalvino, Luici Pirandello, Canni Radari, Dördi Şpiro, Mixail Bulqakov, Fazil İskəndər, Sergey Lukyanenko, Yuri Mamleyev, Oleq Pavlov, Zaxar Prilepin, Roman Sençin, Aleksey Varlamov, Gözəl Yaxina, Mixail Yelizarov, Mixail Zoşşenko, İbrahim Samuel, Xalidə Ədib Adıvar, Rıfat Ilqaz, Ercan Kesal, Onat Kutlar, Hüseyn Su, Kost Moskalets, Aqutaqava Rünoesuke yaradıcılığından bir-birindən gözəl tərcümələr toplanıb. Türkiyə, Amerika, Argentina, Çin, Çexiya, Fransa, İngiltərə, İsrail, İtaliya, Macarıstan, Rusiya, Suriya, Yaponiya, Ukrayna ədəbiyyatının ecazkar örnəkləri cəm olmuş "Tərcümə təcrübələri" kitabı yalnızca alışdığımız çeviri toplusu deyil, bu seçmə mətnlər müəllif-çevirmən tandemindən yaranmış unikal ədəbi örnəkdir. O kitabdakı mətnlərin mahiyyətinə nəzər salanda məhz bizim ədəbi mühit, regional reallığımız sarıdan onların gərəkliliyini duyanda o əsərlərin şüurumuzdakı, ruhumuzdakı oyadıcı gücünü anlayırıq. Həmin tərcümələr öz missiyası, gərəkli ədəbi təlqinləri olan əsərlərdir. Ona görə də o kitab tərcümə tariximizdə daim minnətdarlıqla anılacaq.
Yeri gəlmişkən, Seyfəddin müəllimin tərcümə tənqidçiliyi ilə bağlı fəaliyyəti xüsusunda başqa bir məqamı da yada salmaq istərdim: 14 il öncə Seyfəddin Hüseynlinin "Biabırçı tərcümələr haqqında" başlıqlı müasir çevirmələrdəki qüsurlarla bağlı silsilə məqalələr yazmışdı, şişirtmədən deyə bilərəm ki, həmin tənqidi yazılar dünya ədəbiyyatının korladığımız şedevrləri haqqındakı "utanc abidəsi" sayıla bilər. Gümanımca, uzaq gələcəkdə dilimizə yenidən çevrilməli olan həmin örnəklərin tərcüməçiləri Seyfəddin müəllimin həmin silsilə məqalələrini oxuyub daha keçmişə tənə oxları yağdırmağın mənasız olduğunu dərk edəcək, düşünəcəklər ki, zamanında zay iş görənlərin payı lazımınca verilib, bizim vəzifəmiz bundan sonra öz öhdəmizə düşəni layiqincə yerinə yetirməkdir.
Təcrübəyə ehtiram...
Ernest Seton-Tompsonun "Mənim həyatım" adlı əsərində belə bir məqam var: iki dost çölün düzündə soyuqdan donmaq üzrədirlər, kibrit qutusunda isə bircə dənə qalıb. Həmin dənəni yandırmaq hədsiz böyük məsuliyyətdir, çünki əgər yandırılan dənə kiminsə əlində sönsə, donmaqlarına baiskar o adam olacaq. Dostlardan heç biri bu işin aqibət yükünü öz üzərinə götürmək istəmir. Axırda qərara gəlirlər ki, kim daha uzun müddət siqaret çəkibsə, deməli, o indiyə qədər daha çox kibrit yandırıb, onun bu məsələdə təcrübəsi daha böyükdür. Təcrübəyə bel bağladıqları üçün işləri axsamır, onlar bircə kibrit dənəsi ilə topladıqları çır-çırpını yandırıb o müdhiş soyuqda ölümdən xilas olurlar.
Mən daim əlini qoyduğu hər işi yüksək peşəkarlıqla yarıdan, başa gətirən tərcüməçi, ədəbiyyatşünas, redaktor, münsif Seyfəddin Hüseynlini düşünərkən ruhumda həmişə bir inam olur, bilirəm ki, son kibrit dənəsi onun əlində heç vədə sönməyəcək, çünki o hər işə böyük təcrübəylə, əvvəlindən sonunu gördüyü sınanmış yolla gedir.
Ustad-şagird...
Bəlkə də, yaşadığımız çağda ustad-şagird münasibətləri də bir sıra münasibətlər sistemi kimi sıradan çıxmaq üzrədir. Artıq insanlar ata-anasından, dost-tanışdan daha çox süni intellektdən məsləhət alırlar. Seyfəddin Hüseynli "525-ci qəzet"dəki fəaliyyətində neçə-neçə gənc ədibə, yaxud publisistikada yolu təzə başlayan gənclərlə, sözün əsl mənasında, ustadlıq edib. Onun mətnlə işləmək bacarığı, müqayisəli düşüncə sistemi, analiz qabiliyyəti, həqiqətən, çox sirayətedicidir. Onunla mətn üzərində işləmək, yaxud yazı haqqında danışmaq, əsərdəki çatışmazlıqlar xüsusunda söhbət etmək istənilən cavan qələm adamına müsbət təsir göstərir. Çünki o, mətnin həqiqətinin tərəfdarıdır, müəlliflərin yox. Ona görə də onu yaxından tanıyanlar Seyfəddin ustadın varlığını onunla bərabər mətn üzərində işləməyəndə də hiss edir, yaza-yaza düşünürlər ki, bu yazını o oxuyar və hansı reaksiyanı verər. Onun ədəbiyyat prinsipləri, şəxsi zövqünün təlqinindən yüksəkdə dayanır. Hesab edirəm ki, 2000, 2010, 2020-ci illər ədəbi nəsillərinin bədii mətnə münasibətinin formalaşmasında Seyfəddin müəllimin müstəsna xidmətləri var. Seyfəddin müəllim ədəbi bilgilərini ədəbiyyatın faktı kimi təqdim edir, öz qənaətlərinin diktəsi kimi yox. Dəfələrlə gözəl mətn oxuyarkən, yaxud o yazılar haqqında danışarkən onun necə fərəhləndiyini görmüşəm. Çünki o, mətni müəllifsiz sevməyi bacarır...
Seyfəddin müəllimin redaktorluqdakı ustadlığının əsas əlamətlərindən biri də, zənnimcə, budur: o, əsərini işlədiyi müəllifə səhvin özünü yox, yanlış müəllifinin düşüncəsindəki mənbənin yerini göstərir: ona görə də onun iradları anlayan insanı incitmir. Onun redaktor kimi digər üstünlüklərindən biri də zövqünün heç zaman yıpranmamasıdır, 20 ildir ədəbi mühitdə olan bir adam kimi deyə bilərəm ki, bu illər ərzində ötən minilliyin ab-havasında, yaxud oxuduğu bir neçə mənbənin məhbəsində olan, "çevir tatı, vur tatı" rejimində ilişib-qalan yazıçı-şairləri, redaktorları, naşirləri çox görmüşəm. Təkrar-təkrar eyni havaları çalanlardan fərqli olaraq Seyfəddin müəllim daim yeniliklərə açıq olmağı məharətlə bacarır.
Münsif...
Təsadüfi deyil ki, Seyfəddin Hüseynli ölkəmizdə keçirilən əksər müsabiqələrdə münsif kimi təmsil olunur. Onun mətnlərə qarşı prinsipial və ədalətli mövqeyi həmin müsabiqələrin yekununda mütləq özünü göstərir. Müsabiqəni təşkil edənlər də, o söz yarışına qatılanlar da yaxşı bilirlər ki, əgər Seyfəddin müəllim münsifdirsə, daha orada ikibaşlı oyunlara, "nəticə əliəyriliyi"nə, tərəfkeşliyə yer yoxdur.
Bəzən bir sıra müsabiqələrdə sadəcə müəyyən mövqe sahibləri münsif seçilirlər, amma həmin kəslərin ədəbiyyatın yeni tendensiyalarından, çağdaş dünyanın ədəbi nəzəriyyələrindən, müasir mətn texnologiyalarından biganəliyi sonda köhnəpərəstlərin, yıpranmış yazı manerasına sahiblərin qələbələrini labüd edir. Fəqət Seyfəddin müəllim yeni dövrün ədəbi meyarlarına bələd olduğuna görə seçilməyə verilən mətnlərdə müəlliflərin ağır zəhməti, savadı və istedadı ilə reallaşdırdıqları peşəkar əsərləri lazımınca qiymətləndirir. Münsif, ekspert olmaq və uzun illər ədalət tərəzisini çaşmağa qoymamaq insandan vicdan, əqidə, peşəkarlığa səcdə tələb edir ki, bütün bu məziyyətlər Seyfəddin Hüseynlinin universal kimliyinin vacib elementlərindəndir.
Nə acı ki...
Ötən il Rusiyanın Yekaterenburq şəhərində OMON dəstələri azərbaycanlılara qarşı növbəti təxribatının, millətimizə yönəlmiş aqressiyanın yeni dalğasının qurbanları Seyfəddin Hüseynlinin qardaşları, doğmaları oldular. Onların ailəsinə qarşı amansız hücüm, qəddar münasibətin arxasında imperial sifariş, gözdağı vermək istəyi, güc nümayişi dayanırdı. Aşkar səbəblər ümumi məna daşısa da, bu faciənin xüsusi tərəfi bir ailə müsibəti idi ki, heç zaman göynəyi, sızıltısı sovuşmayacaq. Seyfəddin müəllimi həmin günlərdə milli və şəxsi faciənin önündə gördük. O, son dərəcədə qətiyyətli, vüqarlı, sınmaz idi və baş vermiş hadisələri ədalətlə qiymətləndirirdi. Həmin hadisələrin gedişatında qardaş yox, millət təəssübkeşliyi ilə çıxış edir, hadisələrin hüquqi qiymətindəki nadürüstlüyə, millətimizə tuşlanmış həqarət oxlarına sinə gərmək üçün mübarizə aparırdı. Çox ağır proses idi, elə bir dönəm idi ki, iztirabdan, dərdin ağırlığından başqa bir insan mənəvi müvazinətini itirər, ruhən sınardı. Ancaq Seyfəddin müəllim milli ləyaqətlə, dözümlə həmin prosesdən də üzüağ, alnıaçıq çıxdı və heç zaman köksündəki şəxsi yaraları millətimizə qarşı olan məlum amansızlıqdan ayırmadı. Bu onun şəxsiyyətinin bir başqa üstünlüyü və ağır imtahandakı sarsılmazlığının göstəricisi idi. Belə bir məqamda bu dəfə onun dadına həyati peşəkarlığı çatmışdı...
Övlad fərəhi...
Seyfəddin müəllim həm də Vətənə, millətə xeyirli övladlar yetirib, oğlanları yüksək elmi nəticələr göstərərək ali məktəblərə qəbul olunublar və atalarının əziyyətinə layiq fərəh mənbələrinə çevriliblər. Seyfəddin müəllim üçün böyük iftixar qaynağı olan övladları inanırıq ki, elə onun 50 illik ömrünə ədəbiyyatın da, taleyin də, sözün də verdiyi ən böyük mükafatlardır. Həmin mükafatların növbəti yubiley yaşlarında da Seyfəddin müəllim üçün əbədi sevinc ünvanları olması diləyi ilə ustada cansağlığı, yaradıcılıq uğurları diləyirəm...
525.az
Sizin reaksiyanız nədir?
Bəyən
0
Bəyənmədim
0
Sevgi
0
Əyləncəli
0
Əsəbi
0
Kədərli
0
Vay
0