Payızın astanasında - Əli bəy Azəri

Avq 14, 2026 - 14:20
Avq 14, 2026 - 14:58
 0  23
Payızın astanasında - Əli bəy Azəri

Yazici.az ədəbiyyat portalı Əli bəy Azərinin "Payızın astanasında" (özümlə söhbət) yazısını təqdim edir.

Bu da altmış!

Nəhayət, göydə ulu yaradana, yerdə indi həyatda olmayan valideynlərimə dua edə-edə gəlib ömür yolunun altmışına yetişdim. Görəsən, altmış yaş ömür yolunun harasıdı?

Adam bir an dayanıb durmaq istəyir. Olub-keçənlərə nəzər salmaq keçir könlündən. Yaşadıqlarını vərəqləyib nəyi düz, nəyi səhv etdiyini düşünmək üçün xəyallar qurur. Amma buna macal yoxdur, fələyin çərxi adamı öz boynuna mindirib dəyirman daşı kimi fırladır. Hər an yeni iş-güc, yeni hadisələr, yeni qayğılar çulğalayır adamı. Zorən yoluna davam edirsən. Lap tutalım ki, dayanıb durmağa imkan yarandı. Onda nə edəcəyəm? Özüm-özümə suallar verəcəyəm? Altmış ilin hesabatını soruşacağam? Yoxsa necə yaşadığımın izahatını istəyəcəyəm? Onsuz da hər zaman özüm-özümlə (daxilimdəki Mənlə) söhbətləşirəm. Heç vaxt tək qalmıram. Bax, onda bu çərənçiliyin çərənçiliyini yoluna qoyuruq. Narahatçılığa hələ ki, ehtiyac hiss olunmur.

Atmışımda mən kiməm?

Əlli yaşımda kim idim?

Bəs qırx yaşımda?

Otuzumda?

İyirmidə?

Lap elə on yaşımda kim olmuşdum?

Ondan o tərəfin hesabatını aparmağa dəyməz. Həyatı dərk etmədiyinə görə zamanla çiling-ağac oynayan məsum bir uşağın hesabatını nə mələklər aparıb, nə hər an onları aldatmağa səy göstərən şeytanlar.  

Altmış yaş, məncə, gəncliyin zirvəsidir. Kim nə deyir, desin, bunu mən müəyyənləşdirmişəm, özü də 5-6 il bundan əvvəl. Şair dostum Damət Salmanoğlunun yubileyiydi. O, necə də xoşbəxt idi. Ailəsinin, nəvələrinin, dostlarının əhatəsindəydi. Şeirlərinə mahnılar bəstələnirdi, efirlərdən oxunurdu. Özü də boş durmurdu, yazırdı, yeni əsərlər yaradırdı. Ruh yüksəkliyi, könül xoşluğu ilə. Bax, onda mən qərara gəldim ki, altmış yaş gəncliyin zirvəsidi, əsl yaradıcılıq dövrüdü. Hardan ilham alırsan al, yaradıcılığına güc ver.

İndi mən altmışımdayam. Əli bəy Azəriyəm. Hamı məni bu imza ilə tanıyır. Hətta qohumlardan kimsə Şuşada reklam lövhəsində şəklimi görüb, təəccüblənib. “Bu ki, bizim Əlidir”, deyib. Bu zaman dostum Zaur Ustac da ordaymış, mənim şəkilimlə selfi çəkdirirmiş. Qohumum ondan məni tanıyıb-tanımadığını, yoxsa elə-belə selfi çəkdirdiyini soruşub. “Əli bəy Azərini bütün ölkə tanıyır”. Zaurun cavabı həmin vaxt orda olub şəklimi birinci dəfə görənlər üçün də qiyamət olub. Orda olanlar həmin anı hələ çox xatırlayacaqlar.

Əli bəy Azəri olaraq ədəbiyyata neçə roman, neçə povest, neçə hekayə miras qoymuşam. Tərifləmək kimi çıxmasın, hamısında orijinal mövzular işlənib. Kiminsə cığırı ilə getməyi xoşlamıram. Altmış ildə oxuduğum iki minə yaxın kitabın heç birində yazdıqlarım süjetlərə rast gəlməmişəm. Ən azından bununla təsəlli tapıram. Bir də məni “Xəzan” adlı bir ədəbi-bədii jurnalın naşiri, sahibi kimi tanıyırlar.

Əlli yaşımda da mən elə Əli bəy Azəri olaraq tanınırdım. Bir az tərəddüdlüydüm, sanki keçid dövrümü yaşayırdım. Hələ qəzetçilikdən tam ayrıla, bədiilikdə tam köklənə bilməmişdim, necə deyərlər, qılınc oynada bilmirdim. Düzdür, o vaxt bu qədər geniş auditoriyam da yox idi, ancaq indikindən çox işləyirdim. Ən əsası, “Xəzan” jurnalının bünövrəsini qoymuşdum və dayanmadan əhatəni genişləndirmək üçün işləyirdim. Bölgələrdə axtarış aparırdım. Qüruruna sığınıb yazdıqlarını çap etdirmək üçün heç kimə müraciət etməyən istedad sahiblərini tapırdım. Hər dəfə onların əsərlərini jurnal səhifələrinə çıxardanda heç bilirsiniz nə qədər sevinirdim? Onların nə qədər sevindiyini, ümumiyyətlə sevinib-sevinmədiklərini deyə bilmərəm, mənim sevincim dünyalar qədərdi. Ədəbiyyata elə vurulmuşdum ki, qalan hər şey ikinci, üçüncü, dördüncü plana keçmişdi. Başda ədəbiyyatıydı.

Bölgələrdə yaşayıb, yazıb-yaradanların, paytaxta gəlib-getmək imkanları məhdud olanların kitablarının çapına da köməklik göstərirdim. Yəni, texniki köməkliyimi, vasitəçiliyimi əsirgəmirdim. Belələrindən biri də Aygün Sadiq oldu. Onun saytlarda yayımlanan şeirləri diqqətimi çəkmişdi. Yaradıcılığında həm klassik üslub bərq vururdu, həm müasirlik, yenilik vardı. Şeirləri heç bir şairin poeziyasına bənzəmirdi.

Sonuncu dəfə orta məktəbdə oxuyanda şeir əzbərləmişdim. Əzbərlədiklərim heç vaxt yadımdan çıxmaz. Aygün Sadiqin bir bənd şeiri avtomatik beynimə həkk olundu. Burda təsvir bir az başqa cürüydü. Adamın taleyi yazılmışdı sanki.

Ya rəbb, qəbahətim boyumdan hündür,

Zaman da yetmədi möhlət istəyəm.

Bir baxdım – dünyaya gəldiyim gündür,

Bir baxdım – ölümdən o tərəfdəyəm.

Balakəndə yaşayan Aygün Sadiq, gərək ki, məktəbdə müəllim işləyirdi. Jurnalda bir-iki dəfə çap olunandan sonra daha da həvəsləndi, kitabını çıxartmaq istədiyini, bu işdə ona köməklik göstərməyimi bildirdi. Mətbəələrlə danışdım. Daha ucuz və keyfiyyətli olanına istiqamətləndirdim. Tezliklə kitabı çap olundu. Təqdimatı da keçirildi. İlahi, bir kitabın işıq üzü görməsi insanları necə sevindirər və nurlandırarmış... Qoy, kitab oxumayanlar kitab oxuyanlara həsəd aparsın. Ədəbiyyat bir başqa aləmdir. Burda olan insanlar digərlərindən daha aydın, daha zövqlüdürlər. Əksini sübut eləməyə çalışmasınlar.      

Vaxt var ikən qırx yaşıma da bir göz gəzdirsəydim, pis olmazdı. Qırx yaşımda da Əli bəy Azəriydim. “Rəsmi Bakı” adında müstəqil bir qəzet nəşr edirdim. Təfsilatlara varmayacam, ölkənin belə bir qəzetə ehtiyacı vardı. On beş-iyirmi illik müstəqillik dövründə tərəflər artıq müəyyənləşdirilmişdi; iqtidar və müxalifət mətbuatı hamıya bəlliydi. Yerdə qalanlar da özlərini ya iqtidaryönlü, ya da müxalifətyönlü mətbuat adlandırırdılar. Müstəqil mətbuat dəstək olmadığına görə yaradılmırdı, yaranmırdı. Ölkənin nüfuzunu uca tutmaq üçün bəzən rəsmilərin deyə bilmədiyi, ancaq mütləq deyilməli, yazılmalı məsələləri ictimaiyyətə çatdırmaq lazım gəlirdi. Mən belə bir vaxtda söz meydanındaydım. Düzdür, əvvəlcə bir neçə yerdən istiqamət müəyyənləşdirilirdi, lakin son anda hamısı verdiyi vəddən imtina elədi. “Sən idarəolunmaz adamsan”, deyib yaxalarını kənara çəkdilər. Başa sala bilmədim ki, məni idarə etməyə ehtiyac yoxdu, vətənə, millətə faydalı ola biləcək işləri idarə etmək gərəkdi. Nəsə... fırtınalı bir dövr yaşadım qırx yaş ərəfəsində. İnadımdan dönmədim. Doğru bildiyim işləri gördüm, həmişə haqqın tərəfində, haqlının yanında oldum. Təzyiqlər bir an belə ara vermədi, məhkəmə çəkişmələri bir-birinin üstünə gəldi. Bir dəfə dözməyib hakimin üstünə qəzəbləndim: “Bu qədər məhkəmə çəkişmələri olar? Yığışdırın bunları. İmkan verin vətəni parazitlərdən təmizləyək, cəmiyyəti saflaşdıraq, qanunlarımızın işləməsi üçün əlimizdən gələni edək!” Adamın Allahı var, hakim heç nə demədi, gülümsündü və məşvərətə getdi. O qayıdana kimi qarşı tərəf əkilmişdi. Hakim düzgün qərarını oxudu və mənə baxıb “Razı qaldınmı?” soruşdu. Bir az əvvəlki qəzəbimə görə utandım, lakin hakim də başa düşürdü ki, mən özümə görə heç nə etmirəm. Bu da vətənə xidmətin bir növüydü. Mən axı uzun müddət hərbi mundir əynimdə vətənə xidmət etmişdim.

Otuz yaşımda mən hərbi xidmətdəydim. “Atəşkəs” dövrüydü. Orduda təkmilləşmə prosesi gedirdi. Rusiya hərbi məktəblərində aldığımız təhsili yetərli saymırdılar. NATO taktikası üzrə təkmilləşdirmə kursları keçməyimizi vacib sayırdılar. Prosesdən kənarda qalmaq olmazdı. Mən mayor hərbi rütbəsində Türkiyədə təkmilləşdirmə kursunu müvəffəqiyyətlə başa vurdum. 44 nəfərin arasında 3 qırmızı diplom alandan biri oldum. Vətənə qayıdandan sonra hansı vəzifələrdə xidmət keçmişəmsə, canla, başla qulluq göstərmişəm. Hətta iki pillə vəzifəmi aşağı salıblar, yenə sınmamışam, sarsılmamışam. Hamısını təbii qəbul etmişəm. Biz – gənc zabitlər, 22-25 yaşında ikən Qarabağ müharibəsini eşidib vətənə dönənlər, döyüşə yollananlar bir müddət sonra, həmin vaxt Rusiyada qalıb xidmət edənlərin, “Atəşkəs” dövründə yüksək rütbə ilə geri qayıdanların tabeçiliyində xidmət keçməli olmuşduq. Onlar da bizdən acıq çıxırdılar. Nəyin acığını? Heç özləri də bilmirdilər. Bircə ipə-sapa yatmayan döyüşçüləri ram etmək məqsədilə hər oyundan çıxırdılar. Onda mən Əli Rzaquliyev idim, “mayor Rzaquliyev” deyə müraciət edirdilər. Heç ağlıma da gəlmirdi ki, belə tez ordudan tərxis olub, qəzetçiliklə, yaradıcılıqla məşğul olacam. Ancaq nə etməli? Qəlbindəkiləri və beynindəkiləri heç zaman çıxardıb ata bilməzsən. Yazıb-yaratmaq mənim qəlbimdə və beynimdə hələ erkən yaşlarımdan mehr salmışdı. 

İlk məqaləm on yaşımda “Pioner” (iyul, 1976) jurnalında çap olunub. Bizim kəndimizdə ibtidai məktəb fəaliyyət göstərirdi. Dördüncü sinifdən başqa yerlərə yollanırdıq. Qonşu Ağbənd kəndində dəmiryolu xətti ilə yatacaq yer və yemək təminatı (gözəl dövr idi) təşkil olunduğuna görə böyük əksəriyyət səkkizinci sinifə qədər Ağbənd qəsəbəsində təhsilini davam etdirirdi. İlk dəfə divar qəzetini orda gördüm. Ağ vatman üzərində hazırlanıb divara vurulmuşdu. Adı da “Şimşək” idi. Mən sentyabr ayında məktəbə gələndə xəbər tutdum ki, məqaləm çıxıb. Poçtalyon o vaxta kimi bizim kəndin abunəsini gətirməmişdi. Divar qəzetinə adı düşməyənlər mənə qəribə baxırdılar. Sonralar kəndimizdə də natamam orta məktəb açıldı və öz kəndimizdə təhsilimizi davam etdirdik. “Günəş” adlı divar qəzeti yaratdıq. Orda mövzudan kənara çıxır, samballı yazılarımızı dərc edirdik. Mənim “Sələfir” yazım qəzetin 3 sayında dalbadal dərc olundu. Dil-ədəbiyyat müəllimimiz şair Qadir Nüvədilinin “Sərçə” hekayəsi də eləcə... Ədəbiyyat dərnəyimiz vardı deyə divar qəzetindən geninə, boluna yararlanırdıq.

Orta məktəbin son iki sinifini Məhəmməd Füzuli adına Ordubad şəhər fizika-riyaziyyat təmayüllü internat məktəbində oxudum. Müstəqil olaraq xəlvətdə “Ucaboylu Cırtdan” adlı satirik “qəzet” hazırladım. Səkkiz, ya doqquz məqalədən ibarət qəzetin üzünü köçürtdüm və şəhərin digər məktəblərində yaydım. Yalnız üçüncü nömrədə ədəbiyyat müəllimimiz, həm də baş tərbiyəçimiz Mehdi Ağalarov davam etdirməməyi tapşırdı. Müdrik ağsaqqal olan Mehdi müəllim əlinə düşən “qəzet”də bir bənd şeirimdən və yazı tərzimdən məni tanımışdı.

Şeiryazmazovun şeiri çıxıbdı,

Görəsən, şeirdə nə yazılıbdı.

Şair öz şeirində kimləri yıxıb,

Kimləri atından yerə salıbdı.

Onda ara-sıra şeirlər yazırdım. Özümə təxəllüs də götürmüşdüm – Əli Rəncur.

Əlbəttə, bunlar mənim uşaqlıq, yeniyetməlik fantaziyalarımdı. Həyat isə qəfil döngələrdən, dolaşıq labirintlərdən ibarətdi. Bu labirintlərin səni hara aparıb çıxaracağından, döngələrin hansı dalanda yolunu bağlayacağından heç vaxt əvvəlcədən xəbər tuta bilməzsən.

Ali məktəbə sənəd verəndə anormal bir problemlə üzləşdim; hüquq və jurnalistika fakültəsinə orta məktəbdən sənəd qəbul etmirdilər. Nəsə, bu maneəni adlasam da, müsabiqədən keçə bilmədim. Uşaqlıqdan zamanın hesabını bilən birisi kimi boş yerə illərimi itirmək istəmədim. Mülki jurnalistikada oxumaq qismətim olmadı deyə səmtimi hərbi jurnalistikaya yönəltdim. O da alınmadı. Bir sözlə; mən heç vaxt axına düşüb axmamışam, kütləyə qoşulub getməmişəm. Ya axına qarşı üzmüşəm, ya kənarda, səhrada, cəngəllikdə olsa belə özümə yeni cığır açmışam. Ömrümün altmış ilini bax beləcə yaşamışam. Harda olmuşamsa, günlərim mübarizədə, cəngdə keçib. Nə etmişəmsə, ümumi mənafe naminə, vətən, millət, dövlət naminə eləmişəm. Heç vaxt fərdi düşüncəm olmayıb. Gözü, könlü tox olmuşam. Bir çörəyə də qane olmuşam, parasına da, parasının parasına da...

Hesab eləyirəm ki, gəlib ömrün payızına çıxmışam. Şıltaq yaz, qızğın yay artıq geridə qalmışdır. Bundan sonra hesabları üzə çıxartmaq gərəkdir. Daha səhvlər buraxmağa güzəşt yoxdur, olmayacaq. Payız gözəl fəsildir, barlı, bəhərli vaxtdır. Payızın sərin havasını ciyərinə çəkə-çəkə, sısqa yağışlı havasını canına hopdura-hopdura yaşamağı bacarmalısan. Ömrün barlı-bəhərli payızını elə yaşamalısan ki, gələcəkdə fəxrlə “biz Əli bəy Azərinin nəslindənik” deyə bilsinlər. Bu qədər sadə və həm də mürəkkəb!

Payız fəslindən yazmayan şair, bəlkə də, yoxdur, olmayıb. Mən isə sizə bircə beyt onlardan ən gənclərindən biri olan İsmayıllı qızı İradə Şəfadan deyəcəm:

Payız açır mənə öz qucağını,

Xəzan sığal çəkir xoş arzulara.

Bir də:

Dünyaya sığmayan arzu-diləyi,

Bu payız isidəm gərək ürəkdə.

Maraqlıdır ki, ömrün payızını görməyən bu gənc payızı necə belə gözəl ifadə etməyi bacarıb?

Payıza xoş gəldik, Əli bəy Azəri! Altmışımız mübarək olsun!

30 iyun 2026, Şabran rayonu, Pirəbədil kəndi

Sizin reaksiyanız nədir?

Bəyən Bəyən 1
Bəyənmədim Bəyənmədim 0
Sevgi Sevgi 0
Əyləncəli Əyləncəli 0
Əsəbi Əsəbi 0
Kədərli Kədərli 0
Vay Vay 0
Tural Adışirin AMEA-nın Şəki Regional Elmi Mərkəzinin "Ədəbi-mədəni mühit və folklor" şöbəsinin elmi işçisi Yazici.az ədəbiyyat portalının baş redaktoru