Yazici.az ədəbiyyat portalı Zakir Məmmədin "Yeni dünyanın şairləri: Ələkbər Salahzadə" yazısını təqdim edir.
Böyük şairlər nə vaxtsa gizlədilmiş xəzinə kimidirlər. Bu cür dəfinələrin bir gün tapılıb üzə çıxarılması zamanın işidir. Elə ədiblər var ki, onların yazdıqları nəzərə alınmadan ədəbiyyat bütün cizgi və naxışları ilə tamamlana bilmir. Hərdən poeziya, ədəbiyyat haqqında elmi düşüncələrə dalarkən bu cür fikirlər adamın beyninə girir. Fikirləşəndə o poeziyanı yaradanların adları da bir-bir adamın xəyalından gəlib keçir. Məni xəyalən də, ruhən də həmişə ilgiləndirən söz yetiklilərindən biri "Qobustan” toplusunun baş redaktoru, əməkdar incəsənət xadimi şair Ələkbər Salahzadədir. Dəbə, ya etiketə uyğun olaraq bu yerdə onun adının əvvəlinə "görkəmli”, "korifey” və s. kimi təyinləri də əlavə etmək tamamilə yerinə düşür. Nəsə, bu yazıda, ümumiyyətlə, hər hansı pafosa, bəlağətə yer ayırmamaq əhvalı məndə çox oldu. Bir də, Ələkbər Salahzadə, yaxşı bilirəm ki, təbliği, tərifi sevməz. Hər halda bu cür ədəbi-tənqidi mətnlərdə təşbehlərsiz ötüşməyin mümkün olmadığını da bilirəm. Yeri gəlmişkən deyim ki, Ələkbər Salahzadə təbliğ olunmamış şairdir. Sadəcə, o çap olunub, ədəbi tənqidin maraq və diqqətində olub, AYB-də vəzifə tutub, çoxlu kitabları var və s.
Mənim zənnimdə Ələkbər Salahzadə milli söz səntimiz üçün eləcə 60-cılar adlandırılan nəslin bir tanınmış ismi yox, ən yeni dövrün ədəbi salnaməsində yaddaqalan şairlərdən biridir. Düzü, Ə. Salahzadə kimi ədibləri adını 60-cı... qoyub hansısa siyahılara da daxil etmək olmur. Ona görə olmur ki, onun nəsil, şəcərə ədəbiyyatına heç bir aidiyyatı yoxdur. Konkret bir epoxanın yetişdirməsi olsa da, Salahzadə kimi söz adamlarının dəyərləndirilməsi bir günün, beş günün, bir adamın, beş adamın işi yox, gələcək intibahlardan keçib gedən böyük zamanın işidir.
Öncə qeyd etmək gərəkdir ki, Ə. Salahzadənin şeirləri sərbəst vəznin(bu şeir üslubunu, məncə, vəzn adlandırmaq düzgündür) ənənəvi mətnlərindən xeyli dərəcədə fərqlənir. Yəqin ki, həmin fərqli hesab etdiyimiz cəhətlər şairin şeirlərini geniş oxucu kütləsi üçün "gizli” saxlayıb. Daha çox eşitməyə vərdiş etdirilmiş oxucu , daha çox duymaq, hiss etmək, oxumaq, dərin-dərin düşünmək tələb edən belə yazılara özünü hazırlaya bilməyib. Şairin insan ürəyinin ritminə və ahənginə hesablanmış səs, söz, misra düzümünün sehri, cazibəsi həm indinin, həm gələcəyin elə bir geniş auditoriyası üçün yetərlidir ki, intellekt səviyyəsindən asılı olmayaraq, o auditoriyada "əyləşənlərin” hər hansı birisinin bir "qulaq aparatına” ehtiyacı olmaz. Şairin qurduğu nitqin intonasiyası ürək və beyin əzələlərinin tezliyinə uyğundur. Bu nitqin hərəkət trayektoriyası belədir: Ürəkdən beyinə və əksinə.
Bəzən də elmi məqalələrdə Ə. Salahzadəni assosiativ şeir müəllifi kimi təqdim etməyə çalışıblar. Bu, doğrudur. Bədii, emosional nitqi qurma, yaratma vasitələri nə qədər zəngin olsa da, ondan istifadə imkanları yazıçının istedad və bacarığından asılıdır. Ədəbiyyatımızda sözün üzərində, misra boyu, şeir boyu qurulan saysız-hesabsız obraz və təsvirlər vardır. Ancaq bu sırada saitlərin və samitlərin ahəngdarlığı ilə yaradılanlar çox deyil. Hələ milli poeziyamızın ən qədim nümayəndələrindən olan İ. Həsənoğlu yaradıcılığında səs poetikasının çox orijinal nümunələrinə rast gəlirik. Bu baxımdan, Ə. Salahzadə bütövlükdə Azərbaycan ədəbiyyatında birinci yerdə duran şairdir. Assonans, alliterasiya tək onun kiçik həcmli şeirlərinin deyil, poemalarının da bədii quruluşunun və dilinin əsasını təşkil edir. Məsələ bundadır ki, bu hal onun yaradıcılıq üsulunun bir cəhətidir. Bu assosiativlik daha çox düşüncədən, şeirin qəhrəmanının keçirdiyi hiss və həyəcanlardan, ruh və sarsıntılardan irəli gəlir. Sait və samitlərin "rəqsi” şeirdəki hiss və ovqatın daha tez duyulmasını "təşkil” edir. Fikrimin təsdiqini, yəni şairin yaradıcılıq texnologiyasının "sirlərinin”, sənətinin keyfiyyət və orijinallıq göstəricilərinin, nişanlarının nədən ibarət olduğunu , yəqin ki, bu yazımızda görmək mümkün olacaqdır.
"Masaüstü çıraq kimi
əyilmişəm
dünyanın üzərinə”
Bu misralar şairin yaradıcılığına bütünlüklə çıraq tuta bilmək gücündədir. Bir insanın həyat, ömür manifesti də sayıla bilər bu sözlər. Bu ifadələr həm də Ələkbər Salahzadənin yazıçı idrakını, xarakter cizgilərini işıqlandıra bilir. Və şairin maraq dünyasının dairəsi dünyanın ərazisi boydadır. Onun poetik ağlının nüfuz edə biləcəyi dünyanın sərhədləri Yer kürəsindən başlayır. Şair Yer kürəsini qitə şəklində – beş qitədən, "beş yarpaq”dan ibarət olan dünya kimi də, kiçik bir kənd boyda da, "Qarışqa yarımkürəsi”, qarışqa topası boyda da görməyi və göstərməyi məqbul sayır.
Ələkbər Salahzadənin yazdığı şer – fikir və düşüncəni çalışdıran, bu şeirdəki ritm – müvazinətini hərəkətdə olduğu halda saxlayan kainatın ahəngi ilə uyğunlaşa bilən etizazdan, titrəyişdən ibarətdir. "Arx qazıb arxları, çarx düzəldib çarxları hərəkətə gətirdik...Hərəkətə gətirdik hardasa itib qalmış, hardasa yatıb qalmış küləkləri. Bəlkə də olub ötmüş kələkləri hərəkətə gətirdik”. Poeziyadakı bu hərəkətlilik mahiyyətcə həm maddi, həm ictimai-fəlsəfi olan dünyamızın dəyərləndirilməsi üçün yaxşı iksir sayıla bilər. Yer üzündəki həyatın dinamikası sözə transfer edilərək hər hansı kürəsəl həqiqətlər ictimai şüurun nəzər nöqtəsindən keçirilir, poeziya "səbətində” bəslənərək həmin həyati həqiqətlərə ikinci bir həyat verilir. Kainatın iqlimləri ilə ağıl, fikir, ruh "cərəyanları” qarşılaşdırılır, maddi və mənəvi varlıqlar arasında əlaqələr axtarılır. "Ayın izi var Yerdə, Günün addımları var. Yerdə Ayın da, Günün də "adamları” var”. Dünyanın hərəkəti, rəqsi insan fikrində məzmunlaşır, mahiyyət kəsb edir. Ə. Salahzadə yazır: "Bir yola qoşulub gedirdim, Dədə Qorqud çıxdı qarşıma: – Gəl sənə mən bir at verim...– fikirliydi Dədə Qorqud”. "Uzaqlardan gələn” şair yol boyu Nizamini də, Nəsimini, Füzulini də fikir içində qoyub, özü də fikirli-fikirli Şirvandan keçib getməli olur. Şamaxılı Ələkbərin də adını çəkir və yazır: "Fikirliydi Sabir. Bilmirəm, hardan gəlirdim; bilmirəm, təyyarədən, ya nədən düşürdüm, bir dostumu gördüm, "haralardan gəlirsən?– dedi”. Şair söz korifeylərini yada salaraq, söz-sənət dərgahına yaxınlığına işarə edərək, oradan "gəlirdim” yazmır, təvazökarcasına "düşürdüm” deyir. Başqa bir şeirində isə "endim” yazır. Şair "Palıd köklərinə”, insan düşüncəsinin alt qatlarına endiyində köklərdən şaxələnmiş ağaca bənzədilməyə tamamilə layiqdir.
"Quran”da dağ kökləri haqqında xəbər verilir, dağlar Yer kürəsinin qoruyucusu kimi təsvir edilir, onun ( dağın ) dünyanin təhlükəsizliyi üçün yaradıldığı haqqında bilgi verilir. Elm sonradan sübut edib ki, dağ deyilən şey sadəcə hündürlük göstəricisi deyil də, kökü, alt qatı, daxili kütləsi olan, bu hissəsi dağın yerüstü səviyyəsindən on dəfə artıq olan Yer hadisəsidir. Şair: "Gəldim, bir söykənəm dağ köklərinə”,– deyir. "Quran” ayəsindən bilmək olur ki, məsələn, ucalığı 4 min metrə yaxın olan Babadağın "kökü” 40 min metr gərək olsun. Etiraf edilməlidir ki, Ələkbər Baba oğlu geniş oxucu, söhbətçi auditoriyası üçün bax o dağın içəri qatı kimi aydındır, məlumdur. "Köklər” müqayisəsini nəzərə çarpdırmağım ayrı bir örnəklə də bağlıdır. Azərbaycan xalqının şifahi ədəbiyyatı, milli-etnik düşüncə və həyat tərzi, tarixi-coğrafi varlığı heç bir qələm adamında Ələkbər müəllimdə olduğu qədər sistemləşməyib,bədii mahiyyət kəsb edə bilməyib. Təbii ki, Salahzadə şeiri klassik ədəbiyyatımızdan, qədim və çağdaş dünya mədəniyyətindən qaynaqlanır. "Qalanam doğma ocaq, od köklərimə, calanam çinar, palıd köklərimə” deyəndə şair klassik söz örnəklərimizi, sərbəst şeirin R. Rza ilə və ondan çox-çox əvvəl başlayan qaynar, təlatümlü tarixini, əruzun Sabirdən gəlib keçən "şax-budaqlı” palıd uzunömürlülüyünü ifadə edir. Şairin şeirinin canında dünyanın havası gəzir.
"Dünya dopdolu sirdi...” Dünya haqqında çox yazılıb. Şübhəsiz, söhbət poeziyada yazılanlardan gedir. Fəqət dünya deyilən şeyin nə olduğunu az adam ( şair, yazıçı ) "doğru-dürüst”, insanın gen yaddaşına uyğun aydınlıqla sözə çevirə bilib. "Dünya” mətnlərinin çoxusu onu zahirən "vəsf” etməkdən uzağa gedə bilməyib. Ə. Salahzadənin məsələn, "Hərəkət” şeiri "dopdolu” bir dünya əhvalatıdır. "Yerin damarlarında yol azmış qanı, kömür laylarıtək donub qalmış odu hərəkətə gətirdik; suyu, ağacı, otu hərəkətə gətirdik”. Tanış olduğumuz bu dünya içində insan yaşayan, "yerin-göyün, odun-suyun gücünü” ovcuna toplayan, "hələ ki kələfin ucunu itirməyən” insandan ibarət olan, "hərəkətə gəlib gücüylə, qüvvəsiylə daşıb gedən” dünyadır. Bu hərəkətin içində bir misra da parıldayıb sönür. Bu misranı ayrı-ayrı zamanların qovşağında görüb tanıyan, yaxud tapıb hisini, pasını silib üzə çıxaran elə böyük şairlər olur.
Öyrəndiyi, gördüyü, tanıdığı dünyanın bir tərəfi Afrika qitəsidir. "Daşıyıblar hər şeyi; gözəl üçün ədanı, dərdli üçün siqarı, muzey üçün şöhrəti, ölkə üçün vüqarı...” Afrikanın tarixində baş vermiş məlum faciəli hadisələr "Afrika, Afrika” şeirində bədii təsdiqini taparaq, dünyanın digər ərazilərində də üstünü qaranlıq örtmüş buna oxşar fəlakətlərin üzərinə işıq sala bilir. Şərqin mənəvi sərvətlərinin, söz-sənət xəzinəsinin səsi-sorağı hələ də Qərbin muzeylərindən, kitabxanalarından gəlir. "Ölkə üçün vüqarı” daşınan ölkə baxın indi nə gündədir. Tarixin ən ədalətsiz davranışları ilə üz-üzə qalan, muncuqla... aldadılıb fil dişi, qızılı daşınan ölkə. "Daşıyıblar hər şeyi; silahlara tökülüb hər zərrə uran belə, hər qram gümüş belə. Axtarsan– burdan gedib ağların dişlərində ağaran gülüş belə”. Təkcə dişləri ağ görünən qaradərili ilə ağını çıxaran əməllərlə və ağ üzü yox, ikrah, qorxu yaradan ağ gülüşü ilə yadda qalan ağdərili yanaşı təqdim olunur. Daha sonra şeir bu cürdür: "Daşıyıblar hər şeyi. Burda kin, qəzəb qalıb, burda min əzab qalıb, burda suallar qalıb, zaman-zaman daşınıbdır cavablar!” Bu şeir 1962-ci ildə yazılıb. Həmin illərin başqa bir şeiriyyət "dünyasına” üz tutaq. Bu dünyanın – "yarımkürə”nin "sakinləri” də "qaradərilidir”. Leyk dünyanın işləri burda ayrı cürdür. ”Qarışqa yuvası – kiçik bir yarımkürə... sim pəhləvanıtək uzun bir çöplə adlayıb otdan ota yem daşıyırlar kürəmizdən, dən daşıyırlar kürəmizdən... " Şeirin yaradıcı enerjisi "naqil” misralarda daşına-daşına sonda əsərin ideyasını kodlaşdırır: "...Təlaşımızı duyurlarmı? Dava-dalaşımızdan xəbərsizmi gedirlər? Dişlərinə dəyirmi sevincimizdən, acımızdan?” Şeirə sərf olunmuş əməyin (yazarın və oxucunun əməyi) uğurlu nəticəsi göz qabağındadır. Kəskin duyğusallıqla və bədii ustalıqla deyilmiş sosial gerçəklər bir anın müddətində insanın beynində profilləşir, vicdannda əks-səda yaradır. Sevincimiz, acımız , doğrudan da , həddən ziyadədir , hətta qarışqanın dişinə dəyəcəyi qədər. Yüzlərlə başqa şeirlərində olduğu kimi burada da şairin sənətkarlıq məharəti adamı heyran edir. "Sim pəhləvanı” ifadəsi şeirə daxil edildiyi məqamda insana aid cəldlik, əzmkarlıq, səy, həvəs duyğusu və s. bu kimi xüsusiyyətləri tamamilə, başabaş özündə ehtiva edə bilir.
Bayaqkı nümunədən göründüyü kimi, Ə. Salahzadənin şeir yaradıcılığı, sanki, kodlarla açıla bilən mətnlərdən ibarətdir. Şərqin təsəvvüf ədəbiyyatına xas olan bu keyfiyyət Ə. Salahzadə yaradıcılığı üçün yeni məzmunda, çağdaş texnoloji yeniliklərlə özünü üzə çıxarır. Onun söz qurma, şeir yaratma texnolojisi şairin özü üçün artıq çoxdan qəlibləşmiş, standartlaşmış haldadır. Zira ədəbiyyatımız üçün Salahzadə hər zaman yenidir. Şairin, onsuz da, ədəbiyyatımızın elitar camaatı tərəfindən yeri düşəndə tez-tez adı çəkilən "13 fevral” şeirindən bir-iki kəlmə yazmaq düz olar. Şeirin əvvəli belədir: "13 ildən çox olar, 13 fevral – mənim üçün qarlıdır, çiynində bir nənə keçir, çarşablardan qaradır qar, mən qıraqda kövrək uşaq, qırıq bir sözə bəndəm”. Bu söz sırasının metaforik səliqə-sahmanı elədir ki, heç məzmununa varmadan da bir insan ölümündən doğan hüzn, kədər adamın ovqatına qarışır. Bunun səbəbi, sirri nədədir, görəsən? Bəs şeirin məna və məzmununa necə vaqif omaq lazımdır? M.Füzuli və başqa klassik yazıçılarımız, adətən, buna oxşar əhvalatları yazanda öncə "peyzaj” adı ilə məşhur olan bir bədii priyomdan istifadə ediblər, adi halda belə şeylərə bir-neçə səhifə yer ayırıblar.Bundan sonra qəmli, kədərli olayları qələmə alıblar. "13 fevral” şeirində də peyzaj var. Ancaq burada bütün hadisə və təfərrüatlar simvolizə edilmiş, "gizli” işarələnmiş, kodlaşdırılmış şəkildədir. On üç rəqəmi də, fevral, qar, çarşab, qara, kövrək uşaq, qırıq bir söz ifadələri də şeir mətnindəki funksiyasını çox "uğurla” yerinə yetirir. Çünki bu sözlər mükəmməl bir cihazın ayrı-ayrı detalları, hissələri kimi düzgün quraşdırılıb. Fevral qış fəsli üçün tipik aydır. 13 rəqəmi də insan üçün xoş olmayan təəssüratlarla əlaqəlidir. Həmin günün məhz "mən” üçün – "qıraqda kövrək uşaq” üçün qarlı olması, bu qarlı gündə "nənə”nin – bu kövrək uşağın tanımadığı "elə-belə qoca bir qarı”nın dəfn karvanı ilə təsadüfən üzləşib həyəcanlanması, "qırıq bir sözə bənd olmağın” ardınca ağlamaq aktının olduğunun yada salınması, eyni zamanda "çiyin” və "çarşab” sözləri vasitəsi ilə yas yerində qara geyinmiş qadınların toplanması, insanın mənəvi anlamda çiynində nə qədər ağırlıqların mövcudluğunun xatırladılması – bütün bunlar bu şeirin müvəffəqiyyətini təmin edir. Bir uşağın gözüylə seyr edilən bir kənd hadisəsi hər kəsi öz uşaqlıq xatirələrinə alıb aparır, belə səhnələr gözünün qabağına gəlir, dünyanın onda, uşaqlıq illərində nə qədər məsum və abırlı olduğunu adama anladır. "13 ildən çox olar kəndimizdən bir qarının keçdiyi... 13 ildən çox olar, 13 fevral çiynində o nənəni aparar; Aparar, aparar, amma dəfn edə bilməz, bir il sonra yenə başqa 13 fevral alar çiyninə”. Üstündən 13 il keçsə də, əsərin qəhrəmanı təsadüfən üzləşdiyi bir mənzərəni, o vaxt onun üçün çox qəmli olan bir mənzərəni xatiratından hələ də silə bilmir. 13 fevral, bəlkə də, qışın hər hansı qarlı bir günü onun üçün qara çarşab, qara paltar, lap elə "qara qar” rəngindədir. Bu qaralığı, hüznü, qəmi, qüssəni şiddətləndirməkdən ötrü "çarşab” ifadəsi çox dəqiqdir. Həmin qarlı gün təbiətin ağappaq rənginə rəğmən yas mərasiminin doğurduğu qara rəngdə görünən təəssüratlarla xatirələşərək hər il yada düşür.Qarın, qarlı-sazaqlı havanın kövrəkliyi ilə qırıq bir sözə bənd, qırıla, ağlaya bilən kövrək uşağın arasındakı oxşarlıq, qarın ağlığı ilə qara paltarın – çarşabın, ölüm acısının qara rəngli təəssüratlarının təzad təşkil etməsi bu şeirin quruluş və kompozisiyasının əsas elementləri kimi nəzərə alına bilər. Bu şeir əslində çağdaş dünyamızda gündə yüzlərlə insan ölümünə alışmış adamlar üçün onların hərdən həyat və düşüncələrindən gəlib keçən, lakin bir qədər unudulan ən təmiz , ruhani şeyləri qoruyub saxlayır və adamı təmizləyir. "Çarşablardan qaradır qar, ağır-ağır yağır qar, mən qıraqda bir uşaq, qırıq bir sözə bəndəm”. Hər halda bu şeirin arxitekturasında hiss, duyğu aydınlığı ilə birgə samit səslərin yaratdığı obrazlılıq da mühüm əhəmiyyət daşıyır.
Onun ayrılıqda götürülmüş hər hansı şeiri telefon aparatının qulaqcığındakı səs membranını xatırladır. İnsanın nəbzini , ürəyinin döyüntüsünü bir nöqtədə, bir əzasında müəyyənləşdirmək mümkün olduğu kimi, bir şeiri ilə bütün yaradıcılığı arasındakı əlaqəni, ritmi, ahəngi hiss etmək, duymaq olur. Çağdaş kompyuter texnologiyası ilə şəbəkələşən cəmiyyətimiz daha şüarlarla düşünə və yaşaya bilmir. O, hələlik iki işıqda – intellekt və kompyuter ekranının işığında işləməyi sevir. Belə vəziyyətdə əl barmaqlarının ucunda bütün dünyanı gəzib dolaşmağa alışmış oxucu üçün tribuna və ya hər hansı tamaşaçı zalı heç bir əhəmiyyət daşımır. Axtarış sistemləri ilə, proqram və fayllarla işləməyi bacaran müasir obıvateli də, əsrin zirək və ayıq adamını da daha çox ilgiləndirən informasiyadır. Bugünkü cəmiyyət poetik şüurun ehtiyaclarını ödəmək üçün postmodern adı ilə internet səhifələrində yer tutan ədəbiyyat mətnlərinə müraciət etməli olur. Elə mətnlərə ki, orada onlar ən "doğru” bədii informasiyalara rast gəlirlər. Hərçənd son on-on beş ilin modern şeirində bir qədər poeziya qıtlığı da hiss olunur. Ə. Salahzadənin keçən əsrdə də, yeni yüzilliyin əvvəllərində də yazdıqları ən müasir poeziyanın tələblərinə tamamilə cavab verir. Bu şeirlərin antivirus proqramları yaxşı yazılıb. "Köhnəküt” ədəbiyyat kəndxudalarının dərsliklərimizdən gizlətdikləri həmin şeirlərin müasirlikdən asılı olmaq qorxusu yoxdur. Ə. Salahzadənin kitablarını kim havaxt istəsə, açıb oxuya bilər. Tək bircə şeirilə də şairlə poeziya haqq-hesabı aparmaq olar. Çünki onun hər şeiri uzun-uzun illərin, uzun-uzun yolların şeiridir. "...bir iynəyəm, götürün uzun-uzun yollarla saplayın, hey saplayın, dünən-sabah arası hesablayın məni, hesablayın!”
"O qar”, "Axşam”, "Yol”, " Saz”, "Müşfiqin monoloqu”, portretlər silsiləsindən bir-birindən maraqlı şeirləri və s. və s. – bütün bunlar ədəbiyyatımızda şedevr poeziya nümunələridir. Yaradıcılıq fakültələrində Ələkbər Salahzadənin tədrisi poeziyanın sirlərinə vaqif olmaq istəyən gənclər üçün çox faydalı ola bilər. Orta məktəblərimiz kurikulum üçün uyğun ədəbi-bədii material istəyirlərsə, Ə. Salahzadənin əsərlərinə müraciət etsinlər.
Ana dilimizin inkişafı bu cür istedadlı qələm sahiblərinin varlığı ilə bağlıdır. Böyük Füzulinin təbirincə desək, dilimizi diri saxlayan da, ona yeni nəfəs verən də böyük ədəbiyyatdır. Dilin məcaz qatını, frazeologiyasını onun şah damarı hesab etsək, bu damara gələn qanın saflığını təmin edən ürək aparatı ədəbiyyatdır.
Ustad sənətkarlarımız "məcazi danışıb məcazi gülməyin” sənət üçün vacib şərtlərdən olduğu haqda çox bəhs etmişlər. Xalq dilinin ətə-qana dolub "rüxsarının” gözəlləşməsində onun frazeologiyasının böyük əhəmiyyəti vardır. Nitqin frazeoloji qatı hər bir qüdrətli yazıçı üçün metalı eroziyadan qoruyub saxlayan mühafizəedici təbəqəyə bənzəyir. Ə. Salahzadənin olduqca zəngin və şirin frazeologiyası vardır.
"Gedirdilər –
baxışları qaranlıqda
itilənə-itilənə”.
Bu cür frazemlərlə qurulan təsvir, təhkiyə vaxtın, zamanın da intəhasızlığından güc alaraq dilin özü qədər mövcud olub yaşamağa qabildir. Ə.Salahzadənin şeir arxitektonikası onun uçma, dağılma, köhnəlmə risklərini heçə endirir. "Yıxılıb yatıram gecə dünyaya göz yuma-yuma. Qəribə yuxular görürəm, qəribə; ağlıma gəlməyənlər girir yuxuma... Heç vaxt görmədiyim bu qız kimdi bəs, tuşlanır düz ürəyimə kirpiyi sanı oxu? Köksümdən vuruluram, oyanıram – çilik-çilik olur yuxum...” Buradakı danışıq üslubu da, bədii nitq də frazeoloji düşüncənin və ifadələrin konteksində bütövləşərək şeir üçün lazım olan materiala çevrilə bilibdir. Bəzən şeirlərinin adında təsbit olunan frazeologizm o şeirin mövzusu və ideyası üçün də dolğun materiala çevrilir. "Qəm yemə”, "Qansızlıq”, "Uzun işlər”, "Kim nə çəkir”, "Könlü balıq istəyən”,”Gün görməyən gün”, "Göy üzü damar-damar” və s. bu kimi şeirlərin həm adı, həm də məzmunu bu cür idiomatik təfəkkürün reallıqları ilə bağlıdır. Məsələn, sonuncu şeirin damarını tutan söz "öncə ürəyə damır” ifadəsidir. İdiomatik ifadələr həm də milli xüsusiyyətli olduğuna görə şeirin dilini də milliləşdirir, əsərin ictimai-siyasi məzmununu da xalqın tarixi ilə uzlaşdıra bilir. "Tez keyidir, tez soyudur, vaxt uyudur hirsimizi. Altdan-altdan Daşdəmirtək yumşaldır ən tərsimizi”. Bu misraların arğacı məşhur "adın nədir, Daşdəmir...” frazemindən keçib. "Gözüm səndən su içmir” şeirdə belədir: "Uzağında, yaxınında iblislər ilbiz qınında. Nə işdisə, yağının da ta gözü bizdən su içir!...Yaxud Bu əsri görüb Şuşasız ölüb yerə girir adam”. Müstəqim mənada dəyərləndirilə bilən "kitab varaqlamaq” anlayışı ilə paralellik təşkil edən xeyli sayda söz birləşmələri var və ya qurmaq mümkündür. Məsələn, "ömrün səhifələrini varaqlamaq”, "xatirələri varaqlamaq” və sair. Ə. Salahzadə bu xüsusda tam orijinal bir bacarıq sərgiləyərək, həmin sözün frazeoloji qatlarını axtarıb kəşf edərək şeirin yazılmasında ondan məharətlə bəhrələnmişdir. "Açıb bir-bir günləri varaqladıq kitabları; pillə-pillə qalxdıq-endik, açdıq-örtdük qapıları... Varaqladıq fəsilləri: köpüklənib yaz gətirən selləri. Meydanlarda xəzəl örtmüş soyuq qarı varaqladıq. Tətil vaxtı kənddə qarı varaqladıq. Nənəmizin saxlayan baxışıyla evimizə üç gün artıq bağlandıq. Qayıdanda dekanlıqda soraqlandıq; bir töhmətlə varaqlandıq... Gözəl görüb gözlərini gizli-gizli varaqladıq, üzlü-üzlü, sözlü-sözlü varaqladıq... Universitet yola saldı, budur, biz də varaqlandıq; demək, biz də oxunduq, demək, biz də bağlandıq...” ”Şeir və şəhər” şeirinin xəmirmayası "ədəbiyyata gəlmək” deyimindən alınıb. "Deyəsən, indi hamı ya şəhərə, ya da şeirə gəlir; payi-piyada şəhərə cuman həm də payi-piyada şeirə gəlir... İndi qafiyə tutan bir balıqçı da, iti dağda azan bir baş çoban da yazmağa-pozmağa şəhərə gəlir. Suçu əlində bel, şlanq, odunçu əlində dəhrə gəlir...” Frazeoloji təfəkkürün əsasında qurulan nitq şeirin məna və məzmununun təsirliliyini çoxaldır. Xüsusən, ictimai-siyasi motivli şeirlərdə bu keyfiyyət qabarıq görsənir. Şeirin misrasına, bəndinə –"divarına” elə sözlər, söz birləşmələri – "daşlar” yerləşdirilir –"hörülür ki, bunların hər biri tarixi: keçmişdə və indi baş verənləri, insanların bildiyi həqiqətləri əks etdirə bilən sözlərdir – tarixin "nişanələridir”. "... İlahi, sən qoru Azərbaycanı! Yerdən, göydən ( təbii fəlakətlərdən ), sudan, qurudan qoru ( Xəzəri, torpaqlarımızın quru hissəsini bölüşdürmək istəyənlərdən ), altından, üstündən (neft, digər sərvətlər) gözlə, üstünün altına qəsdindən qoru. Qanına susayan borudan qoru, oğrudan-əyridən gözlə, qorunu naşının hifzindən qoru, məmur tamahından nəfsindən qoru”.
... Bu dünyada hamı damla
Ə.Salahzadənin poeziyasında ən kiçik nitq vahidinin də damla əzmi və gücü var. Həm də damla uzunömürlülüyü, damlanın, zərrənin yüksək trotilli partlayışları var. Damla qarşısıalınmazlığı, dönməzliyi materiyanın – yerin-göyün əbədi qanunudur. Ələkbər Salahzadə poeziyasını bir çox hallarda təkin çoxla, zərrənin bütövlə, xırdanın nəhənglə... qarşılaşdırılması anının poeziyası kimi də qiymətləndirə bilərik. "Bir çöp hardansa düşüb, dəniz gözünü silə bilmir. ...batıra bilmir çöpü. Ləpə-ləpə layla çalır, yatıra bilmir çöpü. Qəzəbinə sığmır, şişir, köpür dəniz. Yatırmaq istəyən yerdə qaldırır çöpü dəniz! Özünü gücdən salır, özünü yorur dəniz. Sonra da quzulaşır, sanki, saman çöpündən yapışıb durur dəniz”. Burada saman çöpü gücün, öcün, inadın – zərrənin poetik təcəssümüdür. Heç kəsin vecinə almadığı, əhəmiyyət vermədiyi ən xırda varlıqların bətnində, daxilində, əslində, dənizləri yorub haldan salan güc, enerji varmış. Bu silsilədən ot, od, su, qan, an, qum, tum, nöqtə, kibrit çöpləri və s. şairin ən maraqlı obrazları kimi dəyərləndirilə bilər. Bunların hamısının bir adı var. Damla. Bir də ki, həyatı bu cür təqdim-təsvir üsulu metonimik düşüncədən irəli gəlir. Şairin nəinki şeirlərində, poemalarında da hissə tamı, parça bütövü əvəz edir. "Əlimdə bir qələm vardı, keçdiyi yollardan od tökülürdü, gecələr yola çıxırdı, çapırdı, çapırdı obaşdan nalında dan sökülürdü...” Şairə görə, məsələn, insan –"əllərinin ölkəsində” yaşayır, "su üzündə tənha qayıq” ( eyni adlı poemada), əslində, tək-tənha qalmış və əbədi səyahətin yolçusuna bənzədilmiş Yer kürəsidir.
Vətən haqqında şeir yazmağın qaydalarını vaxtilə Kommunist partiyası necə müəyyən edibsə, indi də elədir. Son illərdə ayrı-ayrı mediya qurumlarıının hazırladıqları xüsusi buraxılışlar, "Vətən” topluları da bunu təsdiq etməkdədir. Şairliyin əlamətlərindən biri də şeirdə bayağı, qondarma fikirlərin yer ala bilməməsidir. Basmaqəlib epitetlər, sözün şitini çıxaran qafiyəli bər-bəzək oxucuda yaxşı təəssürat oyada bilməz. Belə yazılar vətən, torpaq haqqında düşüncənin daşıyıcısı ola bilməz. Yeni dövrdə Cəlil Məmmədquluzadənin "Azərbaycan” məqaləsində Vətənimizin ədəbiyyatı və ədəbiyyatımızın Vətəni üçün doğru-dürüst bir düstur yazılıb hazırlanmışdır. Ədəbiyyatımızın sadiq nümayəndələri bir dəfə də olsa, heç kəsi "vətənin seyrinə çağırmadılar”. Hərçənd onların yazdıqları başdan-başa Vətən haqqındadır. Həyatı boyu "seçilmlş əsərlər” yazıb-yaradan Ə. Salahzadə yaradıcılıq potensialını aydın, saf, təmiz siyasi düşüncəsi ilə kinetik enerji halına gətirərək onu bir işıq kimi müasir cəhalətlərin başı üstündə yandıra bilir. C. Məmmədquluzadələrin, Məhəmməd Hadilərin platformasında duran Ə. Salahzadə ən səmimi duyğularını vətəninə həsr etdi. "Kürdəmir” şeiri azərbaycanlının yurdu haqqında yazılmış ən şirin bir bayatı qədər təsirlidir. "Hərdənbir Kürdəmirdən də ötə gərək adam, Kürdəmir də gərək keçə hərdən adamdan... Kirpiyində od götürən nar bağları gərək keçə. Qatarların vaxtlı-vaxtsız reysləri gərək keçə. Fit səsləri altında ekvator-relsləri gərək keçə. Bir qocanın Hophop şeiri kimi tünd sözləri, uşaqların qatarlara baxmaqdan iri-iri gözləri gərək keçə...” Vətən üçün onun doğmalıq halı başlıca şərtdir. Poeziyada o doğmalıq adama sözün qüdrəti ilə xatırladılmalıdır.Lap adı "Vətən” olan bir şeirə diqqət yetirək. Əvvəldən axıra qədər bu şeirdə vətən kəlməsi yoxdur. Lakin vətənin nə olduğu, onun doğmalığının nədən ibarət olduğu – ölkə övladı yaşadığı yerlərdə "xatirə cızığıyla” bir də gəzdirilərək anladılır. "...Toxum kimi en yerə, qalx, sünbüldən dən-dən düş. Bu torpaqda ilk cığırın ucundan tut, xəyalların göyündən düş. Dağından vur, qumundan çıx..., en bir xalı naxışından, çıx bir Bakı metrosundan...” və s.
Ə. Salahzadənin təsvir və tərənnüm etdiyi vətəni "göy gurultusu, ağacları, çiçəkləri ilə şəhərə gəlib çıxan kəndimizin göylərindən, havasına qayıtdığımız palıdından, canında tükənməz cingilti yatıb qalan Lahıc qabından, yelpik-yelpik yarpaqlarının havasından, ayağı yalın dumanından, muzeyin vaxt dəryasında əl-qol atan xalısından...” tanımaq olur. Son dövrlərdə Vətən haqqında yazılan əsərlərdə mövzu olaraq onun ağır, faciəli tarixi üstünlük təşkil edir. Lakin bu mövzunun ədəbi təqdimatı çox vaxt publisistikanın etdiyindən o qədər də fərqlənmir. Ədəbiyyat həyat hadisələrinin tipikləşdirilməsi yolu ilə yarana bilər. Məsələn, Ə. Salahzadənin "İz” şeiri 20 Yanvar hadisələrindən bəhs edir. Cinayət hadisəsi üçün ən tutarlı dəlil "iz” ola bilər. Şair "iz itirmək”, "cinayətin izi” kimi ifadələrin yaratdığı təsəvvürlərlə müdhiş bir qətlin mahiyyətini açmağa nail ola bilir. ”... Bəsincə yaz, kefincə poz – iz itir, özün uydur, özün də yaz – iz itir. ... Boz varaqda laxtalanan gürzə imza cinayətin izidir”.
Yolu Vətənin içindən gəlib keçən bir mövzu da 41-45 davası ilə bağlıdır. "Nefti dava yandırdı, davanı neft yandırdı. Neftimi yandıran davalar yandırır məni”. Tarixin ən müdhiş cəngi olan ikinci dünya müharibəsinin odu, tüstüsü göylərimizin üzərindən hələ də çəkilməyib. Bu müharibənin ədəbiyyatımızdakı qələbə və məğlubiyyətləri hələ bundan sonra da dönə-dönə nəzərdən keçiriləcək və təhlil olunacaqdır. Tarix üçün də, ədəbiyyat üçün də həmin savaşın qəhrəmanı xalq idi. Bu savaş tək fürerizmə qarşı yox, dünyanın hər yerinə, o cümlədən ən ucqar yaşayış yerlərinə hücum edən yüz cür adı olan şərə qarşı idi. Bu şərin – müharibənin axırına çıxmaq hər yerdə hər kəsin bir nömrəli vəzifəsi idi. Davanın ən dəhşətli yeri də o vaxt arxa cəbhə idi. Ə. Salahzadə "Yeddi para kəndin nağılı” poeması ilə 41-45 davasından yazan o şairlər sırasında durur ki, onlar müharibə aparan ölkənin qanlı döyüşlərin getmədiyi şəhərlərindən, qəsəbə və kəndlərindən yazırdılar. "Yeddi para kənd” kəlməsi həm o müdhiş davanın para-para saldığı yer üzünü, həm də amansız bir siyasi sistemin gücün, zorun ağzına verdiyi azlığı, köməksizliyi, talesizliyi ifadə edir.” Barmaqları göynək-göynək Qəmər köynək toxuyurdu”. Bu əsərin fabulası Qəmərin cəbhədəki oğulları üçün əlcək, köynək, corab toxuması üzərində qurulub. O müharibədə düşmən əsgəri ilə birlikdə üstümüzə soyuq, şaxta, aclıq gəlirdi. İkinci dünyanın yun çırpanları, yun əyirənləri, başa corab hörənləri, Stalinlərin, Hitlerlərin başına ip salıb gəzdirənləri var olduqca, yun çırpıb, əlcək toxuyub bu müharibələrin axırına çıxmaq istəyən Qəmər kimi analar da olacaqlar. Bu poemada müharibə iştirakçısı olan Vətən təsvir olunub.
Belədir,hər misrasında, şeirinin bəndində "obraz daşıyan”, "poetik gülümsəyən” Ələkbər poeziyasının hərəkətverici qüvvəsi Vətəndir. Vətənin tarixini ikicə kəlmə ilə yazıb başa çatdıra bilmək şairlərin işidir: "Xəyalım yetən günlərdən ah, nələr keçir? Köhlənlər şahə qalxır, cüyürlər mələr keçir”. O vətənin bütöv dərki parçaların, hissəciklərin, yaddaşda, xatirədə olanların təfərrüatlarından, təfsilatlarından gəlib keçir. Şair Vətəni onun yazı, payızıyla, "küləklərin indi qatıb qabağına otardığı xışıltılarla” da tanıda bilir, sevdirə bilir. O, hamımızın bir yerdə sevib doğmalaşdığımız Vətəni içəridən – ömrümüzün acılı-şirinli dünənindən, bugünündən vəsf edə-edə bizi vətəndə yaşamağın və ölməyin xoşbəxtliyinə inandıra bilir. Bax ona görə də oxucu olaraq Ələkbər Salahzadənin yazdıqlarına biz də inanırıq.
Ən ideyasız ədəbiyyat olan sovet ədəbiyyatı özündən sonra sosializm üçün xeyirli bir cümlə belə yazıb qoya bilmədi. Sovet dövrünə qədərki "ideya mübarizələri” dövrü bitmiş, onun yerinə sinfi mübarizə başlamışdı. Həmin ədəbi "çarpışmalardan” sağ-salamat çıxa bilən nisbətən az yaşlı ədiblər oldu, onların ömür möhləti, Allahın onlara verdiyi yazıb-yaratmaq şansı oldu. Ədəbiyyatın durğunluq illərində şeirimiz aşıqsayağı düşüncədən qurtula bilmədi.Aşıq şairlər Aşıq Ələsgər məktəbini atıb sovet məktəbinə ərizə vermişdilər. Ancaq daha sonrakı illərdə, ”əsrin ortalarında”(Ə. Salahzadə) ədəbiyyatın reabilitasiyası dövrü başladı. "Nə qədər qələm çalan Əsrin ortalarında. Əsrin havası çatmır Şeirin ortalarında, Nəsrin ortalarında”. Daha sonra 60-cı illər gəldi və ədəbiyyatın həm məzmununda, həm də ctrukturunda yeniliklər baş verdi. Bu yenilikləri şair və yazıçılarımız əsr-əsr adlatmaq, şeirin və nəsrin o başınacan söz havası udmaq fürsəti əldə etdilər. Lakin sovet dövrünün fəhlə sinfi ədəbiyyatının şeirdə bir qədər də eybəcərləşdirdiyi, bayağılaşdırdığı üslub və ifadə tərzi hələ uzun müddət yaşadı və bu gün də davam etməkdədir. Lap indi də belə bir rəy dövr olunur ki, günah hecadadır, qoşmadadır, gəraylıdadır və s. Sən demə, bu, belə deyilmiş. Forma fikri ifadə etmək vasitəsidir. Söz yükünün ağırlığı misradakı hecaların sayı ilə yox, yazılan cümlənin şeir hadisəsi olub-olmaması ilə ölçülər. Görünür ki, vəznə, qafiyəyə bəzən bu cür yanaşıldığına görə bəzi istedadlı söz ustaları, məsələn, gəraylı üstündə yazdıqlarını gəraylı hesab etmədiklərini deyirlər. Müəyyən mənada düz deyirlər. Bu cür əsərlərin ənənəvi qoşma, gəraylıdan fərqini Ə. Salahzadənin yaradıcılığında aydın görmək olur:
Barmaqdan tez mizrab bilir:
Simin simdən xəbəri var.
Ayaqlayıb göyə qalxıb,
zilin bəmdən xəbəri var.
...Külüng çalır bir şəhərdə
münəccim də, kimyagər də.
Biri göydə, biri yerdə,
kimin kimdən xəbəri var?
Bu şeirlərdə ictimai pafos, publika publisistik dilin yox, bədii üslubun, bədii leksikanın hesabına gerçəkləşir. Fikir yükü nə qədər ağır olsa da, poeziyanın qanadlarında şair onu istədiyi yüksəkliyə qaldıra bilir. Emosionallıq onun təbiətlə bağlı düşüncələrində daha vüsətlidir, cazibədardır.
Fatmaqarı yaylağında
Bu gecə ayrı gecəydi.
Nənnitək göydən asılı,
Ulduzlu, aylı gecəydi.
Bir çeşmədən axırdı su,
Ağarırdı şırıltısı.
Göz vursa da parıltısı,
Həzin, həyalı gecəydi.
...Bir mən idim, bir bu dəyə,
Yerdən yaxın idik göyə.
Ötən ömrü hönkürməyə.
Uzun gəraylı gecəydi...
Bu misraların əsrarlı səslənişi ilə, elə bil ki, qaibanə bir səs də adamıın qulağına pıçıldayır ki, zalım vaxtın ən rəhmli, ən kövrəlmiş çağıdır, gecənin bir aləmində ayaq saxlayıb sənə qulaq asmağa başlayır.
Hərdən mənə elə gəlir ki, Ə. Salahzadənin şeir və poemaları vaxtın əlindən qurtulmağa can atan bir qəhrəmanın nərə və fəryadıdır. Bəzən də insanı axır mənzilinə qədər yola salan etibarlı bir yol yoldaşıdır. Havayı olanın qədrimi bilinər?! "Bu dünyanın həm əvəzsiz, həm havayı nəyi var vaxtdan savayı?” Hər şeyi pulla almağa yaman vərdiş eləmiş bəşər bir gün vaxt vergisi qoysa necə! Ölkəmizdəki vergi idarələrinin yeni tikiləcək binalarında, yəqin, bu barədə "müdrikcəsinə” düşünərlər.
Dünyada nəyisə düşünməyə də vaxt lazımdır. Tarixin amansız müharibələri də, yer üzərindəki sivilizasiyalar da, bir ərəb şeyxinin... dünyaya mal-pul bağlantıları da, bir məktəblinin təzə dəftərinə yazdığı hərf də... vaxtın hökmünə bağlıdır. Gülməyə, ağlamağa, sevməyə, günah və savab qazanmağa vaxt lazımdır. Doğulmağa, ölməyə də vaxt lazımdır. Hər nə olacaqsa, onun saatını, saniyəsini gözləməlisən.
" ... Mən küləyə necə deyim: yanımdan ötmə, yalvarımmı: qara bulud, üstümdən çəkil! Bir kimsənin kədərini duyarmı kefcil.Güləyənə kim deyər, kim: göz yaşını sil. Daşatana niyə deyim: su at arxamca?! Çıq-çıq, çıq-çıq VAXT çiləyir saat arxamca...” Çox düşündürücü misralardır.
Vaxt Ə. Salahzadə poeziyası üçün çox mühüm atributlardan biridir. Bir kitabının adı belədir: Vaxt vadisi. Bir şeirində də belə yazır: "...Dənizə dağ çəkən ada vaxt qurusu, vaxt qurusu. Fəsil-fəsil fırlanan il vaxt irisi, vaxt irisi. Gün dalınca atılan gün vaxt sürüsü, vaxt sürüsü. Saat-saat qaynaşan an vaxt kürüsü, vaxt kürüsü. Hər ötən an, hər ötən gün vaxt ölüsü, vaxt ölüsü...” Birincisi, bu vaxt deyilən şey insanın ağıl xəlbirində ələnərək ondan adama nə qalacaqsa, həmin gerçəklərə şair xəyali bir nəzər salır. Yəni vaxt həyatımız, məişətimiz üçün başlıca amildir. İkincisi, sürü, kürü, ölü sözləri ictimai məzmun bildirən açar, kod sözlərdir. Üçüncüsü, VAXT qədər "ağır” bir mövzunu poeziyanın predmeti etmək yazardan hünər və istedad tələb edir. Ə. Salahzadənin kitablarındakı bu tipli şeirlər ona görə maraqla mütaliə edilir ki, şair şifahi xalq ədəbiyyatına da çox möhkəm köklərlə bağlıdır.
Adəmdən Xatəmə, əhli-bəşər VAXT boyda nəhəng bir "vadi”də yaşasa da, həmin böyük vadiyə aparıb çıxaran dağ vadiləri, çay vadiləri... vardır. Bir də elə vaxtın bağrından qopub ayrılmış söz-sənət vadiləri vardır. Oraya çəkilib dünyanın dünənindən, gələcəyindən, yaxşısından, pisindən xəbər tutmaq olar. "Bir adamdı, hər dəryada ada adam, hər fəryada tel-tel əsən, dara düşən dosta-yara fəda adam. Bir adamdı, adidən adi adam. Yan-yörəsində iydə də çiçəkləyən, qanqal da bitib qalan vadi, vadi, vadi adam...”
Bu adam, deyəsən, həm də şairin özüdür. Ondan o tərəfə nəyin olub-olmamasından asılı olmayaraq, "VAXT içində” yol keçərək bir an ayaq saxlayıb ONA sarı boylanan hələ çox olacaq. Ən azı, iydə qoxulu poeziyası hələ çox ötədən çox kimsələri bir vadiyə yön aldıracaqdır. Bu vadi vaxt içində söz vadisidir, şeir-sənət vadisidir, "yan-yörəsində qanqal da bitib qalan” iydə qoxulu vadi. Ələkbər Salahzadə vadisi.
525-ci qəzet.
- 2013.- 8 iyun.- S.19.