Tofiq Abdinin "Ömür çiləsi"
Görkəmli şair, publisist və nasir Tofiq Abdinin anadan olmasının 85 illiyinə həsr olunmuş “Ömür çiləsi” kitabı nəşr olunub.
Yazici.az xəbər verir ki, topluda onun şeirlərindən, publisistikasından və nəsrindən, yaradıcılığı haqqında sənət adamlarının qələmə aldığı məqalələrdən, xatirələrdən, eləcə də müsahibələrindən seçmələr toplanıb. Təqdim edilən materiallar tanınmış Söz Adamının bənzərsiz portretini tamamlamaq məqsədi daşıyır.
Toplunu yazıçı-tərcüməçi Nəriman Əbdülrəhmanlı tərtib edəni və nəşrə hazırlayıb, nəşrinə məsul Mətin Abdin, redaktoru Elmin Nuridir.
Əminik ki, kitab Tofiq Abdin şəxsiyyətinə və yaradıcılığına dəyər verənlər, həm də ədəbiyyat araşdırıcıları üçün dəyərli mənbə olacaq.
Xatırladırıq ki, Tofiq Abdin (Abdinov Tofiq Məhərrəm oğlu, 1941, 1 sentyabr – 2014, 24 fevral) Salyan rayonunun Qırmızıkənd kəndində anadan olub. İlk təhsil illəri həmin kənddə alıb, sonra qonşu kəndində orta məktəbi bitirib. Bir müddət kənddə müxtəlif vəzifələrdə çalışıb, kitabxana müdiri olub və həmin illərdə ilk yazıları işıq üzü görüb. 1950-55-ci illərdə respublika qəzetlərində çap olunan məqalələrinə görə Azərbaycan Lenin Komsomolu Gənclər İttifaqının Fəxri Fərmanına layiq görülüb.
1962-ci ildə Azərbaycan Dövlət Teatr İnstitutunun (sonradan İncəsənət İnstitutu) teatrşünaslıq fakültəsinə daxil olub və 1968-ci ildə təhsilini bitirib. 1967-ci ildə Azərbaycan Sovet Ensiklopediyasında müxtəlif vəzifələrdə çalışıb. 1968-ci ildə “Qobustan” incəsənət toplusu teatr, kino, musiqi şöbəsinə müdir təyin olunub. 1969-cu ildən publisistik və poetik topluları, `990-cı illərdən “Adlerdə bir körpü var”, “Monoloq” və “Qürbətdə ölüm havasında” povestləri, “Dövlət çevrilişi” sənədli povesti, “Oralarda kimlər var”, “Onların dünəni”, “Danüzü yazıları”, “Geriyə baxanda”, “Onlar və məmləkətimiz” publisistik silsilələri, türk poeziyasından çeviriləri işıq üzü görüb, H.Cavid adına Naxçıvan Poeziya teatrında Rəsul Rzanın “Bir gün də insan ömrüdür” poeması əsasında tamaşası göstərilib və həmin tamaşa Azərbaycan televiziyasında nümayiş etdirilib.
2001-ci ildən “Qobustan” jurnalında məsul katib, daha sonra isə bir müddət Azərbaycan Yazıçılar İttifaqının “Ulduz” jurnalında, Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyində, “Xəzər” jurnalında işləyib. Televiziyada və radioda sənətkarlar haqqında səslənən bir çox verilişlərin müəllifidir. Uzun illər dövri mətbutda incəsənətin müxtəlif sahələri və sənət adamları haqqında yazıları mütəmadi çap olunub. “Etüd" (oçerklər toplusu, 1969), “Nəğməli gecələr” (şeirlər, 1972), “Ata sevgisi” (şeirlər, 1978), “Bəlkə bir də görüşdük” (publisistika, 1984), “Bəşir Səfəroğlu” (publisistika, 1986), “Sahilsiz dünya” (şeirlər, 1986), “Şəhərimiz ayaq açır” (şeirlər, 1991), “Şeirlər” (üç bölümdə, 2001), “Ah, İstanbul... İstanbul...” (şeirlər, 2004), “Proza” (nəsr, 2006), “Əsrar Dədədən Orhan Arasadək” (tərcümə, 2008), “Poeziya” (şeirlər, 2009), “Dövlət çevrilişi” (publisistika, 2010), “Onların dünəni” (publisistika, 2007), “Daşa toxunan könül” (seçmə şeirlər, 2023) kitabları nəşr olunub.
T.Abdin 2002-ci ildə xalq şairi Rəsul Rza adına Beynəlxalq Ədəbiyyat mükafatına, 2010-cu ildə “Azərbaycan Respublikasının əməkdar mədəniyyət işçisi” fəxri adına, Türk Poeziyasının inkişafındakı xidmətlərinə görə bir çox mükafatlara layiq görülüb. Türkiyənin TRT telekanalının Bakı təmsilçiliyi 2007-ci ildə haqqında çəkdiyi yarım saatlıq sənədli film (2007) çəkib, Türkiyədə Orxan Arasın “Bu dünyadan sən də keçdin, Tofiq Abdin” (2019) kitabı nəşr olunub.
Sizin reaksiyanız nədir?
Bəyən
3
Bəyənmədim
0
Sevgi
0
Əyləncəli
0
Əsəbi
0
Kədərli
0
Vay
0