Tunelin sonundakı işıq - Oqtay Əhmədov

Noy 16, 2026 - 20:48
 0  8
Tunelin sonundakı işıq - Oqtay Əhmədov

         Yazici.az ədəbiyyat portalı Oqtay Əhmədovun "Tunelin sonundakı işıq"

povestini təqdim edir.                                                     

 

...Xəstəxananın reanimasiya şöbəsi.

Başı, sinəsi tənziflə sarınmış xəstənin barmaqları, ayağı gipsdəydi. Çal saqqalında laxta-laxta qan qurumuşdu. Çarpayısı yanında qoyulmuş qurğudan müxtəlif şəffaf şlanqlar vasitəsilə qollarının damarlarına xüsusi maye axırdı. Ayaq tərəfində durmuş iki bazburutlu kişi (biri polis zabitiydi) sorğu-suala çəkmişdi onu.

— Kim vurdu səni, kim?!

— Tanıyırsanmı onları, cavab ver, tanıyırsanmı?!

— Adın nədir? Kimlərin var, evin hardadır? Danışsana!

Qoltuğunda jurnal tutmuş ağ xalatlı sarısaç qadın heç nəifadə etməyən gözlərilə laqeydcəsinə baxan xəstədən baxışlarını yayındıraraq rusca biganə, sərt səslə dedi:

— Cəhdləriniz əbəsdir. Beyni güclü silkələndiyindən yaddaşı tamamilə itib. Cibindən tapılmış hansısa sənədin qırıqlarına əsasən soyadı "...imov"la bitir, adı naməlumdur. Qırx altı yaşı var, Bakı şəhərində doğulub.

— Ə, qırx altı yaşı varmış ki bədbəxtin! — polis zabiti sanki öz-özüylə danışırmış kimi heyrətlə pıçıldadı.

Yanındakı kişi sınıq-salxaq rus dilində acıqlandı qadına:

— Heç olmasa saqqalını qırxaydız…

Sarısaç arvad ikrah hissiylə "fu" eləyib kişiyə çəpəki nəzər saldı:

— Çoxsağol  desin ki, havayı müalicə olunur. — Hirsi soyumadığından əlavə etdi: Tezliklə ölüxanada yaxşıca çimizdirəcəklər onu.

 

Xəstə ölgün, donuq baxışlarını mücərrəd bir nöqtəyə zilləmişdi. Qəflətən həyatından kiçik-kiçik fraqmentlər, xırda epizodlar xronoloji ardıcıllıqla kino lentitək gözləri önündə qeyri-ixtiyari canlanmağa başlamışdı və guya bütün ömrü elə bu epizodlardan, fraqmentlərdən ibarətmiş kimi ayrı heç nə yadına düşmürdü. Özü də bütün bu xatirələr "antologiyası" yalnız arvadıyla bağlıydı. Ancaq onun üzünü apaydın görürdü. Başqa adamlar, başqa simalar dumana bürünmüşdü sanki, bulanlıq sifətləri tanıya bilmir, qulaqlarına gələn səslərin, sözlərin, replikaların, dialoqların mənasını qavramaqda çətinlik çəkirdi… 

 

…Əvvəlcə evini görmüşdü. Otaqda mebel, televizor, divarda iri xalı...

Arvadı şkafda eşələnə-eşələnə deyinirdi:

— Nəyin bahasına olur-olsun uşağı qurtarmalıyam! Lap  həyəti, ev-eşiyi satacam, amma qoymayacam balam türmələrdə çürüsün!

O, divanda oturub üzünün məftil kimi qalın, çallaşmış tüklərini qaşıya-qaşıya, şkafda qurdalanıb nəsə axtaran arvadını key-key seyr edirdi. Arvadsa od parçasıydı, dil boğaza qoymadan hey üyüdüb tökürdü:

— Günü bu gün gedəcəm Umnisənin qapısına, deyəcəm üzüm ayaqlarının altında, ölmüşəm qaldır məni yerdən. Ev-eşiyim, həyətim, olan-olmazım zaloqun! On faiz, lap iyirmi faiz prasentlə on min dollar alacam ondan. Belə ucuz prasent verən yoxdu Bakıda. Beş mini uşağın işindən ötrü it-qurdun, beş minin də uçub Dubaydan bir samalyot mal gətizdirəcəm. Bu saat camaatın hamısı alverlə dolanır, kimin qızından əskiyəm? İnşallah, bir ilə özümüzü elə tutaq ki, düşmən bağrı çatlasın!..

Yenə sağ əlini sifətinə aparıb qaşıdıqca tüklərinin codluğunu barmaqlarında hiss eləyir, bu təmasdan əti ürpəşirdi.

Arvada yazıq-yazıq xeyli baxıb, uzun sürən tərəddüddən sonra handan-hana mızıldandı:

— Bəyəm Vəfadarın arvadı elə o "faizlərin" badına getmədi? Aya otuz faiz sələmlə beş min dollar borc götürmüşdü, vədə tamam olanda borcunu qaytarmışdı, amma bir il ərzində qalaqlanmış faizlərin altından çıxa bilməmişdi. Beş min dolların prasenti on iki aya şişib-şişib on beş min dollara çatmışdı. Bəyəm yadında deyil? Gündə qapılarını kəsdirib hədələyirdilər onları. Arvad da eləmə tənbəllik, gecənin bir aləmi esensa içib canını borclarıyla birlikdə ərinə tapşırmadımı?! Vəfadar bədbəxt də... Uzağa nöş gedirsən, yetim Behbud elə zaloq məsələsinin üstündə havalanmadımı? Əvvəlcə qızı ilim-ilim itdi, sonra da övrətini...

— Ay camaat, bivec ataya baxın! Elə bilirdim ki, uşağın tutulmağı ürəyincədir! — axtardığını tapmayan arvad şkafın qapısını çırpıb bağırdı..

 

...Əmlakı daşınmış bom-boş otaqda arvadıyla iki alçaq kətilin üstə oturub baxışlarını məyus-məyus yerə dikmişdilər.

— Hə, evimiz də belə getdi... — yanıqlı-yanıqlı zarıdı. — Şükür allaha, heç olmasa borcları qaytardıq, qaldı prasentlər...

Arvad elə bil öz-özüylə danışırdı:

— Ayın başında "Vahidbank"dan əmanətimizi çıxarıb verəcəm özümü Türkiyəyə, Dubayda kasadlıqdır indi... Tezliklə üzülüşərik Umnisəylə...

 

...Divarlarına "Vahidbank" sözləri yazılıb vurulmuş binanın önündə basırıq idi, iynə atsaydın yerə düşməzdi. Zorba cangüdənlərin əhatəsində qapı ağzına çıxan bəstəboy, tosqun kişi camaatı sakitləşdirməyə çalışırdı:

— Yalan deyirəmsə getdiyim o həcc qənimim olsun, hamınızın pulunu qəpiyinəcən qaytaracağam, bir az möhlət verin mənə!

— Əmanətimizi qaytar! — fırtınalı dəniz kimi kükrəyən izdiham sanki indicə bir "urra"yla qapı ağzındakı tosqun kişini pəzəvəng cangüdənləriylə birlikdə süpürüb atacaqdı. Kişi geriyə — qapıdan içəri girən kimi qələbəlik çalxalanaraq nəhəng, müdhiş dalğatək özünü binanın divarlarına çırpdı, üzərində "Vahidbank" yazılmış şüşə lövhə bir andaca çilik-çilik olub ayaq altında qalmışdı.

Basabasdan güclə canını qurtarıb tər-su içində çıxan arvad, indi ağac altında durub tövşüyünü alan, bir az əvvəl eyni taleyi yaşamış ərinə yaxınlaşaraq xırıltılı səslə:

— Batdıq, — dedi, — var-yoxumuzu itirdik...

 

...Yeganə pəncərəsinin kirli, qalın, tünd pərdələri endirilmiş darısqal daxmanı işıqlandıran qırmızı abajurun ölgün ziyası. Arvad gecə paltarındaydı. Aynası neçə yerdən ləkəli qədim trümonun qarşısında əyləşib ağzının, gözlərinin ətrafındakı nazik qırışları barmaqlarıyla sığallaya-sığallaya köks ötürür, təəssüf dolu yanıqlı səslə zarıyırdı:

— Mal getmir, batmışıq...

O, mitil yorğan-döşəyin üstündə oturub dizlərini qucaqlamışdı. Bu sözə bənd imiş kimi mızıldandı:

— Aaz, dur yat, başuva hava gəlib?!

— Mumla, sən kişi olsaydın bu günə qalmazdım! Yadından çıxartma kimin hesabına yeyib-içirsən. Qazamatda oğluvu dolandıran da mənəm, sən yox! Kül başıva, sabah kəlləmi yerə qoysam neynəyəcəksən, heç onu fikirləşmisən? Odu ki mumla, kiri, deyirəm sənə!

 

...Şəhərin mərkəzindəki bağın yanından arvadını bər-bəzəkli, iri avtobusla xaricə yola salırdı. Sərnişinlərin əksəriyyəti saçlarını sarıya boyamış ənlik-kirşanlı cavan qadınlar idi.

Yenə tük basmışdı sifətini. Ayaqqabıları yırtıq, üst-başı tör-töküntülüydü. Arvadının göstərişilə çamadanları maşının baqaj hissəsinə yükləyib belini dikəltdi, əlinin üzüylə alnının tərini sildikdən sonra ciblərini xeyli eşələdi, axtardığını tapmadıqda arvadına yaxınlaşıb çəkinə-çəkinə:

— Siqaretim qurtarıb e... — mızıldandı, — başım da ağrıyır...

Arvad hirsini udub əlini çantasına apardı, şax bir on minlik çıxarıb könülsüz halda verdi ona:

— Çıx get daha.

Pulu sevincək öpüb gözünün üstünə qoyduqdan sonra cibinə dürtdü.

— Haçan qayıdarsan? — ürkək-ürkək soruşdu.

Arvad dişlərini qıcıdaraq mırıldadı:

— İtil burdan...

— Birdən soruşsalar ki, bəs...

Qadın ətrafındakıların nəzər-diqqətini cəlb etdiklərini görüb əvvəlcə irişdi, sonra tez özünü ələ alıb, nümayişkaranə tərzdə onun sinəsindən basaraq itələdi:

— A kişi, rədd ol də! — büzüşərək ayaqlarını arxasınca sürüyə-sürüyə uzaqlaşan ərini bir xeyli nifrətlə süzdükdən sonra üzünü yana çevirdikdə qısatuman, cavan qızların əhatəsində durmuş sarıbaş yaşlı qadının müştəri gözüylə ona baxdığını gördükdə nədənsə özünə haqq qazandırmağa çalışdı: — Bu hambal tayfasından həyasız millət yoxdur yer üzündə, deynən haqqını aldın, yeri itil get də! Hələ arsız-arsız soruşur ki, haçan qayıdacaqsan...

— Xoşuna gəlmisən də, aaz!.. — yaşlı qadının replikası sərnişinlərin hırıltısına səbəb olmuşdu...

 

...Üstünə tikanlı məftillər dolanmış uca daş hasarın altında arvadıyla durmuşdu. Onlardan savayı burda xeyli əli səbətli adam vardı. Hərbi geyimli porsuqsifət zabit dəmir qapıdan çıxıb ağır-ağır qələbəliyə doğru addımlayırdı, ardınca düşmüş camaatın sorğu-suallarına əhəmiyyət vermədən ər-arvada yaxınlaşıb qadını mənalı-mənalı süzərək:

— Oğlunuz görüşdən imtina etdi, — söylədi, — deyir daha gəlməsinlər yanıma, görmək istəmirəm onları...

— Bəlkə bu ayın-oyunu götürə? — pərt olmuş qadın yerdəki ərzaqla dolu səbəti göstərdi. Zabit qadına zəndlə baxaraq bic-bic gülümsədi:

— Başa düşmədiz, xanım... Sizi qovursa, peredaçanızı heç yaxın qoymaz! Çöldəki işlərdən burda tez xəbər tuturlar... Yəqin nəsə çatıb qulağına...

 

...Küçədə bahalı xarici maşın dayanmışdı. O, kabinədəki boynuyoğunları görcək tanımış, qorxudan əhdi kəsilib darvaza ağzındaca donub qalmışdı. Sonra maşının arxa qapının açıq pəncərəsindən kimsə iri, əzələli qolunu çıxarıb, şəhadət barmağının işarəsilə onu yanına çağırmışdı. Nanə yarpağı kimi əsən ayaqlarını arxasınca sürüyə-sürüyə maşına tərəf getmiş, qapının pəncərəsi qarşısında belibükük vəziyyətdə əyilib qalmışdı. Gözlərini qaldırıb kişilərə baxmağa cəsarəti çatmamışdı, kinayəli, sərt, dəmir cingiltisini xatırladan səslərini eşitmişdi:

— Hanı arvadın?

— Y... y... yo-o-oxdu evdə.

— Xalxın prasentini haçan qaytaracaqsız? Ayı on faizdən min dollar eləyir, uje beş minə çatıb borcuvuz. Axırıncı dəfə vaxt veririk sizə, bir həftəyə prasentləri qajtarmasaz arvaduvu maşının baqajnikinə basıb aparacağıq!.. Başıvı qaldır gözümüzün içinə düz bax, eşitdin?

 

...Daxmaya girəndə arvadı çarpayının altından çıxırdı. Rəngi-rufu özündə deyildi. Arxası üstə yatağa tirlənib əliylə ürəyini tutaraq zarıdı:

— Yenə onlar gəlmişdi?

— Həri...

— Nə dedilər?

— Bir həftə vaxt verdilər... — xəcalətindən baxışlarını yayındırmağa çalışırdı. — Ayı on faizdən beş min dollara çatıb borcumuz. Bir həftəyə borclarını qaytarmasaq səni... səni... — arvadın reaksiyasını görməməkçün əvvəlcə ayaqları altına baxdı, sonra gözlərini hərləyib stola tərəf yönəltdi və nəzərləri süfrədəki yarımçıq araq şüşəsində yenicə mıxlanıb qaldığı bir məqamda qadının səsinə diksindi:

— Oğraş!

— Aaz, mənə deyirsən?! — sısqa sinəsini gərib səsini yoğunlaşdırmağa çalışaraq kişiləndi.

Arvad uzandığı yerdəcə siqaretindən dərin qullab vurub tüstünü hiddətlə ərinə tərəf üfürdü:

— Sənə deyirəm! Gərək öldürəydin onları! Qan tökəydin!

İki qəzəbli göz kirpik belə qırpmadan baxırdı ona. Bu gözlər iki iti bıçaqtək dirənmişdi köksünə, elə bil hərəkətə gəlib bir addım atsaydı "bıçaqların" ülgüc kimi tiyələri nazik dərisini kəsib içəri işləyəcəkdi. Sanki elə buna görə də irəli yox, dal-dalı gedib arxasını çırpdı stula. Arağı götürüb stəkanını doldurdu.

— Mənə də süz!

Dikəlib yataqda oturmuş arvadının hökmlü səsindən duydu ki, mübahisə əbəsdir, birini desəydi arvadı beşini qaytaracaqdı, qalacaqdı söz altında. Elə indi də, gül ağzı açılmış qadının gətirdiyi dəlillərə qarşı heç bir əks arqument tapa bilmirdi.

— Aton da piyaniskaydı, sən də piyaniskasan, oğlun da narkoman. Aton küçələrdə əlində butulka maşın altda qalıb öldüyü kimi, sən də bir gün hansısa tin-bucaqda sərələnib gəbərəcəksən. Leşin atanın meyiti kimi ölüxanalarda iylənəcək. — Sonra oğlunun arxasınca söyləndi. — Bir-iki gün də tablaşsaydı, qurtaracaqdım onu. İndi məni bəyənmir, ayın-oyunumu qaytarır türmə qapılarından. Mən də ilim-ilim itəndən sonra piyaniska aton görüm necə saxlayar səni. Sizi görüm lənətə gələsiz, ömrümü zay elədiz, zay!..

 

...Əlində iri mətbəx bıçağı tutub arvadının başı üstünü kəsdirəndə çöldə xoruzlar banlayırdı. Şişib qızarmış məst gözlərilə xeyli müddətdi övrətinə baxırdı. Qadın tül xalatda uzanıb arxayın-arxayın yatmışdı.

Dəstəyindən bərk-bərk yapışdığı bıçağı yenə qaldırdı, haçandır onun olmayan sinəyə zərbə endirməyə bu səfər də cəsarəti çatmadı, silah tutmuş əlini yanına salıb acizliyindən bir zarıdı ki, elə bil yarasının üstünə duz səpmişdilər. Arvad hənirtiyə diksinib oyandı, alaqaranlıq otaqda iri qaraltını görcək eyməndi, qeyri-iradi adyalı qamarlayaraq üstünə dartdı, nəfəsini içinə çəkib dəhşətdən gözləri bərəlmiş halda yerindəcə donub qaldı.

— Köpəyin qızı, kimin adını sayıqlayırdın, Orxan bəy kimdir?!.

Arvada indi çatdı ki, donquldanan qaraltı əridir. Bir az əvvəl gördüyü ləzzətli yuxunu xatırlayıb anladı ki, sirrinin üstü açılmışdı, amma bundan təşvişə düşmədi, əksinə, alaqaranlıqdakı kişi siluetinin kimliyini yəqinləşdirdikdə toxtadı, hətta gülmək də tutdu onu.

— Nədi, yoxsa öldürmək istəyirsən məni?

— Kimin adını sayıqlayırdın? — sinirli-sinirli təkrarlasa da, səsində qətiyyətdən əsər-əlamət belə yox idi, bunu qadın da sezmiş, elə buna görə də xalatının yaxasını cırıb iri, sallaq, lırt döşlərini göstərərək sidq-ürəklə:

— Vur, piyaniska köpək uşağı! — demişdi. — Kişisən vur, sənin də canın qurtarsın, mənim də!

Kim bilir, bəlkə də "kişisən vur" söyləyərkən arvad ərini cinayətə təhrik edirdi: həqiqətən də həyatdan boğaza yığılmışdı, doğrudan-doğruya ölüm arzulayırdı; istəyirdi əri heç olmasa ömründə bir dəqiqəliyə, bir anlığa qeyrətə gəlib iztirablarına nöqtə qoyaydı; həm onu xilas edəydi bu şərəfsiz,  məşəqqətli yaşayışdan, həm də silib ataydı üzərindəki "oğraş" damğasını, çünki bıçaq gücsüz, təpərsiz əldən döşəməyə düşüb taqqıldadığı zaman, arzusu ürəyində qalmış qadın:

— Daha məni görməyəcəksən, — deyə təəssüflə ah çəkmişdi. — Baxarıq ata-bala neyləyəcəksiz mənsiz...

 

...Gecə... şəhər kənarındakı hansısa yarımçıq tikilinin qaranlıq zirzəmisi...

O, qum topasının yanındakı iri bir taxta parçasının üstündə uzanıb, yaxasını qaldırdığı yamaqlı, kirli plaşına bürünərək yatmışdı. Qum topasının yaxınlığında iki boş "Ağdam" şüşəsi... çörək qırıntıları, ağzıaçıq konserv qabı... Çörək qırıntılarının, konserv qutusunun ətrafında qaynaşan siçovulların civiltisi... Qamçıquyruq gəmiricilərdən bəzisi yuxulu adamın üstüylə qaçışırdı...

 

...İndi N təşkilatı qarşısında durub, qapıdan girib-çıxanlara yaxınlaşaraq özünü gah keçmişin professoru, elm adamı, gah da qaçqıntək qələmə verir, "köməklik göstərmələrini", "əl tutmalarını" təkidlə xahiş edib zəhlə aparırdı... Nağıllara inanıb rəhmə gələn beş-üç ürəyiyuxadan başqa ona heç tulapayı verən də tapılmamışdı. Təşkilatın qapısından çıxan şıq geyimli cavan kişiyə yaxınlaşıb "qaçqınam" deyə elə yenicə ağız açmışdı ki, kişi mobil telefonunun kənara qoyub təpindi ona:

— Ə, arsız qoca, de ki, içmək istəyirəm! Haranın qaçqınısan, dana?! Ə, səninləyəm, haranın qaçqınısan?!

— A... a...ağdam qaçqınıyam... — ağlına gələn işğal edilmiş ilk rayon adını çəkinə-çəkinə mızıldananda məlum olur ki, şıq geyimli cavan kişi də həmin rayondanmış. "Didərgin" ardınca söylənən əsl qaçqının hərbə-zorbasına əhəmiyyət vermədən tələsik uzaqlaşdı oradan...

 

...Metro stansiyası yanındakı bazar bağlanıb camaat dağılışandan sonra dizəcən qalxmış zibilliklərin arasında eşələnirdi...

 

...Dəmir yolu vağzalının ətrafı... günün günorta çağıdır... O, gediş-gəlişin, müştərilərin ən gur yerində dayanıb belini divara söykəmiş, gözlərini yumub başını köksünə əyərək xeyli tərəddüddən sonra nəhayət ki, titrək əlini uzadıb ovucunu açmışdı... Beləcə nə qədər durduğunu bilməmişdi, bir də ovcuna qoyulmuş kağız pulun təmasından diksinmiş, əvvəlcə əlinə baxmış, beş yüz manatlıq əzik-üzük əskinası görcək barmaqlarını qatlayıb pulu yumruğu arasında gizlətmiş, sonra minnətdar baxışlarıyla insan seli arasında naməlum xeyirxahını aramışdı. Siftənin dadı damağında qaldığından yerindən dəbərməmişdi, bu minvalla yəqin ki, bazar bağlananadək içki pulundan savayı hələ qəlyanaltı üçün də bir şey toplayacaqdı, ancaq burda çox yubanan deyildi, çaxırdan ötrü qovrulurdu, qurumuş dodaqlarını tez-tez dilinin ucuyla isladaraq, ləzzətlə başına çəkəcəyi bir şüşə ucuz şərab haqqında fikirləşirdi.

— Ölmədik bu gününü də gördük!..

Qalın, tənəli səsə başını qaldıranda tanış kişi sifəti görmüşdü qarşısında. Heyrətdən bərəlmiş iki qara göz zillənmişdi üzünə. Kim idi bu adam, kimə oxşadırdı onu? Bu haqda bir anlığa düşünmüşdü, korşalmış yaddaşının tozlu "arxivində" qurdalanıb sifəti tanış gələn adamın şəxsiyyətini müəyyənləşdirməyə halı yox idi, çünki mənasız vaxt itkisiydi bu: qohum-qardaş, qonum-qonşu, dost-tanış — kim olur-olsun, artıq hamı keçmişdə qalmışdı, hamı ölmüşdü onunçün. Hansı "ölü" xortlayıb fəlakət bataqlığından qoparacaqdı onu? Elə buna görə də qarşısındakı adamın suallarını cavablandırmadan, gözlərini yumub başını köksünə əyərək yenidən əl açmışdı. Acı təcrübəsindən bir şeyi öyrənmişdi ki, dost-tanışdan xeyir gəlmirdi, çıxarıb cibinə beş-üç min manat basmaqdansa hökmən ikibaşlı, tikanlı atmacalarıyla mütləq sancmalıydılar onu — "arvadağan hardadır?!" Elə o kişi də axırda qımışıb eyni sualı vermişdi:

— Arvadağan hardadır, ə?!

Artıq onunçün adiləşmiş bu sual heç bir emosiya oyatmamışdı daxilində.

— Ə, heç olmasa uşağından xəbər-ətər varmı? Hələ də çıxmayıb qazamatdan? — ianə verən adam onunla çənə döyməyin mənasızlığını anlayıb: Al, yüz qram gillədərsən sağlığıma, — deyə tanış dilənçinin ovcuna min manat basaraq başını bulaya-bulaya uzaqlaşmışdı. Məlum məsələydi ki, gedib aləmə car çəkəcək, zurna çalacaqdı ki, bəs gözünüz aydın, filankəs vağzalda yolçuluq eləyir! Ancaq indi bunun həvəskar dilənçiyə heç bir isti-soyuqluğu yox idi, min beş yüz manatı — ilk halal qazancını yumruğu arasında bərk-bərk sıxaraq, ayaqlarını ardınca sürüyə-sürüyə yaxınlıqdakı içkisatılan köşkə doğru tələsirdi...

 

 

Ertəsi gün bir də gəlmişdi həmin yerə, dünənki "nöqtəyə" — zay olub atılmış mer-meyvə zibilliyi yanında durub əl açmışdı. Müştəri cəlb etmək məqsədilə bir istəmişdi "ağalar, bəylər, xanımlar, ailəsi dağılmış bədbəxtə kömək eləyin, Allah verər əvəzini" deyə qarşısından biganə-biganə ötən adamlara yalvarsın, amma iki alt çürük dişi qalmış ağzından çıxan qəribə, boğuq fışıltıya diksinərək fikrindən vaz keçmişdi. Həm də bu qədər hay-küyün arasında kim eşidəcəkdi onu? Alıcıdan çox satıcıydı, hamı ucadan çığırıb öz malını tərifləyirdi, alverçilərin səsi aləmi başına götürmüşdü. Belinə xallı yun şal dolamış sinli qadın əlindəki lumuları qarşısından keçənlərə uzadaraq az qala yalvarırdı:

— Xala qurban, alın, Lənkoran limonudu, beşi bir "məmmədə"!

O, gözlərini qaldırıb camaatın üzünə baxa bilmirdi, — heç olmasa yazıq, məzlum baxışlarıyla yoldan ötənlərin ürəyində rəhm oyadardı, — elə sanırdı ki, hamı tanıyır onu, ayaq saxlayıb əlini cibinə salmaq əvəzinə yeknəsəq, zəhlətökən suallarla "işinə" mane olacaq, sonra da hırıldayaraq "arvadağan hardadır" soruşacaqdılar...

— Səni kim qoyub bura?

Yoğun, kobud qadın səsinə fikrindən ayrıldı. Orta yaşlarında saqqallı, boynuyoğun bir "korun" qolundan tutub vağzal boyu gəzdirərək nəzir-niyaz toplayan kök, qara arvad idi bu sualı verən. Bu qaraçını yaxşı tanıyırdı, şəhərin müxtəlif yerlərində işıqforların altında durub sürücülərdən pul istəyəndə azmı görmüşdü onu? Yanındakı "kor" kişi hərdən əlil arabasında olurdu. Güllü bir adyalı da atırdılar ayaqlarının üstünə, — guya bədəninin beldən aşağı hissəsi iflic idi, — cumurdular qırmızı işıqda maşınlarını əyləyən sürücələrin üstünə: "Ay qardaş, Allah rizasına, bu şikəstə bir nəzir, uzaq yol gedirsən..."

Qaraçının cavabını verməmişdi, eləcə key-key baxmışdı sifətinə. "Kor" kişi gözlərini ağardıb xəbərdarlıq eləmişdi:

— Kürün burdan, bir də görməyim səni!

Dünəndən bəri qoltuq ağacına söykənib ayağını arxasınca sürüyə-sürüyə dilənən "şikəst" oğlan da yaxınlaşıb hədələmişdi onu:

— Bu saat bir təpik ilişdirrəm, üç gün özünə gəlməzsən, cəhənnəm ol, dana!

Sonra qəflətən bazarda qaça-qaç düşmüşdü, polislər — arvad-kişi, qoca-cavan, — heç kəsə fərq qoymadan dəyənəklərilə alverçiləri zopalayaraq mallarını dağıtmağa başlamışdılar. Belinə yun şal sarımış qarı da oğlu yerində polisdən zərbə yemiş, lumuları asfalta səpələnmişdi...

Şişman, yekəqarın polislərdən biri ona yaxınlaşmışdı:

— Ə, səni kim qoyub bura?

Ancaq onun düşünəcək halı yox idi, polisin əlindəki qara, uzunsov zopanı görüb sarısını udmuşdu.

Həmin gün kürəyinin ortasından dəyənək zərbəsi alıb qovulmuşdu vağzaldan və qorxusundan bir daha oralarda görünməmişdi...

 

...Ağaclığa girib "Ağdam" şüşəsini başına çəkəndə hava yenicə qaralmışdı. İki saat işıqforun altında durmaqla qazanmışdı çaxır pulunu. Sonra polis maşını gəlib didərgin slmışdı onu "gəlirli" yerdən. Formalı sürücü başını UAZ-ın pəncərəsindən çıxarıb acıqla soruşmuşdu:

— Kim qoyub səni bura?! Rədd ol gözümüzdən!

O gün dumanlı təfəkkürüylə həmin ənənəvi sualın cavabını axtarmış, qanmışdı ki, bu şəhərdə hər pullu yerin, hər gəlirli "nöqtə"nin artislik istedadına malik öz əlili, yolçusu və onları idarə edənlər vardı.

Şəhərin mərkəzindəki yolayrıcılarında da cəhd eləmişdi dilənməyə. Qara, yoğun, qızıldiş qadın üç uşaqla elə bil yerin təkindən çıxmışdı. Dördüncü tifil — burnufırtıqlı körpə belinə doladığı şalın içindəydi. Demə, bura onların "obyektiymiş". Xoşluqla getməyəcəyini görcək daş-qalaq edib qaçırtmışdılar onu...

Bahalı maşından düşüb bayaqdan yavaş-yavaş arxasınca gələn kişilərə əvvəlcə əhəmiyyət verməmişdi, amma o kişilər ağacların arasından çıxıb iri, boz kölgələrtək hərə bir tərəfdən üstünə yeriyəndə dalağı sancmış, duymuşdu ki, bu adamlar hər kimdisə bəd niyyətliydilər, xətər yetirəcəkdilər ona. Haray çəkməyə imkan tapmamışdı, dövrəyə alıb o ki var döymüşdülər onu.

— İndi bilərsən xalxın pulunu yemək necə olur!

— Arvad-uşağından xəbərsiz biqeyrət, özüvü yolçuluğa vurub əlimizdən qaçmaq istəyirdin? Al gəldi!..

 

 

…Xəstə qəflətən azacıq dikəlib, gözləri bərələ halda ağzını araladı. Kişilər cinayətin açılmasından ötrü qarmaq rolunu oynayacaq bir kəlmə, bir söz eşitmək məqsədilə tökülüşdülər üstünə:

— Kim vurdu səni, kim? Haçan, harada?!

— Tanıyırsanmı onları? Neçə nəfərdilər?

— Əlamətlərini söylə!

Yaralının güclə eşidiləcək səslə "vurmayın" deyib zarımasıyla tənzifli başının yastığa çırpılması bir oldu…

Bir əsr vaxt ötdü elə bil. Birdən-birə süd rəngli gözqamaşdırıcı işıq ağuşuna aldı onu. Çox keçmədi ki, süd rəngli bu işıq seli arasında iki gur işartı bir cüt qəmli, sınıxmış, doğma gözə çevrilib üzünə dikildi. O tanıdı bu gözləri. Huşu başındaydı!

— Oğul! — Səsi boş hamamdakı kimi divarlara çırpılıb əks-səda verərək dalğa-dalğa üstünə qayıtdı. — Axır ki, gəldin. Məni axtarıb tapacağını bilirdim. Beş il! Nələr olmadı bu beş ilə… Səni türmədən qurtara bilmədiyimizə görə bağışla bizi, oğul. Əlimizdən gələni elədik, amma… yəqin qismət beləymiş… Yazıq anan da… — Xəcalətdən sözünün ardını gətirə bilmədi, baxmayaraq ki, ürəyi doluydu. — İndi harda qalırsan, mənim balam?..

Oğlu cavab vermədi, necə durmuşdusa eləcə də qalmışdı yerində. Yəqin heç eşitməmişdi də onu.

Lapdan özünü kənarda hiss elədi. Divarlarına ağ kafel döşənmiş otaqdaydı. Ağzı, gözləri açıq, alnı, sinəsi tikişli saç-saqqalı bir meyiti uzatmışdılar daş stolun üstünə. Cənazənin yanında durmuş nimdaş libaslı oğlan meyitin üstündəki mələfəni döşünəcən endirib, sağlığında aldığı xəsarətdən, üzərində aparılmış müxtəlif tibbi əməliyyatlardan eybəcərləşmiş solğun sifətə baxırdı. Otağın qapısı ağzını kəsdirmiş ağ xalatlı kişi səbirsizliklə oğlanı gözləyirdi.

Birdən ona elə gəldi ki, bu səhnəni haçansa görmüşdü. Haçansa elə bu otaqda, elə bu daş stolun üstünə elə bu kişini uzatmışdılar, həmin oğlan da o vaxt beləcə durub sınıxmış, qəmli gözlərini zilləmişdi meyitə. İntizarla oğlanı gözləyən ağ xalatlı adam da o zaman eynən indiki kimi elə bu qapı ağzındaca bitmişdi.

On beş il qabaq sərxoş atasını gecə vaxtı şəhərin xəfə yerində maşın vurmuşdu. Üç gün axtarmışdı kişini, meyitini xəstəxanalardan birində ölüxanadan tapmışdı. Həkimlərdən biriylə girmişdi "morqa". Həkim qapı ağzında ayaq saxlamış, osa daş stolun üstünə uzadılmış ölünün üzərindən ağı qaldırıb atasının tanınmaz hala düşmüş cəsədinə bir xeyli baxmışdı. İndi sanki öz-özünü görürdü, guya on beş il əvvələ qayıtmışdı: daş stolun üstündəki meyit — atası, mələfəni qaldırıb hüznlə cəsədə baxan oğlansa özüydü…

On beş il öncəki olay, ömrün ən kədərli epizodu xırdalığınacan təkrarlanırdısa, — indi yadına düşmüşdü, — ağ xalatlı həkim "tanıdın?" soruşmalı, o da boğuq, pərt səslə "atamdır" deməliydi.

— Tanıdın? — tibb işçisinin səsinə diksindi və oğlanın rəngi qaçmış dodaqlarının aralandığını, gözlərinin yumulduğunu apaydın gördü.

— Atamdır… — bunu həm o, həm də oğlan eyni anda söyləmişdi. Bu söz eşitdiyi son söz, son səs oldu, çünki oğlan ağ mələfəylə meyitin üzünü örtən kimi qapqara boşluq ağuşuna alıb udmuşdu onu…

 

Sonra qatı zülmətdə sanki bədənini məngənəyə salıb sıxdılar. Bu, bir an davam elədi. Dəhşətli ağrılar içində bar-bar bağırmaq istədiyi bir məqamda qəflətən yüngülləşdiyini duydu. Canı dar qəlibdən çıxıb çəkisizlik vəziyyətinə düşmüşdü. Uzun, zil qaranlıq tunelin içiylə sonda iynənin ucu boyda işaran nura doğru sürətlə uçurdu...

Sizin reaksiyanız nədir?

Bəyən Bəyən 0
Bəyənmədim Bəyənmədim 0
Sevgi Sevgi 0
Əyləncəli Əyləncəli 0
Əsəbi Əsəbi 0
Kədərli Kədərli 0
Vay Vay 0
Tural Adışirin AMEA-nın Şəki Regional Elmi Mərkəzinin "Ədəbi-mədəni mühit və folklor" şöbəsinin elmi işçisi, Yazici.az ədəbiyyat portalının baş redaktoru