Könlündə uçunan sarı siməm mən - Rəbiqə Nazimqızının şeirləri
Yazici.az ədəbiyyat portalı Rəbiqə Nazimqızının şeirlərini təqdim edir.
AYNUR ÜÇÜN
Qızım, paltarını yığ, yığış gedək,
daha buralarda bir işimiz yox.
Bizim indimiz yox, keçmişimiz yox,
bircə yolumuz var, o da gələcək.
Biz güclü deyilik, zəifik, zəif,
gələr üstümüzə daşla adamlar.
Baş aça bilmərik nə istəyirlər
Bu cavan adamlar, yaşlı adamlar.
- Hara gedəcəyik? – Burdan uzağa.
- Orda məktəb varmı? – Əlbəttə ki, var.
- Bəs, təzə evimiz, orda qalmayaq?
- Bizsiz də o evdə qalan tapılar.
Daha sual vermə, cavabım yoxdur,
hər gün əsəblərim itir bu yerdə…
Darıxma, nənənə zəng eləyərsən,
dayına bir məktub yazarsan hərdən.
Bəsdi sözə tutdun, vaxt yoxdu, quzum,
uzun yolumuz var – üzü qüruba.
Qırmızı kərpicdən evimiz olsa,
bir də şimal qışı, balaca soba.
Niyə geyinmirsən, gözləmirəmmi?
Deyirsən, qaranlıq düşübdü artıq?
Eybi yox, bu gün də qalası olduq,
Səhər paltarları yığışdırarıq.
***
Allah, mənə bir az bəxt ver,
bir az da vaxt, yaşayım.
Bir az ömrümdən yaşayım,
Bir az sərvaxt yaşayım.
Mənə gecələr yuxu,
Səhərlər gümrahlıq ver.
Mənə bir damcı qorxu,
Bir damcı toxtaqlıq ver.
Bir az ümiddən yolla,
Bir az işıq at, bəsdi.
Bir az ağıl ver, seçim
Nə bəsdi, nə əbəsdi.
Bir az mərhəmət göndər,
Bir də, bol-bol məhəbbət.
Bircə sənə yazmağa
Bir yerim olsun xəlvət.
Bir tikə çörək tapım,
Bir parç su, yaşayaram.
Bir də, qızımı qoru,
Nə versən, daşıyaram.
SƏN MƏNİM YARIYADƏK...
Sən mənim yarıyadək yaşadığım nağılsan,
Qapı-qapı gəzmişəm, 40-cı da açılsa...
Necə divlərdən qaçıb, nə zindanlar görmüşəm,
Əjdahalar görmüşəm, qəhrəmanlar görmüşəm.
Nə şöhrətə qaçmışam, nə vədə, nə altuna,
Sarayları atmışam ayağının altına.
Ümiddən asılmışam, sınaqlardan keçmişəm,
Quyuları aşmışam, qınaqlardan keçmişəm.
Qara divlər, ağ divlər, ifritələr, mələklər
Tuta bilməyib məni, könlümdə kəpənəklər
Uçan xalçaya minib sənə gəlmişəm yenə.
Açsana qıfılları, qapıda görünsənə.
Bax çarığım yırtılıb, çırağım sönhasöndə,
Çörəkdən bircə tikə qalıb nimdaş heybəmdə.
Sən qırxıncı otağın aynasından baxırsan,
Nolar qapını açıb içəri də çağırsan.
Nə əllərin görünür qapının dəstəyində,
Nə də ki bir işarə arzundan-istəyindən.
Bu nağıla dəvəti mən səndən aldım axı,
Gülə-gülə gəlmişdim, al bu da ağlamağım.
Nə göydən alma düşür, nə daş yağır başıma.
Nə gedirsən ömrümdən, nə çıxırsan qarşıma.
Nolar qapını açıb, içəri də çağırsan,
Sən qırxıncı otağın aynasından baxırsan.
GÖL MƏNZƏRƏSİ
O gölün üstündə mənim şəklim var,
Gah yaxına gəlir, gah uzaq düşür.
Gah üzmək istəyir sahilə doğru,
Gah da ki könlünə boğulmaq düşür.
Gah tülə bürünür, gah da dumana,
Hərdən də günəşi geyib "bax" deyir.
Hərdən ütü çəkir sərt qırışlara,
Hərdən də kükrəyir, sözü şax deyir.
O göl qucağında gül açır könlüm,
Bir ovuc su götür, qarışım sənə.
O göl qucağında solur xatirəm,
Yaxın gəl, özünü danışım sənə.
O göl qucağında göyərib qalan
Zanbaqlar şeirdi, sənə yazmışdım.
Sahilin sağında köhnəlib qalan
O qayıq sənindi, yolu azmışdı.
O göl qırağında çimir yuxular
Bircə nəğmə oxu, oyansın şəklim.
Ya bircə daş götür, tuşla üstünə,
Biryolluq ürəyi dayansın şəklin...
SƏNİN ŞAİRİNƏM...
Mənəm o pişiyin gözləri ilə
Səni qarşılayan hər səhər yolda.
Mənəm küləyindən titrəyib əsən,
Üşüyən yarpağam saralmış kolda.
Başını qaldırsan, məni görərsən,
Mənəm pəncərədən boylanan o qız.
Mənəm naqil üstə oturmuş sərçə,
Dua oxuyuram sənə bir ağız.
Bax o işıq mənəm yol kənarında,
Yanıram sağının-solunun üstə.
Mənəm, kəpənəyin qanadlarında
Qonub dayanıram qolunun üstə.
Başının üstündə ağ bulud mənəm,
Görməsən üzümü, qaralır qanım.
O dan yeri mənəm, o qürub mənəm,
Ağarır, qızarır, saralır canım.
Mənim nəfəsimdi alışqanında,
Əlində sönəcək son kibrit mənəm.
Sübhədək qalıram sənin yanında,
Səhərlə açılan ilk ümid mənəm.
Mənəm gözündəki həyəcan, təlaş,
Könlündə uçunan sarı siməm mən.
Sənin şairinəm – şairlərə baş,
Sən yaxşı bilirsən, axı kiməm mən.
BUZLU YAĞIŞ
İndi ki əlim çatmır saçlarına, uzaqsan,
qoy elə oralara buz kimi yağış yağsın.
Sırsıralar bağlasın bütün yollar, küçələr,
səhərədək ağlasın qulağında gecələr.
Çaydanlar uğuldasın, buğu yaxsın şəhəri,
yağsın bütün gecəni, yağsın bütün səhəri.
Bir-iki misra oxu küçədə pişiklərə,
sahibsiz qadınlara, yiyəsiz kişilərə.
Ağac kötüklərindən topla göbələkləri,
göndər yuxularıma bütün köstəbəkləri.
Nə qədər kabusun var, bir məktuba bük, gəlsin,
mənə də uzaqlardan hədiyyəlik yük gəlsin.
Bir daş salla boynuna – bəlkə, həsrət boğuldu,
sonra da günəş çıxdı, ilıq yağış doğuldu.
Tural Adışirinin təqdimatında..
Sizin reaksiyanız nədir?
Bəyən
0
Bəyənmədim
0
Sevgi
0
Əyləncəli
0
Əsəbi
0
Kədərli
0
Vay
0