Uğursuz talelər kitabı - Elşən Əzim yazır
Yox, kitab uğursuz deyil, hekayələrdəki insan taleləri uğursuzdur. Əvvəl istədim ki, bu yazının adını “Uğursuz talelərin uğurlu kitabı” qoyum, gördüm pafoslu səslənir, fikrimdən daşındım.
Son vaxtlar Orxan Saffari sənət adamlarını kəskin tənqid edən yazıları ilə gündəmə gəlir. Bəzən bütün xalqın sevimlisi olan korifey sənətkarları da tənqid edir.
Onun tənqidlərinin əksəriyyəti ilə razı deyiləm. Bəzən də düşünürəm ki, tənqidi yazılarında ciddi əsaslar göstərə bilmir. Bəzi yazılarını isə qəbul edirəm, hətta yüzə-yüz razılaşıram da. Ən çox razılaşdığım məqam isə onun cəsarətli mövqeyidir. Kimlərisə ilahiləşdirən, bütləşdirən insanlara yeni bir pəncərə açır, sanki demək istəyir ki, hamını tənqid etmək, hamının yaradıcılığı haqqında müstəqil fikir söyləmək olar. Bu mövqedən sonra gözü açılanlar da olur, gözünü yumub ağzını açanlar da.
Gözünü yumub ağzını açanların isə əsas sualı bu olur: “Sən özün nə yazmısan?”.
Özü bu suallara cavab vermir, doğru da edir. Belə suallarla tez-tez qarşılaşanlardan biri də mən olduğum üçün belələrinə cavab verməyin mənasız olduğunu bilirəm.
Orxanın nə yazdığından isə mən bir neçə kəlmə danışmaq istəyirəm. Əslində, onun kitabını oxumaq marağım elə tənqidi yazılarından sonra yarandı. Messengerdə yazıb kitabını istədim, o da poçtla yolladı. Kitabı bu gün oxudum.
Orxanın hekayələrində diqqətimi çəkən əsas məqam onun təhkiyəçiliyə, maraqlı hadisə nağıl etməyə deyil, rəngarəng obrazlar yaradaraq diqqəti onların taleyinə, məişətinə çəkməyidir, əhvalatçılıqdan uzaq olub əhval yarada bilməyidir. Bu uzun adamın qısa hekayələrində oxşar və fərqli talelər var.
Doğrudur, bəzən bir neçə hekayədə demək olar ki, eyni taleli surətlərin yeknəsəkliyi də görünməkdədir. Bəlkə də, belələrini tipikləşdirib bir obrazda, bir hekayədə birləşdirmək olardı.
Orxanın hekayələri Azərbaycan hekayə ənənəsindən çox Çexovun bədii priyomlarını etiva edir. Bu hekayələrdə yazıçı müşahidəsi, müşahidədən yaranan obrazlar canlı görünür. Bəlkə də, bu şəxsləri müəllif tanıyır, bəlkə də bəzilərini tanımır, kənardan davranışlarını, görkəmlərini, jest və mimikalarını müşahidə edib yazıçı təxəyyülü ilə onlara ədəbi tale uydurur. Və bu cəhdi də uğurlu alınır.
Saffarinin yaratdığı obrazlar içərisində əyyaş, narkoman, fahişə qadın, əsgər, qazi, hətta erməni qadın da var. Ən yaxşı tərəf odur ki, bədii surətlərə müəllif münasibəti mətndə sezilmir. Yazıçının obrazları mənə bir az da Haynrix Bölün hekayələrini xatırladır.
Bu obrazların demək olar ki, hamısı bədbəxtdir.
Maqsud, Əjdər kimi surətlər isə müharibənin dəhşətlərini sərgiləyir. Orxan Saffarinin müharibə mövzusundakı hekayələri pafosdan kənar olması ilə seçilir. Bu mətnlərdə müharibələrin insan taleyinə vurduğu zərbələr qışqırmadan, haray-həşir salmadan, vətənşüvənlik etmədən həlim bir hüznlə təqdim olunur. Və bu obrazlar xüsusiylə uğurlu alınır. “20-ci sahə” Bakıda bəlli bir yaşayış yeri olsa da, Orxanın “20-ci sahə”si, hardasa, həyatın dibidir, talesiz insanlar məhəlləsidir. Bu hekayələri oxuyarkən məndə bir sual da yarandı:
“Görəsən, xoşbəxt adamlar ədəbi personaj ola bilməzlərmi? Həyat bu qədərmi qaramatdı?”.
Əslində, bənzər sualları bir neçə il əvvəl mənim hekayələrimi oxuyan tələbə yoldaşım mənə ünvanlamışdı. Soruşmuşdu ki, sən niyə ancaq belə adamların obrazlarını yaradırsan, başqa xarakterli adamlar tanımırsanmı? O zaman həmin tələbə yoldaşımı sosializm realizminin təsirindən çıxa bilməyən, köhnə fikirli ədəbiyyat müəllimi hesab etmişdim. İndi Orxanın hekayələrini oxuyarkən bu suallar məndə niyə yarandı? Cavabı bilirəm: obrazların, xarakterlərin tale oxşarlığı…
Orxan Saffarinin son kitabındakı hekayələr onu deməyə əsas verir ki, gələcək yazılarında daha da müxtəlif talelərlə tanış olacağıq, çünki dəqiq və həssas müşahidəçi, müşahidələrini bədii mətnə gətirə bilən istedadlı yazıçıdır.
Elşən Əzim
Sizin reaksiyanız nədir?
Bəyən
0
Bəyənmədim
0
Sevgi
0
Əyləncəli
0
Əsəbi
0
Kədərli
0
Vay
0