"Yaz gətir, səni də çap edək" - Əlabbas İsa İsmayılzadəni xatırlayır
Yazıçı Ədəbiyyat Portalı Əlabbasın İsa İsmayılzadə haqqında yazısını təqdim edir.
İsa müəllimlə tanışlığımız, çox təəssüf ki, dava-dalaşla başlayıb və ildən uzun çəkib. Özü də o cür ki, heç barışmağa üz də saxlamamışıq. O vaxt bunun hər şeyin sonu olduğu zənnində idim, çünki bu mənim İsa İsmayılzadə ilə yox, ədəbiyyatla sonuncu döyüşüm idi.
Yaxşı ki, bizi barışdıran tapıldı. Amma əvvəlcə dava barədə…
Deməli, nəşriyyatlar yaxına qoymur ki, səni necə plana sala bilərik ki, yazıların heç qəzet-jurnal üzü görməyib. Redaksiyalar da dad qılır ki, İttifaq üzvlərinin qalaq-qalaq yazıları ağzıgünə qalıb, zəhmət çək, növbə gözlə.
Şəxsən mən səkkiz il növbə gözləmişəm…
Bəlkə də, həmin ərəfədə – söhbət təxminən səksən yeddi, səksən səkkizinci illərdən gedir – İsa müəllimin bu dünyada zəhləsi gedən ən birinci adam mən idim. Bunu əlimin içi kimi bilirdim, çünki onu bəs deyincə dəng eləmişdim. Məni görəndə dərhal yolunu dəyişirdi ki, üz-üzə gəlməyək. Vaxt olub ki, salamımı belə almayıb. Hətta bir dəfə – o vaxt “Azərbaycan”ın redaksiyası Baksovetlə üzbəüz, sonuncu mərtəbədə idi – bir yerdə qalxmayaq deyə, liftə minmədiyinin də şahidi oldum.
Görünür, daha zinhara gəlibmiş: lift gedib onu yuxarı qaldıran kimi, çıxıb məni pilləkənin başında dayanan gördü və qəzəblə soruşdu ki, bəs deyilmi onu cana yığdığım, niyə qoymuram işini görsün?
Suala bab cavab verəsi olsaydım, gərək vuruşaydıq: o işi ki, onlar görürdü, o işdən elə mən də görürdüm. Bəs onda məni niyə qoymurdular işimi görüm, o ki, görmək görmək idi…
– Bəlkə, otağınızda söhbət eləyək? – sağa-sola ötənlərə gözucu nəzər saldım və cavab gözləmədən ensiz, uzun dəhlizin lap o başında yerləşən kabinetinə tərəf elə yönəldim ki, sanki öz otağıma gedirdim. İstədiyim o idi ki, əksər vaxtlarda olduğu kimi, heç olmasa bu dəfə başdansovdu söhbət eləməyək, bilim görüm, bu xarabaya hələ çoxmu ayaq döyəcəm? Biz yan-yana addımlayır və heç nə danışmırdıq. Hiss eləyirdim ki, dişi bağırsağını kəsir; bəs nədi, həmişəkinin əksinə olaraq, bu dəfə üzə durmuşdum. Onu çaşdıran da elə bu idi.
– Şahmar kimi yazıçının hekayələri tökülüb qalıb, heç onu çap eləmirlər. Gedirsən, gəlirsən, bəsdi dəə… Sən ondan güclü yazıçısan? – otağa gircək, ayaq üstə dedi və oturmadı. Bunu başa düşməyə nə vardı ki? Yəni, tez ol sözünü de, qəmişini çək.
– Niyə də eləsinlər? Ağılları qaçıb?-mən otura-otura, başqa sözlə desək, yerimi bərkidə-bərkidə hərzə-mərzə danışdım,-Şahmar elə istedadsızdı ki, çap da eləyələr?
O məni təpədən-dırnağa çox diqqətlə və necə deyərlər, nümayişkaranə tərzdə süzüb gülümsünən təhər oldu. Bunun mənası o deyildimi ki, bu, yəni, doğrudan, sənsən, ya gözlərim məni aldadır? Bəlkə də, o, güman eləyirmiş ki, mən əbləhcəsinə kimin daha güclü olduğundan söhbət salacaq və hamı tək öz ayranımı tərifə başlayacam. Belə məqamda kürəkmi yerə vermək olar?
– Bilirsiniz, niyə gəlmişəm, İsa müəllim? – o qədər həlim və mülayim səslə dilləndim ki, o, sözümün ardını gözləmədən, dərhal keçib, yuxarı başda, öz yerində oturdu,-mənim yazımı çap eləməyin, ciddi sözümdü. Sizdən ayrı xahişim var.
Onsuz da sakit görkəmi olan kişi elə bil gözümdə bir az da fağırlaşdı və sevincək soruşdu ki, nə xahiş? Mən onda bildim ki, İsa müəllim nə diləsəm, hətta pul istəsəm belə, verməyə hazırdı, təki çap söhbətini dilə gətirməyəm.
Axx, bu zəhrimar çap!
– Sizə söz verirəm ki, – deyib onun əlini sıxdım. Artıq bu, kişi sözü idi, mən tərəfdən qətiyyən dəbbəsi-filanı ola bilməzdi, – bir də bura ayaq qoymayacam. Hiss eləyirəm ki, sizi çox yormuşam. Deyirdiniz, “Azərbaycan” yaşlı nəsil üçündü, amma məni qocaltdınız da, yazımı vermədiniz. Səkkiz ildi bu qapıya ayaq döyürəm. Qaytarın onu, çıxım gedim. İntəhası bir şərtim var, – bir görən olaydı, o məni necə diqqət və maraqla süzürdü; nə şərt, onu mən niyə diktə eləməli idim?-hesab eləyin, heç siz naşir deyilsiniz, burda da işləmirsiniz. Biz tamam ayrı bir yerdə görüşmüşük. Sizə yazı vermişəm, sadəcə bir ədəbiyyat adamı kimi, fikrinizi bilmək istəyirəm.
Nə bir kəlmə ağ, nə qara, şirin-şirin qımışaraq, yazının harda olduğunu soruşdu və əziyyətə qatlaşaraq qalxıb qovluqları, stolun siyirmələrini, köhnə şkafın rəflərini ələk-vələk elədi və axır ki, onu Mövlud Süleymanlının otağından tapdırıb gətizdirdi. Mən onda bildim ki, yazını il yarım əvvəldən İsa müəllimə verdiyini dəfən-dəfən car çəkən Mövlud müəllim yalan danışırmış. Onda da günah yox idi, o vaxt mənim kimi uşağı aldatmağa nə vardı ki?
Vərəqləri yolda qalan göz dibi kimi saralmış yazımı görəndə məni amansız bir qüssə bürüdü. Gör nə vaxtın ayrılanı idik? Səksən bir hara, səksən səkkiz hara? Bir anlığa elə bildim, günahkarların günahkarı mənəm ki, o, namərd əlində bu kökə düşüb. Səhifələri sürətlə gözdən keçirə-keçirə, hər şeyin yerində olduğunu görüb:
– Xoşunuz gəlməsə, cırıb atarsınız, halal eləyirəm, – dedim və cavab gözləmədən yeyin hərəkətlə qapıya səmt yönəldim. O cür can-dildən ki, yazını o axtarırdı, heç nə məni inandıra bilməzdi ki, onu oxumayacaq. Üstəlik, biz kişi sözü danışmışdıq axı…
Astanaya çatanda səlahiyyət sahibi kimi təkəbbürlə:
– Amma Şahmarı mütləq çap eləyin, – dedim və elə bil bununla səbbim alındı, dincəldim, sakitləşdim, içim rahatlandı. Əslində bu duyğunun səbəbi tamam başqa şey idi. Əvvəla, baş redaktorun müavini ilə nəsr şöbəsinin otaqları arasında aşılmaz səddə çevrilən bir lənətəgəlmiş divarı yarıb keçmək üçün “Köhnə kişi”yə nə az-nə çox, düz səkkiz il vaxt gərək olsa da, axır ki, o bunu eləyə və Mövlud müəllimin əlindən can qurtara bilmişdi. Bundan da vacibi o idi ki, uzun illərdən sonra özümçün gözəl bir qələm sahibinin nə xislət yiyəsi olduğunu birdəfəlik yəqinləşdirə bilmişdim. Bir allah bilə bilər ki, o vaxt bu, mənimçün nə deyilən şey idi!
Əlqərəz!
İsa müəllimlə təxminən ay yarımdan sonra, 190 saylı məktəbin həndəvərində qarşılaşdıq. Məni görən kimi, hələ aralıdan:
– Sən neyləmisən? – soruşdu, – xəbərin var?
O dəqiqə hiss elədim ki, şad xəbər eşidəcəm; üz-gözü çıraq kimi işıq saçırdı… Ayrı nə eləyə bilərdim, onu belə riqqətə gətirsin? Çatan saat ikiəlli çiyinlərimdən yapışdı. Sanki məni ilk dəfə idi görürdü, həftə səkkiz, mən doqquz, zəhləsini tökən elə bil mən olmamışdım.
– Yazın mətbəədədi. Mən bilən, yığılıb da,-xəbərini eşitmək nə qədər xoş olsa da, bu, məni silkələmədi, o ömürkəsən səkkiz il öz işini çox “ləyaqətlə”lə görmüşdü...
– Düzü, gözləməzdim, – deyən İsa müəllimin qəşəng, ala gözləri güldü, amma izah eləmədi ki, gözləmədiyi nə imiş. Ən çox ehtimalla, yaşım onu təəccübləndirə bilərdi, çünki mən bilən, biz boy-buxunda bir gələrdik. Lap az inandığımsa o idi ki, niyə mən haqqımı vaxtında və lazımınca tələb eləməmişəm?! Amma çox maraqlıdı ki, o elə bundan da yapışdı:
– Sən niyə demirdin ki, belə bir əsər yazmısan? Nə qədər gözəldi! – heyran-heyran baş bulamağını cavabsız qoymadım. Əslində, bu, barışıq elan eləməkdən də çox, mən tərəfdən üzrxahlıq idi, hərçənd qəlbimdə bütün umu-küsülərin üstdən hələ sonuncu görüşümüzdən qalın bir xətt çəkmişdim:
– Onu düz deyiblər ki, çəkişməsən, bərkişməzsən.
Mənə qoşulub güldü və:
– Unut getsin onları, – dedi, – yazı-pozu aləmində belə şeylər tez-tez olur. Gərək heç kim inciməsin. Bundan sonra bizdə sənə həmişə yaşıl işıqdı.
Təxminən bir aydan sonra bizi barışdıran “Köhnə kişi” işıq üzü gördü. Bir həftənin içində iki dəfə televiziyanın “Gənclik” və “Ədəbi jurnallarımızın səhifələrində” rubrikasında İsa müəllim yazımı tərifləyib göylərə qaldırdı. Ən kiçik detallarınacan belə onu xırdalayan sərraf dilindən barəmdə istedadlı nasir kəlməsini eşitməyin dadı uzun müddət damağımdan getmədi.
Az sonra “Azərbaycan” daha bir povest və hekayəmə yaşıl işıq yandırdı. Gərək düzünü deyəm: o yazıların heç birinin çapı ürəyimdən mənə lazım olan tikanı çıxartmadı; dava təzə-təzə qızışırdı, siyasət öz idbar və nəhəng ağzını açıb, hamı kimi söz adamlarını da kamına çəkməkdə idi…
P.S. Axıracan dediyimin üstə durub, günü bu günəcən də mənimlə düz sarımayan “Azərbaycan” tərəflərə bir daha üzükmədim. Təxminən doxsan üç-doxsan dördüncü illərdə balaca qardaşımla – biz bir-birimizə çox oxşayırıq – təsadüfən yolda rastlaşan İsa müəllim soruşar ki, niyə yoxa çıxmısan, daha yazı-zad gətirib eləmirsən. İşin nə yerdə olduğunu bilən qardışım cavab verəndə ki, yazan mən deyiləm, qardaşımdı, İsa müəllim halını pozmadan, özünəməxsus şirin gülüşlə:
– Eybi yox, - deyər, - yaz gətir, səni də çap eləyək…
Sizin reaksiyanız nədir?
Bəyən
1
Bəyənmədim
0
Sevgi
0
Əyləncəli
0
Əsəbi
0
Kədərli
0
Vay
0