Yavuz Axundlu: Elmi-ədəbi şəxsiyyəti və mənəvi-fiziki portretinin xarakterik cizgiləri

Avq 15, 2026 - 09:42
Avq 15, 2026 - 09:44
 0  12
Yavuz Axundlu: Elmi-ədəbi şəxsiyyəti və mənəvi-fiziki portretinin xarakterik cizgiləri

Lütviyyə Əsgərzadə

filologiya elmləri doktoru

Yavuz Axundlu - 100

Azərbaycan ədəbiyyatşünaslıq elmi XX əsrin ikinci yarısından etibarən janr formalarının nəzəri baxımdan sistemləşdirilməsi mərhələsinə qədəm qoymuşdur. Bu dövrün ən ciddi elmi problemlərindən biri bədii təxəyyül ilə tarixi faktın sintezindən yaranan tarixi roman janrının konseptual təhlili idi. Azərbaycan ədəbiyyatında tarixi roman janrının inkişafına, nəzəri-estetik prinsiplərinə dair tədqiqatların müəllifi olan filologiya elmləri doktoru, professor Yavuz Axundlu bu boşluğu dolduran, milli nəsrin poetikasını nəzəri-estetik prinsiplərlə əsaslandıran sistemli bir məktəb yaratmış, ədəbiyyatşünaslığımıza  "Tarixi roman və müasirlik”, "Azərbaycan sovet tarixi romanı”,  "Tarix və roman”, Məmməd Səid Ordubadi: həyatı, mühiti və yaradıcılığı”,  "İstiklalin Azaplı Yolu”,  İstiqlal şairləri”, "Tarixi roman yeni mərhələdə”, “Azərbaycan tarixi romanı: mərhələlər, problemlər: 1930–2000”, “Karabağ - İmdat Çığlığı (Karabağ Harayı)”,Ədəbi yaddaşdan səhifələr”,Ədəbi portretlər” və s. kimi dəyərli tövhələr vermişdi.

Tədqiqatlarında Azərbaycan ədəbiyyatında tarixi mövzulu nəsr əsərlərinin təkamülünü, nəzəri-estetik problemlərini araşdırmış, müasir ədəbi prosesi izləmiş, Milli azadlıq, müstəqillik ideyalarını tərənnüm edən yazıçı və şairlərin yaradıcılığını təhlil etmiş, yaradıcılıq yoluna işıq salmış, XX əsr Azərbaycan ədibləri haqqında yazdığı  “Ədəbi portretlər” kitabında Mirzə Cəlil, Mirzə Ələkbər Sabir, Bəxtiyar Vahabzadə və Məmməd Araz kimi nəhənglərin portretini cızmışdır. Məqalədə, Naxçıvan elmi mühitinin patriarxi, 60-cı illər ziyalı nəslinin mübariz ruhlu elm fədaisi, professor Yavuz Axundlunun elmi, ədəbi, fiziki və mənəvi portretinı təsvir etməyə, elmi cığırını izləməyə çalışacağıq.

Yavuz Axundlu deyincə, gözümüzün önündə klassik geyim tərzi, saçlarına qonmuş elmin gümüşü ağlığı, üzündəki Ordubad torpağının istiliyi və təmkinli duruşu ilə kitabların tozlu səhifələrindən gələcəyi kimi gördüyü tələbələrinə dikilən, həm tələbkar, həm də ata qayğısı ilə dolu nurlu nəzərlərlə onlara dərs verən bir elm fədaisi canlanır.

Naxçıvan Dövlət Universitetinin auditoriyalarında mühazirələrini dinləmiş, ondan elmi xeyir-dua almış minlərlə tələbənin yaddaşında özünəməxsus cizgilərlə, təmkini, ağırlığı, nurani, ağsaqqal siması, ağayana davranışı, səliqə-sahmanlı geyimi ilə qalan Yavuz Axundlu həm də ziyalı nəslin nümayəndəsi (babası və atası da respublikada nüfuz sahibinə çevrilmiş müəllimlər olub) və davamçısı kimi xatırlanır. Onun el-obada böyük nüfuz sahibi olan atası, görkəmli maarif xadimi, Əməkdar müəllim İbrahimxəlil  şagirdləri və tələbələri tərəfindən daima hörmətlə anılıb. Estafeti atası İbrahimxəlildən alan Yavuz müəllim ömrünün 70 ilini pedoqoji fəaliyyətlə məşqul olub. Onun yaratdığı filologiya məktəbi bu gün Azərbaycan humanitar elminin intibahını təmin edən nəhəng bir alimlər ordusunu yetişdirmişdir. Onun birbaşa tələbəsi, aspirantı olmuş və ya elmi rəhbərliyi altında formalaşaraq müasir elmimizdə söz sahibinə çevrilmiş görkəmli simalar: bu gün AMEA-nın Prezidenti olaraq Azərbaycan elminə rəhbərlik edən və ustadının elmi prinsiplərini dövlət səviyyəsində davam etdirən akademik İsa Həbibbəyli, filologiya elmləri doktoru, professor, AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Ədəbiyyat nəzəriyyəsi şöbəsinin müdiri Tahirə Məmməd,  filologiya elmləri doktoru, professor mərhum Məhərrəm Cəfərli, filologiya elmləri doktoru, professor Əsgər Qədimov, müəllimi Yavuz Axundlu ilə birgə kitablar və metodik vəsaitlər ərsəyə gətirmiş filologiya elmləri doktoru, professor mərhum Hüseyn Həşimli, Naxçıvan ədəbi mühitinin mətbuat tarixini, elmi və bədii qaynaqlarını araşdıran filologiya elmləri doktoru, professor Fərman Xəlilov, klassik və müasir ədəbi prosesin təhlilində Yavuz Axundlu məktəbinin tənqidi metodologiyasını uğurla tətbiq edən filologiya elmləri doktoru Yusif Səfərov, Naxçıvanın ədəbi-tarixi yaddaşını tədqiq edən müasir nəslin aparıcı nümayəndələrində filologiya elmləri doktoru Ramiz Qasımov, NDU-də və AMEA-nın institutlarında folklor, mətnşünaslıq və tənqid sahəsində ustadın regional elmi məktəbini layiqincə təmsil edən filologiya üzrə fəlsəfə doktorları İman Cəfərli, Elxan Yurdoğlu bu gün təkcə Naxçıvanda deyil, bütövlükdə Azərbaycan və beynəlxalq türkologiya elmində fundamental elmi şuraların, monoqrafiyaların və dövlət layihələrinin həyata keçirilməsinə rəhbərlik edirlər.

O, Naxçıvan Dövlət Universitetinin təməlini qoyanlardan biri kimi Naxçıvan Dövlət Universitetində (1967-1972 - APİ-nin Naxçıvan filialı, 1972-ci ildən isə Naxçıvan Dövlət Universiteti adlanıb), hələ sağlığında özünün 50-yə yaxın tələbəsi ilə birlikdə çalışıb. Azərbaycanın görkəmli alim-pedaqoqları, Mikayıl Rəfili, Mir Cəlal, Abbas Zamanov, Əbdüləzəl Dəmirçizadə, Mirzə Feyzulla Qasımzadə, Əzizə Cəfərzadədən aldığı elmi bilikləri böyük məhəbbətlə gənc nəslə  ötürüb, Azərbaycan ədəbiyyatını öyrədib, mənalı və şərəfli ömrünü mənəvi sərvətlərimizin aşılanmasına xidmət edib.

Professor Yavuz Axundlunun şəxsiyyətində və yaradıcılığında 60-cı illər ziyalı nəslinin mübariz ruhu hakim olub.  Və bu sadəcə bir xronoloji fakt deyil, onun bütöv mənəvi kimliyini, elmi və ictimai fəaliyyətini formalaşdıran əsas ideoloji sütundur. Azərbaycan mədəniyyətində altmışıncılar” hərəkatı sovet rejiminin ideoloji buxovlarına qarşı milli oyanışın, dildə, tarixdə və ədəbiyyatda istiqlal axtarışlarının rəmzi olduğu kimi, Yavuz müəllim də, məhz bu ruhun Naxçıvan elmi-ədəbi mühitindəki ən sadiq və mübariz daşıyıcısı olub. Tarixin təhrif olunmasına və milli kimliyin sıxışdırılmasına qarşı gəlib. Sovet ideologiyasının hökm sürdüyü bir dövrdə Məmməd Səid Ordubadi irsini, onun tarixi romanlarını araşdırarkən dövrün senzurası ilə üz-üzə gəlib, nəsrdə millətin keçmişini, Cənubi Azərbaycan dərdini, tarixin gizli qalan qəhrəmanlıq səhifələrini ön plana çıxarıb, Kommunist partiyasının tələb etdiyi "fəhlə-kəndli" mövzularının kölgəsində qalmış milli mənlik şüurunu elmi müstəviyə daşıyıb. Bakı və Naxçıvan elmi mühitləri arasında mənəvi körpü qurub. 60-cılar nəslinin mübariz ruhundan qidalanan Yavuz Axundlu repressiya qurbanlarının adını yenidən ədəbiyyata qaytaran, sovet rejiminə etiraz səsini ucaldan ustad alim Abbas Zamanov məktəbinin yetirməsi, eyni zamanda sadiq dostu olub Bəxtiyar Vahabzadə, Məmməd Araz və Xəlil Rza Ulutürk kimi 60-cı illər poetik oyanışının bayraqdarları ilə olan sıx təmasları onun içindəki istiqlal alovunu daima canlı saxlayıb. Bakıdakı bu azadlıq aurasını Naxçıvan auditoriyalarına daşıyan mənəvi bir elçi olub. Müstəqillik illərində yazdığı əsərlərdə mübariz ruhu tam azadlığına qovuşan alimin "İstiqlalın əzablı yolu" tədqiqatı məhz 60-cı illərdə toxumu səpilən, lakin dilə gətirilməsi qadağan olan fikirlərin manifestidir. "Repressiya olunmuş, mühacirət etmiş və ya sovet dövründə yaradıcılığı senzuralanmış, yasaqlanmış şair və yazıçıların hüquqlarını elmi müstəvidə müdafiə edən Yavuz Axundlu, kafedrada sadəcə mühazirə oxumaqla kifayətlənməmiş, tədqiqatları ilə milli ədəbi yaddaşın bərpasına və tarixi ədalətin təmin olunmasına mühüm töhfələr vermiş", uzun illər boyu qadağan olunmuş əsərlərin obyektiv tənqidi və təhlili ilə məşğul olmuşdur.

Auditoriyanı istiqlal məktəbinə çevirən Yavuz müəllim üçün tələbələrinə mühazirə oxumaq sadəcə tədris proqramını tamamlamaq olmamış, əksinə professor onlara milli məfkurə aşılamaq missiyasını yüklənmişdi. Auditoriya qapısını bağlayıb mühazirəyə başlayanda onun məqsədi tələbələrinə sadəcə ədəbi faktları öyrətmək deyildi. Professor tələbələrinə istiqlal şairlərinin çəkdiyi əzabları, repressiya qurbanlarının fədakarlığını, “60-cı illərin oyanış gurultusunu, Bəxtiyarın hiddətini, Məmməd Arazın vətən ağrısını tələbələrinin ruhuna köçürürdü. Yavuz müəllim gənc tələbələrə “müstəqillik sadəcə siyasi bir akt deyil; o, əsrlərlə davam edən mənəvi mübarizənin bədii süzgəclərdən keçib gələn qələbəsi” olduğunu vurğulayır, tələbələrinə sadəcə keçmişi öyrətməklə qalmayıb, həm də qazanılan müstəqilliyin qədrini bilməyi, onu qorumağı hər bir vətəndaşın borcu olduğunu aşılayırdı. “Sistem ondan sovet ideologiyasına xidmət edən quru tezislər tələb edəndə, o, tarixin dərinliklərinə enib millətin azadlıq genini axtarıb tapır və onu gəncliyə aşılayırdı. Bu, səssiz, lakin dərindən işləyən bütöv bir ziyalı nəslinin mübarizə taktikası idi.”

Tarixi roman janrının elmi epopeyasını yaradan Yavuz Axundlu təkcə ölkəmizdə deyil, Türk dünyasında da tanınır, sevilir və oxunurdu. Onun araşdırmaları Azərbaycan hüdudlarını aşaraq ortaq Türkiyənin paytaxtında, türk mədəniyyətinin mərkəzlərindən olan Ankara elmi mühitində ciddi şəkildə dəyərləndirilmişdir. Alimin Türk dünyasına körpü salan "İstiqlal şairləri" tədqiqatı Türkiyənin ədəbiyyat dairələrində Azərbaycanın azadlıq mübarizəsinin bədii salnaməsi kimi qəbul olunmuş, Ankaranın mötəbər universitetlərində və elmi konfranslarında onun bu əsərləri vasitəsilə Azərbaycan ədəbiyyatındakı istiqlal ruhu türk dünyasına bütöv şəkildə təqdim edilmişdi. Professorun  “İstiqlalın əzablı yolu” tədqiqatı sadəcə kitab rəflərini bəzəyən bir monoqrafiya deyil, onun auditoriyada titrəyən və məğrur səsi ilə tələbələrinin qəlbinə köçürdüyü azadlıq manifesti idi. Ankara elmi mühitində səs salan bu əsərlər ustadın mühazirə masasını bir istiqlal kürsüsünə çevirir, ordan boylanan vətənpərvərlik alovu isə gənc filoloqların gələcək yoluna işıq saçırdı.”

Ankara elmi mühitində böyük səs salan "İstiqlalın əzablı yolu""İstiqlal şairləri" əsərləri alimin elmi portretini tamamlayan pik nöqtəsidir. Professor Yavuz Axundlu bu fundamental monoqrafiyalar vasitəsilə, mühazirə masasını bir istiqlal kürsüsünə çevirmişdi. Onun Ankaranın mötəbər universitetlərində Azərbaycanın azadlıq mübarizəsinin bədii salnaməsini Türk dünyasına təqdim edir, tələbələrinə müstəqilliyin sadəcə siyasi bir akt deyil, qorunmalı olan ali bir mənəvi dəyər və vətəndaşlıq borcu olduğunu öyrədirdi 

 

Bəhs etdiyimiz kimi, Yavuz Axundlu həm də Azərbaycan ədəbiyyatı nəhənglərinin bənzərsiz ədəbi portretlər qalereyasını yaradan sənətkar, XX əsr Azərbaycan ədibləri haqqında “Ədəbi portretlərkitabının müəllifidir.  Adından da göründüyü kimi, kitabda XX əsr Azərbaycan ədəbiyyatının görkəmli nümayəndələri haqqında məqalə və oçerklər toplanıb. XX əsrin ağır və mürəkkəb şəraitində 1920-30-cu illərin təqiblər və sürgünlər dövründə yaşayıb-yaratmış ədiblərin yaradıcılığı, sənətkarlıq uğurları barədə söz açılıb. Filologiya elmlər doktoru, professor Kamran Əliyev kitabın girişində Y.Axundlunun ədəbiyyatşünaslıq və ədəbi-tənqidi fikrimizdə nəsrin nəzəri və aktual problemləri ilə ardıcıl məşğul olan, Azərbaycan nəsrinin tarixi inkişaf mərhələlərinin mövzu, ideya və qəhrəman problemlərini köklü şəkildə araşdırmaqla daha çox tanınan mötəbər söz sahibi olduğunu qeyd edib. Məqalə-oçerklərin birində tarixi romanlar müəllifi M.S.Ordubadinin sürgünlük həyatından, onun mətbuat sahəsindəki xidmətlərindən, arxivindəki sənədlərə əsasən, vaxtilə ona qarşı atılan böhtanlardan bəhs olunub. M.S.Ordubadinin “Qanlı sənələr” kitabının millətçilik aşılayan bir əsər kimi damğalandığı, repressiya dövründən sonra da yazıçıya qarşı təqiblərin davam etdiyi bildirilib. Yazıçının Qafqazda baş vermiş “erməni-müsəlman davası”nın tarixi kimi 245 müxbirin məktubu əsasında qələm aldığı “Qanlı sənələr” əsəri haqqında geniş məlumat verilib. Kitabda XX əsr Azərbaycan ədəbiyyatının bənzərsiz sənətkarı, filosof şair-dramaturq Hüseyn Cavidin həyat və yaradıcılığını əhatə edən mühüm faktlar yer alıb, “Məsud və Şəfiqə” poemasının, “Şeyda”, “Uçurum”, “Şeyx Sənan”, “İblis” faciələri təhlili olunub. Bu zaman  tədqiqatçı Azər Turanın “Hüseyn Cavid”, professor Kamran Əliyevin “Hüseyn Cavid: həyat və yaradıcılığı”, professor Cəlal Qasımovun “Cavidi məhbəsə aparan yol” monoqrafiyalarından şair haqında dəyərli fikirlərə də yer verilib. Nəşrdə görkəmli ədib Yusif Vəzir Çəmənzəminlinin həyat və yaradıcılığı haqqında mühüm məlumatlar öz əksini tapıb. Yazıçının “Qızlar bulağı”, “İki od arasında” və digər əsərlərinin yazılma səbəbləri, mövzuları haqqında söz açılıb. İstiqlal şairi Əhməd Cavaddan bəhs edən oçerkdə şairin şərəfli və keşməkeşli həyatı, onun və ailəsinin yaşadığı müsibətlər verilib, şairin şeirlərindən nümunələr təqdim edilib. Dramaturq Cəfər Cabbarlı oçerkində onun məşhur dram əsərləri, dəyərli yaradıcılıq nümunələri barədə mülahizələri öz əksini tapıb. Kitabda Azərbaycan ədəbiyyatının Süleyman Rüstəm, Mir Cəlal Paşayev, Mehdi Hüseyn, Sabit Rəhman, Mirzə İbrahimov, Mikayıl Müşfiq, Səməd Vurğun, Əbülhəsən, Ənvər Məmmədxanlı, Rəsul Rza, Süleyman Rəhimov, İsmayıl Şıxlı, İlyas Əfəndiyev, Məhəmmədhüseyn Şəhriyar, Balaş Azəroğlu, Almas İldırım, Nəbi Xəzri, Bəxtiyar Vahabzadə, Xəlil Rza Ulutürk, Məmməd Araz kimi parlaq simaların irsi, ömür yolu maraqlı faktlar işıqlandırılıb.

Bütövlükdə, professor Yavuz Axundlu  kitabda "Azərbaycanın ədəbi və elmi mühitinin görkəmli nümayəndələrinin xüsusi təhlilini təqdim edib, Mirzə Cəlil, Sabir, Bəxtiyar Vahabzadə və Məmməd Araz kimi nəhənglərin portretlərini çəkib. Sabirin satirasındakı intibahı və Rəsul Rzanın rənglər fəlsəfəsini, Məmməd Arazın vətən kədərini, Xalq yazıçıları Anar və Elçinin nəsrindəki ziyalı axtarışlarını eyni bir mənəvi süzgəcdən keçirir, həmçinin dostları və həmkarları filologiya elmləri doktoru, professor Abbas Zamanov və  filologiya elmləri doktoru, professor Yusif Seyidovun fəaliyyətini təhlil edərək XX əsr ziyalılığının parlaq mənzərəsini yaradıb. “Regional mədəniyyəti ümummilli müstəviyə qaldıran şair Hüseyn Razinin irsini araşdırarkən, onun misralarında Bakıdan Təbrizə qədər uzanan Bütöv Azərbaycan ideyasının vuran nəbzini kəşf edib”. Təhlil etdiyi sənətkarların idealları ilə bütövləşən Yavuz Axundlunun ədəbi obrazının nüvəsini azadlıq və müstəqillik məfkurəsi təşkil edir. Xalqın azadlıq mübarizəsini əks etdirən əsərlərə xüsusi sevgisi onu ədəbiyyat tariximizdə mənəvi azadlıq carçısı kimi xarakterizə edir. Məmməd Səid Ordubadi, Bəxtiyar Vahabzadə və Xəlil Rza Ulutürk kimi nəhənglərin obrazlar qalereyasını açmaqla, özü də ədəbi mühitdə sənətə və sənətkara obyektiv, həm də doğma yanaşan ustad sənətşünas obrazı qazanmışdır

Professor Yavuz Axundlunun elmi əsərlərindən və ədəbi fəaliyyətindən boylanan ədəbi-mənəvi obrazı onun tədqiq etdiyi qəhrəmanların fonunda ucalan maarifpərvər alim, vətəndaş tənqidçi və milli yaddaşın qoruyucusu simasıdır. Alim bədii əsərlərdəki tarixi obrazları təhlil edərkən, keçmişi sadəcə arxiv faktı kimi deyil, müasir oxucunun mənəviyyatını formalaşdıran canlı örnək kimi təqdim edir. Onun obrazı keçmişlə bu gün arasında möhkəm bir mənəvi körpüdür. Tədqiqatçıların qeyd etdiyi kimi, alim istiqlal şairlərinin mübariz ruhunu araşdırarkən, sətirlər arasından özünün də maarifpərvər, vətənpərvər və müdrik ağsaqqal obrazı canlanır.

Azərbaycan elmi-ədəbi fikrində Yavuz Axundlunun elmi portretini tarixi roman janrının elmi epopeyasını yaradan fundamental tədqiqatçı, istiqlal məfkurəli ədəbiyyatşünas və regional elmi mühitin banisi kimi təsvir edə bilərik. Tarixi roman janrının nəzəriyyəçisi, istiqlal məfkurəli tənqidçi olaraq Sovet ideologiyasının hakim olduğu dövrlərdə belə milli azadlıq və müstəqillik ideyalarını qoruyan "istiqlal şairləri"nin yaradıcılığını cəsarətlə tədqiqata cəlb etmiş, sistemli və monoqrafik yanaşma, yazdığı hər bir elmi məqalə, bütöv bir ədəbi mərhələni və ya sənətkarı tam əks etdirən yığcam bir monoqrafiya təsiri bağışlayır.  Azərbaycanda bədii nəsrdə tarixilik problemini sistemli şəkildə araşdıran ilk alimlərdən olan Yavuz Axundlu Məmməd Səid Ordubadi irsinin, xüsusilə "Dumanlı Təbriz" romanının ən mühüm tədqiqatçısı hesab olunur.

Bütövlükdə alimin elmi əsərlərindən və ədəbi fəaliyyətindən boylanan ədəbi-mənəvi obrazının əsas cizgilərini aşağıdakılar təşkil edir.  Yavuz Axundlu bədii əsərlərdəki tarixi obrazları təhlil edərkən, keçmişi sadəcə arxiv faktı kimi deyil, müasir oxucunun mənəviyyatını formalaşdıran canlı örnək kimi təqdim edir, tarixlə müasirliyin vəhdətini yaradır. Alimin obrazı keçmişlə bu gün arasında möhkəm bir mənəvi körpüdür.  Tədqiqatçıların qeyd etdiyi kimi, alim istiqlal şairlərinin mübariz ruhunu araşdırarkən, sətirlər arasından özünün də təhlil etdiyi sənətkarların idealları ilə bütövləşən vətənpərvər obrazı canlanır. Xalqın azadlıq mübarizəsini əks etdirən əsərlərə xüsusi sevgisi onu ədəbiyyat tariximizdə mənəvi azadlıq carçısı kimi xarakterizə edir. Məmməd Səid Ordubadi, Bəxtiyar Vahabzadə və Xəlil Rza Ulutürk kimi nəhənglərin obrazlar qalereyasını açmaqla, özü də ədəbi mühitdə sənətə və sənətkara obyektiv yanaşan sənətşünas obrazı qazanmışdır.

Yavuz Axundlu elmdə konyunkturaya uymayan, prinsipial mövqeyi ilə seçilən bir tədqiqatçıdır. Tarixi roman janrının elmi epopeyasını yaradan fundamental nəzəriyyəçi, cəsarətli ədəbi tənqidçi və Naxçıvan Dövlət Universitetində regional ədəbiyyatşünaslıq məktəbinin əsasını qoyan ustad alimdir. O, keçmiş tarixlə müasir dövrün ədəbi-nəzəri analizini mükəmməl şəkildə birləşdirmiş, Azərbaycan ədəbiyyatşünaslığında bədii nəsrin ən çətin sahələrindən olan tarixi roman janrının inkişaf qanunauyğunluqlarını sistemə salmışdır. Sovet dövrünün sərt ideoloji buxovlarına rəğmən, əsərlərində xalqın milli azadlıq ruhunu, dövlətçilik ənənələrini ön plana çəkmişdir. Sonradan ərsəyə gətirdiyi "İstiqlal şairləri" monoqrafiyası onun elmi yaradıcılığının məntiqi zirvəsidir. Regional mühitdə, xüsusən Naxçıvan Dövlət Universitetində çalışdığı 50 ildən artıq dövrdə bütöv bir filoloqlar nəsli yetişdirmiş, elmi Bakı mərkəzindən regiona daşımağı bacarmışdır.

Naxçıvan folkloru, "Kitabi-Dədə Qorqud", Nizami Gəncəvi irsi ilə məşğul olan professor, Naxçıvan ədəbi mühitinin görkəmli nümayəndələrindən, bədii ədəbiyyat fədakarları Məhəmməd ağa Şahtaxtlı, Cəlil Məmmədquluzadə, Məmməd Səid Ordubadi, Hüseyn Cavid, Əvəz Sadıq, Hüseyn İbrahimov haqqında qiymətli sözlər deyib. Həmçinin Naxçıvanda ədəbi-mədəni həyat (1920-80) haqqında (Məmməd Səid Ordubadi, Mirzə Cəlilin qayını Məmmədqulu bəy Kəngərli, Hüseyn Razi, Rafiq Babayev, Vaqif Məmmədov, Nağı Nağıyev, Ramiq Muxtar, Qafar Qərib, Lütviyyə Əsgərzadə), Naxçıvanın elmi maarifçi mühiti barəsində (Naxçıvan Dövlət Universitetinin yaranma tarixi, Əli Əliyev, Əsəd Cəfərli, Nəsir Məmmədov, İzzət Maqsudov, Arif Misirli, İsrafil Məmmədov), Naxçıvan teatrı və teatrşünasları (Əli Xəlilov, İbrahim Həmzəyev və b.) haqqında qiymətli yazıların müəllifidir.

Onu tanıyanların xatirələrində professorun fiziki portreti daxili dünyasının güzgüsü kimi təsvir olunur: hər zaman nizamlı, rəsmi və mədəni geyimi ilə seçilən Yavuz müəllim, universitet dəhlizlərində öz duruşu ilə belə ətrafda intizam və hörmət aurası yaradan ziyalı, sərt və ciddi elmi prinsiplərinə baxmayaraq, tələbələri ilə ünsiyyətdə gözlərindəki səmimi parıltı və mülayim təbəssüm heç vaxt əskik olmayan, yaşının gətirdiyi müdrikliklə nurlanmış bir çöhrə, təmkinli, ciddi, lakin eyni zamanda, olduqca səmimi və xeyirxah baxışlara malik klassik müəllim siması, mədəni duruşu və ziyalı görkəmi ilə əsl Azərbaycan ağsaqqalının fiziki təcəssümü, ağ saçları, təmkinli yerişi, üzündəki xeyirxah ifadə klassik Azərbaycan müəlliminin və müdrik ağsaqqalın fiziki simvolu.

Yavuz müəllim tələbələrinin və həmkarlarının yaddan çıxmayan xatirələrində ilk növbədə özünəməxsus akademik dəqiqlik və ziyalı görkəmi ilə canlanır. Universitet dəhlizlərində zəng çalınmamışdan öncə görünən, klassik geyim tərzi, saçlarına qonmuş elmin gümüşü ağlığı və üzündəki Ordubad torpağının istiliyi ilə seçilən bu insan məkana elmin müqəddəsliyini gətirirdi. O, auditoriyaya girəndə auditoruyaya sadəcə bir müəllim daxil olmurdu; bütöv bir intellektual mühit, klassik aristokratizm bərqərar olurdu. Onun tələbkar, lakin ata qayğısı ilə dolu nurlu nəzərləri gənc filoloqlara elmin özünə və zamana hörməti aşılayırdı.

Bütövlükdə, Azərbaycan ədəbiyyatşünaslıq elminin bütöv bir mərhələsi, Naxçıvan elmi-ədəbi mühitinin patriarxı professor Yavuz Axundlu təkcə yazdığı monoqrafiyalarla deyil, həm də şəxsiyyətinin bədii-nəzəri monumentalizmi ilə silinməz bir ustad obrazıdır. Onun ədəbi portreti — qətiyyət, milli təfəkkür, akademik təmkin və bitib-tükənməyən bir vətən sevgisinin vəhdətindən ibarətdir. Özündən sonra bütöv bir ədəbiyyatşünaslar ordusu – "Yavuz Axundlu məktəbi"ni qoyub gedən alim tələbələri üçün sadəcə dissertasiya rəhbəri və ya imtahan götürən bir professor deyil, ömrünün sonuna qədər qapıları gənc tədqiqatçıların üzünə açıq olan bir mənəvi ata idi.

Yavuz Axundlunun Naxçıvan ədəbi mühitinin inkişafındakı tarixi xidmətləri bölgənin elmi və bədii potensialını ümummilli səviyyəyə qaldıran fundamental fəaliyyət proqramı xarakteri daşıyır. Onun yarım əsrdən çox davam edən fəaliyyəti regionun ədəbi simasını köklü şəkildə dəyişmişdir.

Professorun bu sahədəki tarixi xidmətlərini dörd əsas istiqamətdə təsnifləndirə bilərik: Naxçıvan Dövlət Universitetinin ilk qurucularından biri olaraq tədris işləri üzrə prorektor, dekan və uzun illər ədəbiyyat kafedrasının müdiri vəzifələrində çalışmış Yavuz Axundlu institutun Bakı mərkəzli elmi asılılıqdan çıxıb müstəqil akademik mərkəzə çevrilməsində misilsiz xidmətlər göstərmişdir. Məmməd Səid Ordubadi başda olmaqla, Cəlil Məmmədquluzadə, Əlirza Rasizadə, Eynəli Sultanov və Əlirza Qəmküsar kimi regionun yetişdirdiyi nəhəng simaların ədəbi irsini unudulmaqdan qorumuş, onları monoqrafik tədqiqatlarla yenidən ədəbi dövriyyəyə qaytarmışdır. Ömrünün böyük bir hissəsini həsr etdiyi Naxçıvan Dövlət Universiteti (universiteti həm də alimin elmi-pedaqoji konsepsiyalarının mərkəzi regional bazasına çevrilmişdir) mühitində silinməz izlər buraxmışdır.

Yavuz Axundlunun yaratdığı filologiya məktəbi bu gün Azərbaycan humanitar elminin intibahını təmin edən, bu gün Azərbaycan elmində söz sahibi olan  nəhəng bir alimlər ordusunu yetişdirmişdir. Tələbəsi, aspirantı olmuş və ya elmi rəhbərliyi altında formalaşaraq müasir elmimizdə söz sahibinə çevrilmiş görkəmli  alim, akademik İsa Həbibbəyli bu gün AMEA-nın Prezidenti olaraq Azərbaycan elminə rəhbərlik edir və ustadının elmi prinsiplərini dövlət səviyyəsində davam etdirir.

Yazımızı görkəmli alimin elmi, ədəbi və mənəvi portretinin vacib xarakterik cizgiləri ilə yekunlaşdırmaq yerinə düşər. Yavuz Axundlunun elmi portretinin xarakterik cizgilərini obyektivlik, təməlçilik və yüksək akademik sistemlilik təşkil edir. O, ədəbiyyat tariximizin qaranlıq səhifələrinə, xüsusilə repressiya və mühacirət irsinə işıq salan fundamental araşdırmaların müəllifidir. Alimin dərininə təhlilçi xarakteri özünü unudulmuş və ya qadağan olunmuş sənətkarların hüquqlarını elmi müstəvidə müdafiə edən arxiv fədakarlığında göstərir. Faktlara əsaslanan, emosiyalardan uzaq və dövrün reallıqlarını obyektiv qiymətləndirən bu fəaliyyət bütöv bir elmi məktəbin formalaşmasına zəmin yaratmışdır.

Onun ədəbi portreti isə bədii-estetik zövqün, milli tənqidçiliyin və yüksək söz sərraflığının harmoniyasından ibarətdir. Yavuz Axundlu ədəbi prosesə ideoloji bucaqdan deyil, milli təfəkkür prizmasından yanaşaraq yaradıcılıq nümunələrini bədii dəyərinə görə qiymətləndirmişdir. O, təhlil etdiyi yazıçı və şairlərin daxili dünyasına, xüsusilə Cavid fəlsəfəsinin dərinliklərinə nüfuz etmək və bu incə ştrixləri oxucuya çatdırmaq məharətinə malik sənətkardır. Alimin elmi və ədəbi-tənqidi yazılarında istifadə etdiyi mükəmməl, axıcı və zəngin Azərbaycan türkcəsi onun ədəbi simasını tamamlayan ən mühüm göstəricidir.

Bütün bu keyfiyyətlərin fövqündə dayanan mənəvi portreti isə Yavuz Axundlunun elmdə və həyatda bir vicdan və şərəf təcəssümü olduğunu təsdiqləyir. Konyunkturaya və dövrün siyasi kükrəmələrinə heç vaxt boyun əyməyən, öz elmi və insani prinsiplərinə sadiq qalan sarsılmaz mənəvi bütövlüyə malik şəxsiyyət olmuşdur. Onun mənəvi portretini tamamlayan əsas cizgi - alim prinsipiallığı ilə insanı ucaldan alicənablığın vəhdətidir. Repressiya qurbanlarının və unudulmuş sənətkarların haqqını bərpa etməyi özünə vətəndaşlıq borcu bilməsi alimin yüksək tarixi ədalət duyğusundan xəbər verir. Gənc nəsillərə yol göstərən təmənnasız dəstəyi, xeyirxahlığı və müdrikliyi ilə o, Naxçıvan elmi-ədəbi mühitinin mənəvi mayakı və əsl ağsaqqalı statusunu qazanmışdır. Yavuz Axundlu təkcə yazdığı əsərlərlə deyil, həm də xarakterindəki bütövlük, ziyalılıq missiyasına sadiqlik və gənc nəslə göstərdiyi təmənnasız qayğı ilə elm tariximizdə unudulmaz bir mənəvi örnək buraxmışdır.

Professorun fiziki portreti onun daxili dünyasındakı ziyalı kübarlığının və mənəvi ucalığının aynasıdır. Naxçıvan mühitinin və köklü nəslin gətirdiyi nəcib keyfiyyətlər alimin yaşın təsirinə tabe olmayan dik, məğrur və vüqarlı qamətində özünü büruzə verir. Onun nurlu simasındakı təmkin və gözlərindəki dərin elmi axtarış ifadəsi ziyalılara xas olan xarizmatik ciddiyyətlə birləşir. Həmişə səliqəli, rəsmi və özünəhörməti əks etdirən klassik geyim tərzi Yavuz Axundlunun universitet mühitində seçilən, nizam-intizam və alicənablıq nümunəsi olan ustad obrazını tamamlayır.Bütün bu keyfiyyətlərin fövqündə dayanan mənəvi portreti isə Yavuz Axundlunun elmdə və həyatda bir vicdan və şərəf təcəssümü olduğunu təsdiqləyir. O, konyunkturaya və dövrün siyasi kükrəmələrinə heç vaxt boyun əyməyən, öz elmi və insani prinsiplərinə sadiq qalan sarsılmaz mənəvi bütövlüyə malik şəxsiyyətdir. Repressiya qurbanlarının və unudulmuş sənətkarların haqqını bərpa etməyi özünə vətəndaşlıq borcu bilməsi alimin yüksək tarixi ədalət duyğusundan xəbər verir. Gənc nəsillərə yol göstərən təmənnasız dəstəyi, xeyirxahlığı və müdrikliyi ilə o, Naxçıvan elmi-ədəbi mühitinin mənəvi mayakı və əsl ağsaqqalı statusunu qazanmışdır.

Bütövlükdə, Yavuz Axundlunun elmi portretindəki obyektivlik, ədəbi baxışındakı milli estetik zövq, xarici görkəmindəki ziyalı vüqarı və mənəviyyatındakı sarsılmaz ədalət hissi bir-birini tamamlayan ən vacib ştrixlərdir. Yavuz Axundlu Azərbaycan elmi və bədii təfəkküründə təkcə fundamental tədqiqatları ilə deyil, həm də bütöv şəxsiyyəti ilə silinməz iz qoymuşdur. Bu bütövlük onu sadəcə bir tədqiqatçı deyil, milli yaddaşın keşiyində duran həqiqi bir elm fədaisi kimi tarixə həkk etmişdir. Bu gün ruhu elm məbədində əbədi həyata qovuşmuş görkəmli ədəbiyyatşünas Yavuz Axundlunun elmi, zahiri və mənəvi portreti bütövlükdə Azərbaycan ziyalılığının etalonudur.

Sizin reaksiyanız nədir?

Bəyən Bəyən 0
Bəyənmədim Bəyənmədim 0
Sevgi Sevgi 0
Əyləncəli Əyləncəli 0
Əsəbi Əsəbi 0
Kədərli Kədərli 0
Vay Vay 0
Tural Adışirin AMEA-nın Şəki Regional Elmi Mərkəzinin "Ədəbi-mədəni mühit və folklor" şöbəsinin elmi işçisi, Yazici.az ədəbiyyat portalının baş redaktoru