Yol metroya gedirdi - Hekayə
Yazıçı Ədəbiyyat Portalı Nazilə Gültacın "Yol metroya gedirdi" hekayəsini təqdim edir.
Toy sahibi uzaq tanışım olduğundan, toya dəvət olunanlar arasında yaxından tanıdığım adamlar çox deyildi. Toydan tez çıxmağa çalışsam da, saat 9- u keçmişdi. Gördüm ki, qadınlardan bəzisi zəng edib onu qarşılayacaq həyat yoldaşını gözləyir, bəzisi də dostu, tanışı, qonşusu ilə birlikdə gedəcək. Məclisdən çıxanda tək olduğumu, məni qarşılayacaq kimsənin olmadığını görməsinlər deyə tələm- tələsik sağollaşıb şadlıq evinin həyətindən uzaqlaşdım. Şadlıq evi metroya çox yaxın olduğuna görə, piyada getməyə qərar verdim.
Onsuz da bu saatda yollar tıxac olduğundan, metro ilə getmək daha yaxşı idi. Şadlıq evinin içi nə qədər səs- küylü olsa da, bayırda hökm sürən sakitlik bir o qədər dərin idi. Tək- tük közərən küçə lampaları sanki qaranlığın sükutuna əsir düşmüşdü. Anidən hansı tərəfə gedəcəyimi çaşdım və sağa- sola boylandım. Elə bu vaxt yanımdan bir kişinin keçdiyini gördüm. Onu arxadan səslədim:
- Bağışlayın, Neftçilər metrosuna getməliyəm, bilmirsiniz metro hansı tərəfdədir?
O başını çevirib dilləndi, - xanım, mən də metroya gedirəm. Gəlin.
Təşəkkür edərək, onun getdiyi səmtə dönüb, addımlarımı yeyinlətdim.
- Yəqin toydan gəlirsiniz?
- Hə, - deyərək, onunla ayaqlaşmaq üçün sürətimi artırdım.
Sükutu pozmaq üçün soruşdum:
- Bəs siz?
- Şadlıq evində ofisiantam, mənim baxdığım stoldakı adamlar getdyi üçün, mən də çıxmalı oldum. Müdiriyyətimiz insaflıdır, deyir, kimin stolu boşaldı, gedə bilər.
Bu yaşda kişinin ofisiant işləməsi məni təəcübləndirdi. Çünki restoranlarda gənclərin ofisiant işlədiyini görmüşdüm. Onun isə yaşı yəqin ki, 40- ı keçmişdi. Kişini başdan – ayağa süzdüm. Orta boylu, arıq adamıydı. Elə bil nə düşündüyümü ürəyimdən oxudu.
- Ofisiantlıq mənim peşəmdir, uzun illərdi çalışıram.
- Toylardakı menyuları heç bəyənmirəm. Toylarda süfrəyə düzülən salatlara ümumiyyətlə əl vurmuram. Nə bilim, kim hazırlayıb, necə hazırlayıb.
- Düz deyirsən, çox vaxt dünəndən qalma salatları verirlər.
- Hə, bilinir baxan kimi. Yer pulu baha, stollar baha. Yəqin bu illər ərzində çox hadisələrin şahidi olmusan?
- Eh, nə qoyub nə axtarırsan. Adam var ki, toyu nisyə edib. Ödənişi edə bilməyəndə, bəylə gəlini girov saxlayıblar. Adam da var ki, bəhsə- bəhsnən toyuna tanınmış müğənni gətizdirir, sonra da qara qanlar axır canından ki, bunu necə verəcək. Elə olur ki, müğənni gəlib fonoqramla bir saat oxuyur 5 min manatını alır, toy sahibi restoranın pulunu ödəyə bilmir, əvəzində evini verməli olur.
- O danışır, mənsə dinləyirdim. Ara məhəllədən keçib, binaların arasıyla irəliləyirdik.
- Mən heç vaxt elə etmərəm. Kiçik və sadə bir yığıncaq bəsdir.
- Bəli. Vallah, bu yaxınlarda bir tanışım vardı, 100 adam dəvət etmişdi. İfaçı sintezator çalan bir musiqiçi idi. Məclis o qədər maraqlı keçdi ki, demək olar, hər cür mahnı ifa etdi. Onsuz da hamı fonoqram oxuyur.
- Düz deyirsən. Övladın varmı? Hiss olunmadan bir- birimizə sən deyə müraciət etməyə başlamışdıq.
- Var, amma mənimlə qalmırlar, yoldaşımdan ayrılmışam. Daha doğrusu, o ayrılıb. İki oğlum var, yuxarı sinifdə oxuyur.
- Yəqin sən kömək edirsən?
- Əlbəttə, mən baxıram.
- Yoldaşın işləyirmi?
- Yox,
- Ərə gedibmi?
- Yox.
- Madam sənin qazancına möhtac olacaqdı, bəs, niyə ayrılıb?
Özüm də bilmədən əsəbləşdim.
- Çox pul qazana bilmirəm, o üzdən. Günümə 20 manat olur. Vallah, hələ qab yuyanlar, xadimələr o restoranda artıq qalan yeməyə işləyrlər.
Onun kədərli səsi mənə də təsir etdi, qanım qaraldı. Elə bu dəm baxdım ki, metroya çatmışam. Sağollaşıb metroya endim.
Metro işıqlı və isti idi. Adamlar azalsa da, qatar öz qrafikinə uyğun işləyirdi. Bəziləri yuxulayır, bəziləri başını telefonun az qala içinə soxmuşdu. Kimsə kimsəyə baxmırdı. Hərə öz dünyasına dalmışdı. Halbuki bəlkə də kiminsə qisməti olacaq insan onunla eyni vaqonda gedirdi. Qatar sanki hər kəsin dünyasını vaqonlarına yığıb sonuncu dayanacağa aparırdı.
Sizin reaksiyanız nədir?
Bəyən
0
Bəyənmədim
0
Sevgi
0
Əyləncəli
0
Əsəbi
0
Kədərli
0
Vay
0