“İki gül”lə yazılan qan yaddaşı
Yazıçı Ədəbiyyat Portalı Ramiz Qusarçaylının "İki gül" kitabı haqqında Əli Nəcəfxanlının yazısını təqdim edir.
Çağdaş Azərbaycan poeziyasında milli yaddaşın, vətənpərvərlik duyğularının örnək nümunələrinin müəllifi kimi tanınan Ramiz Qusarçaylı yeni kitabını oxuculara ərməğan edib. “İki gül” adlanan bu topluda iki ana xətt var - təbiət, sevgi, insanın iç dünyası və Vətən, tarix, bayraq, Zəfər xətti...
Bundan öncə “Çörəyim daşdan çıxır”dan “Vətən”ə qədər 12 gözəl kitabı işıq üzü görmüş Ramiz Qusarçaylı “Sevgidir dünyaya qəsdim” deyərək oxucu zövqlərini ali insani duyğulara kökləyə bilib. Onun “Vətən”i, “Azərbaycan bayrağı” bədii himn kimi dillər əzbərinə dönüb. Prezident təqaüdü, Əhməd Cavad, Şahmar Əkbərzadə və Aşıq Ələsgər (Azərbaycan), eləcə də “Ziya Paşa Böyük ödülü” (Türkiyə), “Turan birliyi” və “Nizami medalı” (beynəlxalq təsisatlar) Qubada yaşayıb-yaradan qələm dostumuzun yaradıcılığına verilən dəyər kimi təqdirəlayiqdir.
Xüsusi vurğulamaq lazımdır ki, Ramiz Qusarçaylı “Mən kənddən çıxanda gecəyarıydı” deyərək Donetskdə daş kömür mədənində işləməyə getdiyi gənclik çağlarından bugünədək poetik məramına sadiq qalıb və ədəbi aləmdə qazandığı şöhrətin kölgəsində daldalanmadan daha məsuliyyətlə yazıb-yaradan şairdir. Yəni heç zaman ədəbi uğurlarına güvənmir, hər bir şeirini, beytini, misrasını məhz yarım əsr öncələr olduğutək, imtahan verirmiş kimi eyni həyəcanla, eyni cavabdehliklə qələmə alır. Elə onun ədəbi uğurunun əsas səbəbi də budur.
Vaxtilə Osman Sarıvəlli, Bəxtiyar Vahabzadə, Nəbi Xəzri, Məmməd Araz, Söhrab Tahir, Nəriman Həsənzadə, Musa Yaqub, Zəlimxan Yaqub, İsa Həbibbəyli, Teymur Bünyadov, Şahin Fazil, Vaqif Arzumanlı, Famil Mehdi, Məmməd Aslan, Vaqif Yusifli, Rüstəm Kamal, İlham Abbasov və başqaları onun yaradıcılığına sanballı məqalələr həsr ediblər. Ümumiyyətlə, şairin həyat və yaradıcılığına 700-dən artıq məqalə, şeir, esse, kurs və diplom işləri, dissertasiyalar yazılıb. Şeirləri ingilis, ispan, rus, ukrayna, fars, qazax, qırğız, özbək və Dağıstan xalqlarının dillərinə tərcümə olunub, kitabları Rusiya, Ukrayna, Türkiyə və İranda nəşr edilib.
Redaktoru Xalq şairi Vahid Əziz, Ön sözün müəllifi Əməkdar elm xadimi, akademik Nizami Cəfərov, naşiri isə Ünal Məmmədli olan yeni toplunun ilk təqdimatı bu ilin may ayında Vl Türk Dünyası Ədəbiyyat və Kitab festivalında təşkil edilmişdi. Yüzlərlə oxucunun orada sözün, şeirin və milli-mənəvi dəyərlərin ətrafında bir araya gələrək ədəbiyyatımıza, o cümlədən, poeziyamıza olan sevgisini göstərdiyinin şahidi olduq.
Şairin ədəbiyyatımızda hadisə sayıla biləcək bu toplusuna başlığını ad kimi seçdiyi “İki gül” şeiri “təbiət gözəlləri”nin bir növ tale hekayəsidir. Burada yalnız gül-çiçək deyil, geniş mənada təbiətlə cəmiyyətin fəlsəfi vəhdəti əsas götürülüb:
Qərənfil şəhid qanı,
Xarı bülbül göz yaşı,
İki güllə yazıldı
Vətənin qan yaddaşı…
Şeirdə rəmzi olaraq bu güllərin 20 yanvar müsibəti və Qarabağ müharibəsi səbəbi ilə başına gələnlər nəql edilir. Sonda isə Zəfər yürüşü sayəsində qərənfillə xarıbülbül əzəli təyinatlarına qovuşur, hər ikisinin “xoşbəxtlik aktı” təsdiqlənir:
Qərənfil - döyüş ruhu,
Xarı bülbül - Qələbə.
İki gül keşik çəkir bu müqəddəs qəlibə!
Xarı bülbül qayıtdı Şuşada gül yerinə,
Qərənfil də qayıtsın eşqin könül yerinə…
Zövq ala-ala oxuduğumuz şeirlərdən şairin əsas poetik və vətəndaşlıq qayəsi boy göstərir. Qələm dostu Əkbər Qoşalı öz təəssüratlarında yazır ki, “Davam nə can davasıdı, Nə də yorğan davasıdı - Azərbaycan davasıdı…” deyən Ramiz Qusarçaylı fərdi ağrını milli məsuliyyətə çevirən şairdir. O, Vətəni yazmır, Vətənin içindən danışır, Vətəni könlündən keçirir, köksündə bəsləyir.
“Səni Şuşa-Şuşa qaytardım, Vətən,
Qarabağ-Qarabağ qaytardım səni”
- misraları Böyük Zəfərdən sonrakı Azərbaycan insanının mənəvi hesabatıdır. İki gül”ün kulturoloji dəyəri ondadır ki, Ramiz Qusarçaylı milli kimliyi yalnız siyasi qavram olaraq poetikləşdirmir, onu dil, muğam, saz, təbiət, kənd, dağ, bulaq, gül, balaban, segah, təcnis və qoşma yaddaşı ilə birlikdə təqdim edir. “Yastı balaban”, “Yetim Segah”, “Mahur-hindi”, “Şəddi-Şahnaz”, “Bəstənigar” kimi şeirlərdə muğam adları xalq ruhunun səs yaddaşı təsiri bağışlayır.
“Söz bəzəkli riya deyil, İlahi mizandır” - deyən Ramiz Qusarçaylı Azərbaycan Yazıçılar Birliyi Quba bölməsinin rəhbəri, regional mətbuat yayımı məmuru olmaqla bərabər, Qərbi Azərbaycan İcması Quba nümayəndəliyinin əməkdaşı kimi də fəal ictimai vəzifə daşıyır. Qayım-qədim yurdlarımızın həsrətini həm şeirləri, həm də iş-gücü ilə ovutmağa çalışır. Elə bu yaxınlarda Qudada ulu Göyçə ünvanlı Aşıq Ələsgərin anadan olmasının 205, vəfatının 100 illiyi münasibətilə keçirilmiş maraqlı tədbirdə xüsusi fəallıq göstərib, haqq aşığının ruhuna sayğılarını şairanə ifadə edib.
Sevimli mövzusu Vətən, torpaq olan şairin kitabındakı şeirlərdən biri
“Torpaq” adlanır. 38 il əvvəl kömür mədənində işlədiyi Donetskdə yazıb:
Torpağın altına düşürəm səhər,
Torpağın üstünə çıxıram axşam.
Duyanım olmayıb bu torpaq qədər,
Torpaqsız özüm də duyulmamışam.
Aktuallığını itirməmiş bu şeirdən də onun torpaqla həsb-halınının halallığa söykəndiyi, kirpiklərində torpaq daşıdığı üçün bir gün gözlərinin çiçəkləyəcəyi inamını yaratdığı aşkar görünür.
Bir neçə gün öncə Xalq şairi Sabir Rüstəmxanlı şair dostunun şeirləri haqqında özəl fikirlərini bildirərək dedi ki, onun yazdıqları mövzu müxtəlifliyi, cığalı təcnislərdəki yeni cinaslar və ifadə rəngarəngliyi, fəlsəfi fikir və məna yükü ilə zəngindir. Bu da bir nümunə:
Mən yazan dərdlərin iki rəngi var,
Zəmiyə bənzəyir,- sarı, ya yaşıl.
Hər rəngin öz səsi, öz ahəngi var,
Yaşıla al düşür, sarıya yaşıl.
Rənglərdən söz düşmüşkən, Ramiz Qusarçaylı “Nə gözəl səslənir Şuşalı Vətən” şeirində də rənglərin vəhdətini gözəl mənalandırıb:
Öpüb ulduzunu, öpüb ayını,
Öpüb hər rəngini çəkir gözünə, -
Göyü, qırmızını, yaşılı Vətən.
Nə gözəl sayrışır Şuşada bayraq,
Nə gözəl səslənir Şuşalı Vətən!
Qələm dostuma yeni uğurlar diləyi ilə:
"Xalq qəzeti"
Sizin reaksiyanız nədir?
Bəyən
0
Bəyənmədim
0
Sevgi
0
Əyləncəli
0
Əsəbi
0
Kədərli
0
Vay
0