Yusif Şükürlü - Azan güllə

Apr 10, 2026 - 16:35
Apr 10, 2026 - 16:36
 0  26
Yusif Şükürlü - Azan güllə

         Yazıçı Ədəbiyyat Portalı Yusif Şükürlünün "Azan güllə" hekayəsini təqdim edir.

Qalib ADPU-nu bitirən ilin payızında əsgəri xidmətə yola düşmüşdü. Atası Rəcəb kişi özü onu Biləcəridən yola salmış və onları aparmağa gəlmiş bir gürcü leytenanta da “hörmət” eləmişdi ki, Qalibi “münasib xidməti iş” ilə təmin etsin. Dəstələr təşkil olunanda Rəcəb kişi bilmişdi ki, Qalibi İrkutsk istiqamətinə aparırlar.

            Qalib İrkutsk vilayətində olan hərbi hissələrdən birində karantin müddəti keçəndə, demək olar ki, hər həftə ondan məktub gəlirdi. Rasimə xala da oğlunun məktublarını qonşusunun, kənd briqadiri İmranın qızı Məlahətə oxudur, məktubları ona yazdırır, arabir də eyham vururdu ki, “uzağa getməyəcək, elə yaxındaca qohum olacaq”. Məlahət həmin il tibb məktəbini bitirərək “tibb bacısı” ixtisası ilə kənddə feldşer məntəqəsini işlədirdi.

Rasimə xalanın:

-Ay qız, Məlahət! Qızım, bir bizim həyətə gəl! Qalib- dən məktub gəlib... – deyə  onu səsləməsi əvvəl-əvvəl Məlahətin o qədər də eyninə deyildi. Amma sonralar Rasimə xalanın ona olan mehriban münasibəti, məktubda yazılanların, elə bil, ona da dəxli olması Məlahəti də bu məktublar üçün darıxdırmağa başlamışdı.

Bu sonuncu məktubda Qalib yazmışdı ki, “ana, bu məktubları kimə yazdırırsan? Necə gözəl xətti, necə gözəl söz yozumu, necə şirin dili var?!... Rasimə xala da “Məlahətə yazdırıram, bala! Gövhərin qızına...” Qalibin: “ana, qoy, Məlahət özü də mənə məktub yazsın!” yazması və hər məktubda ona xüsusi yer ayırması Məlahəti bu məktublara daha çox isinişdirirdi.

Sonra, necə oldusa, iki ay məktub gəlmədi. Bu müddəti Rasimə xalanın neçə  keçirdiyini yalnız gözü yolda olan analar bilər.O,Rəcəb kişini rayon mərkəzinə - Vayenkomata göndərdi. Vayenkomatda bildirdilər ki, bir həftəyə məlumat verəcəklər. Lakin bir həftədən sonra, yenə   Rəcəb kişi rayon mərkəzindən əliboş qayıtmışdı. Orada ona demişdilər ki, hələ bir həftə də gözləmək lazımdır.

Deyəsən, briqadirgilə Məlahət üçün elçi düşənlər də var idi.Bunu eşidən Rasimə xala başını itirmişdi. Bilmirdi neyləsin?. Heç olmasa, əvvəlcədən Qalibə Məlahət barədə bir sorğu-sual yazsa idi, onun hə-yoxunu alsaydı, gedib oturardı İmranın dizinin dibində ki, “gəlmişəm Məlahəti istəməyə”. Ana kələ-qaranı da Rəcəb kişinin üstünə tökürdü ki, “bəs sən də olsa demədin ki, mən uşaqların bir kəlmə hə-yoxunu öyrənəm”. Axır ki, nigarançılıq Məlahətin anası Gövhərin Rasimə ilə rastlaşdığından sonra bir az azaldı. Gövhər Rasimə xaladan Qalibi soruşdu:

-Qalibdən nə xəbər var, Ay Rasimə?!

-Vallah, ay Gövhər! Üç aydır bir xəbər yoxdur. Bilmirəm niyə?

-Heç nə olmaz, inşallah! Yəqin başı qarışıqdır... Bəs vayənkom nə deyir?

- Vayənkom da bu həftənin axırına söz verir, deyir ki, sorğu verib, bir məlumat alan kimi özləri çağırıb deyəcəklər... Ay qız Gövhər! Sənə bir söz demək istəyirəm axı...

-Nə deyəcəksən, Rasimə?!

             -Məlahəti deyirəm dəə...Gövhər, bu uşaqdan bir məktub, bir xəbər gəlmədi ki, mən də gəlim, ürəkli, sənin süfrənin qırağında oturum ki, bəs elçı gəlmişəm.!

          - Xeyirlisi olsun!... Ay Rasımə! Vallah, bizə də ağız açan çoxdur, Məlahət hərəsinə bir bəhanə qoyub, “yox” deyir. Yəqin sən ona bir söz demisən!...

-Yox, vallah! Amma, Gövhər, ürəyim axır Məlahət üçün! Bir qalıb...

-Nə qalıb?

-Heç! Mən ölmüş, gərək bu vaxta kimi Qalibdən soruşaydım!...

-Qalib bilmir ki?!

-Gövhərə nə deyəcəyini bilməyən Rasimə xala yalan danışmalı oldu:

-Bilir!... Axı, mən də ona bir xəbər verməliyəm ki, elçi gedirəm...

Hə, hə! Noolar?! Bəs, elə olmalıdır dəə...! – deyə Gövhər də bu məsələnin müsbət həll olunması üçün öz rəyini bildirdi.

            Nəhayət, üç aylıq nigarançılıqdan sonra gözlənilən məktub gəldi. Özü də Əfganıstandan!.. Səhra poçtu ilə göndərilmişdi. Ünvanından bilmək olmurdu ki, Qalib harada, o vaxt sovet təbliğatının dili ilə desək, “öz beynəlxalq əsgəri borcunu”  Əfganıstanın harasında yerinə yetirir. Amma yenə məktubun gəlməsi, oğlunun sağ-salamat olduğunu bilmək anaya xeyli təsəlli idi. Lakin eşidəndə ki, Əfqanıstandan əsgər meyitləri gəlir, onun nigarançılığı birə - on artdı. O, Allaha yalvarıb, gözünün ağı-qarası olan bir balasının sağ-salamat evinə-eşiyinə qayıtmasını diləyirdi.

            Məktub alınmışdı, amma “Əfqanıstan şoku” hələ bir həftə idi ki, davam edirdi. Rasimə ilə Rəcəb hələ məktub yazmamış Qalibdən ikinci məktub da gəldi. Bu məktubda Qalib yazırdı ki, onlar olan yerdə mühari-zad yoxdur. Narahat olmasınlar. Yazılanlara ata-ananın inamı o qədər çox olmasa da, hər halda təsəlli idi. Onlar Qalibə yazılacaq məktubun nə məzmunda olmasını müzakirə etməyə başlamışdılar. Düzü, Rasimə xala Məlahəti çağırıb, məktub yazdırmaqdan ötrü ölürdü! Amma  məktubun məzmunu məlum olduqdan sonra, Rasimə xala Məlahəti çağırdıqda, qız, çox güman ki, utandığından, bu işdən imtina etdi. Rasimə Məlahəti başa düşürdü və ondan heç incimədi də.

            - Məlahət! Qızım!- dedi. – Qalibə sənin haqqında, daha doğrusu, nişan vermək üçün, yazmaq istəyirik. Sən nə deyirsən?

            Məlahət utandığından qıpqırmızı qızardı və:

            -Evdəkilərdən soruşsun... – dedi.

Briqadirgildə Rasiməni bayaqkılardan daha hörmətlə qarşıladılar və Məlahət otaqdan çıxıb qaçdı. Bu qarşılama Rasiməni çox kövrəltdi. O, Gövhəri qucaqlayıb, özündən asılı olmadan, ağlamağa başladı. Gövhər:

            - Ay qız! Noolub ? Bir özünə gəl! – dedi.

Rasimə toxtadıqdan sonra dedi :

- Bacı! Vallah, bura dolub – daşıb gəlmişəm. Mənə nə deyirsən de, bu qızı görəndə, elə bil, Qalibi görürəm!...

Hər ikisi bir anlığa susdular. Sükutu yenə Rasimə pozdu:

-Gəldim ki, bir məktub yazdırım...

-Noolar?!Yazdırırsan, yazdır. Amma...

-Nə amma?! – deyə Rasimə nigaran-nigaran Gövhərin üzünə baxdı.

-Rasimə! Məlahət deyir ki, daha o, Qalibə məktub yazmayacaq. – Sonra tez də əlavə etdi: - Mən özüm yazaram! Nə fərqi var?!

-Fərqi var, Gövhər, fərqi var! Mən Məlahətin utandığını görə-görə, ona qurban  olaram! –dedi və bir az susduqdan sonra əlavə etdi:

- Əslində, özüm istədim ki, məktub yazmağımı sizə bildirim və ... və razılığınızı alım!... Düzdür, mən başa düşürəm ki, mənim söhbətım düz söhbət deyil... Yəni o nə deməkdir ki, “sizin razılığınızı alım?!

- Həə! Rasimə! Demək istəyirsən ki, bizim də xəbərimiz olsun ki, sən Qalibə yazacaqsan ki, bizə Məlahət üçün elçi gələcəksən, elə deyilmi?

            - Hə bacı!

            -Rasimə! Mənə elə gəlir, bu məsələ Məlahətin ürəyindəndir... Maşallah, Qalib də pis oğlan deyil! Mənə qalırsa, Allah mübarək eləsin deyirəm!

- Sağ ol, Gövhər! – deyə Rasimə oturduğu yerdən qalxıb, Gövhərin boynunu qucaqladı, sonra üzündən öpüb:

            - Sən də Məlahəti öp! – dedi və getdi.

                                                          

                                               

                                            - 2 -

            Qonşudan “hə” cavabı alan Rasimə xala quş kimi uçmaq istəyirdi. Evə çatan kimi Rəcəb kişini təbrik etdi və onu kağız, qələm dalınca göndərdi. Özü isə bu şad xəbəri bacısına da çatdırmaq üçün onlara qaçdı və qayıdanda bacısının 7-ci sinifdə oxuyan qızı Zülfiyyəni də özü ilə gətirdi. Yolda Zülfiyyə dedi:

            - Qalib qaqaşına məktub yazacaqsan! Yaza bilirsənmi?

            - Xala, sən məktub yaza bilmirsən?

            - Balama qurban! Yazıram! Niyə yazmıram ki?! Amma xəttim yaxşı deyil.

            - Nə olsun ki!? Qalib qaqaş özü oxuyar!

            - Ay qızım! Sən bilməyən işlər var! İstəyirdim ki, Qalibə Məlahət məktub yazsın, ona isinişsin!...

            - Xala! İsnişməsə, olmaz ki?

            Rasimə xala ayaq saxladı, əyilib Zülfiyyənin üzündən öpdü və:

-Olmaz! –dedi.

-Bəs ona niyə yazdırmırsan?

-Daha yazmağa utanır.

Zülfiyyə öz-özünə fikirləşdi ki, “görəsən, niyə utanır?” İstədi ki, bu sualın cavabını xalasından soruşsun, amma vaxt çatmadı. Onlar gəlib evə çatdılar. Gördülər ki, Rəcəb kişi kağız, qələm hazırlayıb stolun üstünə qoyub, özü də balkonda oturub siqaret tüstülədir. O, Rasimə xalagili görüb, onların yanına gəldi və Zülfiyyəni qarşıladı:

            - Ay qız! Zülfiyyə! Xöş gəlmisən, ceyran qız! – dedi və ona oturmaq üçün yer göstərdi.

            Zülfiyyə stolun arxasında oturub, kağız qələm götürdü və məktubu yazmağa başladı:  əvvəl hal-əhval, sonra niyə üç aydır məktub yazmayıb, sonra isə qonşuya elçiliyə getmək istədiyini yazdılar. Yazdılar ki, bəs, qız da məktəbi qurtarıb gəlib. Ona da bir söz kəsənlik lazımdır. Yoxsa eiçi-filan gələndə onlar da deməyə söz tapmırlar. Soruşdular ki, sən nə deyirsən?...

            Məktub yazıldı və göndərildi. Aradan nə qədər keçəcək, nə vaxt cavab alınacağını heç kəs bilmirdi. Ana gözləyir, ata darıxır, üzə vurmasalar da, hiss olunurdu ki, qonşular da nigarandılar. Havalar da ki, get-gedə soyuyurdu... Qalib sentyabrda əsgər getmişdi, artıq dekabrın sonları idi. Bir də görürdün Rasimə xala qapını açıq qoyub, gəlib oturur. Rəcəb kişinin ona:

            -Ay arvad! Qapını niyə örtmürsən, soyuqdur axı!... – deyərək, durub qapını örtmək üçün özü gedirdi.

            - Oralarda mənim uşağıma soyuq olur, sənin heç vecinə də deyil!

            - İndi nə deyirsən? Gərək, biz də soyuqdan qırılaq?!

            - Olsun dəə!... Qoy olsun, Rəcəb! Qoy mənə soyuq olsun!...    

            - Arvad! Valılah, sən lap başını itirmisən! Bu boyda Sovet höküməti öz əsgərinin  qədrini bilmir, deyirsən?!

            - Bilmir, Rəcəb! Bilmir! Əsgər bilsə, aparıb xalqın balasını özgə topraqlarında qırdırmaz!... Rəcəb! Bu qışda, çovğunda, güllənin altında uşaqlar neyləyir, görəsən?!

            - Ay arvad! Onlar niyə uşaq olurlar? Hamısı təlim görmüş cavan oğlanlardır...

            - Ay Rəcəb! Soyuq cavana-qocaya baxmaz... O da ola özgə soyuğu!

            - Soyuğun da özününkü, özgəninki olurmu? Elə şey yoxdur!...

            - Var, Rəcəb, var. Yenə öz torpaqlarını qorusan, öz vətənin üçün soyuq səngərdə yatsan, deyərsən ki, vətənin üçün fəda olursan. Soyuğunu çəkərsən, istisinə dözərsən. Yoxsa tök xalqın balasını ki, beynəlxalq borcunu ödə, qırıl! Bu nə deməkdir, onu başa düşmürəm.

            - Düz deyirsən, ay arvad! Axşama kimi radio-televizor baş - qulağımızı aparır ki, bəs, bizim əsgərlər Əfqanıstanda öz xilaskarlıq borclarını yerinə yetirirlər, borclarını ödəyirlər... Bir deyən yoxdur ki, ay Allah evlərini yıxmışlar, bizim balalarımız o borca nə vaxt düşüb?! Yenə...

            - Yenə nə?

            - Yenə desən ki, bizimkilər əfqanların torpaqlarını qorumaq üçün köməyə gediblər – bu başqa məsələ!

            - Rəcəb! Bəs, bizim uşaqlar   Əfqanıstanda nə edirlər?

            - Kommunist rejimini orada qoruyub, saxlamaq üçün vuruşurlar.

            - Kimiynən vuruşurlar?

            - Əfqanların özləriylə!

            - Bəs, o, kommunist rejimi dedin, o nə olan şeydir?

            - Arvad, mən onu sənə neçə başa salım?... Heç özüm bilmirəm! Əslində, bizim vəziyyətimiz elə kommunizm rejimi deməkdir. Məsələn, raykom rayonun ağasıdır. O, nə istəsə, bu rayonda o olur. Kimi istəsə tutdurar, kimi istəsə ucaldar, kimi də, o deyəni deməsə, alçaldıb, lap yerə soxar. Elə, bizim Mamedovu misal götür! Elə bil, bu kolxoz onun dədəsindən qalıb, sökür, dağıdır, satıb yeyir. Kim də bir kəlmə desə, yerölçənin əlinə ruletkanı verib, göndərir ki, get yerini-yurdunu ölç, adını torpaq oğrusu qoyub, verək məhkəməyə... Məhkəmə də neyləyəcək? Əgər bunlar icazə versə, soyub qabığını alıb, sonra buraxacaq, yox, əgər istəsələr ki, getsin türməyə, gedəcək!...

            - Kişi, sus! Eşidib, eliyərlər. İndi hər yer agentdir!

            - İkimizdən başqa burada daha kim var?

            - Ay Rəcəb! Elə demədim. Deyirəm, yəni başqa yerlərdə də belə şeylər danışma!...

            - Sən bu xəbərçilərdən niyə belə qorxursan?

            - Niyə qorxmayım, a kişi? Babamı o, evi dağılmışlar satmadılarmı? Nə var, demişdi ki, Hitler müharibəni başladı, bu kənddə bir başı papaqlı qalmayacaq.

            - Kim satıbmış?

            - Nə bilim, vallah?! Amma sonralar deyirlərmiş ki, o vaxtlar bu kənddə bir gəlmə müəllimə var imiş. O, yazıb veribmiş...

            - Yoox, əşii?! Bunların  köhnə adətidir, özləri etdiyi pisliyi özgənin üstünə yıxırlar? Sonra nə oldu?

            - Nə olacaq?! Babam rayon mərkəzinə gedən kimi tutub salıblar türməyə. O gedən kişi olub, hələ də gələcək!... – deyə Rasimə xala başını yellədi və əlavə etdi. – Sənin danışdıqların Mamedovun qulağına çatsa, vay bizim halımıza!...

            - Bizim halımıza heç nə olmaz, arvad! Hərə özünə görə bir kişidir! Noolsun ki, o, kolxoz sədridir, yuxarılarda adamı var?! Ona da güllə batır ki!...

            - Ay Rəcəb! Sən elə həmişə vurmaqdan – öldürməkdən danışırsan, bəs biz?! Tək özün olsan, özün bilərdin. Amma indi bizi də nəzərə almalısan!

            - Yenə başlama, arvad! Bu sözləri min dəfədir eşidirik. Elə danışırsan ki, guya bu dəqiqə gedib kiməsə nəsə edəcəyəm! Yox əşşi! Yaxşısı budur, dur, bizə bir stəkan çay təşkil elə! – deyə Rəcəb kişi söhbəti dəyişdi və pəncərəyə boylanıb. – Hava yaman qarışır, deyəsən qar yağacaq – dedi.

            - O qar mənim kürəyimə yağacaq! – deyə Rasimə xala yerindən qalxdı.

 

                                            - 3 -      

           

Yanvarın ortalarında Qalibdən məktub gəldi. Yazırdı ki, qospitaldadır.Yaralanıbmış!Yazırdı ki:“yanımızda mərmi partladı və qəlpələr kürəyimə və çiynimə dəydi”. İndi yaxşıdır və hələ iki ay da qospitalda yatıb müalicə olunmalıdır. Həkimlər deyiblərmiş ki, əgər müalicə tam başa çatmasa, əlillik qala bilər. Ona görə xəstəxanada qalma müddəti bu qədər uzunmuş... Bir də, Qalib yazırdı ki, “ana! Məlahət haqqında soruşduqlarının cavabı üçün hələ darıxma. Onu siz bəyənmisinizsə, mən də bəyənirəm. Məlahət pis qız deyil, amma mən müharibədəyəm. Hər şey ola bilər!... Yenə sən özün qızdan soruş, əgər məni gözləsə, gələrəm, nişanı birlikdə apararıq...”

            Qalibin yaralanıb xəstəxanaya düşməsi ananı çox üzdü. Ata da sarsılmışdı. Lakin Rasiməni bir az da dilxor etməmək üçün deyirdi ki, “noolar, igidin başı qalda gərək, hələ sən sevin ki, mərmi çox yaxına düşməyib, belə ah-vaylanmaqdansa, Allaha şükür de”.

            -Rəcəb! Allah eləməmiş,  bu uşağın başına bir iş gəlsə, vallah, mən dəlixanalıq olacağam! – deyə Rasimə xala evdə-işdə özünə yer tapmırdı. 

Rəcəb kişi də onu danlayırdı ki:

-Arvad! Ağlına gələni danışma! Hər şey qismətdən asılıdır, alnımıza nə yazılıbsa, onu görəcəyik..

Məktubun gəlməsindən və Qalibin yaralanmasından xəbərdar olan qohum-qonşu Rəcəb kişigilə baş çəkir, ürək-dirək verirdilər. Bir gün də İmranla Gövhər gəldilər, Rasimə xala məktubu Gövhərə verdi ki, oxusun. Gövhər məktubu oxuyub, ağladı. Rasımə xala da ona qoşuldu. ...

Rəcəb kişi dözə bilməyib, onlara acıqlandı ki:

-Axı, niyə ağlayırsınız? Allaha şükür, ölən yox, itən yox!...

Rasimə xala gözünün yaşını silib, qovrula-qovrula dedi:

-İmran qardaş! Gövhər! Düzdür, sizə bir ağız açmışıq, o iş Qalibin ürəyindən olub, yəni əvvəldən də olubmuş, indi görürsünüzmü, o da deyir, qoy, mən gəlim, sonra nişan taxaq!... Necə bilirsiniz? Yəni Qalib gəlməməkdən qorxur və... və qızın ayağına, Allah eləməmiş, daş vurmaq istəmir!...

- Sən nə danışırsan?! – deyə Gövhər etiraz etdi. – Qalib bizim də balamızdır. Onu biz də gözləyirik. Sağ-salamat gəlsin!... Qoy Qalib necə istəyir elə olsun!

Qonşular durub getdilər. Bu söhbətlərə də İmranın bitərəf qalması  Rasimə xalanı narahat edirdi. O, Rəcəb kişiyə bu narahatlığını bildirdi:

-Rəcəb! Bu İmran, qızdan söhbət düşəndə ağzına su alıb durdu. Niyə görəsən?... Ola bilərmi ki, o, kiməsə söz verib?

- Əşşi, yoox! Versə, deyərdi də... Biz onlara zor etmirik ki!

Sonrakı hadisələr Rasimənin şübhələrini doğrultdu. Səhəri gün Məlahət Rasimə xalanı görüb dedi:

- Rasimə xala! Anam deyir axşama qonaqlarımız olacaq. Gəlib, mənə əl-ayaq eləsin!

- Bilmirsən kim gəlir? – deyə Rasimə xala nigaran-nigaran Məlahətin üzünə baxdı.

            - Deyəsən, Mamedov gələcək...

            - Anana de, bir azdan gəlirəm!. – dedi və öz-özünü qınamağa başladı ki, “vəssalam, bundan sonra İmranın evinə qonağın nə məqsədlə gəlməsini bilməsəm, ürəyim patlayacaq...”

            Günortadan sonra Rasimə xala Gövhərgilə keçdi. Biş-düş edib, qonaqları gözlədilər. Axşam saat 6 radələrində qonaqlar gəldilər. İki maşın gəlmışdi: biri sədrin UAZ-ı, biri də Qaz-24. Qonaqlar salamlaşıb, əllərində gətirdikləri şirniyyat və gül bağlamalarını uşaqlara verdilər. Keçib oturdular. Bu gəliş Rasiməni qorxutdu. Ürəyinə dammışdı ki, bunlar Məlahət üçün gəliblər. Doğurdan da belə oldu: kolxoz sədri Mamedov əlinə araq qədəhini götürüb ayağa qalxdı və:

-İmran kişi! – dedi. – Biz sizin qapını xoş bir məramla- qohum olmaq arzusu ilə açmışıq. Eşitmişik ki, qızın artıq məktəbi qurtarıb, gəlib. Kömək eləmişik, kəndə işə düzəlib. İşləyir... İndi də gəlmişik qızını qardaşım oğlu Sahibə istəyək! Buyurun, bizə hə-yox deyin!...

Söz hələ kişinin ağzından qurtarmamış Rasimə xala bomba kimi partladı:

- Məlahətin nişanlısı hələ ölməyib! – dedi. – Zəhmət cəkib öyrəndiniz görək, deyiklisi var, ya yox?! Durub, fir-tap, gəlib oturmusunuz ki,  gızı istəməyə gəlmişik... Eyib deyilmi?!

Hamı susmuşdu. Rasimə xala məclisə göz gəzdirib, gördü hamı ona baxır. O, ayağa qalxdı və iti addımlarla otaqdan çıxdı. Həyətə düşdü və küçə qapısının səsi gəldi. Hələ heç kəs danışmırdı. Nəhayət, sukutu sədr pozdu. O, üzünü İmran kişiyə tutub dedi:

-İmran kişi! Sən qızı vermisən?! Bəs, niyə bizim xəbərimiz olmayıb?

- Yoldaş Mamedov! Vallah, mən özüm də bu işə mat qaldım! Heç başa düşmədim ki, necə söhbət oldu?! Qoy bir, Gövhər desin görək, bu nə məsələdir! Gövhər gördü ki, hamı onun nə deyəcəyini gözləyir:

- Mamedov qardaş! – deyə sözə başladı. – Əslində heç bir nişan – bəlgəmiz olmayıb. Qonşumuz Rəcəbin oğlu Qalib Əfqanıstandadır. Anası da deyir ki, Məlahətdən xoşu gəlir, istəyirlər ki, Məlahətlə Qalibi nişanlasınlar. İnsafnan desək, Qalib ali təhsilli, qanacaqlı, tərbiyəli oğlandır... O, anasına yazıb ki, yaralıdır, qospitalda yatır... Qayıdıb gələr, sonra nişan gətirərlər Məlahət üçün...

- Elə bu?! – deyə Mameov ayağa qalxdı. – A balam! Deyiblər “qız ağacı, qoz ağacı, hərə bir daş atar, kimin bəxtinə düşər-düşər!” Daha burada nə var ki ?! – Sonra üzünü İmran kişiyə tutub dedi: - İmran kişi! Belə məlum olur ki, sizin qapını birinci biz açmışıq və o xanım da bizə olan iradlarında haqlı deyildi. Eləmi?

- Əlbəttə! – deyə İmran kişi Mamedovun sözünü təsdiqlədi. – Amma yoldaş Mamedov, bu iş xəbərsiz-ətərsiz oldu. Biz sizin qardaşınız oğlunu tanımırıq... Bəlkə də qız özü onu görüb, bəyənib, amma biz bilmirik. Bilirsiniz də?! İndi elə zəmanədir ki, qızın özünün də rəyi olsa, pis olmaz!...

- İmran kişi! Bu qapıya birinci mən gəlmişəm! Mənə yox deməyəcəksən ki! – deyə Mamedov döşünü irəli verdi. – Mən olan yerdə Rəcəb kimdir ki?!

- Qoy anası qızdan soruşsun! – deyə İmran kişi Mamedovun qarşısında özünü təqsirli adam kimi apardı. – İcazə verin...

- Yoldaş Mamedov! – deyə Gövhər İmran kişinin sözünü ağzında qoydu. – Bizim evimizə xoş gəlmisiniz, səfa gətirmisiniz! Gözümüz üstündə yeriniz var!... Biz haradan bilməliyik ki, siz elçiliyə gəlmisiniz?! Sonra da ki, indi hansı zəmanədir?! Qızdan soruşmayıb, onun fikrini öyrənməyib, oğlanı tanımadan, bilmədən, biz dəli-zad deyilik ki, gözümüzü yumaq, ataq uşağımızıı, nə olar-olar?!

Mamedov qayıdıb yerində oturdu və siqaret qutusunu eşələdi, bir siqaret götürüb yandırdı. Gövhər isə davam edirdi:

- Sizə deyim ki, Qaliblə Məlahət söhbəti Qalibin əsgər getməsindən sonra çıxıb. Mən hiss etmişəm ki, qızın da qonşunun oğluna meyli var, ona görə oğlanın anasına özüm tərəfdən “hə” demişəm... “Hə” deməyimə də peşiman deyiləm! Qapıbir qonşumuzdur. Mən də təkəm! Bu kənddə anam yox, bacim yox!.. Mənim də xəstə-sağlam günüm var! Yaxın qonşu uzaq qohumdan irəlidir!...

İmran kişi gördü ki, o, işə qarışmasa, Gövhər qonaqların keyfinə soğan doğrayacaq, dedi:

- Arvad! Sən sus! – Sonra üzünü sədrə tutub: - Yoldaş Mamedov! – dedi. –Bu iş beyqafil oldu. Biz hələ sizə bir söz deyə bilmərik! Siz hesab edin ki, bizə öz fikrinizi deməyə gəlmisiniz! Bizə vaxt verirsiniz ki, biz də fikirləşib, sizə bir söz deyək!... Biz hələ son sözümüzü demirik! Güman edirəm ki, hər şey yaxşı olar. Mən özüm də istərdim ki, sizinlə qohum olam! Buyurun, sağlamlığınızı deyin!

Mamedovun eyni açıldı:

- Yaxşı olar, inşallah! – deyib stolun üstündəki gədəhini götürüb, başına çəkdi. Sonra öz qədəhini araqla doldurub ayağa qalxdı...

Beləcə, yeyib – içəndən sonra qonaqlar çıxıb getdilər... Getdilər və ümidlə, qalib kimi getdilər!

 

                                        - 4 -

 

İmrangildən qəti “yox” cavabı almayan Mamedov öz qardaşı oğluna “işarə” edibmiş ki, “özünü İmran kişinin ailəsinə tanıtsın”. Sədrin eiçiliyə getdiyi günün səhəri İmran kişinin küçə qapısının qarşısında ağ rəngli “Jiquli avtomobili peyda oldu. Mamedovun qardaşı oğlu Sahib Gövhərin və İmran kişinin iradlarına məhəl qoymayaraq, səhərdən - axşama kimi, özü ilə iki “naparniki” də olmaqla, kənddə şuluqluq salır, maşını yüksək sürətlə aşağı-yuxarı şütüdür, yerli-yersiz siqnallarla camaatın zəhləsini tökürdülər. Demək olar ki, Məlahət heç evdən eşiyə çıxmır, “qardaş oğlunun” jestlərini cavabsız qoyurdu. Rasimə xala onların qabağını kəsib, dişinin dibindən çıxanı demişdi. Lakin Sahib onları heç vecinə almır, öz bildiyini edirdi. Arada Sahibgilin qeyb olunduqları da müşahidə olunurdu. Amma bu çox davam etmir, iki və ya üç gündən sonra yenə peyda olurdular. Bütün bunlar beləcə davam edəcəkdi, bəlkə belə bir maraqlı hadisə olmasaydı...

23 fevral Sovet Ordusunun yaradılmasının bayram edildiyi gün, səhər kəndə iki maşın gəldi. Onlardan biri kəndin ayağında, o biri isə İmran kişinin evindən bir döngə yuxarıda dayandı. Heç kəs bu maşınların nə üçün gəldiyini bilmirdi. Hələ çoxu da elə bilirdi ki, bunlar da “qardaşoğlu” nun hoqqalarıdır! Çox keçməmiş “qardaşoğlunun”da maşını kəndə girdi. Onların girişi “Jiqulinin aramsız siqnalları ilə müşayət olunurdu. Sahibgil gəlib İmran kişinin qapısının ağzında dayanıb, elə təzə siqnalı mələtməyə başlamışdılar ki, əvvəlcədən gəlmiş maşınların biri yuxarıdan, o biri də aşağıdan gəlib dayandılar. Bu maşınlardan düşən 6 nəfər cavan oğlan Sahibgili cəkib maşından çıxardılar və döyməyə başladılar. Yedikləri təpik, yumruqlardan üz-gözləri, ağız-burunları partlamış qardaşoğlu” və onun dostları yalvarıb – yaxardılar ki, daha bəsdir, bir də qələt eləyib bu qapiya yön çevirməzlər. Axır ki, naməlum maşınların sərnişinləri bildirdilər ki, “gedin Mamedova deyin ki, özünü yaxşı aparmasa, “bakılı oğlanlar” gəlib, onun qulağını kəsəcəklər”.

Yaxşı kötəklənmiş ”qardaşoğlu” döyülmüş və palçığa-peyinə batmış “naparnik”lərini də götürüb əkildi. “Bakılı oğlanlar” isə heç kəsə heç nə demədən öz “Jiqulilərinə minib, çıxıb getdilər. Səhəri gün saat 10-11 radələrində Rəcəb kişinin qapısında Rayon Milis Şöbəsinin UAZ -ı dayandı. İçindən bir nəfər milis işçisi düşüb, həyətə girdi və Rəcəb kişini kolxoz idarəsinə - müstəntiqin “daprosuna” apardı. Rəcəb kişi  daprosun” səbəbini soruşduqda  milis nəfəri bildiribmiş ki, dünən bu kənddə yoldaş Mamedovun qardaşı oğlunu döyüblər. Mamedov da şikayət edib, deyibmiş ki, bu işi Rəcəb təşkil edib.

Rəcəb kişi hirslə:

- Yalançının evi dağılsın! – dedi və milis nəfərinə and içdi ki, bu işdən xəbəri yoxdur.

Milis nəfəri Rəcəb kişinin sözlərinə inanmışdı.

-Sənə inanıram, əmi! – dedi. – Amma onları inandırmaq çətin olacaq.

-Niyə? – deyə Rəcəb kişi milis nəfərindən soruşduqda, o, cavab verdi ki, ona görə ki, onlara sözün doğrusu yox, “lazım olanı” lazımdır! Sənin işin çətin olacaq, əmi! Əslində, mən sənə heç nə deməməliyəm. Amma sənə yazığım gəldi. Xahiş edirəm, nə tələb etsələr, onu elə! Çalış, işgəncə almayasan!

            Allahdan kömək desə də, Rəcəb kişinin ürəyindən qara qanlar axdı.

            Rəcəb kişi Mamedoun kabinetinə girəndə gördü ki, kişi qaş-qabağını sallayıb, başda, öz kreslosunda oturub. Onun stoluna bitişik kabinet stolunda bir 35-40 yaşlarında, şıq geyinmiş, uzun və siqaret tüstüsündən saralmış nazik barmaqlı müstəntiq oturmuşdu. Rəcəb kişi salam verdi. Sədr heç dinmədi də! Müstəntiq başı ilə salamı aldı, milis nəfərinə işarə etdi ki, çıxsın. Milis nəfəri itaətlə otaqdan çıxdı və müstəntiq amiranə səslə:

-Rəcəb kişi! – dedi.

-Bəli...

- Bir bunun ağzına bax, burnuna bax! – deyə müstəntiq oturduğu yerdən ayağa qalxdı. – Ə, həşarat! Ə, Donuz! Sən kim olmusan ki, adam döydürürsən?!

-Vallah, nəçənnik! Mənim heç nədən xəbərim yoxdur! A kişi?! – deyə Rəcəb çevrilib Mamedova baxdı. – Yoldaş Mamedov! Namusuma and olsun, mənim heç nədən xəbərim yoxdur! 

            Mamedov heç başını da qaldırmadı. Rəcəb kişi yenə ona xitabən:

-A kişi! – dedi.

- Ə! Otur aşağı! Kişi də varsan, hələ lap dişi də!... Gözünü tökərəm!... Çaqqalın biri, çaqqal! Otur aşağı! 

            Rəcəb kişi itaətlə ona ayrılan stulda oturdu və müstəntiqin üzünə baxdı. Müstəntiq siqareti qəribə əda ilə iki barmağı arasında tutaraq, kabinetdə bir-iki var-gəl etdikdən sonra, qəzəbli səslə Rəcəb kişiyə sual verdi:

            - Kim idi o, qoduqların?! – Sonra qarşısındakı qovluğu açdı, oradan bir vərəq kağız və qələm götürüb, Rəcb kişi ilə üzbəüz stolun o biri tərəfində oturdu. – Kim idi onlar?

            - Siz kimi soruşursunuz? – deyə Rəcəb kişi yavaş səslə suala cavab verdi. Müstəntiq fısıldadı, nəsə demək istədi... Demədi və başını yellədi.

            - Suala cavab ver! Ə! Yəni sən kimləri çağırdığını, kimlərə adam döydürdüyünü bilmirsən? Tülkü!

            - Nəçənnik! Bəsdir təhqir etdiniz! Mən sizə dedim ki, heç kimi çağırmamışam və heç kimi də döydürməmişəm! Sizə hansı “ifadəni” verməliyəmsə, onu deyin! Bir də, yaddan çıxarmayın ki, dəvədən böyük  fil var!..

            - Ayə! Məni ələ salırsan?! Ə!..Ayə, məni hədələyirsən?! Gözünü tökərəm sənin!- deyə müstəntiq hirslə yerindən qalxdı, hər iki əlini yuxarı qaldırıb, az qaldı barmaqlarını Rəcəb kişinin gözünə soxsun. Ə! ... deyə o təhqiramiz sözü bir də işlətdi.

            Dünya Rəcəb kişinin başına fırlandı. Hirsindən az qalırdı ki, ürəyi yerindən çıxa. Çevrilib sədrin üzünə baxdı. Mamedov qalib gəlmiş xoruz kimi kresloda dik oturmuş, az qalırdı baxışları ilə Rəcəb kişini yesin! Rəcəb kişi bir də çevrilib müstəntiqə baxdı və ürəyində “tüpürüm sənin ikiüzlü qayda – qanunlarına, Sovet hökuməti”dedi.  Müstəntiq daha bağıra – bağıra danışırdı:

            - Ə!Qancıq! Ə....! –Elə bil, müstəntiq bilmişdi ki, bu axırıncı təhqiramiz söz Rəcəb kişinin yeddi qatından keçir, onu tez-tez təkrarlayırdı...

            Rəcəb kişi daha dözə bilmədi. Oturduğu yerdən sıçradı və masanın üstündən xurustal külqabını qapıb, onu var gücü ilə müstəntiqə tolazladı. Külqabı müstəntiqin sinəsindən tutdu. Müstəntiq oturduğu yerdən özünü arxaya atdı və stul qarışıq qurultu ilə döşəməyə yıxıldı. Rəcəb kişi qarşısındakı sədrin masasına bitişik masaya altdan, iki əli ilə nə güc gəldisə, bu hissə də qopub, müstəntiqin üstünə düşdü. O, irəli yeriyib, masa qırığını müstəntiqin üstündən götürüb kənara atdı və müstəntiqin qarnını, baş – gözünü təpikləməyə başladı. Bu arada Mamedov istədi gəlib Rəcəbi tutsun. Ona yaxınlaşıb arxadan qucaqlamaq istəyirdi ki, Rəcəb kişi çevrilib, sədrin sifətinə ağır bir kəllə ilişdirdi. Mamedov da arxası üstə döşəməyə düşdü. Rəcəb kişi onun da qarnına bir-iki təpik ilişdirb, sədrin masasının üzərindəki uzun tiyəli dəftərxana qayçısını götürüb, sürətli addımlarla kabinetdən bayıra çıxdı.

            Qapının ağzında dayanmış milis nəfəri Rəcəb kişinin qana bulanmış sifətinə və əlindəki qayçıya baxıb, bir anlığa çaşıb qaldı. Sonra Rəcəb kişinin yanından keçib kabinetə girdi. Onun ardınca UAZ-ın şoferi özünü içəri atdı. Rəcəb kişi heç onları gözləmədən gəlib polisin UAZ –na mindi. Əlində tutduğu qayçıya baxıb:

-Sən məni bu itin – qurdun əlindən xilas edəcəksən! – dedi.

Bu zaman milis nəfəri kabinetin qapısında göründü və ora-bura boylandı. Rəcəb kişini maşında görüb, bir də içəriyə qayıtdı. Çox keçməmiş şofer, onun ardınca da milis nəfəri kabinetdən çıxıb, həyətə düşdülər.

            Milis nəfəri arxa oturacaqda oturmuş Rəcəb kişinin tərəfindəki qapını açıb nəsə demək istədi. Rəcəb kişi ayağı ilə onun sinəsindən itələyib:

-Sürün prakuraturaya! Yoxsa bu qayçı ilə özümü öldürəcəyəm!

Milis nəfəri iki addım geri çəkilib:

-Rəcəb əmi! – dedi. – Yuxarıdakılar əmr etməsə, biz bunu edə bilmərik, - dedi.     

            Rəcəb kişi əlindəki qayçını öz qarnına dirədi və qışqırdı:

-Oturun maşına, deyirəm sizə!

Şofer milis nəfərinin üzünə baxdı. Milis nəfəri nə edəcəyini bilmirdi. Səs-küyə toplaşan kənd camaatı:

-Hara deyir, ora aparın da! – deyə milis nəfərini gınamağa başladı.

-Onda siz vəziyyəti yuxarıdakılara bildirin! –deyə  milis  işcisi  adamlara müracıət etdi, sonra şoferə işarə etdi ki, gedək!

            Şofer öz yerinə, milis nəfəri də onun yanına əyləşdi və maşın rayon mərkəzinə doğru hərəkətə başladı. Bir saatlıq yol boyunca heç kim bir kəlmə də   danışmadı. Onlar gəlib prokurorluğun həyətinə çatanda milis nəfəri şoferə dedi:

            - Sən düş,  prokurorun yanına çıx! Vəziyyəti danış! O, nə məsləhət edər, elə də edərik.

            Şofer düşüb getdi. Milis nəfəri çevrilib Rəcəb kişiyə baxdı və dedi:

            - Bax, kişi! Mən səni bura sənin tələbinlə gətirmişəm! Əlindəki qayçıya görə! Bunu unutma haa! Prokurorun kabinetinə gir və qayçını stolun üstünə qoy! Sonra başına gələnləri danış, qorxma! Kişi adamsan! Yaxşı verdin o qudurğanın dərsini!... yadından çıxmasın ki, səni milis söbəsinə də apara bilərdim. Amma orada səni döyüb, öldürəcəkdilər... Başa düşdün?

            Rəcəb kişi başı ilə “bəli” işarəsi verdi. Bir azdan şofer də qayıtdı və milis işçisinə dedi ki, prokuror onları gözləyir. Milis nəfəri əvvəl özü maşından düşdü, sonra Rəcəb kişi tərəfə keçib, qapını açdı və dedi:

-Düş, qabağımda get!

Rəcəb kişi heç nə demədən avtomaşından düşdü, milis nəfərinin müşayəti ilə prokurorun qəbuluna getdi. Onlar ikinci mərtəbəyə qalxdılar və prokurorun kabinetinə girdilər. Otaqda prokurordan əlavə iki nəfər də var idi. Rəcəb kişi əlindəki qayçını stolun üstünə qoydu, geri çəkilib əli ilə gözlərini sildi. Çiyinlərini çəkməsindən hiss olunurdu ki, ağlayır.

            - Siz azadsınız! – deyə prokuror milis işçisini kabinetdən çıxardı. Sonra üzünü Rəcəb kişiyə tutb: - A kişi! Bir yaxın gəl, otur!... Danış görüm, bu nə məsələdir?!

            - Yoldaş prokuror! Vallah, havayı, boş yerə dolaşığa dümüşəm.Oğlum Əfqanıstandadır. Yaralanıb. İndi qospitalda yatır... Arvad da qonşumuz İmran kişinin qızını gözaltı edibmiş... Hələ bir elə get-gəlimiz, yəni nişan-zad olmayıb. Eşitdiyimə görə, qızın da Qalibə - oğluma meyli varmış. Ona görə bizim arvad qızın anası ilə danışıb, razılaşıbmış... insafən...

            Rəcəb kişinin səsi titrədi. Prokurorun işarəsi ilə köməkçilərdən biri qrafindən fincana su töküb Rəcəb kişiyə verdi. Rəcəb kişi suyu zorla içirdi, su boğazında qalırdı. O, suyu içib fincanı stolun üstünə qoydu.

            - Sağ olun! – dedi və sözünə davam etdi. – Bu ayın əvvəlləri olardı, sədr Mamedov İmrangilə gələr ki, bəs, qızı qardaşım oğluna istəyirəm... Bilmirəm, nə səbəbdənsə, İmran sözkəsərlik etməz, deyərlər baxarıq. Elə onun səhəri gün sədrin qardaşı oğlu bir “Jiquli ilə düşdü kəndin canına. Özü kimi iki qudurğan da gətirib, başladılar kənddə qoçuluq etməyə... Nə böyük tanıdılar, nə kiçik! Axşam-səhər, vaxtlı-vaxtsız maşın siqnalları ilə, maqnitafon səsiylə, nə cür gəldi, maşın sürməklə başımıza oyun açdılar. Dünən iki maşınla kimlərsə gəlib, onları yaxşıca kötəkləyib, kənddən qovublar. Orada da and içdim, inanmadılar, bəlkə də heç inanmaq istəmədilər, sizə də, vicdanıma and içirəm ki, bu işdən mənim xəbərim yoxdur!...

            - Hə! Sonra? – deyə prokuror işarə etdi ki, davam et!

            - Bu gün səhər qapıya milis maşını və milsaner gəlib ki, gedək, səni müstəntiq çağırır. Dedim noolar, gedərəm, nə soruşarlar, cavablarını verərəm, vəssalam! Mən qapıdan girəndə gördüm sədr sintəlib oturur, heç salamını da almadı. Müstəntiq də çatan kimi başladı təhqirə, söyüşə...

            - Necə başladı? Hamısını danış! – deyə prokuror Rəcəb kişiyə sakit-sakit müracıət etdi. – Qapıdan girəndən sonra nə oldu? Hamısını danış!

            - Vallah,  prokuror! Mən qapıdan girdim, salam verdim. Sədr heç üzümə də baxmadı. Müstəntiq başı ilə salam alıb, sonra ayağa durdu. Stolun o üzündə o idi, bu üzündə mən. Kişi başladı nahaq yerə məni söyüb təhqir etməyə. İrili-xırdalı nə qədər vəhşi heyvan, həşarat adı bildirirsə, hamsını mənə qoydu... Dözdüm! Dəvə dəlləyi kimi iki əlini qaldırıb, az qalırdı ki, gözlərimi çıxarsın, dözdüm... Axırda o sözü bir də təkrar dedi, daha özümü saxlaya bilmədim. Mənə qanunla nə cəzam var, verin çəkim, amma...

            - Nə amması? – deyə prokuror təkid etdi ki, Rəcəb kişi ammasını da desin.

            - Amma odur ki, paqonlarına güvənib kişi kişini təhqir etməz! Bəsdir, bu əhmədovlar-məmmədovlar paqonlara arxalanıb istədiklərini elədilər!

            - Rəcəb kişi! Əhmədov-məmmədov nə edir axı?!

            - Bu saat kolxoz onlarındır! Kim desə ki, torpaq kəndlinindir, yalandır. Yazıq kəndlinin işi tütündə, pambıqda axşama kimi eşşək kimi işləməkdir. Barama aparırsan, elə bil, çaylaqdan yığmısan, tütün aparırsan, elə bil qoz xəzəlidir onlar üçün! Ferma südünün heç üzünə baxmaq istəmirlər. Zavoda süddənsə pul aparıb vermək onlara daha sərfəlidir. Nə veclərinədir ki, xalqın düməsi üzülür!...

            - A kişi, səndə sözlər var! Qorxma, açıqla görüm, niyə barama çay daşı, tütün qoz xəzəli, süd pul olur?!

            - Baramadır, tütündür – aparırsan qəbul məntəqəsinə, harın adamların insafına, bir də cibinin gücünə qalırsan! Hər kilosuna onların qoyduqları miqdarda pul verməsən, sort vermirlər. Batır çəkdiyin zəhmət! Süddə ki elə!

            - Necə elə?

            - Yoldaş prokuror! Bir kilo yağ almaq üçün 27 kilo normal süd lazım olur. Buna da dövlət verir 8 manat 10 qəpik. Zavodlarda da süd əvəzinə hər kiloqramı 30 qəpikdən pulunu yığırlar. 27 kilo süd əvəzinə mən aparıb 8 manat 10 qəpik pul verirəm. Zavodda da naryad yazılır ki, guya mən verən süddən 1 kilo yağ hasil eləyib ticarət təşkilatına satdılar. Ticarət də yalandan faktura tərtib edir ki, guya onlar bu 1 kilo yağı bizə satıblar. Zavodda yağ əvəzinə 3 manat 60 qəpik pul alıb keçirirlər banka. Olurlar paşot! Bəs mən ona 8 manat 10 qəpik pul vermişdim, hanı onun 4 manat 50 qəpiyi?! Yedilər! Kolxozdan, kolxozçunun boğazından kəsib, yedilər! Hələ bu harasıdır?! Bəs dövlət də 1 kilo yağ üçün 8 manat 10 qəpik dotasiya ilə pul verir. Süd üçün... Hələ istehsal xərclərini demirəm! O pulu da köçürürlər kolxozun hesabına. Yenə kolxozçu ot satıb, yem satıb, fermanın malını satıb aparır südün pulunu verir. O ələ verilən təmiz pulun 4 manat 50 qəpiyi bu sədrləri, paqonluları bir-birinə “qardaş” edir, zəhmətkeş də mənim kimi yerli-yersiz təhqir olunur, söyülür, döyülür. Budur işin amması!

            - Kişi, səndə çox sözlər var! Yaxşı, o nə söz idi ki, onu deyən kimi sən cin atına minmisən?

            - ...

            - Rəcəb kişi! Biz bura qeyd etməliyik ki, sənə kömək edə bilək! Sən kömək üçün gəlməmisən?

            - Bəli.

            - Onda sualımıza cavab vermək lazımdır!

            - Yoldaş prokuror! Üzr istəyirəm, yüz dəfə! “Petux” dedi...

            - Bəs başın niyə yarılıb?

            - Vallah, bilmədim! Deyəsən, sədrin dişləri kəsdi...

            - Aydındır! – deyə prokuror köməkçisinə çevrilib ona dedi: - Aparın bu kişini həkimə! Yoxlasınlar! Lazım olanı edin və mənim sərəncamımı gözləyin!

            Köməkçinin biri Rəcəb kişini birincı mərtəbədəki otaqlardan birinə düşürdü. Orada fotoqraf Rəcəb kişinin bir-iki formada şəklini çəkdi, sonra onu prokraturanın həyətinə gəlmiş təcili yardım maşını ilə xəstəxanaya apardılar. Yolda Rəcəb kişi düşündü ki, “vəssalam, bir dəlixanamız əskik idi”. Doğurdan da, onu “Əsəb xəstəlikləri” şöbəsinə gətirdilər. Amma Rəcəb kişinin fikirləşdiyi kimi olmadı. Onu yaxşı müayinə etdilər, üz-başını təraş etdilər, yuyundurub, geyindirdilər. Sonra ayrı bir UAZ maşında prokuraturanın həyətinə gətirdilər.

            Rəcəb kişini prokurorun o biri köməkçisi qəbul etdi. Dedi ki, onun oğlunun Bakıda yaxşı dostları- əfqan müharıbəsi veteranları var imiş. Onlar Qalibə “23 fevral hədiyyəsi” ediblər. Belə ki, İmran kişinin qızı Qalibə yazıbmış ki, sədr Mamedovun qardaşı oğlu onların zəhləsini töküb. Qalib də dostlarına teleqram vurub, məsələni onlara bildirib. Onlar da gəlib belə özbaşınalıq – onların dili ilə desək, “razborka” ediblər. Sənin heç bir günahın olmayıb. Nahaq yerə təhqirlərə məruz qalmısan.

            - Rəcəb kişi! Amma siz də düz iş görməmisiniz! Müstəntiqə və sədrə qarşı kobudluq etmiş, həddinizi aşmısınız. İşin həqiqətini biləndən sonra müstəntiq sizə qarşı etdiyi hörmətsizliyə görə üzr istəməyə hazır olduğunu bildirdi. O, sizi hövsələdən çıxardığını etiraf edir və üzr istəyir. Qaldı Mamedova o da şikayətçi deyil. Söylədiyi kimi, sizi “tutmaq” istəyəndə başlarınız toqquşub. Vəssalam. Onlar gəlib burada sizdən üzr istəyəcəklər.

            - Oğul! Sən Allahın!  Prokurora mənim xahişimi yetir ki, mənə onların heç bir üzü - zadı lazım deyil. Prokurora mənim təşəkkürümü yetir! De ki, mən bildim ki, hələ haqq-ədalət var!

            - Ata, biz lazım olanı etdik! Siz ki, belə istəyirsiniz, qoy belə olsun! Sizə yaxşı yol! Həyətdə maşın var. O, sizi evinizə aparacaq.

            Rəcəb kişi prokraturanın həyətinə çıxanda bir cavan oğlan ona yaxınlaşıb soruşdu:

-Rəcəb əmi sizsiniz?

-Bəli.

-Buyurn, maşına əyləşın! Mən sizi evinizə aparmalıyam! Prokurorun tapşırağıdır.

            Onlar kəndə çatanda artıq qaranlıq düşmüşdü.

            Rəcəb kişinin evə qayıtdığını eşidən qohum-qonşu onlara baş çəkir, onun belə tez ev-eşiyə qayıtmasına görə sevindiklərini bildirirdilər. Bu sevinənlər arasında Məlahət xüsusi yer tuturdu. O, artıq Rasimə xalagilə sərbəst gəlib-gedir, elə bil, bununla hamıya göstərmək istəyirdi ki, mən bu evin gəlini olacağam, məndən əl çəkin! Məlahətin bu münasibəti Rəcəb kişinin və Rasimə xalanın diqqətindən qaçmır və onlar Məlahətin dalınca baxıb:

-Allah səni bizə çox görməsin! – deyirdilər.

Beləcə, fevral çıxıb, mart gəlir, havalar yavaş-yavaş yumşalır, kəndin işi-gücü artırdı. Mamedova da haradan ağız dəymişdisə, nə Rəcəb kişiyə, nə də İmrana, çevrilib baxmırdı. Elə bil, fevral hadisələri heç olmayıbmış. Arada da kolxoza Respublika Xalq Nəzarəti Komitəsindən müfəttiş qrupu gəldi. Əslində,  bu yoxlama rayona gəlmişdi. Amma raykom özü bu qrupu Mamedova tərəf  yönəltmişdi. Səriştəsi olan bilir ki, kolxoz, nə qədər çırpsan, o qədər tozu çıxan təşkilatıdır. Satılmış 10 cöngənin yerinə 2 axsaq dana, 8 yalançı akt qoymuş “yazıq” Mamedovun bircə saxtalığı üzə çıxan kimi, bu “biabırçılığı” örtmək üçün ən azı 5 min manat lazım gəlir. Amma bütün bunlara baxmayaraq, Mamedovun yadından Rəcəbin “kəlləsi” çıxmayıbmış. O, haradasa deyibmiş ki, dağılan çənəsinin hayıfını Rəcəb kişidə qoymayacaq. Danışırlar ki, kişi iki ay quru xörək yeyə bilməyib. Hələ indi-indi ferma qoçlarının ağ ətindən nuş edə bilir. Yoxsa bu iki ayda horra-sıyıq ilə yaşamaq “yeyib-içən” oğlan üçün nə əzab olduğunu özünüz təsəvvür edin! Bir tərəfdən də Mamedovun çox yaxın adamı olan müstəntiq Ağalarovu başqa rayona göndərdilər. Bir dəfə Ağalarov Mamedova rast gələrək deyibmiş ki, “bəs sən bilmirdin, Rəcəb kimdir? Məni də dolaşığa saldın, özünü də!”

                                         - 5 -

           

Axır ki, Rəcəb kişinin və Rasimə xalanın gözlədiyi gün gəlib çatdı. Qalibdən teleqram aldılar ki, o, Daşkəndə gəlib və yaxın günlərdə hərbi xidmətini bitirib Azərbaycana – öz vətəninə qayıdacaq. Atasından da xahiş edirdi ki, Rayon Xalq Maarif Şöbəsinə baş çəksin. Müvafiq məktəblərin birində onun üçün iş yeri müəyyən etsinlər.

            Teleqram gələn günün ertəsi Rəcəb kişi Rayon mərkəzinə - Maarif Şöbəsinə getdi. Teleqramı RXMŞ-in müdirinə göstərdi.

            - Hörmətli valideyn! – deyə RXMŞ-nin müdiri Baxşəliyev Rəcəb kişi ilə rəsmi danışdı. – Bizə təyinatla gələn müəllimləri işə götürürük. Hər əsgər teleqramı ilə bir müəllim yeri zanitləsək, necə olar?! Siz darıxmayın! Qoy əsgəriniz gəlsin, sonra biz onu, bir yer tapıb, yerləşdirərik.

            - Yoldaş Baxşəliyev! Qalib keçən il institutu qurtarıb gələndə təyinatla gəlmişdi!...

            - Bəs, axı...Bəs kənddə işləyən müəllimləri əsgər aparmırlar?!

            - O, rayon mərkəzində işə qoyulmuşdu.

            - Həə! Onda Qalib müəllimin iş yeri saxlanılır! Gələr, öz yerində də işləyər! 

            - Yox e! Baxşəli müəllim! İstəyirik ki, Qalib öz kəndimizdə işləsin. Görürsünüzmü? – deyə Rəcəb kişi əlindəki teleqramı bir də RXMŞ-in müdirinə göstərdi. – Yazır ki, müvafiq yerdə... Bizə də ki, müvafiq yer öz kəndimizdir. Göndərin Qalibi öz kəndimizə! Xahiş edirəm!...

            - Qalib müəllimin atası! Sizin kənddə yer yoxdur! Amma düzələr!... Qoy mən bir Mamedovla, məktəb direktoru ilə məsləhətləşim!...

            - Lazım deyil, qardaş! Mamedovla olan məsləhəti mən istəmirəm! Qoy Qalib burada işləsin!...

            - Mamedovla Sizin aranızda nə olub ki?

            - Nə olacaq?! O Ağalarov məsələsi...

            - Sən Rəcəb kişisən?

            - Bəli.

            - Rəcəb kişi! Sən xoş gəlmisən! Bayaqdan demirsən ki, bəs kimsən?! – deyə Baxşəliyev oturduğu kreslodan durub Rəcəb kişinin yanına gəldi, əl verdi, sonra da onu qucaqlayıb öpdü.

            Rəcəb kişi öz-özünə fikirləşdi ki, “bu Baxşəliyev onu kiməsə oxşadıb”. Baxşəliy isə Rəcəb kişini yaxşı tanıyırmış!

            - Sizə can qurban, Rəcəb kişi! Siz ki, o Ağalarovu bu rayondan rədd etdiniz haaa!

            - Ə kişi! Vallah, mənim Ağalarovla bir şəxsi-qərəzliyim olmayıb! Mən bilirəm, onu bu rayondan kim və niyə çıxarıb?!

            - Oldu, oldu, yoldaş Rəcəb kişi! Siz arxayın gedin, evinizdə oturun! Qoy, oğlunuz qayıtsın! O, barmağını qoyan yerə onu direktor, ya da zavuç qoyacağam! – deyə-deyə Baxşəliyev  Rəcəb kişinin qoluna girək, onu RXMŞ-nın qapısına qədər ötürdü.

            Rəcəb kişi kəndə qayıdanda yol kənarındaki bir qoyun yatağından “nişan apararkən buynuzuna qırmızı lent bağlan- ması üçün qoç aldı. Qoçu görən Rasimə xalanın sevincinin həddi-hüdudu yox idi. Elə bil, Qalibin özü  gəlmişdi! Qoyun da istiqanlı qoyun çıxmışdı. Axaşama kimi həyətdə  Rasimə xalanın dalınca gəzir, onu görməyən kimi mələrtisi ilə həyəti başına götürürdü. Qoyunun gecələr də başı bağlanmırdı, balkonun altına girib yatırdı.

            Beləcə bir həftə də keçdi. Bir gün Rasimə xala həyətə göz gəzdirib, qoyunu görmədi. Düşüb balkonun altına baxdı, həyəti gəzdi, dirriyə keçdi... qoyun yoxa çıxmışdı! Rasimə xala fikirləşdi ki, bəlkə qoyun Rəcəbin dalınca sahəyə gedib. Lakin günortaüstü Rəcəb kişi qayıdıb gəldi və qoyunu görmədiyini söylədi. Qaldılar mat-məəttəl ki, bəs bu qoyun hara oldu?!

            - Bəlkə darvaza açıq qalıb, qoyun səhər tezdən yola çıxıb. Qoy, mən kəndə çıxım! – deyə Rəcəb kişi heç bir fincan çay da içmədən yola çıxdı.

            Rəcəb kişi bütün qonum-qonşudan qoyunu görüb – görmədiklərini soraqladı. “Gördüm” deyən olmadı! Axşam Rasimə xalanın qan təyziqi qalxdı. Məlahət olmasaydı, bəlkə də Rasimə xalanın beyninə qan sızacaqdı. Qoyunun itməsi bir yana, Rasimənin bu vəziyyəti Rəcəb kişini lap koruxdurmuşdu. Səhər tezdən durub, atı yəhərlədi və yatağa yola düşdü. O, yataqdan əvvəlki qoçdan da iri, ondan da qəşəng bir qoç alıb kəndə qayıtdı. Günəş doğub, şüaları kəndə düşəndə Rəcəb kişinin həyətini yenə qoyun mələrtisi başına götürmüşdü.

            Rasimə əvvəl elə bildi ki, Rəcəb kişi qoyunu tapıb. Çox sevindi. Sonra bu qoyunun ona naşılığı onun başqa qoyun olduğunu bildirdi. Rasimə xala da düşündü ki, “qoyun qoyundur, nə fərqi var?!” Rasimə xalagilin həyətindən gələn qoyun səsi Məlahəti də çox sevindirdi. O, orağı götürüb bağa keçdi və qoyun üçün ot biçməyə başladı. Anası Gövhər ona irad tutdu:

            - Ay qız! Sən neyləyirsən? Nə vaxtdan ot biçən olmusan?! Əlini kəsərsən!

            - Qorxma, ana!  Heç nə olmaz! – deyə Məlahət işini davam etdirdi.

            Qoyun üçün Məlahətin göndərdiyi ot zənbilini görəndə Rasimə xalanın ürəyi dağa döndü. Fikirləşdi ki, “nə yaxşı, Rəcəb bu qoyunu tez alıb, gətirdi, dost-düşmənin üstümüzə gülməsinə imkan vermədi!”

            Rəcəb kişinin isə ürəyinə yüz fikir gəlirdi. Deyirdi, bəlkə gecə qapını bağlamaq yadına çıxıb, ya da ...

            - Ya da qoyunu oğurlayıblar, - deyə əlini belində çarpazlayan Rəcəb kişi həyətdə var-gəl edir, fikirləşirdi. – Gecə həyətə kimsə girib, qoyunu aparıb. Deməli, ayıq olmaq gərəkdir! Düşmən həmişə fürsət gözləyir... O, düşmən dedikdə Mamedovu nəzərdə tuturdu. – Yəqin kiməsə göstəriş verib ki, gəlib bizim “nişanlıq” qoynumuzu aparsın. Bu kim ola?! Daha gecələr darvazanı qıfılla bağlayam gərək!

            Rəcəb kişi mağazaya qıfıl almağa getdi.

                                              

                                             - 6 -

            Bu qoyun da üç günə həyətə isinişdi. Rasimə xala qoyunun buynuzu üçün qırmızı lenti də tapıb, hazır qoymuşdu. Axır ki, ananın həsrətlə gözlədiyi  – Qalibin yolda olduğunu bildirən xəbər gəlib çıxdı. Rasimə xala teleqramı gətirən poçtalyona qəşəng bir saroçka bağışladı. Teleqramda Qalib bildirirdi ki, sentyabrın 28-də Daşkənddən təyyarə ilə çıxır. Bakıya gələcək, oradan da qatarla evə...

            28 sentyabra nə qalmışdı ki?!  Sabah yox, biri gün 28-i idi. Yır-yığış edib, hazırlıq görməli idilər. Bu kəndin də adəti belə idi ki, əsgərdən gələn olanda bütün kənd onu “görməyə” gəlir, iki-üç gün ye-iç, çal-oyna olurdu. Gözaydınlığına gəlib- gedəni yola salmaq üçün də bir cöngə bəs eləmir! Ona görə Rəcəb kişi kənddən bir üçillik cöngə alıb, həyətə bağladı. Rasimə xala bacısını da köməyı çağırıb ev-eşiyi, xalça-pərdəni hazırlamağa başladılar. İş o qədər çox idi ki, axşamın nə vaxt olduğunu bilmədilər. Arada Məlahət də gəlib samovarlarına od salmasaydı, bəlkə də elə çay da yadlarından çıxacaqdı. Rəcəb kişinin də işi az deyildi. Həyətdəki mal – qaraya qoyun və cöngə də əlavə olunmuşdu. Bu heyvanların otu-suyu, evin digər işləri də Rəcəb kişini yorğun salmışdı. Gecə də gec yatdılar və səhər tezdən durub həyəti gəzən Rəcəb kişinin, elə bil, başına bir qazan qaynar su tökdülər! Qoyun yox idi.

            Qapı qıfılla bağlı, qoyunu da ki, kişi özü balkonun altına salıb, qabağını da taxta ilə bağlamışdı ki, çıxmasın. Bəs nooldu? Cöngə yatıb, kövşək çalır, qoyun yoxdur! Həyət-bacada bir künc-bucaq qalmadı, Rəcəb kişi baxmamış olsun. Qoyundan bir əsər-əlamət görmədi. Rasiəyə də deməyə qorxurdu ki, vay-şüvən qopacaq. Getdi İmrangilə. Darvazanı döyüb, İmranı çağırdı:

-İmran, ay İmran!

İmran gəlib darvazanı açdı və Rəcəb kişini həyacanlı görüb:

-Ayə, Rəcəb! Noolub?! Nə xəbər var? – deyə sualı sual dalınca yağdırırdı.

-İmran! Bu qoyunu da oğurlayıblar.

-Nə? Bu qoyunu da oğurlayıblar?! Kim?..

-Nə bilim, kim! Oğurlayıblar da.

-Bu ki, adama şataşmaqdı.

-Demə da! – deyə Rəcəb kişi başını yellədi.

- Onda, gedək birini də alaq! Bir dəqiqə gözlə, pencəyimi götürüb gəlirəm! – deyə İmran evə getdi və tez də qayıdıb gəldi. – Gedək! 

Rəcəb kişi heç nə demədən İmranın dalınca getdi. Onlar İmranın kiçik qardaşının qapısına gəldilər və İmran onu çağırıb, tapşırdı ki, “tez maşını xodlayıb, çıxsın, gedəsi yerimiz var!”

            Onlar yatağa getdilər və yaxşı bir qoç seçıb aldılar. Rəcəb kişi nə qədər çalışsa da, İmran onu qoymadı, qoyunun pulunu özü verdi.

            - Sən narahat olma, Rəcəb! – dedi. – O əclafı tapacağıq. Bizi artıq quda hesab edirlər və sənin bostanına atılan daş elə mənimkinə deməkdir. Sağlıq olsun!

            Onlar qayıdıb evə çatanda Rəcəb kişi Rasimənin həyətin ortasında heykəl kimi dayandığını gördü. O, Rasiməni qabaqlayıb:

-Qoyunu gəzdirirdim -  dedi.

-Maşınla?!

-Ə, yox! Aşağı yoldan bura qədər...

-Allaha şükür! Yoxsa elə bilmişdim bu qoyunu da arapdılar!

-Ə, yoox... Arvad. Gördüm qoyun çox vurnuxur, dedim aparım bir az  gəzdirim.

-Yaxşı eləmisən, Rəcəb. Samovar qaynayır, dəmləyim, içək! – dedi və Rasimə xala evə getdi.

Rəcəb kişi qoyunu həyətə bağladı, həyət qapısını qıfıllayıb, bir də itən qoyunu tapa biləcəyi kimi, ora-bura baxdı... Öz-özünə dedi ki, “itiyi itənin gözü axtarıçı olar”. Bir də ki, bu adam məni ələ salır. Deyir ki, çox şey edə bilər, amma “nişan” qoyununu aparmağa “küləyin hansı səmtdən əsdiyini bildirmək” istəyir. Yaxşı. Mənə də Rəcəb deyərlər. Sənin atana od vurum, sən də gör!”

            Rəcəb kişi  həyəti gəzə-gəzə “oğru ilə hesablaşmaq” planını tuturdu.

            - Bu axşamdan başlayaraq gecələr həyətdə pusquda duracağam. Onun kim olduğunu bilməliyəm! – deyə düşünən Rəcəb kişi balkona çıxmaq istəyirdi ki, qoyun mələdi.

            - Ədə, Rəcəb! Bu qoyun bizimki deyil! – deyə qoyunu səsindən fərqləndirən Rasimə xala balkondan qışqırdı.

            - Bizimkidir, arvad! Bizimkidir, amma dünənki deyil! – deyə Rəcəb kişi Rasiməni sakitləşdirmək üçün yavaş-yavaş pilləkənləri qalxdı və soruşdu: - Çayın hazırdır?

            - Hazırdır. Amma...

            - Arvad! Amması odur ki, kimsə bizə sataşır. Axşam yenə qoyunumuzu aparıblar...

            - Oy...! – deyə Rasimə elə olduğu yerdə yerə çöküb, düzlərinə vurdu. – Vay sənin evin yıxılsın, qoyun aparan! Bu nə işdir, biz düşmüşük?! Kimdi bu namərd?!

            - Ss... – deyə Rəcəb kişi Rasimə xalanı sakitləşdirməyə çalışdı. – Sabah və ya biri gün Qalib gəlir! Bu iki gecəni pusquda duracağam. Tutacağam o namərdi, o qoyun oğrusunu altına buraxdırmasam, mənə Rəcəb deməsinlər!

            Bu arada həyətdən Məlahətin kiçik qardaşının səsi eşidildi. O, qoyuna ot gətirmişdi. Rasimə xala Rəcəb kişinin üzünə baxdı. Rəcəb kişi arvadına işarə eydi ki, heç nə deməsin.

-Qoy elə bilsinlər ki, heç nə olmayıb.

 

                                           - 7 –

 

            Qalib Bakının Binə aerovağzalında çox qəribə tünlüyə düşdü. Onu əsgər paltarında görən “xalturşik” şoferlər düşdülər oğlanın üstünə. Biri qolunu dartdı, biri çamadanını.

-Ə, bacı oğlu, hansı rayona gedirsən, aparım.

-Pulsuz aparıram. Muştuluq bəsimdir!...

-Yox, o, mənnən gedəcək!

-Onu hamıdan əvvəl mən görmüşəm...

-Sən qələt eləmisən, görmüsən. Üç gündür buradayıq, sizin əlinizdən evə bir tikə çörək apara bilmirik. Vallah, vuraram, çənən çıxar...

Qalib gördü, yox, belə getsə, dartıb, bütün üst – başını cıracaqlar, dedi:

- Ay qardaşlar. Bir az sakit olun. A kişi... Mən Bakıda, yoldaşlarımla görüşüb rayona gedəcəyəm.

            Şoferlərdən biri:

            - Ala, qədeş. Səni aparıram şəhərə, qoyuram dostunun evinə. Telefon nömrəmi verirəm sənə. Nə vaxt rayona getmək istəsön, zəng edirsən, gəlib aparıram səni rayonuva. Razısan, qədeş? Onlar müştuluğa nə verər, bəsimdir! Gedək?

            - Gedək, - deyə Qalib çamadanını şoferə verdi və bundan sonra o biri şoferlər ondan əl çəkdilər.

            Onlar şəhərə çatanda, artıq qaş qaralmışdı. Galib şoferə dedi:

-Şofer! İstəyirəm çıxaq gedək rayona. Olar?

-Ala, nöş olmur? Davay! Bu lap əla oldu ki! Ala, əsgər! Adun nədi sənin?

-Qalib.

-Qədeşinin də adı Məhəmməddir! Yasamalda oluram. Bəs sən harada slujit eləmisən?  

-Əfqanıstanda.

-Əfqanıstanda ?! – deyə Məhəmməd maşını tormozlayıb, saxladı və Qalibə baxıb: - Ala, bu nə yaxşı oldu! Ala, deynən ki, a qərdeş, maşınunda kişi aparırsan! Yoxsa gedib Rusiyanın harasındasa sement qatıb, çörək doğrayıb, vaxt keçirməmisən! Qədeş, ata-anavun gözü aydın olsun! Qədeş, Kürdəmirdə sənə bir qonaqlıq vermək məndə!

-İstəməz! Çox sağ olun, Məhəmməd!...

-Yoox! Məhəmməd dedi, qurtardı! Qorxma, mən yolda olanda içki içmirəm!  Amma sənə nə qədər içsən, o qədər araq alacağam!

-Məhəmməd, əgər mənə hörmət edirsənsə, sür gedək! Evdə yeyib- içərik.

-           Qalib oğlan! Məhəmməd sənə əfqan olduğuna görə, sağ-salamat öz yurduna qayıtdığına görə bir kabab alır, 100 də araq! Sözün yoxdur ki?

-Daha nə deyim? Sağ ol, var ol!

Onlar yol kənarındakı kiçik bir yeməkxanada dayandılar. Məhəmməd üç kabab  və bir yüz də araq sifariş etdi. Kabablara gəlincə ortaya qoyulmuş qəlyanaltı ilə çörək kəsəndə Qalib qədəhi götürüb dedi:

- Allaha çox şükür ki, o odun, alovun içindən keçib, bir loxma vətən cörəyi yemək mənə qismət oldu. Mən istədim bu çörəyi evimizdə kəsim, amma, Məhəmməd, səndən keçə bilmədim. Sən nə yaxşı adamsan, Məhəmməd! Sağ ol, sənin sağlığına!

- Nuş canın olsun, qədeş!

Qalib qədəhi başına çəkib, bir loxma çörək götürdü. Tikəni öpüb, gözünün üstünə, sonra da ağzına qoydu. Bir də gördü ki, Məhəmməd ağlayır.

- Məhəmməd! Nooldu?

- Heç, qədeş! Mənim qərdeşimin oradan tabutu gəldi. O, düşdü yadıma. Ala, Qalib! Orada ruslardan da qırılan olurdu?

- Hə! Olurdu. Noolub ki?

- Yox e! Mənə elə gəlir ki, Əfqanıstana ən çox qara millətin uşaqlarını göndərirlər...

-Mən onu hiss etməmişəm.

-Ala, necə hiss etməmisən?! Görmürdün ki, bir rotada 5 rus əsgəri olanda dörd və ya beş özbək, qazax, qırgız, azəri, başqırd, nə bilim, nədir o, hər qara millət olmurdu?

-Olurdu. Hələ biz çox olurduq...

-Sağ ol, qədeş! Mən də onu deyirəm dəə! Onlar müsalmanı müsəlmana qırdırırlar.

-Məhəmməd! Hələ sən bizim tərəfimizdə vuruşan əfqanları da ora əlavə

etmisən. Yerli əhali nə qədər qırılr... Vətəndaş müharibəsidir dəə!

-Ala! Hansı vətəndaş müharibəsi özgə dövlətin nizami orduları, qoşunu, texnikası olan şəraitdə aparılıb?! Mən bir onu bilirəm ki, bizim balalarımızın qanı havayı yerə axır! Nə var ki, “ beynəlxalq borcu yerinə yetirirlər”. Ala, nə vaxtdan sən, mən, biz bu beynəlxalq borca düşmüşük?!

-Məhəmməd! Biz əsgər olmuşuq, belə şeyləri müzakirə etmək bizim işimiz olmayıb. Hara getməyi komandir əmr edib, onu getmişik. Özün bilmirsən!...

-Bilirəm! Qədeş, çox şeyi bilirəm! Amma danışa bilmirəm. Yaxşı deyiblər ki, balıq çox şey  bilir, amma danışanda ağzına su dolur!

            Onlar beləcə söhbət edə-edə, çörəklərini yeyib, yola çıxdılar. Əvvəl  rayona, sonra da kəndə yaxınlaşdıqca Qalibin hövsələsi daralırdı. O, cibindən bloknot çıxarıb, vərəqlədi və arasından bir foto şəkil çıxardı, maşının yarıqaranlıq salonunda ona əvvəl özü baxdı, sonra Məhəmmədə göstərdi.

-Nişanlımdır!

-Anam, bacım olsun! Ala, Qalib! Düzünü de! Ata- anan üçün çox darıxmısan, yoxsa nişanlın üçün!  

-Məhəmməd! Belə suallar dünyanın ən çətin suallarıdır. Onu verənlər bilmirlərmi ki, hər kəsin öz yeri var?! – Amma mən anam üçün çox darıxıram...

-Allah ayırmasın!

-Sağ ol, Məhəmməd! Məhəmməd, sən dayanacaqsan, elə deyilmi? Biz səninlə, yaxşı dost olmuşuq, haa!

-Yox, ala! Mən qayıtsam yaxşıdır! Ata-anana gözaydınlığı verib qayıdıram...

“Söhbət yolun qayçısıdır” deyiblər. Onlar gəlib kəndə Qalibgilin darvazasına çatdılar.

-Qalib, bir siqnalı basıb, aləmi bura yığaq? – deyə Məhəmməd Qalibə baxdı.

-Yox, Məhəmməd! Özümə söz vermişəm ki, xəbəriz-ətərsiz gedib, qapıdan  girəcəyəm. Qoy, sürpriz olsun! Mən düşüm, qapını açım, sən də maşını mənim işarəmdən sonra verərsən içəriyə.

            Qalib düşüb darvazanı toxundu. Bağli idi. O, cibindən darağını çıxarıb cəftəni qaldırmaq istədi. Mümkün olmadı. Fikirləşdi ki, “həmişə keçdiyi yerdən keçib, darvazanı açsın”. Qalib darvaza bağlı olanda həmişə keçdiyi yerdən hasarı aşıb, həyətə düşdü. Darvazaya yaxınlaşıb, gördü ki, qıfılla bağlanıb. Məhəmmədi yolda qoyub, evə ata-anasının yanına getməkdən ayrı çarəsi qalmadı. O, evə tərəf yollandı...

            Axşamdan “ qoyun oğrusu” üçün pusquda duran Rəcəb kişi Qalibi tanımadı və onun müəmmalı hərəkətləri Rəcəb kişini o qənaətə gətirdi ki, “oğru maşınla gəlirmiş...”.

-Yaxşı düşdün əlimə! – deyə Rəcəb kişi melkaşkanı ayağa çəkdi və “oğrunu qorxutmaq üçün” qaraltının yanındakı dəmir darvazaya tayını nişan alıb, atdı. Güllə darvazaya dəyib vızıldadı. Çovumuşdu. Darvazadan beş-on addım aralı  olan”oğru” ufuldayıb yerə yıxıldı. Rəcəb kişi fikirləşdi ki, “oğru” ona kəllək gəlib, qaçmaq istəyir. Tüfəngə ikinci patronu qoydu və:

-Tərpənmə, vurdum! – deyə pilləkənləri düşüb, sütundakı açardan işığı yandırdı və ehtiyatla “oğruya” yaxınlaşdı. Yerdə uzananın əsgər paltarında olduğunu görəndə, elə bil, içindən nəsə qırılıb düşdü. Dizləri əsdi. Əlindəki tüfəngi yerə qoyub, əyildi və əsə-əsə, onun çiynindən tutub qaldırdı. Gördü, yox, başı sallanır... Rəcəb kişi əlini ehtiyatla yatanın çənəsinin altından salanda hiss etdi ki, onun gicgahından qan fışqırır, cəld yaralını üzü yuxarı çevirdi və ...

-Qaaliiib! – deyə bütün gücü ilə qışqırdı. Səsə çıxan Rasimə xala darvazanın yanında iki qaraltının düşüb qaldığını gördü və yoldan da gələn aramsız maşın siqnalını eşitdi. Balkondan özünü həyətə atdı və :

-Qalib gəlib, Qalib gəlib! – deyə onlara tərəf qaçdı. Gəlib çatdı və o da Rəcəb kişi ilə Qalibin üstünə yıxıldı.

-Qalib, oğul gəlmisən! Qalib! – deyə Rəcəb kişini kənara itələmək istədi.

Gördü Rəcəb kişinin gözləri çevrilib, ağzı da köpüklənib. Onu var gücü ilə kənara itələdi və Qalibin qana qərq olmuş üz-gözünü gördükdə bir anlığa duruxdu. Sonra, haradasa ürəyinin lap içərisindən dərin bir qəhqəhə gəldi.

            Rasimə xalanın tükürpədici qəhqəhələri gecənin yarısı bütün kəndi ayağa qaldırmışdı.

Sizin reaksiyanız nədir?

Bəyən Bəyən 0
Bəyənmədim Bəyənmədim 0
Sevgi Sevgi 0
Əyləncəli Əyləncəli 0
Əsəbi Əsəbi 0
Kədərli Kədərli 0
Vay Vay 0