Ey mənim olmayan yarım...

İyn 3, 2026 - 10:45
 0  21
Ey mənim olmayan yarım...

Lamiyə Abbasova

Ey mənim olmayan yarım...

Mən axı səni niyə yanımda istəyim ki? Sən mənim xəyal dünyamda qurduğum ən isti ev idin. Adam evini yanında daşımaz, onu ürəyində yaşadar. Mən də səni elə yaşatdım – səsinlə, baxışlarınla, heç vaxt gerçək olmayan xəyallarımla.

Ömür quş kimi əlimizdən uçub getdi. Nə sən məni saxlaya bildin, nə də mən səni. Vaxt ikimizi də fərqli sahillərə atdı. İndi sən başqasının yanındasan, başqasına "canım" deyirsən, başqasının gülüşündə öz xoşbəxtliyini axtarırsan.

Bəs mən?

Heç düşürəmmi yadına? Gecənin ən sakit anında, təsadüfən eşitdiyin bir mahnıda, ya da küçədə gördüyün tanış bir simada bir anlıq da olsa ağlına gəlirəmmi?

O qapqara gözlərinlə mənə baxma. Baxışlarının içində itəcək qədər güclü deyiləm artıq. Siqaretə də sarılma. Onsuz da biz bir-birimizə elə onun tüstüsü kimi olduq. Əvvəlcə içimizi doldurduq, sonra nəfəsimizi daraltdıq. Bir-birimizə zərər verdik və sonda kül olub dağıldıq.

Bilirsənmi, mən indi öz xəyalımda yaratdığım adamla çox xoşbəxtəm. O məni yarımçıq qoymur, getmir, unutdurmur. Bəlkə də insanın ən təhlükəli sevgisi gerçək olmayan sevgidir. Çünki xəyal qırılmır, xəyanət etmir, vidalaşmır.

Amma yenə də etiraf edim...

Bəzən gecələr sən düşürsən yadıma. Elə bil ürəyimin bir küncündə sənin üçün ayrılmış balaca bir otaq var. Qapısını çoxdan bağlamışam, amma açarını heç vaxt atmamışam.

Həyat öyrətdi ki, insan heç vaxt tam ümidsiz qalmır. Bir qapı bağlanırsa, başqa bir pəncərə açılır. Ya elə olur, ya da belə. Amma həyat mütləq davam edir.

Sən öz yolunda xoşbəxt ol.

Mən isə səni deyil, səndə yaşatdığım xəyalları sevərək yoluma davam edəcəyəm.

Sizin reaksiyanız nədir?

Bəyən Bəyən 0
Bəyənmədim Bəyənmədim 0
Sevgi Sevgi 0
Əyləncəli Əyləncəli 0
Əsəbi Əsəbi 0
Kədərli Kədərli 0
Vay Vay 0