Bənövşəyəm, bənövşə - Abdulla Şaiqin uşaq şeirləri
Yazıçı Ədəbiyyat Portalı Azərbaycan uşaq ədəbiyyatının banisi, böyük ədib Abdulla Şaiqin uşaq şeirlərini təqdim edir.
KEÇİ
Ala-bula boz keçi,
Ay qoşa buynuz keçi!
Yalqız gəzmə, dolanma
Dağa-daşa dırmanma
Bir qurd çıxsa qarşına
Sən nə edərsən ona?
Çoban açınca gözün
Qalar iki buynuzun.
XORUZ
Ay pipiyi qan xoruz,
Gözləri mərcan xoruz!
Sən nə tezdən durursan,
Qışqırıb banlayırsan,
Qoymayırsan yatmağa
Ay canım məstan xoruz!
UŞAQ VƏ DOVŞAN
U ş a q
-Dovşan, dovşan, a dovşan!
Qaçma dayan, a dovşan!
Qaçma səni sevəndən,
Can kimi istəyəndən.
D o v ş a n
-Dura bilmərəm, dadaş,
Yanında var alabaş.
Xəbərdaram işindən,
Qurtarmaram dişindən.
YETİM CÜCƏ
Ay kiçicik, soluq cücəm,
Boynu buruq, yoluq cücəm!
Açma o nazlı dimdiyin,
Tək gəzinib sıxılma çox,
Ağlayıb nalə qılma çox.
Qəm yemə, sus, bir az dayan,
Mən olaram sənin anan.
Səni o səslə səslərəm.
Dən, su verib də bəslərəm.
Ağlama, ağlama, gözəl,
Qaç yanıma, dayanma, gəl!
BƏNÖVŞƏ
Bənövşəyəm, bənövşə,
Düşmüşəm dilə-dişə;
Qızlar, oğlanlar məni
Dərib taxarlar döşə.
Bahar oldu açaram,
Qar, borandan qaçaram;
Başqa güllər açanda,
Mən quş olub uçaram.
Qurudar məni ayaz,
Yaşayıram bircə yaz.
Rəngim, ətrim gözəldir,
Əl vurmayın, ömrüm az.
QƏRƏNFİL
Qərənfiləm mən,
Gözəl güləm mən;
Yaşıl saplaqlı
Bir sünbüləm mən.
Mən, bağban qızı
Bağın ulduzu;
Rəngim ağ, sarı,
Al və qırmızı.
Gəl, saxla ayaq,
Durma, gendən bax!
Gəlsəm xoşuna,
Dər, döşünə tax!
QIZIL GÜL
Qızıl güləm, qızıl gül,
Məni sevər hər könül.
Yaşıldır incə belim,
Qızıldandır hər telim.
Səhər erkən açaram,
Gözəl qoxu saçaram.
Ətrim tutar hər yanı,
Mənim kimi gül hanı?
Mən əllərdə gəzərəm,
Süfrələri bəzərəm.
Mənəm gözəl qızıl gül,
Sən ey qönçəm, açıl, gül!
GÖYƏRÇİN
Göyərçinəm, göyərçin,
Kəkilim vardır çin-çin.
Ellər məni bəsləyir,
“Uğurlu quşdur”, – deyir .
Sülhün bir rəmziyəm mən.
Canlı göyərçinlərdən
Ancaq mən çox fərqliyəm,
Əlimdə kağız, qələm,
Başımda fikir, ağıl,
Yazıram şeir, nağıl;
Arabir də hekayət,
Oxuyan alır ibrət.
Gözəl şəkillərim var,
Böyük əməllərim var.
Uşaqlar sevir məni
Səsim tutub ölkəni.
İndi bilin, balalar,
Nə istəsəz, məndə var.
KƏPƏNƏK
Mənəm qanadlı çiçək,
Adım isə kəpənək.
Al-əlvan xallarım var.
Qızıl kimi parıldar.
Qanadımı açaram,
Budaq – budaq uçaram.
Yuvam, otağım ancaq
Olur yaşıl bir yarpaq,
Mənim dostumdur hər gül,
İncə telli göy sünbül.
Oynağımdır çöl, çəmən,
Məni tutmaq istəyən,
Ey mehriban uşaqlar,
Siz yaşayın bəxtiyar!
Mənim də bu dünyada
Bir başqa aləmim var…
BÜLBÜL
Oxu, bülbülüm, oxu,
Yazdır, səhər çağıdır.
Oxu, sənin xoş səsin
Şənliklər qaynağıdır.
Oxu, oxu, xoş nəğmən
Nəşə versin ellərə.
Şən səsin, xoş nəfəsin
Yayılsın bu çöllərə.
Oxu, çöldə, çəməndə,
El əkəndə, biçəndə,
Başla yeni bir dastan
Biz bənövşə dərəndə.
Bülbülüm, tik yuvanı,
Bəslə, böyük balanı.
Qoy nəsliniz çoxalsın,
Biz böyüyən zamanı.
Tural Adışirinin təqdimatında..
Sizin reaksiyanız nədir?
Bəyən
0
Bəyənmədim
0
Sevgi
0
Əyləncəli
0
Əsəbi
0
Kədərli
0
Vay
0