Xəzinə - Zaur İlhamoğlunun hekayəsi
Bu gün 20 Noyabr "Qarakənd faciəsi"nin ildönümüdür.
Yazici.az ədəbiyyat portalı bu münasibətlə Zaur İlhamoğlunun faciənin qurbanlarının unudulmaz xatirəsinə həsr etdiyi "Xəzinə" hekayəsini təqdim edir.
Axşam yenicə düşmüşdü. Tərlan ağır addımlarla kəndin içinə doğru addımlayırdı.Yolüstü müharibənin yaratdığı acı mənzərələr: dağıdılmış evlər, tökülən qanlardan yaranan xırda gölməçələr, hələ də tüstüsü burula-burula səmaya doğru qalxmağa can atan yandırılmış evlər bir anlıq onun düşüncəsində doğrudan da müharibədən daha dəhşətli bir anlayışın, müharibədən daha iyrənc bir məfhumun olmadığı qənaətini formalaşdırırdı.
Noyabr ayının gətirdiyi ilk qar insanlığın ölümündən doğan acı mənzərənin üstünü örtməyə çalışırdı. Kənd ağ örtüyə bürünmüşdü. Bu kənd Ağdamın Mərzili kəndi idi. Müharibə gedən digər kəndlər kimi Mərzili də səhərlər açılan atəşlərin tükürpədici səsinə oyanır, bəzən günaxşamadək mənfur erməni daşnakları ilə vuruşmalı olurdu. O yeridikcə lampası öləziyən evlərdən, ara-sıra danışıq səsləri eşidilən həyətlərdən kənd sakinlərinin gecəni hələ də səksəkə içində keçirdiyini hiss edirdi. Tərlan biixtiyar dodaqaltı “İntiqam! Ancaq intiqam! Bacardıqca ölən hər bir şəhidimin intiqamını alacam”,- deyə yol kənarındakı uçurulmuş divarın qalıqları üstündə oturdu. Xəyalları onu illər öncəyə apardı...
O, Bakının Suraxanı qəsəbəsində anadan olmuşdu. Orta məktəbdə oxuduğu vaxtlar Yunan-Roma güləşi ilə məşğul olmuş, dəfələrlə rayon və şəhər birinciliklərinin qalibi olmuşdu. Orta məktəbi bitirdikdən sonra Sovetlər dönəmində Moskvaətrafı hərbi hisslərin birində hərbi xidmət keçmiş, qayıtdıqdan sonra bir müddət atasına kömək edərək (atası bənna idi) ailəsinin dolanmasına yardımçı olmuşdu. Qarabağ savaşı başlayan kimi könüllü olaraq cəbhəyə yola düşmüşdü. Ən böyük arzusu kəşfiyyatçı olmaq, düşmənin sirlərini öyrənmək və onların bütün planlarını alt-üst etmək idi.
Uşaqlıqdan da kəşfiyyatçılar haqqında oxumağı sevirdi. Rado Şandorun “Təxəllüsü Dora” əsərini (Rixard Zorge haqqında), Həsən Seyidbəylinin İmran Qasımovla birgə yazdığı “Uzaq sahillərdə” (Mehdi Hüseynzadə haqqında) və s. əsərləri sevə-sevə oxuyurdu. Könüllülərə qoşulduğu bir neçə ay olardı. Könüllülərdən ibarət bölüyün komandiri mayor Rüstəmov bir gün onu yanına çağıraraq demişdi:
-Tərlan, oğlum, diribaş oğlansan, cəld, çeviksən. Həm də dözümlüsən. İdmançısan axı. Bundan əlavə rus və erməni dillərini də yaxşı bilirsən (Tərlan uşaq vaxtı qonşularındakı bəzi erməni ailələrinin uşaqlarından onların dilində danışmağı öyrənmişdi). Eşitmişəm ki, kəşfiyyatçı olmaq arzusundasan.
-Əlbəttə, komandir. Ən böyük arzumdur.
-Bilirəm. Elə sadaladığım bu cəhətlərinə görə səni Mərziliyə kəşfiyyata göndərirəm. Kəndin qurtaracağında ermənilər kiçik bir kazarma qurub. Orda küncdəki şkafda vacib sənədlər var. Hansı ki, o sənədlərdə ermənilərin hücum planları və Ağdam ərazisində olan silah anbarlarının bəzilərinin sxemi verilib. Onları gətirib gəlməlisən. Bir də...
-Bir də nə? Bir də nə, komandir? Deyin, nə olar, deyin,-deyə Tərlan təkid etdi.
-Səbirsiz olma. Kəşfiyyatçılar hamıdan çox səbirli olur axı.
-Yaxşı, komandir, səbirli olacam. Xahiş edirəm, deyin. Başqa nə etməliyəm?
-Bilirsənmi ? Sən düşməni döyüşdə asanlıqla öldürə bilərsən. Amma kəşfiyyat vaxtı düşməni öldürmək, ondan intiqam almaq hissi sənin digər planlarının üstündən xətt çəkə bilər. Komandir susdu.
-Nə olar, açıq deyin fikrinizi, cənab komandir. Nə olar axı...
-Yaxşı, qulaq as. Onların bölük komandirləri var. Vardan Akopyan. Qaniçən, əclaf, şərəfsizin biridir. Ağdamda törədilən cinayətlərin, vəhşiliklərin bir nömrəli səbəbkarı odur. Bir də görsən, öldürə bilsən, onu öldürməlisən. Amma sənədlər ondan daha vacibdir, unutma!
Bu düşüncələr içində Tərlan “Kaş bu işin öhdəsindən gələ biləydim. Ana Vətənimə cüzi də olsa kömək etmiş olardım. Ah,Vətən, Vətən. Sənin yolunda fədakarlıq göstərməkdən xoş nə var ki?-deyə yoluna davam etdi.
Artıq kazarmaya gedən yolun başlanğıcında idi. Yerə yataraq ətrafdan görünməsin deyə sürünə-sürünə kazarmaya doğru irəliləməyə başladı.
Bu da kazarma. Lampa hisindən qaralmış pəncərədən içəri güclə seçilirdi. Diqqətlə baxdıqda içəridə uç erməni əsgərinin sobanın ətrafında oturduğunu gördü. Nəsə danışırdılar. Tərlan “bir qulaq asım görək, bəlkə, nəsə vacib məlumatlardan öyrənə bildim”,- deyərək kazarmanın qapısına doğru süründü. Qapını ehmalca aralayaraq dinləməyə başladı. Artıq onların danışığını açıq-aydın eşidirdi:
-Aşot, ağlın nə kəsir bu müharibədən?-deyərək əsgərlərdən biri digərinə sual verirdi.
-Qorxma, Qavril, arxamızda nə qədər rus var. Qorxmağına dəyməz.
-Amma öz arazmızdır, qorxmağımın səbəbi var da.Yaman döyüşkəndilər. Gözlərini qan tutdu, demək , qurtardı. Aman verməzlər. Son nəfərimizə kimi qıracaqlar. Off, Bağırov, Bağırov. Gözünü döymə. Allahverdini deyirəm. Allahverdi. Alek. Allahverdi Bağırov. O gün yoxdur ki, bizdən kimisə gəbərtməsin.
-Aqarunovu niyə demirsən?-deyə Aşot cavab verdi : Alberti. Yəhudi balası. Deyirəm yəhudi olasan, Azərbaycanı belə sevəsən. Elə bil Azərbaycan İsraildir onunçün, özü də Həzi Aslanovdur, yenidən doğulub.Tankıyla döyüşə girəndə canımıza vahimə düşür. Bilirsən, mənə nə maraqlıdır? Türklər yəhudiləri sevmir.Yəhudilər də farsları, ərəbləri sevmir. Türklər ərəblərə , məsələn Fələstinə kömək edir ki, onları yəhudilər qırmasın. Amma ərəblər burda türklərə qarşı vuruşur. Onların bir lideri vardı ha-Ərəfat. Onun sözü yadındadır da : “ Ermənilər də, fələstinlilər kimi əzilmiş xalqdır”. Həə, yaman deyib amma...
-Sən elə türk, türk deyirsən. Azərilər heç özlərinə türk demirlər axı,-deyə Qavril dilləndi.
-Deyirlər eee. Sadəcə, deyən, düşünən beyinlərini aradan götürürlər ki, bir də deməsinlər,-deyə Aşot hiyləgərcəsinə gülümsədi. Səbrli ol. Bir gün gələcək, mütləq “Dənizdən-dənizə Ermənistan” yaradacağıq. Harda türk görsək, qanına qəltan edəcəyik.
-Bacarmayacaqsınız,-deyə Tiqran yerindən sakitcə dilləndi: Bacarmayacaqsınız. Onlar bu torpağın övladlarıdır. Onlar bu vətənin əzəli və əbədi sakinləridir. Buralar bizə yox, onlara məxsusdur. Unutmayın, heç kəsi böyüdüyü torpaqda qul edə bilməzlər. Siz də edə bilməyəcəksiniz.
-Nəəə??? Aşotun vahiməli səsi kazarmanı bürüdü. Kəs səsini itdən əmələ gələn. Kəs deyirəm sənə. Bu dəqiqə darağı sonuncu gülləsinə kimi qarnına boşaldaram. Bakıda böyümüsən, bilirəm. Hələ də oraların havası beynindən getməyib. Kəs səsini, eşitdinmi? Görəcən, özün görəcən onların hələ nə qədər qız-gəlinlərini əsir edib əyləncələr təşkil edəcəyik...
Tərlan qəzəblə “Yetər daha, yetər” ,-deyə barmağını tətiyin üstünə qoyaraq nişan aldı. Atəş açmağa hazırlaşdığı an kazarmanın arxa qapısı açıldı. İçəri bir erməni zabiti girib yüksək xırıltılı səslə “Nə çığır-bağır salmısınız, çaqqal yığını? Nə olub? Səsiniz çöldən eşidilir”-deyərək əsgərlərin başı üstündə dayandı.Tərlan zabitin görkəminə-dazlaşmış başına, qarğa dimdiyi kimi əyilmiş burnuna, dolu bədəninə tamaşa edərək “Bu odur. Odur! Əla, əla. Vardan Akopyan”,- deyə sevincdən dodaqaltı xəfifcə gülümsədi. Avtomatın nişangahını düz zabitin alnına tuşladı.Tətiyi basmaq istərkən erməni zabitinin “Sizə xoş xəbərim var”,- deməsi Tərlanın qeyri-ixtiyari olaraq əlini tətikdən götürməsinə səbəb oldu.”Görəsən,nədir bu şad xəbər? Bir dinləyim, bəlkə, vacib xəbərdir”,- deyə dinləməyə başladı.
-Azərbaycandakı dostlarımız sabah bizə xəzinə göndərəcəklər,-deyə erməni zabiti qəhqəhə çəkərək güldü.
-Nə xəzinəsi?-deyə Qavril cəld dilləndi. Necə xəzinədir? Nə qədər qızıl var?
-Hər dənəsi milyonlara bərabər olan qızıl, brilyant xəzinəsi. Xəzinəni sabah günorta 2-dən 3-ə kimi bizimkilər götürəcək”- deyə zabit davam etdi. Yerli sakinlərdən kim görsə, onu da öldürmək tapşırılıb. Baxma da birdən çobandan, naxırçıdan kimsə görər. Başqa heç nə deyə bilməyəcəm. Sağ olsun ordakı dostlarımız. Həmişə var olsunlar ki, sonralar da bizə kömək edə bilsinlər. Axı çətin günlər hələ qabaqdadır.Xəzinəni mütləq qəbul etməliyik. Bircə o xəzinəni götürək, görəcəksiniz necə azəri türkünün anası ağlar qalacaq.Uzun illər bu dəyərli itkini Azərbaycan unuda bilməyəcək.
Tərlan artıq dözə bilmədi. Tətiyi basmaqla erməni zabiti kökündən qopmuş palıd kimi yerə sərildi. Əsgərlər bir anlıq duruxdular və vahiməylə bir-birinin üzünə baxdılar. Cəld özünü kazarmaya atan Tərlan alıcı quş kimi əsgərlərin başının üstünü kəsdirdi. Avtomatı Qavrilin və Aşotun gicgahına dirəyərək ”Hələ ki bu gecə sizin ananız ağlar qalsın, sonra bizim anamız ağlar qalacaq, ya qalmayacaq ona baxarıq”,-deyə ikisini də gülləylə deşik-deşik etdi. Üzünü Tiqrana tutaraq “Bayaqdan bizim haqqımızda xoş sözlər dediyinə görə səni öldürmürəm. Onsuz da “Sən necə oldu, sağ qaldın?”-deyə səni öldürəcəklər”,-deyib sənədləri götürərək kazarmanı tərk etdi. Və qayğılı düşüncələrlə öz qərargahımıza doğru addımlamağa başladı...
Tərlan artıq qərargahda idi. Moyor Rüstəmov və döyüşçü yoldaşları onun başına yığılmışdı.
-Həə, igid, danış. Danış görək necə gedib-gəldin? Sənədləri necə ələ keçirdin? Vardanı görə bildinmi, cəhənnəmə vasil etdinmi?-deyə mayor Rüstəmov səbrsizliklə soruşdu.
Tərlan hadisəni bir-bir danışmağa başladı. Vardanın ölüm xəbəri hər kəsin təbəssümündə xoşbəxtliyin misilsiz ifadəsini yaratmışdı. Demək, qisas alınmışdı.
Xəzinə haqqında danışarkən Rüstəmov “Satqınlar, İbn Sumbatlar, şərəfsizlər”,- deyərək qəzəblə əlini stola çaxıb ayağa qalxdı:
-Demək, yenə xainlik, yenə murdar xislətli adamlar arxamızdan iş çevirirmiş,-deyib qayğılı-qayğılı dilləndi: Kimdir? Ya kimlərdir? Vətənimizin içində onların dostları kimlərdir axı? Nə vadar edir axı onları bu xəyanətə? Xəzinə...Xəzinə... Nədir axı o xəzinə dedikləri? Heyf, çox heyf , heç nə öyrənə bilməmisən. Onsuz da öyrənə bilməyəcəkdin. Səndə günah yoxdur, Tərlan. Onları öldürməkdən başqa çıxış yolun yox idi. Yoxsa hər şey alt-üst ola bilərdi. Gözləməkdən başqa əlacımız yoxdur. Gözləyək...
Artıq günorta idi. Aramsız atəş səsləri eşidilir, həlak olan əsgərlər tabutlara qoyularaq məxsus olduqları hərbi komissarlıqlara göndərilir,ordan da ailələrinə təhvil verilir, yaralılar təcili ilkin müayinə üçün qurulmuş çadırlara daşınır, ilkin tibbi müayinədən sonra rayonun, ya da birbaşa Bakının hərbi qospitallarına göndərilirdi. Tutqun səmadan Günəşin cüzi də olsa işartısı görünməyə başlayırdı. Sanki Günəş də bu dəhşətli mənzərəyə baxmağa utanırdı. Çadırda mayor Rüstəmov, Tərlan və digər kəşfiyyatçılarla birgə növbəti tapşırığın planını cızırdı. Saat 16-00-ı göstərirdi. Mayor Rüstəmov üzünü Tərlana tutaraq:
-Tərlan, radioqovşağı aç, Ermənistan radiosunu dinləyək. Sən onların dilini bilirsən. Görək nə danışırlar. Bəlkə, onlardan nəsə bir şey öyrənə bildik,-deyə səsləndi.
Tərlan radioqovşağı açdı. “Danışır Yerevan” deyə xırıltılı səs eşidilməyə başladı: Bu gün saat 14-42 radələrində Azərbaycana məxsus tərkibində Azərbaycan Respublikasının Dövlət katibi Tofiq İsmayılov, baş prokuror İsmət Qayıbov, dövlət müşaviri, sabiq daxili işlər naziri Məhəmməd Əsədov, baş nazirin müavini Zülfü Hacıyev, telejurnailst Alı Mustafayev və başqa yüksək rütbəli şəxslər olan Mİ-8 N-72 saylı hərbi vertolyot Xocavənd rayonunun Qarakənd kəndi yaxınlığında qəzaya uğramışdır..
Xəbəri eşidər-eşitməz Tərlanın gözləri bahar buludu kimi dolmağa başladı.Erməni zabitinin dediyi “Azərbaycandan dostlarımız bizə xəzinə göndərəcəklər..
Mütləq qəbul etməliyik..Azərbaycan xalqı uzun illər bu itkini unuda bilməyəcək” sözləri bir anlıq qulağında səsləndi. Artıq hər şey aydın idi. Tərlan dodaqlarını xəfifcə tərpədərək “Xəzinə” ,-deyib hönkürtü ilə ağlamağa başladı...
Sizin reaksiyanız nədir?
Bəyən
1
Bəyənmədim
0
Sevgi
0
Əyləncəli
0
Əsəbi
0
Kədərli
0
Vay
0