Bir ömürə pəncərədi bu sevda - Saqif Qaratorpaqın şeirləri
Yazıçı Ədəbiyyat Portalı Saqif Qaratorpaqın şeirlərini təqdim edir.
XXX
Bir də haçan gələrəm bu dənizə, İlahi!
Çox heyif, hər sahilə bir də qayıtmaq olmur.
Yaş ötdükcə toz basır duyğuların üstünü,
Mürgüləyən sevdanı bir də oyatmaq olmur.
Daha gizlənmək olmur bir nəğmənin içində,
Sirrimi pərdə-pərdə səhərə pıçıldayır.
Sinəmdə gəzdirirəm dalğaların səsini,
Ürəyimin başında ləpələr xırçıldayır...
Gözümə köçürmüşəm qürubun sarısını,
Bəlkə bir gün göründüm dan yerində, qəm yemə.
Bir ömrün yamacında çiçək kimi solaram̵,
̵Göyərərəm bir eşqin əllərində̵̵, qəm yemə.
Kimsə qalası deyil bu sahilin yadında,
Sular yuyub aparan bir köhnə izəm, heyif...
Könlünün ağrısından duzu gözünə çıxan
Öz içində çırpınan tənha dənizəm, heyif...
XXX
Qismət olsa, görüşərik nə vaxtsa,
Ya baharda, ya payızda, ya qışda.
Bircə mənə öz yanında yer saxla,
Ya ayaqda, ya ortada, ya başda...
Giley eylər, mənə, səndən razılar,
Qəm göyərdər həsrət yazan yazılar.
Tumurcuqdu sinəmdəki arzular,
Solub gedər bircə soyuq baxışda.
Bəxt gəmisi dönər, dönməz? nə deyim...
Fərq eləməz qınasan da fələyi.
Cadar-cadar bir səhradı ürəyim,
Nə bitirər gözündəki yağışda?
Məni gəzir nə zamandı bir ölüm,
Demək mənə çox heyrandı bir ölüm...
Məndən ötrü sərgərdandı bir ölüm,
Ya yoldadı, ya gözdədi, ya qaşda.
Hər xatirə-əl çatmayan bir ada,
Son ümidi barı vermə gəl bada...
Bir ömürə pəncərədi bu sevda,
Ya gülə tut, ya naxışda, ya daşda.
XXX
Sındı içimdəki son ümid, heyif...
Qırıldım sonuncu adamdan belə.
Mənə şirin-şirin nağıl danışma,
Demə o bağ belə, bu bostan belə...
Bir azca sən də dad unudulmağı,
Gör ki tənhalıqdan Tanrı nə çəkir.
Mən elə əzəldən içimdə təkəm,
Peşiman olarsan, yolumdan çəkil.
Gedənlər gedəcək, belədi qayda,
Bu andlar, bu vədlər...hamısı boşdu.
Hər kəs öz oduna isinsin, yetər...
Mənə öz külümdə oynamaq xoşdu.
Bircə yol qaçmadım tərif dalınca,
Gözüm yox heç zaman şöhrətdə, şanda.
Mən susan dənizəm tufandan qabaq,
Müsibət oluram səbrim daşanda.
Ölərəm, dilimdən qıfıl açılmaz,
Heç “uf” da demərəm sökülüncə can.
Hər gün bir nəfərlik qala tikirəm
Özümə könlümün qırıqlarından.
XXX
Sən gəl ki, hər gecəm gündüzə dönsün,
Yollar gül bitirsin, çığırlar çiçək.
İsti nəfəsində qızınım bir az,
Üşüyən ruhuma bir yol sığal çək.
Sən gəl ki, unudum olub-keçəni,
Yaralı könlümün ağrısı dinsin.
Sən gəl ki, ətrindən məst olsun gecə,
Küləklər saçını öpüb sevinsin.
Sən gəl ki, sükutun dili açılsın,
Ulduzlar başlasın göydən enməyə.
Soyuq pəncərəmdə gülümsəyən Ay,
Qaçsın gözlərində güzgülənməyə.
Qapım qönçə-qönçə tumurcuqlasın,
Dolansın başına, gülsün ev-eşik.
Uyu kölgəsində kipriklərimin,
Titrək əllərimdən təzə yuva tik...
XXX
Bu gecə oyandım yağış səsinə,
Deyəsən gəlməyə tələsir bahar.
Sinəsi tutulan qoca kimidi
Nəfəsi təngiyən boz navalçalar.
Külək cırmaqlayır yaş şüşələri,
Yaman taqqıldayır cardağın damı.
İndi bir ananın qaçıb yuxusu,
İndi bir atanın ürəyi damır...
Büzüşüb, hasara sığınıb göyəm,
Təkliyin acısı bu imiş demək...
Mən yaxşı bilirəm nədir ayrılıq...
Niyə gümüldənir sinəmdə ürək...
Halını pozmayıb durur qoca tut,
Nə yağmur, nə külək gəlmir eyninə.
Üşüyür cığıra düşən ağ işıq,
Göylər buludları geyib əyninə.
Gəzib uzaqları döndü xəyalım,
Nə vaxtdı içimdə bir arzu mələr.
Gecələr narahat yatan adamı
Ya yağış oyadar, ya xatirələr...
Tural Adışirinin təqdimatında..
Sizin reaksiyanız nədir?
Bəyən
0
Bəyənmədim
0
Sevgi
0
Əyləncəli
0
Əsəbi
0
Kədərli
0
Vay
0