Böyük yazıçıların korladıqları yaxşı süjetlər - Çesterton
Yazıçı Ədəbiyyat Portalı Gilbert Kiyt Çestertonun "Böyük yazıçıların korladıqları yaxşı süjetlər" essesini təqdim edir.
Bu adda bir məqalə yazmaq olar. Mən də onu yazacağam, bax elə indi yazıram…
Əgər hansısa süjet sənətkar əlindən keçibsə, bu heç də o demək deyil ki, daha da yaxşılaşıb. Adətən, düşünürlər ki, ümumbəşəri süjetləri qardaş malı bilib götürən kimsə bunun haqqını ödəməsə də olar. Əksərən, belə bilirlər ki, Şekspir Lir haqqında, Göten Faust barədə, Vaqner isə Tanheyzerlə bağlı əfsanəni götürməklə düz iş görüblər, əfsanələr bunun üçün onlara minnətdar olmalıdır. Mən isə bu fikirdəyəm ki, düz iş görməyiblər və əfsanələr uğradıqları təhrifə görə onlara qarşı iddia qaldırsa, yeri var. Belə bir düşüncə qəbul edilib ki, kiminsə düzüb-qoşduğu poema qalanlarının birgə yaratdıqları rəvayətdən xeyli üstündür. Mənsə belə düşünmürəm. Çoxluğun söhbətini seçkinlərin qeybətindən üstün bilirəm mən. İcma hissiyyatına daha çox güvənirəm, nəinki peşəkarın fərdi duyğularına. Məncə, xalqın zəkası şair dühasından üstündür.
Bir haşiyə çıxırmış kimi deyim ki, Şekspir bu nəzəriyyəyə sığmır. Mən bilən, o, süjetləri yaxşılaşdırıb; belə anlayıram ki, Şekspir onları pis şəklə sala bilməzdi. Belə görünür ki, o, pis əhvalatları yaxşı pyeslərə çevirməyi xoşlayırmış. İndi sağ olsaydı, o, idman xəbərlərini xoş komediyaya, ucuz hekayəni ali faciəyə çevirərdi. Bir sözlə, mənim nəzəriyyəm üçün nümunə ola bilməz deyə, Şekspiri rahat buraxıram.
Milton isə misal ola bilər, ancaq götürdüyü süjet Bibliyadan gəlir və onunla bağlı mühakimə yürütmək xatalıdır. Müəyyən mənada, Milton cənnətə heç də ilandan az ziyan verməyib. O, möhtəşəm poema yazıb, amma süjetin özəyini, məğzini əldən verib. Yanılmıramsa, Milton yasaq meyvəyə olan adi meyili ağılla, həssaslıqla, incəliklə açıqlayır. Onun yozumunda Adəm meyvəni bilərəkdən dişləyir. Yəni aldanmır, sadəcə, Həvvanın acı aqibətini bölüşmək istəyir. Başqa sözlə, insani günah comərdlik, ya da ən pis halda, tamamilə məsum və romantik davranış səviyyəsinə yüksəldilir. Əslində isə bizim rəzilliyimiz comərdlikdən gəlmir; əgər biz alçaq və səviyyəsiziksə, bunun səbəbi ilk əcdadımızın özünü yaxşı ər və əsl kişi kimi aparması deyil.
Bibliya variantı qat-qat ülvi və dərindir. Orada ümumən dünyəvi şər heç bir qadağanı, hətta ən mülayim şərtləri belə, qəbul etməyən kor-koranə sırtıqlıq, hər cür çərçivəni rədd edən çirkin qanunsuzluq mərtəbəsindədir. Heç yerdə deyilmir ki, meyvə görünüşü, dadı ilə cəlbediciydi; yalnız yasaqlandığı üçün cazibədar gəlirdi.
Cənnətdə ən böyük azadlığa qarşı ən xırda yasaq vardı; axı yasaqsız, azadlıqdan həzz almaq olmur. Çəmənliyin ən gözəgəlimli cəhəti onu çevrələyən çəpərdir. Çəpəri yığışdırdınsa, ora gərəksiz bir çölləmə olacaq. Cənnət də o yeganə məhdudiyyət aradan qalxanda məhz bu günə düşdü. Bibliyadakı məna – bütün hüzn və günahların zəfər çalmayınca aram tapmayan azğın qürurdan doğulması Miltonun yozumundakından, yəni comərd bir kişinin öz xanımına cəngavəryana sədaqətindən qat-qat dərin və dəqiqdir.
Götenin yazdığı “Faust” da mənim nəzəriyyəmi təsdiqləyir. Əlbəttə, mən onun sənətkarlığından yox – burası hər cür tənqiddən yuxarıdadır – ümumən “Faust”un özündən, daha dəqiqi, əsərin birinci hissəsindən danışıram, çünki ikinci hissənin konturları bilinmir: lap cənab Mantaliniyə yaxşı tanış olan qrafinyalar kimi. Faust, Mefistofel və Marqarita haqqında bu yeni əhvalat ülviyyət və gözəllik baxımından mənə Faust, Mefistofel və Yelena barədə köhnə rəvayətdən son dərəcə zəif görünür.
Bəxtim gətirib, Yorkşirdəki kukla teatrında “Doktor Faust” pyesinə baxmışam. Sonralar mən ona Londonda da baxdım, amma Yorkşirdəki kuklalar londonlu aktyorlardan daha canlı gəlirdi. Kuklalar adam kimi oynamağa çalışırdılar, adamlar isə, təəssüf, kuklasayağı davranırdılar. Ancaq sözüm onda deyil. Məsələ burasındadır ki, orta əsrlərin Faustu dəhşətli günaha batdığına, dünyanın ən gözəl qızını almaq üçün əbədi şərə sədaqət andı içdiyinə görə həlak olur. O, böyük günahı üzündən damğalanır, yeni Faust isə xırda və miskin günahı sayəsində qurtulur.
Götedə Faust vurulduğu, başqa bir aləmə mənsub xanımın qeyri-adi gözəlliyindən məst olmayıb. Gəncliyində o, əclafın biriymiş, ötəri eşq macərası yaşayıb: mən buna qarşılıqlı münasibət demirəm, çünki, adətən, belə hallarda yalnız qadının bağlılığından söhbət gedir. Burada, bu tovlayıb-yayınma həftəbecərində almanların ən naqis cəhəti – mərhəmətdən xali sentimentallıq da özünü göstərir.
Kişi qadını məhv edir, buna görə də qadın kişinin xilaskarı olur: budur əxlaq və das ewige Weibliche (almanca: əbədiyaşar qadınlıq)! Kef çəkən tərəf həm də paklaşır, çünki qurbanı ondan ötrü iztirab çəkib artıq. Belə çıxır ki, zalım və ya xeyirxah olmağın heç fərqi yoxdur. Kukla tamaşasındakı süjet isə mənə daha xoş gəlir: orada qara-qara şeytanlar Faustu cəhənnəmə sürükləyirlər. Nəsə, bu daha əyləncəlidir.
Eyni prinsipi Vaqnerdə, onun yozumunda təhrifə uğrayan Tanheyzer əfsanəsində də görürük. Möhtəşəm orta əsrlər süjeti sadə, saf halında həqiqətən heyrətamizdir. Tanheyzer – nəcib cəngavər onu adi “günah qardaşlığı”ndan ayıran dəhşətli bir günaha batır. O, bütpərəst həssaslığının təcəssümü olan Veneranın məşuquna çevrilir. Günah mağarasını tərk edib Gün işığına çıxandan sonra Romaya yollanır ki, Papadan soruşsun: görəsən, onun kimi birisi tövbə edib nicat tapa bilərmi? Papa cavab verir ki, hər şeyin bir həddi var. Deyir ki, xeyirxah xristianları özündən bunca qorxunc ikraha sövq edən kimsə islah oluna bilməz: axı kəsik budağın yarpaqlaması mümkün deyil. Tanheyzer hüzn içində əbədilik ölüm mağarasına çəkilir, Papa isə öz əsasına baxanda görür ki, çubuq yarpaqlayıb.
Vaqnerdə, xatırladığım qədər, cəngavər Romaya qayıdıb yenidən tövbə edir. Əgər bu, süjeti korlamaq deyilsə, onda, deməli, mən “korlamaq” sözünün mənasını bilmirəm.
Nəhayət, nisbətən xırda misala üz tutaq. Bütün Avropada müzakirə gedir ki, Uayldın fransızca yazdığı “Salomeya” əxlaqa uyğundurmu… Bu pyesdə həm qaramat, həm də təmtəraq var, ancaq mən onda xüsusi qeyri-əxlaqilik görmürəm. Mənə pis təsir edən başqa cəhətdir: müəllif son dərəcə gözəl süjetlə necə də yöndəmsiz davranıb, onu korlayıb. Əhvalatın bütün ehtişamı və yanıqlı təsiri böyüklərin çəkişmələrinə qətiyyən qarışmayan Salomeyanın qüsursuz məsumluğundadır. Hiyləgər hökmdar, xalis siyasətçi kimi, mərhəmət göstərməyi qərara alır, bir o qədər məkrli olan çariça isə amansız intiqam arzusundadır. Qisas hərisi İrodiadanın qızı (onu həmişə məsum qızcığaz bilmişəm) hökmdarın qarşısında rəqs edir, o isə heyrətdən büsbütün yumşalaraq qıza deyir ki, dilə məndən, nə dilərsən… Bu inanılmaz səxavətdən qorxuya düşən qızcığaz məsləhət üçün anasının üstünə qaçır, gözlədiyi məqamın yetişdiyini görən qəddar çariça da öz düşməninin qətlini tələb edir.
Eşşəkarısına çevrildiyini bilməyən kəpənək haqqında hekayət təsirlidir, hüznlə, kinayə ilə doludur. Uayld isə bizə peyğəmbərə aşiq olmuş rəqqasə qız haqqında acınacaqlı və bayağı əhvalat danışır. Demirəm ki, bu, qeyri-əxlaqidir; burada onun başqalarına necə təsir göstərəcəyini nəzərə almaq lazımdır. Mən ancaq bunu deyə bilərəm ki, süjet zəif işlənib, çünki bu məsələdə öz duyumuna əsasən hökm vermək mümkündür.
Tərcümə etdi: Seyfəddin Hüseynli
Sizin reaksiyanız nədir?
Bəyən
0
Bəyənmədim
0
Sevgi
0
Əyləncəli
0
Əsəbi
0
Kədərli
0
Vay
0