Sələflərin izi ilə gedən tədqiqatçı - Bədirxan Əhmədli yazır
Azərbaycan ədəbiyyatşünaslığında Avropa bədii düşüncəsinin öyrənilməsi prosesinə XX yüzilin əvvəllərindən başlanıb. Bu proses daha çox iki istiqamətdə gedib; a) Avropa ədəbiyyatından edilən tərcümələr geniş oxucu kütləsinə çatdırılıb, b) Avropa ədəbiyyatının görkəmli nümayəndələrinin yaradıcılığı araşdırılıb və Avropa ədəbiyyatı ilə bağlı dərsliklər, müntəxabatlar yazılıb. Azərbaycan ədəbi və ictimai fikri uzun müddət bu tərcümələr, dərsliklər və araşdırmalardan istifadə edib. Bu dövrü Avropa və dünya ədəbiyyatını öyrənmə və araşdırma dövrü kimi də səciyyələndirmək olar. Bu o zamanlar idi ki, universitet tələbələri dünya ədəbiyyatını öyrənmək üçün çap mənbələri tapa bilmirdi, yeganə yol müəllimlərinin mühazirələrini yazıb onu dərindən mənimsəmək idi.
Deyim ki, ilk tərcümə və araşdırmalar da elə bu ehtiyacdan yaranıb. Məsələn, professor Əli Sultanlı dərs dediyi tələbələr üçün tərcümələr edib, məqalələr yazıb, müntəxabatlar tərtib edib və dərsliklər yazıb. Onun “V.Hötenin yaradıcılıq yolu” (1932), “Mopassanın hərbi novellaları” (1942), ”Antik dövrdə ədəbiyyat və ədəbiyyatşünaslıq məsələləri” (1945), “Nizami və Qərbu Avropa ədəbiyyatı” (1947), “Antik ədəbiyyat tarixi” (1958) və s. araşdırma və dərslikləri bu istiqamətdə meydana çıxmışdır. Mikayıl Rəfili, Əkbər Ağayev, Məmmədcəfər Cəfərov, Məmməd Arif, Mehdi Məmmədov, İsmayıl Şıxlının müxtəlif vaxtlarda tələbələrlə ünsiyyəti və onlara dərs deməsi gələcək tədqiqatların, kitabların da əsasını qoydu. Bununla da həmin müəlliflər eyni zamanda bir neçə iş görürdü; həm tərcümələr edir, həm dərs deyir və yeni ədəbiyyatşünaslar formalaşdırır, həm də araşdırmalar aparır, dərsliklər yazırdılar. Onların gördüyü bu işin miqyası və effekti olduqca böyük idi. Bu cəhətdən 70-ci illərin tələbəsi kimi yaxşı xatırlayıram ki, belə tərcümə, dərslik və araşdırmaları acgözlüklə axtarırdıq. İndiki ADPU-da Xarici ölkələr ədəbiyyatı kafedrasının müdiri, dosent İsmayıl Şıxlı G.Mopassanın hekayə və novellalarını tərcümə etmişdi. “XIX əsr xarici ədəbiyyat tarixi” (1964) dərsliyinin müəllifi idi. Qədim yunan və Roma ədəbiyyatından, xarici ədəbiyyatdan mühazirələrini olduğu kimi yazırdıq, nəyisə qaçırmaq istəmirdik. Çünki bütün bunları imtahanda özünə qaytarmaq lazım idi; xarici ədəbiyyatın bir çox mərhələsi üçün yeganə mənbə onun mühazirəsi, yazdığı məqalə və dərsliklər idi. İ.Şıxlı özü isə müharibədən əvvəlki dövrün tələbəsi kimi həmişə müəllimi Əli Sultanlıdan söhbət açar və onun mühazirələrindən danışardı. O zaman Avropa ədəbiyyatına aid araşdırmalar heç aparılmamışdı. Bizə daim onun mühazirələrindən bəhs edər və dərsliklərini oxumağı məsləhət bilirdi. “XIX əsr Rus ədəbiyyatı” fənini isə tənqidçi və ədəbiyyatşünas Alməmməd Alməmmədov, İsrail Mustafayev deyir və Məmmədcəfər Cəfərovun dərsliyindən istifadə edirdik. Nə qədər bu cür dərsliklər olsa da, yenə azlıq təşkil edir, onların mühazirələrini olduğu kimi yazırdıq. Çünki mühazirələr dərslikdən fərqli olaraq daha canlı və emosional olurdu. Düşünürəm ki, XX yüzilin ilk yarısı və ondan sonrakı iki onillik Avropa ədəbiyyatını öyrənmək üçün zəngin bir dövr olmuşdur. Yəni XX yüzilin 30-cu illərindən dünya ədəbiyyatı sistemli və davamlı şəkildə öyrənilmiş, tərcümə edilmiş və araşdırılmışdır. Bu araşdırmalar sayəsində Avropa antik ədəbiyyatının, mədəniyyətinin, fəlsəfəsinin, qədim Roma və yunan ədəbiyyatının görkəmli nümayəndələri Homer, Evripid, Aristofan, Sofokl, Vergili, Horatsi, İntibah dövründə dramaturgiya, poeziya və nəsrin inkişaf mərhələlərini, problemlərini, şəxsiyyətlərinin həyat və yaradıcılığı öyrənilib. V.Şekspir, F.Rable, Lope de Veqa, M.Servantes və b. dünya ədəbiyyatının qızıl fondunu təşkil edən fikir adamlarının əsərləri ilk dəfə milli ədəbi düşüncəyə daxil edilib. Dünya ədəbiyyatı xəzinəsini zənginləşdirmiş V.Hüqo, O.Balzak, H.Heyne, Gi de Mopassan, Ç.Dikkens, J.Vern və digər məşhur simaların irsinin milli ədəbi prosesə daxil olması ədəbi, elmi düşüncəni də genişləndirdi, zənginləşdirdi. Ədəbi dövriyyəyə yeni əsərlər daxil oldu, bu əsərlər kontekstində müqayisəli araşdırmalar aparıldı, yeni elmi nəticələrə gəlindi. Bu isə o demək idi ki, tərcümə və araşdırma işi Əli Sultanlı, Mikayıl Rəfili, Əkbər Ağayev, M.Rzaquluzadə, Məmmədcəfər Cəfərov, Məmməd Arif, Mehdi Məmmədov, İsmayıl Şıxlının yaradıcılığının birgə və prioritet istiqamətləri olmuşdur. Bir sözlə, XX yüzilin əvvəllərindən başlayan bu prosesin yetmiş illik bir dövrü tədqiqatdan kənarda qalmışdı. Bu cəhətdən filologiya üzrə fəlsəfə doktoru Leyla Ramazanovanın bu monoqrafiyası vaxtında yazılmış araşdırmalardan biridir. Bununla gənc tədqiqatçı həm də sələflərinin sözügedən sahədə gördüyü işlərə qiymət vermiş olur.
Leyla Ramazanova gəncdir, bu araşdırması ilə çağdaş ədəbiyyatşünaslığımızda ilk ciddi elmi addımını atır. Deyim ki, bu addım sanballıdır; bir alim kimi araşdırdığı problemi bütün yönlərilə ələ alıb və əhatə etməyə çalışıb. Elə ilk araşdırması ilə ədəbiyyatşünaslığımızda olan boşluğu doldurur. Onun bu araşdırmasında XX əsrin 1920-1970-ci illərində Azərbaycan filoloji fikrində Avropa ədəbiyyatının öyrənilməsinin inkişaf yolu və mərhələləri, problemləri araşdırılır. Bu yolda rolu olan görkəmli ədəbiyyatşünas və tərcüməçilərin yaradıcılığı da əhatə olunur. Araşdırma poeziya, dramaturgiya, nəsr üzrə aparılır və ədəbi fikrin tərcümə və araşdırma paralelliyi sonadək gözlənilir.
Məlumdur ki, Avropa poeziyası bu cəhətdən üstünlük təşkil edir. Poeziyanın araşdırılması prosesində isə tərcümənin rolu olduqca böyükdür. Bu mənada, L.Ramazanova Ə.Hüseynzadənin Füyuzat” jurnalının səhifələrində V.Götenin “Faust” əsərinin “İthaf” hissəsini, Con Miltonun “Cənnəti qaibə” (“İtirilmiş cənnət”), Henrix Heynenin “Bir nəğmə” şeirini orijinaldan tərcümə edərək nəşr etdirməsindən başlayır. Bu proses 20-ci illərdən sonra daha davamlı xarakter alır və Avropa ədəbiyyatının bir çox görkəmli nümayəndələrinin əsərləri dilimizə çevrilir. Mikayıl Rəfilinin Qərb və rus klassiklərindən etdiyi tərcümələri olduqca əhəmiyyətlidir. M.Rəfili V.Hüqonun “Gülən adam” pyesini, “Səfillər” [I-II hissələr], “Paris Notrdam kilsəsi” romanlarını, O.Balzakın “Ögey ana” pyesini, “Qorio ata” romanını, “Qobsek”, “Polkovnik Şaber”, “Topla oynayan pişik” və bir neçə novellasını, L.N.Tolstoyun “Dirilmə”, A.S.Puşkinin “Bağçasaray fontanı”, “Tunc atlı” poemasını, Emil Verxarnın, U.Uitmenin, T.Şevçenkonun, A.Blokun, V.Mayakovskinin və başqa şairlərin şeirlərini çevirməsi bu sahədə görülən fundamental işlərdəndir. Antik dövrdən Homer, Evripid, Aristofan, Qərbi Avropa ədəbiyyatından A.Düma, C.Bayron, H.Heyne, Amerika ədəbiyyatından T.Oldric, C.London, hind ədəbiyyatından R.Taqor, türk ədəbiyyatından T.Fikrət, Rəşad Nuri Güntəkin, rus ədəbiyyatından L.Tolstoy, M.Qorki və b. yazıçı və şairlərin əsərlərinin tərcüməsi onun nə qədər böyük bir iş gördüyünü göstərir. Eyni fikri Ə.Sultanlı, M.C.Cəfərov, Ə.Ağayev, M.Arif, İ.Şıxlının tərcümə və araşdırmaları haqqında da demək mümkündür. Mikayıl Rzaquluzadənin tərcümə yaradıcılığına nəzər saldıqda onun coğrafiyasının geniş və zəngin olduğunu görürük. Qərbi Avropa yazıçılarından A.Düma, C.Bayron, H.Heyne, antik dövr müəlliflərindən Homer, Evripid, Aristofan, Amerika ədəbiyyatından T.Oldric, C.London, hind ədəbiyyatından R.Taqor, türk ədəbiyyatından T.Fikrət, Rəşad Nuri Güntəkin, rus ədəbiyyatından L.Tolstoy, M.Qorki və b. ədəbi nümunələr məhz M.Rzaquluzadə tərəfindən çevrilib.
Leyla Ramazanovanın monoqrafiyası üç fəsildə əhatə olunur; bu fəsillərin hər biri dövrün ədəbiyyatının mövcud vəziyyətini əhatə edir. Burada Avropa poeziyasının, nəsr və dramaturgiyasının tədqiq və tərcümə məsələləri əhatə olunur. “Azərbaycan ədəbiyyatşüanslığında Avropa poeziyası; tədqiqi və tərcümə məsələləri”, “Ədəbi-nəzəri və estetik fikirdə Avropa nəsri”, “Avropa dramaturgiyası Azərbaycan ədəbiyyatşünaslığında” fəsilləri məzmunu və nəzəri konteksti ilə seçilir. Birinci fəsildə poeziyanın tərcümə, mövzu, janr və ideya istiqaməti kimi problemlərə yer ayırması onların aktuallığından irəli gəlir. Alman poeziyasının öyrənilməsinə ayrıca yer verilməsi isə həmin problemin ədəbiyyatşünaslığımızda daha çox işlənilməsindən doğur. Monoqrafiyadakı “Folklor örnəkləri müqayisəli araşdırma kontekstində”, “Roman janrı; formalaşması və inkişaf meyilləri”, “Filoloji tədqiqatlarda hekayə və novella janrı”, “Antik yunan və Roma dramatirgiyası Əli Sultanlının nəzəri görüşlərində”, “İntibah dövrü və XVII-XVIII əsrlər Avropa dramaturgiyasının tədqiqi cəhətləri”, “XIX-XX əsrlər ədəbi cərəyanlarının araşdırılması problemləri” və s. paraqraflar araşdırma miqyası, nəzəri erudisiyası və fakt, təhlil orijinallığı ilə çağdaş ədəbiyyatşünaslığımızı zənginləşdirir.
Leyla Ramazanova problemi əhatəli şəkildə araşdırarkən son dərəcə obyektiv mövqedən çıxış edir; qeyd olunan tədqiqatların bir qismində təsvirçiliyə yol verilməsi və ya ideoloji yöndən araşdırılmasını da yazır: “Apardığımız tədqiqat nəticəsində belə bir fikir hasil oldu ki, XX əsrin 20-70-ci illərində Azərbaycan filoloji fikrində daha çox keçmiş sovet ideologiyasının mövqeyini təmsil edən tədqiqatçılarımızın empirik xarakterli məlumat və təhlilləri ictimai-siyasi atmosferin qorunub saxlanmasını mühafizə etmişdir”. Bu da olduqca gərəklidir; çünki bu tərcümələrdə, araşdırmalarda yol verilən səhvlər, ideoloji dəyərləndirmələr bu gün özünün həqiqi qiymətini almalıdır.
Ədəbiyyatşünas Leyla Ramazanovanın bu monoqrafiyası filoloji fikrimizdə iki mühüm istiqamətə yön verir; birincisi, ədəbiyyatşünaslığımızdakı böyük bir boşluğu doldurmağa xidmət edir, yetmiş il ərzində Avropa ədəbiyyatından edilən tərcümələri, tədqiqatları, dərslikləri, hətta müntəxabatları belə araşdırmaya cəlb edir. İkincisi, bu dövrdə ədəbiyyatın xidmətində duran görkəmli tərcüməçi, ədəbiyyatşünasların yaradıcılığını təhlilə cəlb etməklə onları yaşadır. Bu yolda gənc tədqiqatçıya uğurlar arzulayırıq. İnanırıq ki, ilk monoqrafiya kimi ədəbiyyatşünaslığımızda öz yerini tutacaq və tədqiqatçıların istinad etdiyi mənbələrdən olacaqdır.
Bədirxan Əhmədli
filologiya elmləri doktoru, professor
Sizin reaksiyanız nədir?
Bəyən
0
Bəyənmədim
0
Sevgi
0
Əyləncəli
0
Əsəbi
0
Kədərli
0
Vay
0