Beşinci butulka: Ceyhun Cəfərlinin hekayəsi - Yeni İmza

Apr 1, 2026 - 15:58
Apr 1, 2026 - 16:14
 0  163
Beşinci butulka: Ceyhun Cəfərlinin hekayəsi - Yeni İmza

Yazıçı Ədəbiyyat Portalı "Yeni İmza" layihəsində Ceyhun Cəfərlinin "Beşinci butulka" hekayəsini təqdim edir.                                                   

İyunun sonları, iyulun əvvəlləri idi. Xəfif, ilıq yay küləyi yonca sahələrindən qalxan təzə biçilmiş ot qoxusunu Qovaqlı kəndinə yayırdı. Kəndin girəcəyindəki tozlu yol, hər iki yanı qovaq ağacları ilə əhatələnmiş su kanalı boyunca uzanıb gedirdi.

İrəlidə, yol kənarında arıq, cılız bir oğlan uşağı görünürdü. İsti yay günəşinin təsirindən qaralmış sifətində iri, qara və diqqətli baxan gözləri vardı. Qara, dağınıq saçları yandırıcı şüalar altında parıldayırdı. Gözlərinin kənarında və burnunun üstündə toz izləri qalmışdı. Köhnə köynəyinin ətəyi torpağa sürtünə-sürtünə, əlindəki qarğı ilə su kanalı boyunca gəzir, arabir qəfil dayanıb maraqla kanalın içinə boylanır, sonra yenidən yoluna davam edirdi.

Bu, səkkiz yaşlı Məlik idi.

Məlik gün boyu kəndin hər yerində, xüsusən də kanal boyunca boş şüşə butulkalar axtarırdı. Kanalın kənarıyla gəzib əlindəki qarğı ilə kol-kosu eşələyir, qarğının ucu sərt bir şeyə toxunanda göz bəbəkləri böyüyür, ürəyi sürətlə döyünməyə başlayırdı. Son bir neçə həftədə artıq dörd butulka tapmışdı. İndi ona yalnız beşinci butulka lazım idi.

Məlik bilirdi ki, hər bazar günü kəndə motosikletlə gələn dondurmasatan Ağayar beş boş butulkanın əvəzinə bir dondurma verir. Ağayar bəstəboy, orta yaşlı, enlisifət, girdəgöz və bir az qaraqabaq adam idi. Seyrək saçları motosiklet sürərkən küləkdən həmişə dağınıq olar, günəşdən yanmış sifətində daim ciddi, bir az da sərt ifadə donub qalardı. O, Qovaqlı kəndinə hər gəlişində tozlu yolla mərkəzə doğru irəliləyərkən ucadan qışqırardı:

- Marojna! Marojna! Marojna!

Onun gur səsini eşidən uşaqlar valideynlərindən aldıqları qəpik-quruşla, yaxud topladıqları butulkalarla qəhqəhə çəkə-çəkə, şən-şaqraq səslər çıxararaq motosikletin ətrafına yığışardılar ki, dondurma alsınlar. Məlik isə hər dəfə bu mənzərəni susqunluqla izləyər, uşaqların sevincini uzaqdan seyr etmək məcburiyyətində qalardı. Çünki Məlikin ailəsi kəndin ən kasıb ailələrindən biri idi. Ailəsi atası, anası və cəmi qırx günlük körpə bacısından ibarət idi.

Atası xasiyyətcə soyuqqanlı, azdanışan adam idi. Elə buna görə də Məlik ondan bir dəfə də olsun pul istəməyə cəsarət etməmişdi; hətta istəsə belə, atasının verməyəcəyini yaxşı anlayırdı. Kişi kənddə fəhləlik edər, kimin həyət-bacasında ağır iş varsa görər, axşamlar yorğun-arğın evə qayıdardı. Bir vaxtlar içkiyə qurşanmış, qazandığı qəpik-quruşu da ona xərcləməyə başlamışdı. Hətta bir ara ağır xəstələnib ölüm yatağına düşmüşdü. Sonda qohum-əqrəba və qonşular onu qonşu kənddə yaşayan bir seyidin yanına aparmışdılar. Orada Məlikin atasını Qurana əl basıb bir daha içki içməyəcəyinə and içməyə razı sala bilmişdilər. Bu, atasının o qədər də ürəyincə olmasa da, andına sadiq qalmışdı; artıq iki il idi ki, ağzına içki vurmurdu.

Anası isə əvvəllər səhərdən axşama qədər tarlalarda işləyər, qazandığı cüzi pulla ailənin dolanışığına kömək edərdi. Lakin balaca qızı dünyaya gəldikdən sonra tarlaya gedə bilməmiş, bütün gününü körpənin qayğısına və ev işlərinə həsr etməli olmuşdu. Yorğunluğu üzündən oxunsa da, səssizcə çalışır, evin bütün yükünü çiyinlərində daşıyırdı. Günün sonunda o qədər əldən düşürdü ki, bəzən körpəni qucağında yelləyə-yelləyə eləcə yuxuya gedirdi.

Günəş qürub etmək üzrə idi. Axşam toranlığı yavaş-yavaş Qovaqlı kəndini ağuşuna alırdı. Bütün günü beşinci butulkanın axtarışında olan Məlik yorğun halda evə qayıdırdı. Birdən gözü su kanalında ona doğru üzən bir qaraltıya sataşdı. Bu, butulka idi! Məlik bir anda özünü suya atdı. Üst-başı, qolları tamamilə islanmışdı, amma o, buna məhəl qoymadan butulkanın yaxınlaşmasını gözlədi. Onu sudan çıxaran kimi sevincindən var gücü ilə evə tərəf qaçmağa başladı. Sabah bazar idi, Ağayar kəndə gələcəkdi. Məlik, nəhayət, dondurma yeyə biləcəyini düşünüb həyəcanlanırdı. Evə çatan kimi tapdığı butulkanı digər dördünün yanına qoydu. İçəri girəndə atasının sərt səsi onu ayaq saxlamağa məcbur etdi:

 

- Dayan görüm! Bu vaxt haradan gəlirsən? Niyə üst-başın suyun içindədir?

Məlik nə cavab verəcəyini bilməyib kəkələdi. Gözlərini ayaqlarına dikib susdu. Atası qəfil ona bir sillə çəkdi:

 

- Cəhənnəm ol içəri!

 

Məlik otağa keçdi. Köhnə çarpayıda anası körpənin yanında uzanıb yuxuya getmişdi. Məlik əvvəlcə anasına baxdı, elə bu an balaca bacısının xırda qığıltısını eşidib ona tərəf addımladı. Körpə bələkdən çıxardığı xırda əllərini havada oynadırdı. Onun kiçik ağzı, burnu və əlləri Məlikə o qədər sevimli göründü ki, əyilib onu öpdü. O anda az əvvəl yediği silləni də, acısını da unutdu.

Həmin gecə Məlik sevincindən xeyli oyaq qaldı. Tezliklə səhərin açılmasını, Ağayarın gəlişini və butulkaların əvəzində alacağı o soyuq dondurmanı xəyal edərək yuxuya getdi.

Səhəri gün Məlik səbirsizliklə gözləyirdi. Birdən o tanış səs kəndi bürüdü:

- Marojna! Marojna! Marojna!

Məlik cəld qaçıb köhnə kisəyə yığdığı butulkaları götürdü və küçəyə çıxdı. Elə bu vaxt qonşuları Rüstəmin oğlu Xəlil də evdən çıxıb ona qoşuldu. Onlar digər uşaqlarla birgə sevinclə Ağayara tərəf qaçırdılar. Kimisi pul ilə, kimisi də topladığı butulkalarla dondurma almağa tələsirdi. Bu zaman Məlikin gözü Xəlilin əlindəki kisəyə sataşdı; o, digərlərinə nisbətən daha dolu idi. Diqqətlə baxanda gördü ki, Xəlil hamıdan çox - düz on butulka gətirib.

Hər kəs bir-bir dondurma alırdı. Nəhayət, növbə Məlikə çatdı.

- Əmi, al... beş butulka yığmışam.

Ağayar əvvəlcə dondurmanı ona uzatdı, sonra butulkaları götürdü. Məlik bir kənara çəkilib həsrətlə əlindəki dondurmaya baxırdı ki, Ağayarın səsi onu diksindirdi:

- Ay uşaq, bura gəl! Sənin butulkalarından biri çatlayıb. Bunu götürə bilmərəm.

Kişi butulkanı Məlikə qaytarıb dondurmanı onun əlindən aldı və motosikletini işə salıb yoluna davam etdi. Uşaqların bəzisi barmaqları ilə Məliki göstərib gülüşməyə başladılar. Məlik isə əlindəki çatlaq butulkaya baxa-baxa donub qalmışdı. Dondurmasız qalan uşaq bir müddət sonra yavaş addımlarla hər iki əlində dondurma tutan Xəlilə yaxınlaşdı:

- Bu qədər butulkanı haradan tapmısan?

Xəlil dondurmalarını növbə ilə yalayırdı.

- Atam hər gün araq alıb içir, mən də butulkaları yığıram, - deyib qaçaraq oradan uzaqlaşdı.

Pərişan halda evə qayıdan Məlik düşünürdü ki, əgər onun da atası içsəydi, beşinci butulkanı asanlıqla tamamlaya bilərdi. Bütün günü bu barədə düşünən Məlik, axşam sükut içində nəzərlərini atasına dikdi. Atası həmişəki kimi səssiz və yorğun idi.

Məlik gözlərini yerə dikib asta səslə dedi:

- Ata...

Atası üzünə baxmadan cavab verdi:

- Nə var?

Məlik bir an tərəddüd etdi:

- Heç nə...

Otağa yenidən ağır sükut çökdü. Bir az keçmiş Məlik yenə asta səslə dilləndi:

- Rüstəm əminin oğlu Xəlil hər gün butulka yığır...

Atası bu dəfə başını qaldırdı:

- Nə butulka?

- Araq butulkası... Onun atası hər gün araq alır...

Atası heç nə demədi. Otaq yenidən dərin, ağır bir sükuta qərq oldu.

Növbəti günlərdə Məlik kəndin hər qarışını gəzdi, lakin yenə də o sonuncu - beşinci butulkanı tapa bilmədi. Bazar günü gəlib çatdı. Atası yorğun halda həyətdə oturmuşdu. Bir müddət sonra başını qaldırmadan səsləndi:

- Məlik, get dükandan iki çörək al. De ki, nisyə yazsın.

Məlik başı ilə razılıq verib küçəyə çıxdı. Bu vaxt gözü qonşuları Rüstəmgilin həyətinə sataşdı.Xəlil kisəyə butulkalar yığırdı. Məlik bir anlıq dayanıb ona baxdı. Həmin an Xəlilin sözləri yenidən qulaqlarında əks olundu: "Atam hər gün araq alıb içir, mən də butulkaları yığıram..." O, yoluna davam edib mağazaya girdi. Mağaza sahibi soruşdu:

- Nə lazımdır, Məlik?

Məlik başını qaldırmadan, güclə eşidilən bir səslə dedi:

- Atam deyir... iki çörək... nisyə...

Satıcı çörəkləri uzatdı. Məlik onları götürsə də, yerindən tərpənmədi. Bir anlıq başını qaldırıb rəflərə baxdı, sonra gözlərini yenidən ayaqlarına dikdi:

- Bir dənə də... araq yaz... Atam deyir... - bu sözləri deyəndə səsi az qala boğazında boğulurdu.

Mağaza sahibi ona şübhə ilə baxdı:

- Atan dedi?

Məlik cavab vermədi, sadəcə yüngülcə başını tərpətdi. Satıcı bir anlıq tərəddüd etsə də, başını bulayıb rəfdən bir butulka götürdü:

- Yaxşı... yazaram...

Məlik çörəyi və arağı götürüb çölə çıxdı. Evə çatanda həyət qapısında anası ilə qarşılaşdı. Anası onun əlindəkilərə fikir vermədən tapşırdı:

- Keç evə, sakit ol, bacın yatıb. Mən bulaqdan su gətirməyə gedirəm.

Məlik sakitcə başını tərpədib həyətə daxil oldu. Əlindəkiləri stolun üstünə qoyub atasını səslədi:

- Ata... aldım.

Atası cavab vermədi. Məlik bu dəfə bir az da uca səslə təkrar etdi:

 

- Ata, aldım...

 

Yenə səs çıxmadı. Məlikin gözü stolun üstündəki araq butulkasına sataşdı. Dediyi yalan birdən-birə yadına düşdü, ürəyi sıxılmağa başladı. Nə edəcəyini bilmədən qəfil dönüb eşiyə qaçdı və qarğıdan hörülmüş çəpərin arxasında gizləndi. Çəpərin arasındakı kiçik boşluqdan masanın üstündəki butulkaya baxmağa başladı. Qızmar günəş şüaları butulkanın üzərində oynaşırdı. Məlik gözlərini qıyıb daha diqqətlə baxdı. Elə bu vaxt atası həyətə çıxdı. Stolun üstündəki çörəyi və araq butulkasını görüncə yerində donub qaldı. Sonra başını qaldırıb həyəti süzdü:

 

- Məlik!.. - deyə səsləndi.

 

Məlik gizləndiyi yerdə bir az da büzüşdü, səsini çıxarmadı.

 

Atası bu dəfə daha ucadan səsləndi:

 

- Məlik!

 

Məlik qulaqlarını tutub səssizcə ağlamağa başladı.

Atası yaxınlaşıb stulda əyləşdi, butulkanı əlinə alıb bir müddət ona baxdı. Sonra çörəkləri götürüb evə keçdi. Az sonra yenidən geri qayıtdı, butulkanı yenə əlinə aldı. Bir anlıq tərəddüd etdi, sonra qapağını açıb yarısını başına çəkdi və dayandı. Baxışları ilə həyəti süzdü. Qalanını da içib butulkanı boşaltdı və sərt şəkildə masanın üstünə qoydu. Boş butulka yana aşıb diyirlənə-diyirlənə masanın küncünə qədər getdi. Bir neçə dəqiqə sonra atası səndələyə-səndələyə evə tərəf addımladı.

Elə bu vaxt Məlik uzaqdan o tanış səsi eşitdi:

 

- Marojna! Marojna! Marojna!

 

O, əvvəlcə yerindən tərpənmədi. Sonra gözlərini qıyıb stolun üstündəki butulkaya baxdı. Birdən cəld qalxıb ona tərəf qaçdı. Butulkanı qamarlayıb digərləri ilə birlikdə kisəyə yığdı və Ağayara doğru götürüldü.

Çatanda bütün uşaqlar artıq dondurmalarını almışdılar. Məlik təngnəfəs halda kisəni Ağayara uzatdı.

 

- Çatlağı-zadı yoxdur ki? - deyə Ağayar soruşdu.

 

Məlik cavab verə bilmədi. Ağayar butulkaları bir-bir yoxladı:

 

- Hamısı salamatdır, - dedi və qutudan bir dondurma çıxarıb Məlikə uzatdı. Sonra motosikletini işə salıb yoluna davam etdi.

 

Hamı dağılışdıqdan sonra Məlik nəfəsini dərdi. Əlindəki dondurmaya baxdı, sevincindən gözləri parladı. Var gücü ilə evə tərəf qaçdı. Həyət qapısından keçib içəri girən kimi anasının fəryadı qulaqlarını batırdı.

Atası sərxoş halda çarpayının üstünə uzanmışdı. Körpə onun altında qalmışdı. Tərpənmirdi.

 

Məlik bir anlıq əlindəki dondurmaya baxdı. Dondurma əriyərək barmaqlarının arasından süzülür, ayaqlarının altına tökülürdü.

 

Sizin reaksiyanız nədir?

Bəyən Bəyən 25
Bəyənmədim Bəyənmədim 0
Sevgi Sevgi 1
Əyləncəli Əyləncəli 1
Əsəbi Əsəbi 0
Kədərli Kədərli 4
Vay Vay 1