Bu dil bizim ruhumuz, eşqimiz, canımızdır - Ana dili şeirləri
1 Avqust - Azərbaycan Əlifbası və Azərbaycan Dili Günüdür.
Yazıçı Ədəbiyyat Portalı bu münasibətlə Ana dilimizə həsr olunan şeirlərdən bir neçəsini təqdim edir.
Bəxtiyar Vahabzadə - Ana dili
Dil açanda ilk dəfə «ana» söyləyirik biz,
«Ana dili» adlanır bizim ilk dərsliyimiz.
İlk mahnımız laylanı anamız öz südüylə
İçirir ruhumuza bu dildə gilə-gilə.
Bu dil bizim ruhumuz, eşqimiz, canımızdır,
Bu dil bir-birimizlə əhdi-peymanımızdır.
Bu dil tanıtmış bizə bu dünyada hər şeyi,
Bu dil əcdadımızın bizə miras verdiyi
Qiymətli xəzinədir…onu gözlərimiz tək
Qoruyub, nəsillərə biz də hədiyyə verək.
Bizim uca dağların sonsuz əzəmətindən,
Yatağına sığmayan çayların hiddətindən,
Bu torpaqdan, bu yerdən,
Elin bağrından qopan yanıqlı nəğmələrdən
Güllərin rənglərindən, çiçəklərin iyindən,
Mil düzünün, Muğanın sonsuz genişliyindən,
Ağsaçlı babaların əqlindən, kamalından,
Düşmən üstünə cuman o Qıratın nalından
Qopan səsdən yarandın.
Sən xalqımın aldığı ilk nəfəsdən yarandın.
Ana dilim, səndədir xalqın əqli, hikməti,
Ərəb oğlu Məcnunun dərdi səndə dil açmış.
Ürəklərə yol açan Füzulinin sənəti,
Ey dilim, qüdrətinlə dünyalara yol açmış.
Səndə mənim xalqımın qəhrəmanlıqla dolu Tarixi varaqlanır,
Səndə neçə min illik mənim mədəniyyətim,
Şan- şöhrətim saxlanır.
Mənim adım-sanımsan,
Namusum, vicdanımsan!
Bu dil tanıtmış bizə bu dünyada hər şeyi,
Bu dil əcdadımızın bizə qoyub getdiyi
Ən qiymətli mirasdır, onu gözlərimiz tək
Qoruyub, nəsillərə biz də hədiyyə verək!
Ey öz doğma dilində danışmağı ar bilən fasonlu ədabazlar,
Qəlbinizi oxşamır qoşmalar, telli sazlar.
Bunlar qoy mənim olsun,
Ancaq Vətən çörəyi,
Sizlərə qənim olsun!
Sabir Rüstəmxanlı - Sağ ol, Ana dilim
Yollarım sınandı yad ölkələrdə,
Neçə yad dodaqda səsləndi adım.
Sağ ol, ana dilim, məni heç yerdə
Köməksiz qoymadın, yalqız qoymadın.
Barmağım altında düymə fırlanır,
Londonla, Parislə yanaşı Bakı…
Doğma sözlər üçün darıxan hanı?
Deyin qoy dinləsin: "Danışır Bakı!"
Danışır, açılır ömrün baharı,
Dünyaya mən onun qoynundan uçdum.
Mənim ürəyimin antenaları
Gözəl Azərbaycan dilinə tuşdu.
Döyüşdə qılınc tək sıyrıldı qından,
Başımın üstündə bayrağım oldu.
Torpağım ikiyə bölünən zaman
Bu dil bölünməyən torpağım oldu.
Utansın tarixə dəllallıq edən,
Tarix qapısına açar sözlər var.
Pərdəni qaldırsan, beş-on kəlmədən
Qondarma cildlər tar-mar olar.
Bu dildə sevincim, qəmim, kədərim
Təzə ümidlərə açılan səhər.
Bu dilin reaktiv təyyarələri
Araz sərhəddini qıran kəlmələr.
İpək nəğmələrim gülləbatmazdı,
Qolunu qandalla bağlamaq olmaz.
Bu taydan o taya arxayın keçən,
O taydan bu taya arxayın keçən
Dilin sənədini yoxlamaq olmaz,
Sevginin yolunu saxlamaq olmaz!
Sağ ol, ana dilim, ana öyüdüm,
Füzuli eşqindən divanə dilim.
Ürəyim başına nəfəs dərmədən
Fırlanıb kül olan pərvanə dilim.
Hanı Xanım çaylar, hanı bəy göllər,
Dillərdə cücərən yurdun izidir.
Yüz yol yaralanmış doğma kəlmələr
Xalqımın döyüşlər xəritəsidir.
Ala dağ, Qara dağ…di seç, di ayır,
Dağları basılmaz ordum sanmışam.
Harda bircə kəlmə sözüm yaşayır,
Oranı halalca yurdum sanmışam.
Üstünə yüyürdü Quran dilləri,
Peyğəmbər dilləri, qanun dilləri…
Qapılar dalında qoydular səni,
Haqq dedin, dabandan soydular səni,
Ancaq məhv olmadın, anam, can dilim,
Ordular sarsıdan qəhrəman dilim!
Ömrüm qırılmazdı, yol qırılsa da,
Səninlə həmişə mən üzüağam.
Bədənim torpağa tapşırılsa da,
Ruhumu mən sənə tapşıracağam.
Vaqif Kəhrizli - Ana dilim ölən deyil
Aylar ötür, il dəyişir,
Geden geri donən deyil.
Laçın könlüm pərvaz edir,
Səmasından enən deyil.
Bir dağam ki, göydə başım,
Çox qədimdir mənim yaşım.
Alovlansa bircə daşım,
Milyon illər sönən deyil.
Azərbaycan - mənim elim,
Azərbaycan - mənim dilim
Doğransa da dilim dilim
Başqa dilə çönən deyil.
Həm Arazam, həm də Kürəm,
Axıb Xəzərə tökülləm.
Dilim ölsə, mən də ölləm
Ana dilim ölən deyil
Vaqif deyər, aram-aram,
Şairlikdə mən də varam.
Öz dilimlə bəxtiyaram,
Onsuz üzüm gülən deyil,
Ana dilim ölən deyil.
Tural Adışirinin təqdimatında..
Sizin reaksiyanız nədir?
Bəyən
0
Bəyənmədim
0
Sevgi
0
Əyləncəli
0
Əsəbi
0
Kədərli
0
Vay
0