Realizmin çöküşü... - Mehman Qaraxanoğlu

Okt 4, 2026 - 15:57
 0  34
Realizmin çöküşü... - Mehman Qaraxanoğlu

Yazici.az ədəbiyyat portalı Mehman Qaraxanoğlunun yeni şeirlər silsiləsini təqdim edir.

              QIŞQIRTI...

“Qəlbimdən gələn səs mənə çox zadlar öyrədir.                     Haman o səs pak və təmiz insafımın səsisidir ki, hamıda o insaf var.”

                   Mirzə Cəlilin “Danabaş kəndinin əhvalatları”                                                       əsərində Sokratdan gətirdiyi epiqraf

 

Norveçli rəssam Edvard Munkun

“Qışqırıq” adlı bir rəsmi vardır.

İlk variantı 1893-də çəkilib.

Sonralar

Əlavə üç variantı da rəsmləşib...

 Həmin illərdə yazılıb

“Danabaş kəndinin əhvalatları” da.

 

Danabaş adlı kənd yoxdu,

Samanlıq da,

İtqapan da,

Qapazlı da.

Yəni, Rusiyanın qapazı altında olan kənd -

Qurbanəli bəyin kəndi...

 

Novruzəlini də bir gündə üç dəfə simvolik it qapır:

Kətda,

Xan

Və divanxana rəisi...

 

Munkun rəsmində

Qorxu və vahimə,

Universal təlaş,

Ekzistensial böhran

Və travmalar...

 

Danabaş -

xudayarların toplaşdığı bir məkandır...

“Kalo müəmması” içərisində olan gənc Cəlil

Qışqırırdı o məkandan!!!

 

Deformasiyaya uğramış sifət...

Və xanın qah-qah səsi...

 

 

DOSTOYEVSKİNİN PORTRETİ

Rəssam Perovun

                            “Yazıçı Fyodor Dostoyevskinin portreti”ni görəndən sonra

                            Nifrət edirəm realizmə...

        

Çağırın Həmid Herisçini!

                            Məgər o bilmirdi ki,

                            Dişlər təkcə ağızda deyil,

                            Həm də dizlər üstə kilidlənir barmaqlarla...

 

                            Taxta şirkətində işləyən fəhlədə

                            Haradandı bu qədər riyakarlıq?!

                            Bizi zəlil günə salanları

                            Necə razı salaq?!

 

                            Qalın yorğan altında

                            İsti-isti əmədaşlıq edək yeni ölüm üslublarıyla.

Onsuz da bizi öldürməyə tələsmirlər,

Çünki hökmdar

Büsbütün gülüb qurtarmayıb...

 

 

XƏYANƏT

 

Sən nə eylədin, Fetida?

Sən çox lazım idi oğlunun ölümsüzlüyü?!

Niyə vaxtında anlamadın ki,

Bu dünyada xəyanətlər

Ölümsüzlüklərdən daha çoxdu!

 

Oğlun Axilles yoxdu,

Təsəlli üçün Şamsonu xatırla!

Onu kim satdı, kim?!

Onun halalca sevgilisi Dalila...

 

Zəif yerlərimizdi

Saçlarımız

Və dabanlarımız, Fetida.

 

Bilirəm,

Səninçün çox ağırdı...

Təsəlli üçün

Şamsonun kəsilmiş saçlarını

Və çıxarılmış bəbəklərini

Sənə bağışlayıram, Fetida...

 

                            oktyabr, 2026

 

Sizin reaksiyanız nədir?

Bəyən Bəyən 1
Bəyənmədim Bəyənmədim 0
Sevgi Sevgi 0
Əyləncəli Əyləncəli 0
Əsəbi Əsəbi 0
Kədərli Kədərli 0
Vay Vay 0
Tural Adışirin AMEA-nın Şəki Regional Elmi Mərkəzinin "Ədəbi-mədəni mühit və folklor" şöbəsinin elmi işçisi, Yazici.az ədəbiyyat portalının baş redaktoru