Bakıda Borçalı aşıqlarının konserti təşkil olunacaq

Sen 1, 2026 - 20:45
 0  8
Bakıda Borçalı aşıqlarının konserti təşkil olunacaq

Azərbaycan Respublikası Qeyri-Hökümət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Ozan Dünyası” Aşıq Yaradıcılığının Təbliği İctimai Birliyində həyata keçirilən “Borçalı aşıq mühitini tanıyaq və tanıdaq” adlı layihə çərçivəsində Bakıda Borçalı aşıqlarının konserti təşkil olunacaq.

Bu barədə Yazici.az-a İctimai Birliyin üzvü, ustad aşıq Altay Məmmədli məlumat verib.

O bildirib ki, layihənin həyata keçirilməsində əsas məqsəd aşıq sənətinin inkişafında tarixən mühüm rol oynamış Borçalı aşıq mühiti haqqında ətraflı məlumat vermək, bu mühiti daha geniş müstəvidə təqdim etmək, xüsusən də bu mühitin aşıqlarına, onların ifalarındakı özünəməxsusluqlara diqqəti cəlb etməkdir.

Sentyabrın 14-də Rəşid Behbudov adına Dövlət Mahnı Teatrında keçiriləcək tədbirdə Borçalı aşıq mühitini təmsil edən ustad aşıqlarla yanaşı, sənətdə ilk uğurlu addımlarını atan və sabahlarına böyük ümidlər bəslənilən gənclərin də çıxışları nəzərdə tutulur. Tədbirdə, əsasən Borçalı aşıq mühiti nümayəndələrinin repertuarında zaman-zaman mühüm yer tutmuş aşıq havaları səsləndiriləcək. Bu havaların ifası yalnız tamaşaçıların zövqünü oxşamaqla kifayətlənməyəcək, həm də Borçalı aşıq mühiti haqqında daha əhatəli təsəvvürün formalaşmasına, eləcə də bu mühitin digər aşıq mühitləri ilə qarşılıqlı əlaqələrinin öyrənilməsinə mühüm töhfə verəcək”, - deyə Altay Məmmədli vurğulayıb.

Qeyd edək ki, layihənin rəhbəri “Ozan Dünyası” Aşıq Yaradıcılığının Təbliği İctimai Birliyinin sədri, Əməkdar mədəniyyət işçisi Musa Nəbioğludur.

Sizin reaksiyanız nədir?

Bəyən Bəyən 0
Bəyənmədim Bəyənmədim 0
Sevgi Sevgi 0
Əyləncəli Əyləncəli 0
Əsəbi Əsəbi 0
Kədərli Kədərli 0
Vay Vay 0
Tural Adışirin AMEA-nın Şəki Regional Elmi Mərkəzinin "Ədəbi-mədəni mühit və folklor" şöbəsinin elmi işçisi, Yazici.az ədəbiyyat portalının baş redaktoru