Mirzə İbrahimovun taleyi gizli qalan nikahdankənar qızı
Mirzə İbrahimovun uzun illər taleyi gizli qalan nikahdankənar qızı — Zamira İbrahimovanın həyat və yaradıcılıq yolu
Azərbaycan ədəbiyyatının görkəmli nümayəndələrindən biri, Xalq yazıçısı və akademik Mirzə İbrahimov haqqında çox yazılıb. Onun zəngin ədəbi irsi, ictimai-siyasi fəaliyyəti, Azərbaycan mədəniyyətinin inkişafındakı xidmətləri geniş araşdırılıb. Lakin böyük yazıçının həyatının uzun illər geniş ictimaiyyətdən gizli qalan səhifələrindən biri də qızı Zamira İbrahimovanın taleyi ilə bağlıdır.
Zamira Mirzovna İbrahimova 1938-ci il martın 5-də Leninqradda anadan olub. Onun məhz Mirzə İbrahimovun qızı olması barədə məlumatlar uzun müddət geniş ictimaiyyətə məlum olmayıb. Daha doğrusu, bu məsələ uzun illər ictimai müzakirələrdən kənarda qalıb.
Məlumatlara görə, Mirzə İbrahimov vaxtilə respublika rəhbəri Mir Cəfər Bağırova yazdığı məktubda nikahdankənar qızı olduğunu etiraf edib. Həmin dövrə aid xatirələrdə və məktublarda yazıçının Moskvada olduğu zaman yaxın dostu Səməd Vurğunun Zamira ilə münasibətlərini gizlətməsinə ehtiyac olmadığını söylədiyi və onunla görüşməsini tövsiyə etdiyi qeyd olunur.
Yazıçının qızı Solmaz İbrahimova bir vaxtlar bu barədə danışarkən deyirdi: "Bəli, anama qədər yaşadığı qadın olub həyatında... Rusiyada oxuduğu vaxtlar baş verib bu məsələ. Amma atam o qızı heç vaxt sahibsiz saxlamadı. Biz onu bacı kimi qəbul etmişdik. O qız — Zamira İbrahimova gördüyünüz kimi, atamın soyadını daşıdı və atam hər zaman ona qayğı göstərdi. O qız uzun müddət "Ədəbiyyat və incəsənət" qəzetinin Moskvadakı xüsusi müxbiri olmuşdu. Sonra "Oqonyok" jurnalının əməkdaşı oldu. Artıq səksəndən çox yaşı var, Novosibirskdə yaşayır. İndi də əlaqəmiz var, zəngləşirik..."
Solmaz xanım aralarında səmimi münasibətin olduğunu qeyd etsə də, Zamira İbrahimova sağlığında verdiyi müsahibələrdə valideynləri, ailə münasibətləri və şəxsi həyatı barədə danışmağa meylli olmayıb. Əksinə, bu mövzudakı suallardan mümkün qədər uzaq durub. Onun yazılarında da valideynləri haqqında demək olar ki, məlumat yoxdur. Elə bu susqunluq da onun həyat hekayəsinə müəyyən sirr qatır.
Bununla belə, Zamira İbrahimovaya yalnız "Mirzə İbrahimovun qızı" kimi yanaşmaq doğru olmazdı. Çünki o, atasının adından asılı olmayaraq, öz yaradıcılıq və peşəkar dünyasını qurmuşdu.
--- --- ---
Zamira İbrahimova Leninqrad Dövlət Universitetinin jurnalistika fakültəsində təhsil alıb. 1960-cı ildə universiteti bitirdikdən sonra həyatını Sibirlə bağlamaq qərarına gəlib.
Yazını hazırlayarkən Zamira xanım haqqında qələmə alınmış bir neçə məqaləyə nəzər saldım. Xüsusən rusdilli saytlarda onun həyat və yaradıcılığı barədə kifayət qədər ətraflı məlumatlara rast gəlinir. Həmin yazılar arasında sevimli tələbəsi Yuliya Pozdnyakovanın xatirələri xüsusilə diqqət çəkir.
Yuliya Pozdnyakova, qeyd etdiyim kimi, Zamira Mirzovnanın tələbəsi olub, sonralar özü Novosibirsk Dövlət Universitetində jurnalistika müəllimi kimi fəaliyyət göstərib. O, xatirələrində yazırdı ki, Zamira İbrahimova gənc yaşlarından jurnalistikaya gəlib və uzun illər sovet dövrünün nüfuzlu nəşrlərində çalışıb. "Molodost Sibiri" və "Sovetskaya Sibir" qəzetlərində, "EKO" jurnalında fəaliyyət göstərib. Həmçinin "Literaturnaya qazeta" qəzetinin və "Oqonyok" jurnalının Sibir üzrə müxbiri olub.
Onun yaradıcılığının əsas istiqamətlərindən biri Sibirdə, xüsusən də Novosibirskdə çalışan alimlərin fəaliyyəti idi. Zamira İbrahimova elmi axtarışları, alimlərin gördüyü işləri və əldə etdikləri nəticələrin cəmiyyət üçün əhəmiyyətini geniş oxucu auditoriyasına çatdırırdı.
Yuliya Pozdnyakovanın xatirələrindən görünür ki, Zamira İbrahimovanın jurnalistikasının əhəmiyyəti yalnız elmi mövzuları işıqlandırması ilə məhdudlaşmırdı. O, mövzuya analitik yanaşması, müşahidə qabiliyyəti və insan xarakterini görmək bacarığı ilə seçilirdi.
Xatirələrdən məlum olur ki, jurnalistika ilə yanaşı, Zamira İbrahimova nəsr və dramaturgiya ilə də məşğul olub. Şeirə də maraq göstərib, lakin şeirlərini geniş şəkildə çap etdirməyə xüsusi həvəs göstərməyib. Onun yaradıcılığından qalan nümunələrdə zaman, ötən illər və insanın keçmişlə münasibəti kimi mövzular xüsusi yer tutur. Bu mövzular, müəyyən mənada, onun öz həyat hekayəsi ilə də səsləşir. Çünki Zamira İbrahimovanın taleyində keçmiş heç vaxt sıradan bir keçmiş olmayıb...
--- --- ---
Yuliya Pozdnyakova öz yazısında Zamira Mirzovnanın həmin illəri xatırlayarkən müasir jurnalistikanın ən böyük çatışmazlıqlarından biri kimi geribildirimin zəifləməsindən danışdığını qeyd edirdi.
Zamira Mirzovna haqlı olaraq bildirirdi ki, əvvəllər cəmiyyətdə qəzet və jurnallarda dərc olunan yazılara münasibət çox canlı olurdu. Redaksiyalara oxuculardan kisə-kisə məktub gəlirdi.
Məsələn, hakimiyyətlə yaranmış münaqişəyə görə partiyadan xaric edilmiş keçmiş Bratskgesstroy rəhbərini müdafiə edən məqaləsi "Literaturnaya qazeta"da dərc edildikdən sonra redaksiyaya həmin şəxsi müdafiə edən çoxlu məktub daxil olmuşdu.
Daha sonra onun Bratska səfəri ilə bağlı yazısı "Oqonyok" jurnalında dərc edilmiş və yenə saysız-hesabsız oxucu məktubu alınmışdı. Zamira Mirzovna hesab edirdi ki, həmin dövrdə cəmiyyət daha fəal idi. Sonralar isə jurnalistlə oxucu arasında bu canlı əlaqə əvvəlki qədər hiss olunmurdu. Zamira xanımın qeyd etdiyi nüansları bu gün də müasir mətbuatın simasında aydın şəkildə görürük.
--- --- ---
1995-ci ildə Novosibirsk Dövlət Universitetinin Humanitar Elmlər fakültəsində jurnalistika kafedrası yaradıldıqdan sonra Zamira İbrahimova burada müəllim kimi fəaliyyətə başlayıb. O, "Jurnalistika peşələri", "Elmi jurnalistika" və "Jurnalistika etikası" fənlərini tədris edib. Onun tələbələrindən biri də artıq adını çəkdiyimiz Yuliya Pozdnyakova olub.
Pozdnyakova öz xatirələrində Zamira Mirzovnanın dərslərini xüsusi sevgi ilə yada salır. Onun sözlərinə görə, müəllim hər dərsə yeni, təzə dərc olunmuş qəzet və jurnal materialları gətirər, yaxşı jurnalistika nümunələrini tələbələrlə birlikdə oxuyub təhlil edərdi. Zamira Mirzovnanın bunun üçün xüsusi bir qovluğu da varmış. Burada onun diqqətini çəkən, bəyəndiyi və maraqlı hesab etdiyi yazılar toplanırmış.
Yuliya Pozdnyakova yazırdı ki, Zamira İbrahimovanın müəllimlik fəaliyyətində jurnalistika etikası xüsusi yer tuturdu. O, tələbələrin onunla mübahisə etməsindən çəkinmirdi. Əksinə, fikir toqquşmasını düşüncənin inkişafı üçün vacib hesab edirdi.
Pozdnyakova Zamira Mirzovnanın bir müsahibəsində söylədiyi bu fikri də xatırlayırdı: "Mübahisə etməyi sevirəm, çünki hadisələri hərəkətə gətirən şey əks fikirlərin toqquşmasıdır".
Zamira İbrahimova üçün jurnalistika sadəcə peşə deyildi. O, bunu həm də mənəvi məsuliyyət hesab edirdi. Jurnalist haqqında yazdığı insana zərər verməməli, faktları düzgün və obyektiv təqdim etməyə çalışmalı idi.
Xatirələrdə qeyd olunur ki, tələbələr onun dərslərində yalnız federal və beynəlxalq etik standartları öyrənmirdilər. Onlar real hadisələri təhlil edir, yaxşı və pis jurnalist davranışlarını müzakirə edir, hətta öz "etik şkalalarını" yaratmağa çalışırdılar.
--- --- ---
Zamira İbrahimovanın yaradıcılıq yolunun ən mühüm səhifələrindən biri Novosibirsk Akademqorodoku ilə bağlıdır. O, Akademqorodokun formalaşdığı ilk illərin canlı şahidlərindən biri olub. Bu məkan onun üçün sadəcə elmi institutların toplandığı şəhərcik deyildi. Akademqorodok onun nəzərində elmə və gələcəyə inamın simvolu idi.
Yuliya Pozdnyakova yazırdı ki, Zamira Mirzovna Akademqorodokun ilk illərini böyük heyranlıqla xatırlayırdı. O və həmkarı Natalya Pritvits həmin dövr haqqında qələmə aldıqları "Lavrentyevin üçbucağı" kitabında Akademqorodokun ilk illərində hökm sürən romantik ab-havanın onların peşəkar həyatına, dünyagörüşünə və şəxsiyyətlərinin formalaşmasına təsir etdiyini qeyd edirdilər. Zamira İbrahimovanın Akademqorodoka bağlılığı onun jurnalistikasında da özünü göstərirdi. O, burada çalışan alimlər, onların tədqiqatları və elmin cəmiyyət üçün əhəmiyyəti barədə yazırdı. Beləliklə, elm adamları ilə geniş oxucu kütləsi arasında özünəməxsus körpü yaradırdı.
--- --- ---
Zamira İbrahimovanın həyatındakı qəribə təsadüflərdən biri də doğum tarixi ilə bağlıdır. O, 1938-ci il martın 5-də anadan olub. Düz 15 il sonra, 1953-cü il martın 5-də isə Sovet İttifaqının rəhbəri İosif Stalin vəfat edib.
Zamira Mirzovna müxtəlif vaxtlarda doğulduğu günün o qədər də adi tarix olmadığını yarızarafat, yarıciddi şəkildə qeyd edərdi. Kiçik görünən bu detal onun həyatında şəxsi tale ilə böyük tarixi hadisələrin necə qəribə şəkildə kəsişdiyini göstərən maraqlı nüanslardan biridir.
Zamira İbrahimova 2023-cü il aprelin 5-də, 85 yaşında vəfat edib. Onun həyatındakı ən böyük paradokslardan biri bəlkə də budur: o, Azərbaycan ədəbiyyatının böyük simalarından birinin qızı idi, amma ömrünün böyük hissəsini atasının şöhrətindən uzaqda, öz adı və öz peşəsi ilə yaşadı.
O, jurnalist kimi yaşadığı ölkənin mətbuat tarixinə öz töhfəsini verdi. Alimləri, onların axtarışlarını və ideyalarını geniş oxucu auditoriyasına çatdırdı. Müəllim kimi yeni nəsil jurnalistlərin formalaşmasına təsir göstərdi. Yazıçı, dramaturq və şair kimi isə öz yaradıcılıq dünyasını yaratdı.
Tələblərinin və dostlarının xatirələrində Zamira Mirzovna sərbəst düşünən, mübahisədən çəkinməyən, tənbəlliyi qəbul etməyən, yaxşı jurnalistikaya və elmə inanan, tələbələrini düşünməyə sövq edən bir ziyalı kimi görünür. Bütün bunlarla yanaşı, o, həyatının ən mühüm suallarından birini də özü ilə apardı: Mirzə İbrahimovun qızı olmaq, yoxsa sadəcə Zamira İbrahimova olmaq? Məncə, Zamira xanımın həyatı ilə yaxından tanış olduqda bu suala cavab vermək o qədər də çətin olmur...
Zamira İbrahimova atasının adı ilə tanınmaqdan daha çox, öz adı ilə yadda qalmağa çalışdı və buna nail oldu. Onun taleyi bir tərəfdən Mirzə İbrahimovun həyatının az bilinən səhifəsidirsə, digər tərəfdən sovet dövrünün Azərbaycan-Rusiya ədəbi-mədəni əlaqələrinin, Sibir jurnalistikasının və elm ilə cəmiyyət arasında körpü yaratmağa çalışan ziyalı nəslinin maraqlı tarixidir...
Sizin reaksiyanız nədir?
Bəyən
0
Bəyənmədim
0
Sevgi
0
Əyləncəli
0
Əsəbi
0
Kədərli
0
Vay
0