Nəsrimizin rəngi: Fariz Yunislinin yaradıcılıq dünyası

Sen 11, 2026 - 19:53
 0  41
Nəsrimizin rəngi: Fariz Yunislinin yaradıcılıq dünyası

Yazici.az ədəbiyyat portalı filologiya elmləri doktoru Lütviyyə Əsgərzadənin "Nəsrimizin rəngi: Fariz Yunislinin yaradıcılıq dünyası" yazısını təqdim edir.

Hər bir yeni ədəbi nəsil özü ilə bərabər ədəbiyyatımıza yeni nəfəs, fərqli baxış bucağı və bədii səmimiyyət gətirir. Müasir Azərbaycan nəsrində bu səmimiyyəti və dərin mənəviyyat bəsirətini cümlə-cümlə öz oxucusuna ötürən, gənc nəslin ən parlaq və ümidverici nümayəndələrindən biri də Fariz Yunislidir. O, ədəbi mühitə sadəcə təbii bir istedadla deyil, eyni zamanda xalqın yaddaş kodlarına vaqif olan ciddi bir elmi-mədəni baza ilə qədəm qoyub. Naxçıvan ədəbi mühitinin yetirməsi olan yazarın bədii təfəkkürünün formalaşmasında qədim diyarın əsas mətbuat orqanı,  neçə-neçə ziyalıya məktəb olmuş “Şərq qapısı” qəzetinin qaynar mühiti böyük rol oynamışdır. Həyatın nəbzini mətbuatın oyaq süzgəcindən keçirən, insan talelərini yaxından müşahidə edən Fariz Yunisli, bir filoloq kimi topladığı həyat gerçəkliklərini bir yazıçı həssaslığı ilə lirik-psixoloji hekayələrə çevirməyi bacarmışdır.

Məşhur rus tənqidçisi Vissarion Belinski hekayə janrını “həyatdan qopardılmış kiçik bir parça” kimi xarakterizə edir və bu janrın əsas gücünün qeyri-adi hadisələrdə deyil, gündəlik həyatın sadəliyi daxilindəki gizli dramda, “kiçik insanın” böyük dərində olduğunu vurğulayırdı. Fariz Yunislinin yaradıcılığına nəzər salarkən Belinskinin bu estetik tələbinin müasir nəsrimizdə necə uğurla əks olunduğunu görmək mümkündür. Onun hekayələri oxucunu yorucu, süni bədiiliklə deyil, məhz Belinskinin qeyd etdiyi o səmimi həyat həqiqəti ilə, birbaşa ruhun dərinliklərinə toxunan, sətiraltı mənalarla zəngin olan real insan duyğuları ilə ovsunlayır.

Yazıçının daxili dünyasını, ailə və ana müqəddəsliyinə olan sarsılmaz bağlılığını göstərən ən təsirli bədii nümunə onun “Bircə dəfə...” hekayəsidir. Ana bu dünyada insanın dadacağı ən şirin, ən tükənməz nemət, onun yoxluğu isə qəlbdə heç bir zaman dolmayacaq ən böyük boşluğun təməlidir. Müəllifin cəmi 2 yaşında ikən, hələ həyatı, dünyanı təzə-təzə anlamağa başladığı (ya da heç anlamadığı) körpə yaşlarında bu şirin nemətdən məhrum olması, onun bütün gələcək taleyində və yaradıcılığında dərin bir sızıltıya çevrilmişdir.

Ömür xalısı yarımçıq qalan anasının vəfatının ildönümünə” həsr etdiyi “Bircə dəfə…” hekayəsi hələ uşaq ikən anasızlıq hissinin amansız soyuqluğu ilə baş-başa qalan, onu həyatında görməsə də, hər an ruhunda yaşadan, bu böyük yoxluğun varlığını təsəvvüründə canlandırmağa çalışan, onunla danışan, içində böyütdüyü o gizli nisgili cümlələrə pıçıldayan gənc nasirin  bioqrafik hekayəsidir

Əsərdə xalçaçılıq, ilmə və xalı toxumaq sənəti vasitəsilə insan ömrünün fəlsəfi metaforasına çevrilir.Müəllif duyduqlarını ifadə edərkən sanki onunla danışır: “Atam xalça toxuduğun zaman, hana başında görüb bəyənmişdi səni. Xalça sexinin müdiri barəndə o qədər gözəl sözlər demişdi ki. Xüsusilə mahir xalça toxumağınla gözəl xasiyyətinin bir-birini tamamlaması fikri atamın ürəyinə yağ kimi yayılmışdı. Sən xalı toxumaqda nə qədər usta olsan da, ömür xalçanın cəmi 46 ilməsini vura bildin...”

Əsərin əsas gücü, ana itkisinin gətirdiyi o böyük tənhalığın bir uşağın, sonradan isə yetkin bir gənc yazarın daxili dünyasında yaratdığı dalğalanmaların böyük bir bədii cəsarət və səmimiyyətlə təsvir edilməsindədir.

Uşaq düşüncəsiylə anasının  qayıdıb gələcəyini (ona anasının öldüyünü söyləməmişdilər), “onların üstündən yetim adını götürəcəyini” gözləsə də, “atasının az qala hər gün ağlaması” onu şübhəyə salırdı. Bu şübhəni dağıtmaq üçün ata hər şeyi edirdi:

– Bir gün atam üzünə zorla təbəssüm verərək dedi:

– Başına dönüm, anandan yana elə darıxıram ki! Görəsən, o heç darıxmır?!

Yox, əgər darıxsaydı, ta çıxıb gələrdi. Amma gəlmir, gərək özüm gedəm... Əvvəllər birtəhər dözürdüm onun yoxluğuna. İndi görürəm ki, alışa bilmirəm. Amma sizlərlə, ələlxüsus da bacınla, sənlə təsəlli tapıram...” bütün bunları söyləyərkən atanın məqsədi ona anasının yaşadığına, sadəcə atası evində olduğuna inandırmaq idi və buna nail olmuşdu. Ana həsrəti ilə alışıb yanan uşaq isə  özü də bilmədən atanın yarasının qaysağını qoparmışdı. İzləyək:

“Gözlərim atamdan asılı qalmışdı. Birdən sanki yuxudan ayıldım, təəccüblü-təəccüblü:

– Ata, nolar, gedək anamın yanına! – dedim.

Kişi bir anlıq tutuldu, ancaq özünü itirmədi:

– Bala, getməyə gedərik. Bilirsən ki, anan çox uzaqdadı. Həm də bu bir ev dolusu adamı kimə tapşırım, necə eləyim?! Deyirsən, bəlkə, mən istəmirəm, lap burnumun ucu göynəyir. Sən indi ana qayğısı, ana nəfəsi görməsən, bəs nə vaxt görəcəksən. Mən də istəyirəm biz birlikdə olaq!”

Müəllif yaşadığı o ağrılı, nisgilli günləri o qədər sadə və bir o qədər də canlı şəkildə əks etdirir ki, oxucunu o günlərə götürür: - “Bunları deyəndə atamın çənəsi əsir, sözlər ağzında dolaşırdı.

– Ata, anamı yuxuda görə bilərəm? Heç sənin yuxuna gəlibmi? – deyə soruşdum.

– Bala, ha çox. Ancaq yuxuda görüşəndə nə qədər çağırıram, elə bil heç nə eşitmir...

– Mən yuxuda görsəm, danışacam. Yəqin ki, məni eşidər. Elə bir dəfə ağlamağımı görsə, məni bağrına basacaq...”

         Burada kiçik bir haşiyə çıxmaq istəyirəm. Fariz Yunisli həssas, ciddi, dərin və dəyərli, iç dünyası zəngin, xarici aləmin maddi zənginliklərindən və ya başqalarının təsdiqindən asılı olmayan, öz mənəviyyatı, düşüncələri və xəyalları ilə bütöv bir kainat yaradan insandır. Daxili dünyaları zəngin olan insanlar başqalarının acılarını, sevinclərini və duyğularını sadəcə başa düşmür, həm də dərindən hiss edir. Təbiətin gözəlliyini, bir ağacın böyüməsini, sənət əsərindəki gizli mesajı və ya bir insanın baxışındakı kədəri hər kəsdən tez fərq edirlər. Kitablar, fəlsəfə, incəsənət və elmi axtarışlar onların ruhunun əsas qidasıdır. Bu cür insanlar ətrafındakı səs-küylü kütlələrin ucuz əyləncələrinə ehtiyac duymadan, öz daxili səssizliyində böyük bir sivilizasiya yaşadırlar. Hələ bu insan yazıçıdırsa…

Ədəbiyyatda daxili dünyası zəngin olan yazıçı sadəcə süjet quran bir qələm sahibi deyil, oxucunun ruhuna sətiraltı mənalarla toxunan həqiqi sənətkardır. Dünya ədəbiyyatında Fyodor Dostoyevski, Frans Kafka və ya Virciniya Vulf kimi müəlliflər daxili dünyalarının zənginliyini, insan psixologiyasının ən qaranlıq və zərif tərəflərini qələmə almaqla sübut ediblər. Azərbaycan ədəbiyyatında Cəlil Məmmədquluzadə, Hüseyn Cavid və müasir nəsrimizdə məhz bu səmimi, daxili ağrılardan bəhs edən yazıçılar (Fariz Yunisli kimi gənc qələm sahibləri) öz daxili zənginliklərini əsərlərinə köçürürlər.

Fariz Yunislinin yaradıcılıq portretinə nəzər saddıqda onun xarici aləmin səs-küyündən uzaqlaşaraq öz daxili səssizliyində böyük bir duyğular sivilizasiyası yaratdığını görürük. Onun daxili zənginliyi əsərlərindəki dərin psixologizmdə, adi görünən detallara metafizik çəki qazandırmaq bacarığında özünü büruzə verir. Yazıçı öz mənəvi kainatındakı sızıltıları, tənhalıqdan süzülən fəlsəfi baxışları və səmimi hissləri bədii məhsula çevirərək oxucunu obrazların daxili sarsıntıları ilə baş-başa buraxır.

Yazıçılıqda iç dünyası zəngin olan insan obrazı sadəcə süjet quran bir qələm sahibi deyil, oxucunun ruhuna toxunan və ədəbiyyatda iz qoyan həqiqi sənətkardır. Yazıçının daxili dünyasının zənginliyi onun sətirlərinə, obrazlarına və dilinə birbaşa təsir edir. Daxili aləmi zəngin olan bir yazıçının yaradıcılıq portretini bu cür xarakterizə etmək olar. Onların cümlələrində dərin alt qat (subtext) olur. Oxucu bircə cümlənin üzərində dəqiqələrlə düşünməli olur. “Kiçik şeylərdə” böyük dünyalar yaradır: adi bir detail, məsələn, Fariz Yunisli hekayəsindəki bir məzar daşını və ya xalçanın ilməsini, elə təsvir edir ki, o detal bütöv bir insan ömrünün, fəlsəfəsinin simvoluna çevrilir.

Obrazların yalnız nə etdiyini (hadisəni) deyil, nə hiss etdiyini (daxili sarsıntıları, peşmanlıqları, qorxu və sevgiləri) bütün çılpaqlığı ilə analiz edir (anasız uşağın anasızlığını). Oxucu obrazın daxili dünyasını özününkü kimi yaşayır: “Bizdən yana özünü oda-közə atan nənəm 90 yaşına çatsa da, əyləşdiyi yerdən zor-güclə qalxanda uşaq kimi anasını arzulayırdı. Mən də bir əsgərlikdə, bir də toyum ərəfəsində sənin yoxluğunu daha çox hiss elədim. 25 yaşda əsgər paltarı geyinsəm də, həftə sonları oğlunun yanına gələn anaları görəndə nisgilim dünya boyda olurdu. Əsgərlər analarının boynunu qucaqlayanda mən də sənin həsrətini bağrıma basırdım...

Hər kəs atasının güclü, müdrik, anasının gözəl, qayğıkeş olduğunu qəbul edir. Ağlım kəsəndən sənin haqqında doğmaların, qohumların fikirlərindən daha çox yadlardan eşitdiklərim mənim üçün meyar olub...”

         Yoxluğu bu qədər varlıq kimi yaşamaq və yaşatmaq, psixoloji həssaslıq və nisgilin, həsrətin sözlərlə rəsmini çəkmək Fariz Yunisli yaradıcılığına xas xüsusiyyətdir. Özü ata olsa da, hələ də möcüzə gözləyir. Anasının yuxusuna gəlməsini, “özü də 46 yox, 82 yaşında – qırışlarının həyat ağacı yaratdığı simasını” (82 yaşında hekayənin yazıldığı ildə hesablanıb) görmək istəyir: - “Ancaq mən o möcüzəli günü – yuxuda sənin yerişini görmək, danışığını eşitmək istəyirəm. Özü də 46 yox, 82 yaşında – qırışlarının həyat ağacı yaratdığı simanı... Heç olmasa bircə dəfə...”

“Bircə dəfə” hekayəsi həcmcə kiçik olsa da, oxucuya o qədər dərin hisslər yaşadır ki, bəzən insan bu hissləri ifadə etməkdə aciz qalır. Oxucu uşaqlığından anasız qalmış qəhrəmanın sanki əlindən tutub onunla bərabər həyat yollarından keçir, onunla birlikdə əsgərlik çəkir, onunla birlikdə yol gözləyir…

Oğulun anadan tək istəyi var, bircə dəfə onu yuxuda görmək. Nədənsə, bu ona qismət olmur.

Hekayədə diqqətimi çəkən bir detal da vəfatından sonar adı verilən 16 yaşlı Mərcanın da bu dünyadan erkən köçüb getməsi və nəvə Mərcanın nənə Mərcanın məzarının yanında torpağa tapşırılmasıdır. O yazır: “Onun məzar daşına qiymətli şairimiz Hüseyn Bağıroğlunun “Bu dünyadan hərəyə bir daş çatar, o da olar kədərli qəbir daşı” misralarını həkk elətdirdim...”

Fariz Yunislinin daxili dünyasındakı əsl gizli dram və nəsrinin rəngini təyin edən mistika, bəlkə də, onun yaradıcılığından daha çox taleyində gizlənib. Yazarın 2 yaşında itirdiyi anası Mərcan xanımın vaxtsız gedişindən illər sonra, onun adını daşıyan nəvə Mərcanın da cəmi 16 yaşında bu dünyadan köçməsi sıradan bir təsadüf deyil, adın mistik və amansız taleyidir. Mifologiyada və parapsixologiyada bəzi adların özü ilə ağır sakral (müqəddəs/gizli) enerji daşıdığına, sonrakı nəsillərə köçürüldükdə eyni tale yaddaşını təkrarlatdığına inanılır.

Mərcan elə bir sehrli təbiətə malikdir ki, o, suyun (duyğuların, mənəviyyatın) dərinliyində canlı və nəfəs alan bir varlıq ikən, real dünyanın havası ilə təmas etdiyi an bərkiyib daşlaşır. Elə bil bu nəslin hər iki Mərcanı da bu dünyanın amansız reallığına, onun “havasına” dözə bilməyib, çox tez - biri ömrünün yazında, o biri isə hələ tumurcuq ikən əbədi bir daşa, sükuta çevrilmişlər. Bu mənada, yazarın “Daş” hekayəsindəki o ağır fəlsəfə, insanın içində daşlaşan dərdi sadəcə uydurulmuş bir süjet deyil; o, iki gənc Mərcanın vaxtsız gedişi ilə yazarın ruhuna həkk olunmuş, daşlaşmış real bir yaddaşıdır.” Bu həmçinin yazıçının yaradıcılığındakı o bədbin, kədərli və metafizik abu-havanın (xüsusən “Daş” hekayəsindəki qəbir simvolikasının, əriməyin və insanın yox olmasının) əsl səbəbini ortaya qoyur. İnsanın daxili sarsılır, oxucu anlayır ki, yazıçı xəyali şeyləri deyil, taleyinin ona yaşatdığı mistik ağrıları yazıb. Müəllif hekayənin sonunda yazır: “Ana, səndən bizə tək elə “kədərli qəbir daşı” yox, çox şey çatıb; qətiyyət, qürur, dürüstlük, ədalət... Minnətdaram!” sözləri…

Fariz Yunislinin hekayənin sonundakı bu sözləri sadəcə bir vida sətiri deyil, ölümün maddiliyi üzərində qazanılmış mənəvi qələbənin, anaya və onun buraxdığı irsə sonsuz minnətdarlığın bədii ifadəsidir. Cəmi 2 yaşında anasız qalan bir uşağın, illər sonra yetkin bir yazıçı kimi anasının ruhuna verdiyi bu hesabat bir neçə dərin qatdan ibarətdir. İnsanlar adətən itirdikləri doğmalarından geriyə yalnız soyuq və səssiz bir daş parçasının qaldığını düşünürlər. Müəllif isə anasına səslənərək bəyan edir ki, onun bu dünyadakı varlığı o soyuq daş parçasına sığmayıb. Ölüm onun cismini aparsa da, ruhunu və övladına ötürdüyü qətiyyət, qürur, dürüstlük, ədalət kimi ali insani keyfiyyətləri yox edə bilməyib. Bu, ananın mənəvi kodlarının övladda yaşamağa davam etdiyinin sübutudur.

Taleyin ona yaşatdığı ağır “Mərcan” itkilərinə (həm anasının, həm də illər sonra eyni adı daşıyan nəvə Mərcanın 16 yaşında vaxtsız gedişinə) baxmayaraq, müəllif bu sözlərlə sarsılmadığını göstərir. Anasından miras qalan o qətiyyət və qürur yazarın dik durmasını təmin edir. O, bu ağır kədəri üsyana deyil, öz şəxsiyyətinin təməl sütununa çevirir.

Körpə yaşda anasını itirən insanlarda bəzən taleyə qarşı küskünlük və ya ümidsizlik formalaşır. Lakin yazıçı hekayəni üsyanla deyil, “Minnətdaram!” kəlməsi ilə bitirir. Bu, anasının ona bəxş etdiyi qısa zaman kəsiyinə və onun qanından aldığı dürüstlük hissinə görə duyulan sonsuz ehtiramın göstəricisidir. O, anasının yarımçıq kalmış “46 ilməlik ömür xalısını” onun verdiyi dəyərlərlə, şərəflə yaşadacağına söz verir. Mərcan anaya (bəlkə də Mərcan gəlin deməliyəm) bir oxucu olaraq biz də minnətdarıq! Uşaqlıq illərindən bəri çiyinlərində daşıdığı bu müqəddəs həsrəti sətirlərə tökərək, oxucunun qəlbindəki ən zərif və həssas simlərə toxunan Fariz Yunisli kimi bir şəxsiyyəti dünyaya gətirdiyinə görə (Ruhu şad olsun!)  minnətdarıq!!!  

Fariz Yunisli “Bircə dəfə...” hekayəsində oxucunu 2 yaşında itirdiyi anasının vaxtsız gedişindən doğan dərin bir kədərlə baş-başa buraxırsa, “Daş” və “Adı burda, özü Qarabağda” pritçalarında fəlsəfi ümumiləşdirmələrə və Qarabağ ruhuna müraciət edir. Onun “Daş” hekayəsi rəmzi və fəlsəfi yanaşmasının ən parlaq nümunələrindən biridir.

Daş… Azərbaycan xalq inancında və mifik təfəkküründə həm dözümün, həm də əbədi sükutun rəmzi olan “daş” elementi Fariz Yunisli yaradıcılığında sadəcə coğrafi və ya məişət detalı deyil. O, lirik qəhrəmanın çəkdiyi daxili ağrıların, zamanın insan çiyinlərinə qoyduğu ağır yüklərin maddi təzahürüdür. Müəllif “Daş” hekayəsində sirli, mistik və insan taleyinin torpaqla vəhdətini göstərən dramatik bir kənd fəlsəfəsi yaradır. Kənddə ölən var: “Səfərin ölümündən hamıdan əvvəl yenə də Vidadi xəbər tutmuşdu. Elə bil kənd sakinləri canlarını tapşırmamışdan əvvəl Vidadiyə xəbər göndərib qəbirlərini ona əmanət edirdilər. O da kimsəni gözləmədən kürəyini, külüngünü götürüb qəbiristanlığa yol alırdı...” Ölən Səfər kim idi vəya onun ölüm səbəbi nə idi?

Müəllif yazır: Üç-dörd ay idi ki, Səfər xeyli arıqlamış, yerişi-duruşu da dəyişmişdi. Heç əməlli-başlı bir işin qulpundan tuta bilmirdi. Öz-özünə elə hey “O gözəgörünməz adamın ömründən kəsib qoysun baxtının üstünə”, “Nə əvvəlim meydan olaydı, nə axırım zindan”, – deyə azarlanırdı. Vur-tut dörd-beş şəkli olardı. Ancaq onların heç birinə baxmağı sevməzdi”.  Oxucu olaraq düşünürəm, Səfər niyə şəklə baxmağı sevməsin ki... İnsanın şəklinin və əksinin (güzgüdəki kimi) onun ruhunun bir parçası hesab olunduğu üçün, yoxsa həyatından küsdüyü üçün. Səfərin “Nə əvvəlim meydan olaydı, nə axırım zindan” deməsi onun taleyindən, həyatından küsdüyünü göstərir. Ruhunun quru bir kağız parçası üzərində (şəkildə) həbs olunmasını, bədəni yox olandan sonra geriyə ruhsuz bir kölgənin qalmasını istəməyən Səfər bu dünyadan tamamilə, izsiz-tozsuz silinmək arzusundadır. O nəinki şəkillərə baxmağı, heç şəkil çəkdirməyi də sevmir. Şəkil çəkdirmək istəyən rayon partiya təşkilatına verdiyi cavab onun dərin kinayəsini, ironiyasını göstərir: “Yəqin şəklimi üstünüzdə gəzdirəssiniz ki, uşaq-muşaq səs-küy salanda onlara göstərib qorxudasız?!” Səfər özünü bu dünyada lazımsız, uğursuz və ətrafındakılar üçün yalnız “vahimə” yaradan bir varlıq kimi hiss edir. O, rəsmiyyəti, saxta partiya ideallarını sevmir. Şəkil çəkdirməyi də rəsmiyyətin və saxtalığın bir hissəsi sayır. Onun şəkil çəkdirmək istəməməsi cəmiyyətə və sistemə qarşı ironiyasıdır. Səfər şəkilləri sevmirdi, çünki şəkillər onun günbəgün məğlub olan cizmilərini, itən ömrünü və içindəki o zindanı ona xatırladırdı. Şəkil sadəcə bir vasitə idi; Səfərin əsl davası, küskünlüyü və qorxusu özü və baxtı ilə idi. Şəkillərdə əks olunan acınacaqlı özü ilə idi.

 Burada yazıçı Səfər obrazı vasitəsilə sadəcə fiziki yoxluqdan bəhs etmir, onun mənəvi aşınmasını xalq inancları ilə paralelləşdirir. Səfər daxili əzab və mənəvi aşınmadan ölmədən öncə əriyib yox olmuşdu: Vidadi əlindəki xam ipin bir səkkizinci sinif şagirdinin boyuna uyğun gəldiyini görəndə dəhşətə gəlir”. Bu detal Səfərin həyatda ikən nə qədər böyük dərd, daxili sarsıntı çəkdiyini göstərir. O, xəstəlikdən və ya içini gəmirən kədərdən sanki “əriyib yox olub”, fiziki olaraq kiçilib. Hekayənin bu mistik parçalarından Səfərin kimliyini, ağır taleyini və dramatik xarakterini tam dolğunluğu ilə öyrənmək mümkündür.

Səfər inzivaya çəkilən, “dərdini daşlaşdıran” bir xarakterdir. Yaşadığı iztirabları kimsəyə demədiyi üçün o daxilən sökülüb, cismən kiçilib. Qəbrin lahed (şam) hissəsinin onun bədəninə böyük gəlməsi, ölümün onu bu dünyadan tamamilə sildiyinin simvolik ifadəsidir.  “Səfər Güzgüyə də nifrət eləyirdi. Bilirdi ki, o, adamı necə var, elə də göstərir, ondan heç nəyi gizlətmək olmur. Çox vaxt üzündəki üç tək-bir cüt tükü də güzgüsüz qırxıb tökürdü”.

Əsərin davamındakı gizli motivlərə və mifoloji inanclara əsasən, Səfərin güzgüdən qorxmasının çox dərin psixoloji və mifik səbəbləri var. Azərbaycan və bir çox Şərq mifologiyasında güzgü o dünya ilə bu dünya arasında bir keçiddir. İnanclara görə, insanın içində böyük bir dərd, qorxu və ya mistik sarsıntı olanda (mətndə onun uşaq ikən kənd klubunda “Qərib cinlər diyarında” filminə baxıb qorxması və vahimələnməsi xatırlanır), güzgü ruhun o biri tərəfə çəkilməsini və ya əks olunmasını sürətləndirir. Yəni Səfər güzgüdə özünü deyil, içindəki o qaranlıq vahiməni görməkdən qorxurdu.

Digər tərəfdən, güzgü insanın özü ilə ən çılpaq şəkildə üzləşdiyi yerdir. Səfər daxilən əriyib bitdiyi, öz bədəninin günbəgün yox olduğunu bildiyi üçün güzgüyə baxa bilmirdi. Güzgüdəki əks, onun cəmiyyətdən gizlətdiyi o böyük daxili məğlubiyyəti və qorxunu onun üzünə vururdu.

Bütövlükdə hekayənin süjet xəttinin ana sütununu insanın öz kədəri ilə baş-başa qalması, dərdini heç kimə deməyib içində daşlaşdırması fəlsəfəsi formalaşdırır. Müəllif hekayədə böyük bir ustalıqla göstərir ki, Səfər sadəcə ölməyib, o, hələ sağ ikən güzgülərdən qaçaraq və dərdini içində daşlaşdıraraq özünü yavaş-yavaş yoxluğa məhkum edib. Fariz Yunislinin yaradıcılığında təkcə fərdi insan kədəri deyil, bəşəri və milli həqiqətlər, xüsusilə zəfər və vətənpərvərlik motivləri, Şuşa ruhunun bədii təcəssümü də bədii həllini tapıb.

Onun “Adı burda, özü Qarabağda” adlı pritçası otuz illik məcburi köçkünlük dövründə doğma yurd həsrəti ilə böyüyən uşaqların və onların valideynlərinin daxili sarsıntılarını, kiçik mənzillərə sığmayan böyük Şuşa sevgisini emosional şəkildə üzə çıxarır: “Şuşa yurdumun qədim şəhəri, Hələ öndədir nurlu səhəri...” Qızcığaz şeiri deməyə başlayanda atasının gözləri kirayə yaşadıqları birotaqlı mənzilin pəncərəsindən bayıra zilləndi. Qarşıda yarpaqlarını soyunmuş palıd meşəsi kimi bomboz, bir-birinə bitişik evlər olsa da... Uşaqlarınsa dözümü yoxdur, Şuşanı görməyincə yaxasını buraxan deyillər...”

Bu ağır mənəvi bağlılıq və intizar müəllifin “Xarıbülbülün Rəqsi” essesində şanlı Zəfərin poetik rəqsinə və milli qürura çevrilir. Müəllif bu yazıda Qarabağ zəfərinə, Şuşanın azadlığına tamamilə fərqli bir dildə yanaşır, Xarıbülbülə canlı bir obraz kimi baxaraq təbiətin və torpağın ruhunun da vətənə necə bağlı olduğunu nümayiş etdirir: “Fikrimizcə, yer üzündə bircə çiçək var ki, o da ömründə elə bircə dəfə rəqs edib. Kim bilir, bəlkə nəğmə də oxuyub. Sadəcə, o elə astadan oxuyub ki, kimsə eşitməyib... Bu o çiçəkdir ki, Şuşada öz adı ilə şərəflənən festivalda elə məsud olub ki, deyəsən, saralıb-solmağı da “unudubmuş.”

Müəllif yazır: “2020-ci ilin mayında Şuşasızlığın növbəti ildönümü münasibətilə qələmə aldığımız pritçada “Qarabağa getmək üçün gərək hamımız eyni rəngdə geyinək” deyə yazmışdıq. Bəli, təxminən beş ay sonra, sentyabrın 27-də xalq olaraq eyni rəngdə geyindik, Ali Baş Komandanın ətrafında dəmir yumruq kimi birləşib əsir Qarabağa, Şuşaya sarı yol aldıq. Bunu “yol getmək” adlandırmaq o qədər doğru olmasa da, şanlı Ordumuz, əslində, canı-qanı ilə elə yol açırdı. Bu, Everest zirvəsinə yol çəkməkdən daha çətin, həm də daha şərəfli idi!”

         Bu möhtəşəm parça Fariz Yunislinin “Xarıbülbülün Rəqsi” və “Adı burda, özü Qarabağda” yazılarının fəlsəfəsini şanlı Zəfərimizin qazanılması ilə necə ustalıqla birləşdirdiyini nümayiş etdirir. Bu cümlələrdə 44 günlük Vətən müharibəsində qazanılan Zəfərin fəlsəfəsi, milli birlik və hərbi şücaət bir neçə bədii-tarixi müstəvidə: “Eyni gəngdə geyinmək” – Milli birliyin zəfəri, “Yol getmək yox, canı-qanı ilə yol açmaq” və “Xarıbülbülün əmanət nəğməsi” və Şuşa sevdalıları” kimi təcəssüm olunur. Müəllifin 2020-ci ilin mayında, yəni Şuşa hələ işğal altında ikən yazdığı “Qarabağa getmək üçün gərək hamımız eyni rəngdə geyinək”, - fikri bir peyğəmbəranə mənəvi çağırışdır. Beş ay sonra, 27 sentyabrda ordunun “eyni rəngdə” (hərbi kamoflyaj rəngində) geyinməsi və Ali Baş Komandanın ətrafında birləşməsi Zəfərin əsas sirrini – Milli birliyi və “Dəmir Yumruğ”u ifadə edir. Bu, ordunun və xalqın eyni hədəfə kilidlənməsinin təcəssümüdür.

Müəllif, Şuşaya gedən yolu sadə bir səyahət və ya irəliləmə kimi görmür. Şanlı Ordumuzun Şuşa qayalarını dırmaşaraq, əlbəyaxa döyüşlərlə tarix yazmasını “canı-qanı ilə yol açmaq” kimi xarakterizə edir. Bu prosesin “Everest zirvəsinə yol çəkməkdən daha çətin” adlandırılması, Şuşa əməliyyatının dünya hərb tarixinə düşən bənzərsiz çətinliyini və şəhidlərimizin, qazilərimizin fədakarlığını gözlər önünə sərir. Digər tərəfdən, 30 illik həsrətdən sonra Şuşaya, 270 yaşlı qədim qalaya avtobusla qayıdan bəxtəvər insanların maşından enib o qayalara və Xarıbülbülün nəğməsinə qulaq asması tələbi, Zəfərin mənəvi qələbə olduğunu göstərir. Bu nəğmə sadəcə təbiətin səsi deyil, o qayalardan Şuşanı azad edən hərbçilərin şücaətinin və Xarıbülbülün azadlıq vüsalının əks-sədasıdır. “Artıq intizar yurdun da, doğma torpaq üçün burnunun ucu göynəyən insanların da gözləri yollardan çəkilib. Mənfur düşmənin xarabaya çevirdiyi Qarabağın, Şərqi Zəngəzurun yeni növrağı başlanıb, şəhər və kəndlərimiz yenidən qurulur, tarix-mədəniyyət abidələrimiz bərpa olunur. Dövlətimiz, Prezident İlham Əliyevin dediyi kimi, “təkbaşına, heç kimdən bir manat, bir dollar yardım almadan” bu işləri həyata keçirir. Bu bərpa və quruculuq prosesi ilə paralel vaxtilə özünəməxsus mədəniyyəti, sənəti ilə dünyada Azərbaycanın şöhrətinə şöhrət qatan əzəli torpaqlarımıza 30 illik fasilədən sonra mədəni mühiti də qaytarırıq. Yağıdan qurtardığımız torpaqlara təkcə daşı daş üstə qoymağa getmirik, biz bu yurdu gözümüzün üstünə qoymaq üçün oradayıq! Çünki öz halal yurdumuzu bizə vermədilər, onu döyüşərək, canımızla, qanımızla aldıq!”

Bu möhtəşəm parça Fariz Yunislinin yaradıcılığındakı fəlsəfi zirvəni - torpağın şəxsləndirilməsi (metaforik olaraq canlandırılması) və onun öz tarixi sahibinə qovuşması arzusunu bənzərsiz şəkildə təcəssüm etdirir. Yazıçının bu sətirlərdə qurduğu mənəvi dünya və mətndəki gizli kodları bu şəkildə analiz etmək olar. Müəllif torpağa cansız bir coğrafi məkan kimi deyil, ruhu olan, hiss edən, darıxan və “öz sahibinin yolunu gözləyən” canlı bir varlıq kimi yanaşır. “Nəfəsimiz dəyməyən, kül tökmədiyimiz torpaq gül açarmı?” sualı ilə o, insan və torpaq arasındakı mənəvi simbiozu (vəhdəti) göstərir. Torpaq yalnız onun dilini bilən, mənsub olduğu xalqın nəfəsini duyanda həqiqətən canlanır. Məmməd Arazın misraları ilə bu fikir daha da möhkəmləndirilir: insan qayğısı (kül tökmək) olmazsa, torpaq küskünləşir və “külə dönür”. Onun “Yağıdan qurtardığımız torpaqlara təkcə daşı daş üstə qoymağa getmirik, biz bu yurdu gözümüzün üstünə qoymaq üçün oradayıq!” - cümləsi xalqın Qarabağa olan sonsuz sevgisinin və ehtiramının bədii zirvəsidir.

Ümumiyyətlə, Fariz Yunislinin yaradıcılığında təkcə fərdi insan kədəri deyil, bəşəri və milli həqiqətlər, xüsusilə Qarabağ nisgili və Zəfər sevinci də özünəməxsus bədii həllini tapır. Onun “Adı burda, özü Qarabağda” adlı pritçası və “Xarıbülbülün Rəqsi” essesində 44 günlük Vətən müharibəsində qazanılan şanlı Qələbənin mənəvi, hərbi və fəlsəfi qatları təcəssüm olunur.

Müəllif xalq yaddaşının, mifologiyanın, ritual və inancların kodlarına dərindən bələddir. Onun əsərlərində bu elmi bazanın izləri bəsit bir detal kimi deyil, dərin bir mənəvi qat kimi üzə çıxır. Hal-hazırda Azərbaycan Respublikası Mədəniyyət Nazirliyində fəaliyyət göstərməsi isə yazıçının yaradıcılıq areallarına milli-mədəni irsin qorunması, vətənpərvərlik və abidələrin dili ilə danışmaq bacarığı qazandırır. Tədqiqatçı və mədəniyyət işçisi kimliyinin birləşməsi Fariz Yunislinin nəsrini həm elmi cəhətdən əsaslı, həm də bədii cəhətdən son dərəcə emosional edir.

Fariz Yunislinin şəxsiyyəti və hekayə yaradıcılığı üzərində apardığımız bu geniş bədii-fəlsəfi ekskurs göstərir ki, o, müasir nəsr dənizində öz fərqli sahili, təmiz və özünəməxsus dəsti-xətti olan bənzərsiz bir yazıçıdır. Onun hekayələrindəki kədərin səmimiyyəti və esse-pritçalarındakı milli qürurun bədii əksi fərqli duyğuların deyil, bütöv bir vətəndaş-yazıçı təfəkkürünün məhsuludur. Fariz Yunislinin qəhrəmanları böyük şəhərlərin səs-küyündə unudulmayan kənd uşaqlığı, mənəvi saflıq və ana müqəddəsliyi kimi dəyərlərə sığınaraq öz mənliyini qoruyan kamil xarakterlərdir. Yazıçının yaradıcılığında ömür və zaman anlayışı elə özünün təsvir etdiyi xalça ilmələri kimidir; hər bir hekayə bu gənc yazıçının öz xarakter və sənət xalısına vurduğu təkrarolunmaz, naxışlı sətirlərdir. Mədəniyyət mühitinin nəbzini tutan, folklorun bitib-tükənməz yaddaşından qidalanan Fariz Yunisli, öz lakonik yazı üslubu ilə ədəbiyyatımızın sabahına işıq salır. İnanırıq ki, onun ilmə-ilmə, söz-söz toxuduğu bu bədii irs gələcəkdə daha böyük nəsr əsərlərinə, genişhəcmli romanlara cığır açacaq və müasir Azərbaycan ədəbiyyatında öz dəyərli, silinməz izini hər zaman qoruyub saxlayacaqdır!!! Yolun açıq və uğurlu olsun, Fariz Yunisli!!!

Sizin reaksiyanız nədir?

Bəyən Bəyən 3
Bəyənmədim Bəyənmədim 1
Sevgi Sevgi 0
Əyləncəli Əyləncəli 0
Əsəbi Əsəbi 0
Kədərli Kədərli 0
Vay Vay 1
Tural Adışirin AMEA-nın Şəki Regional Elmi Mərkəzinin "Ədəbi-mədəni mühit və folklor" şöbəsinin elmi işçisi, Yazici.az ədəbiyyat portalının baş redaktoru