Palaz - Qardaşxan Fərzinin hekayəsi
Yazıçı Ədəbiyyat Portalı Qardaşxan Fərzinin "Palaz" hekayəsini təqdim edir.
İmtahan saat yarım öncə sona yetmişdi. Tam sakitlik idi. “Sakit, imtahan gedir” xəbərdarlığına belə məhəl qoymayan nadinc tələbələrin izi-tozu görünmürdü. Korpusun hər üç mərtəbəsində qorxunc, ürək titrədən kimsəsizlik hökm sürürdü. Yalnız qollarını arxasında çarpazlayan qoca gözətçi nə haqda düşünürmüş kimi xırda addımlarla həyətdə var-gəl edirdi.
Professor Mövlud Fərruxzadə iş otağında tək idi. İmtahandan sonra başı möhkəm ağrıyırdı. Hərdən kreslodan qalxıb gicgahlarını ovuşdurur, yenidən otururdu. Görünür, əsəbləri yerində deyildi. Tələbələrin cavabları ürəyincə olmamışdı. Səkkizinə “qeyri-kafi” yazmışdı: altısı oğlan, ikisi qız. Maraqlıdı, hamısı da imkanlıların uşaqları idi. Professor “igidliyinə” görə çək-çevirə çəkiləcəyini yaxşı anlayırdı. Bir ilə yaxın fəaliyyətə başladığı bu əyalət ali məktəbində ilk aylardan hiss etmişdi özünə qarşı olan yad münasibəti. Hətta çoxunun gözünə şeytan balasından da artıq görünürdü. “İnsafən”, universitetin bir neçə “başbiləni” tərəfindən ona dəfələrlə “Palaza bürün, elnən sürün” atalar sözü tövsiyyə olunmuşdu. Amma o, rədd etmişdi. Doğrudur, ağlı kəsəndən bütün atalar sözlərinə hörmətlə yanaşsa da, nədənsə, bu el məsəlindən zəhləsi gedirdi. Heç cür ağlına sığışdırmırdı. Və ona elə gəlirdi ki, hər bir normal şəxs belə də düşünməlidir.
Bu zaman telefon zəng çaldı. Dəstəyi götürdü. Səsindən tanıdı. Tədris işləri üzrə prorektor Əliş İbişov idi. Professorun dalağı sancdı.
- Eşidirəm, Əliş müəllim.
- Bu nə hoqqadır çıxartmısan?!- Deyəsən, Əliş İbişovun çənəsi titrəyirdi: - Haçana kimi dözəcəyik sənin hoqqalarına? Belə getsə, heç də yaxşı olmayacaq.
Mövlud Fərruxzadə prorektorun nəyə eyham vurduğunu o dəqiqə anladı. Ancaq özünü bilməməzliyə vurdu.
- Axı nə baş verib, Əliş İbişov?
Prorektor suala sualla cavab verdi:
- Necə yəni nə baş verib?
Mövlud Fərruxzadə rişxəndlə:
- Bağışlayın, Əliş müəllim, - dedi. - Sadəcə olaraq düşündüm ki, birdən universitetin binası od tutub yanar, xəbərimiz olmaz.
Əsəbdən Əliş İbişov bağırdı:
- Elə universitetimizə od vuranın ən yekəsi sənsən, cənab professor! Necə ola bilər ki, on dörd tələbədən səkkizinə “iki” yazılsın? Bu hansı məntiqə sığışır, hə? Cavab gözləyirəm, cənab professor, cavab! Elə bir azdan çox hörmətli rektor da cavab istəyəcək.
Professor onsuz da qəbul olunmayacaq reallığa bilərəkdən mülayimcəsinə aydınlıq gətirməyə çalışdı:
- “Qeyri-kafi” alanlar elementar suallara belə cavab verə bilmədilər. Nə etməliydim?
- Bilmirəm, ilk növbədə sualı mənə yox, özünə verməlisən. Sənə dəfələrlə xatırlatmışdım: palaza bürün, elnən sürün. Sən isə...- prorektor sözünün ardını deməyə ehtiyac duymadı, qeyzlə telefonu qapadı.
Mövlud Fərruxzadə elinə-obasına döndüyü üçün böyük peşmançılıq hissi keçirirdi. Boş vaxtlarında saatlarla bu haqda düşünür, düşündükcə təəssüflənir, təəssüfləndikcə dönə-dönə özünü qınayırdı. Son məqamda əsas səbəbi qocalıqda görürdü. O vaxtlar hardasa yadına düşmüşdü: “Gəzməyə qərib ölkə, ölməyə vətən yaxşı” el məsəli onu içindən yeddi ballıq zəlzələ kimi silkələyərək rahatlığını əlindən almışdı. Anlamışdı ki, qaşla göz arasında bardaş qurmuş ölüm nə vaxtsa ayağa duraraq vədəsiz, sorğu-sualsız başının üstünü kəsdirəcək, onda hər şey gec olacaq. Sonda ömür-gün yoldaşı Gülüstan xanımı pis vəziyyətdə qoyaraq, dərdinin üstünə daha bir dərd yükləyəcəkdi. Digər tərəfdən, bu dünyada Gülüstan xanımdan savayı kimi vardı ki? O da xəstə, iki dəfə infarkt keçirmişdi. Tanınmış kardioloq İvan Borisov güclə onu ölümün əlindən almışdı. Tanrı üçüncüsündən qorusun.
Uzun illər uşaq həsrəti ilə yaşamışdılar. Çox müddətli müalicə heç bir fayda verməmişdi. Anası gizlicə, heç kimin xəbəri olmadan bu dərdi ürəyində dəfn etməklə erkən dünyasını dəyişmişdi. Və professor hər dəfə bu hissləri yaşadıqca kövrəlirdi. Halbuki həyatının digər bütün uğurlarını Azərbaycandan kənarda qazanmışdı. Azərbaycandan kənarda təhsil almışdı. Lomonosov adına Moskva Dövlət Universitetinin filologiya fakültəsini fərqlənmə diplomu ilə bitirmişdi. Tələbəlik illərində şeirləri tez-tez mətbuatda dərc olunurdu. Sənətdə ilk ən böyük uğura dördüncü kursda oxuyarkən nail olmuşdu. “Sayrışan ulduzlar” adlı ilk kitabının nəşrindən bir neçə ay sonra SSRİ Yazıçılar İttifaqının üzvlüyünə qəbul olunmuşdu. Kitaba görə yeddi min manat qonarar almışdı. Yüksək məbləğ idi. Kasıb ailədə boya-başa çatdığından heç vaxt bu qədər pulu olmamışdı. Uşaqlıq illərindən arzuladığı “Pobeda” markalı maşın da ala bilərdi. Ancaq bu istəkdən vaz keçmişdi. Professor - müəllim heyətinə, qrup yoldaşlarına, şair dostlarına yaxşıca banket açmışdı. Qalan pulları isə, son qəpiyinə kimi kəndə - xəstə bacısına göndərmişdi.
Mövlud Fərruxzadəyə təyinatdan öncə təhsil aldığı ocaqda qalıb işləməyi təklif etdilər. Fikirləşmədən razılıq verdi. Kim razılaşmazdı ki? Nəhəng bir ölkənin ən nüfuzlu ali məktəbində pedaqoji fəaliyyətə başladı. Sevimli müəllimi Boris Medvedevin kafedrasında çalışdı. Və onun rəhbərliyi altında Rəsul Rzadan mövzu götürdü. Qısa müddət ərzində namizədlik dissertasiyasını, dörd il sonra doktorluğu müdafiə etdi. Əlbəttə, Boris Medvedev ona böyük dəstək olmuşdu.
Boris Medvedev milliyyətcə belarus idi. Gənclik illərini elmi işlərə həsr etdiyindən bir qədər gec ailə qurmuşdu. Bir qızı vardı. Adını özü qoymuşdu.
Svetlana. Ən çox xoşladığı qız adıdı. Sveta Tibb İnstitutunda təhsil alırdı. İxtisasca cərrah olacaqdı. Evlilikdən öncə, atası ona Moskvanın Lenin rayonunda
üç otaqlı kooperativ ev də almışdı. Evliliyə gələndə, Boris Medvedev çox istəyirdi ki, kürəkəni, ağlına, zəkasına heyran olduğu Mövlud Fərruxzadə olsun. Həm də
məlumatlıydı: azərbaycanlılar ailəcanlıdırlar, ömür-gün yoldaşlarının qədrini biləndilər. Hətta beş-altı dəfə onu evinə də aparmışdı. Arvadı və qızıyla tanış
etmişdi. Mövlud Fərruxzadə Boris Medvedevin istəyini sonralar duymuşdu. Çox pərişan olmuşdu. Məcburiyyət qarşısında bir gün xəlvətə salıb müəlliminə utana-utana etiraf etmişdi ki, artıq gecdir, xalası qızıyla nişanlıdır. Bir-birlərini çoxdan sevirlər, tez-tez zəngləşirlər. Yaxın aylarda toyları olmalıdır. Boris Medvedev keçmiş tələbəsinin etirafından inciməmişdi. Əksinə, bunu normal qəbul etmiş, ürəkdən alqışlamışdı onu. Hətta azərbaycanlısayağı Mövlud Fərruxzadəni sinəsinə sıxaraq, gələcək ailə həyatında ona xoşbəxtlik və uğurlar arzulamışdı...
Mövlud Fərruxzadə zərblə örtülmüş pəncərənin səsinə diksindi. Bayırda əsən güclü külək ac qurd kimi ulayırdı. Hər tərəf toz-dumana bürünmüşdü. Başını qaldırdı. Nə vaxtsa otağa daxil olan qoca gözətçini indi gördü. Bayaqdan təəccüb və heyrət içində ğözlərini professora dikən gözətçi, gec də olsa, özünü toparlaya bildi. Solmuş sifəti yavaş-yavaş qızarmağa başladı. O, hər şeyin qaydasında olduğunu görüb dərindən nəfəs aldı. Dodaqaltı: “Şükür sənə, ilahi!” - deyə pıçıldadı. İki-üç addım irəli atıb, Mövlud Fərruxzadəyə yaxınlaşdı, xırıltılı səslə soruşdu:
- Nə baş verib, professor, deyəsən, xəstələnmisiniz, hə?
- Yox, heç nə olmayıb. Diqqətinizə görə təşəkkür edirəm, görünür, bir qədər yorğunam, - Mövlud Fərruxzadə yerindən dikəldi.
- Yorğunluğunuz, şübhəsiz, daima gərgin işləməyinizdən irəli gəlir. Siz yaşda olan adama bu qədər də gərginlik yaramaz, axı, professor.
Mövlud Fərruxzadə əvvəlcə xəfifcə gülümsədi. Sonra çoxdanın tanışları kimi əlini gözətçinin çiyninə qoyub dedi:
- Nə etməliyəm, Məmmədhəsən kişi? Peşəm belə tələb edir. Çünki “Adın oldu dəyirmançı, çağır gəlsin dən Koroğlu”.
Məmmədhəsən kişi professorun sözlərilə razılaşmadı. Ciddi etiraz etdi:
- Üzr istəyirəm, yoldaş professor. Sizinlə heç cür razılaşa bilmərəm. Mənim savadsızlığıma baxmayın, hər halda özümə görə dünya görmüş adamam. Düzü, hər dəfə sizinlə üz-üzə gələndə elə yerimdəcə donub qalıram. Elə bilirəm, indicə yad planetdən gəlmisiz, yerdə baş verənlərdən bixəbərsiz.
Mövlud Fərruxzadə bir anlıq başını aşağı dikdi. Nə haqdasa düşünürdü. Haçandan-haçana masanın üstündən “Kent” qutusunu götürüb, siqaretdən birini yandırdı. Tüstünü hərisliklə ciyərlərinə çəkdi. Ardıcıl bir neçə dəfə öskürdü. Heç vaxt belə olmamışdı. Siqareti sona kimi çəkmədi, külqabıda yarımçıq əzdi. Keçib yerində oturdu. Fikirli halda bəyaz saçlarına əl çəkib soruşdu:
- Niyə?
Qoca gözətçi uzun illərin təcrübəli pedaqoqu tək sanki tənbəl, gündəlik dərslərindən geri qalan şagirdini tənbeh edirmiş kimi cavab verdi:
- Ona görə ki, zəmanə ilə ayaqlaşmaq istəmirsiz. Alim adamsınız, hər şeyi havada tutmalısınız. Siz isə... - sözünün ardını demədi. Bir qədər sonra əlavə etdi. – Həyatın tələbidir, palaza bürün, elnən sürün.
Professor qoca gözətçiyə cavab vermədi. Demədi ki, çirkaba bulaşmışlarla heç vaxt eyni palaza bürünüb sürünməyə vicdanı yol verə bilməz. Demədi. Lap desəydi, nə faydası olacaqdı ki? Susdu. Saata baxdı. Artıq gec idi. Qoca gözətçi də getmişdi, qapını açıq saxlamışdı. Ayağa durdu. Yadına nə düşdüsə, əlini pencəyinin qoltuq cibinə apardı. Titrək barmaqlarıyla hiss etdi. Sevindi. Plastik kartı götürmüşdü. Axı, bu gün məvacib günü idi. Pulu götürəndən sonra birbaşa “Bəyaz gecələr” marketinə baş çəkməliydi. On gün öncə gözaltı etdiyi şahmat taxtasına bənzər palazlardan birini alacaqdı. Sözsüz, buna çox sevinəcəkdi. Sevinəcəkdi ki, tez-tez ona təklif olunmuş “palazdan” birdəfəlik canı qurtaracaqdı. Nə yaxşı, bu aydan əmək haqları da artmışdı. Dönə-dönə hesablamışdı, nə az, nə çox, düz on doqquz manat. Elə alacağı təzə palazın qiyməti qədər.
Mövlud Fərruxzadə universitetin binasından çıxanda artıq toranlıq düşmüşdü. Dəli külək də yorulub səngimişdi. Hava sakitdi. Küçələrdə gediş-gəliş azalmışdı. Binaların tinlərində qərar tutmuş dilənçilər hələ də sığınacaqlarına çəkilməmişdilər. Onlar böyük ümidlə yanlarından ötüb-keçənlərə əl açmaqda davam edirdilər. O isə nəzərdə tutduğu marketə tərəf tələsirdi...
* * *
Gecə yarıdan keçmişdi. Kənd yatırdı. Nə səbəbdənsə, işıqlar da yanmırdı. Ertədən söndürülmüşdü. Hər tərəf zülmət içərisində idi. Səmada bircə ulduz belə gözə dəymirdi. Sanki ipdən sallanmış nəhəng bir qara bulud topası, elə bil, indicə yer üzünə dönəcək və bu məmləkəti əbədi olaraq cəhənnəmə çevirəcəkdi.
Kəndin qəbiristanlığında siqaret közərirdi: professor Mövlud Fərruxzadə idi. Kürəklərini köhnə qəbirin sol tərəfindəki yaşı az qala otuzu ötmüş tut ağacına dayamışdı. Siqareti siqaretə calamışdı. Görünür, həm də möhkəm yorulmuşdu. Nəfəsini güclə dərirdi. Özünə qazdığı qəbri təzəcə başa çatdırmışdı. Yenidən bir siqaret yandırdı. Nəzərlərini səmayə elə dikmişdi ki, yaxınlıqdakı çaqqalların ulaşmasını belə hiss etmirdi. Ruhu uzaqlarda gəzişirdi. Gözlərindən axan yaş üzündə cığır salmışdı.
Gülüstan xanımı yuxuya verib gəlmişdi bu ölülər məkanına. Yaxşı duyurdu ki, ömür-gün yoldaşı yuxudan ayılandan sonra onu dönə-dönə acizlikdə qınayacaq. Və heç vaxt bağışlamayacaq. Ona görə də, yıryığışdan öncə Gülüstan xanıma kiçik
bir məktub yazıb stolun üstünə qoymuşdu: “Əzizim Gülüstan xanım, səni tənha qoyduğum üçün ilk növbədə bağışlanmağımı diləyirəm. Özümə əminəm ki, ömrümün bu yetmiş ilində heç vaxt acizlik və qorxaqlıq göstərməmişəm. Özünəqəsdi də həmişə pisləmişəm. Mən intihar etmədim, sadəcə olaraq, palaza bürünüb, elnən sürünmək istəmədim. Daha doğrusu, naqisliyi yaxına buraxmadım. Özümü çirkabdan, çirkaba bulaşmışlardan uzaqlaşdırdım. Çox götür-qoydan sonra qərara gəldim ki, elə həyatda ən yaxşıların yaxşısı öz palazımdır. Ümid edirəm, məni anladın.
Öpürəm səni.
Sənin Mövludun.”
Professor əllərini yerə dayaq vurub ayağa durdu. Ağır addımlarla qəbrin baş tərəfinə keçdi. Əvvəlcə gətirdiyi doqquz elmi, yeddi şeirlər kitabını səliqə ilə üstü-üstə düzəndən sonra iki addım geri çəkildi. Son olaraq “baş daşı”na bir daha diqqət yetirdi. Bu an özündən asılı olmayaraq dəli adamlar kimi elə qəhqəhə çəkdi ki, az qala ölülər qəbirlərdən başlarını qaldırıb ona “xoş gəldin!” deyəcəkdilər. Ani olaraq əyilib təzə aldığı palazı yerdən götürdü. Tələsmədən, səbrlə onu özünə büküb, qəbirə düşdü.
İyul, 2012-ci il
Sizin reaksiyanız nədir?
Bəyən
0
Bəyənmədim
0
Sevgi
0
Əyləncəli
0
Əsəbi
0
Kədərli
0
Vay
0