Reinkarnasiya - Mehman Qaraxanoğlu
Yazıçı Ədəbiyyat Portalı Mehman Qaraxanoğlunun yeni şeirlərini təqdim edir.
REİNKARNASİYA
Bolşevik-kommunust təfəkküründən
Bir millimetr də aralanmayan
Yekə-yekə kişilər
Əzilə-büzülə,
Şizofrenik əda ilə,
Dodaqlarını büzə-büzə
Guya sevgi şeirləri oxuyurlar...
Şeirlərində sevgi-zad yoxdur -
Sönüb kül olmuş ehtiraslarına ağı deyirlər sanki...
Arxetipik-seksual zədələr
Gec sağalır, qardaşım...
Onlar Rəsulzadəyə it, şarlatan, millət xaini deyən
O şairə deyil,
Onun yaşadığı “sevimli” epoxaya bəraət qazandırırlar...
Çünki o “bəraət”də həm özləri,
Həm də yaşadıqları “sevgili” XXI əsr vardır;
Ata-babaları,
Dədələri,
Nənələri vardır!
Və özlərinə də əl yeri saxlayırlar ki,
Bəd ayaqda
Bütün zamanlardan
Sağ-salamat çıxara biləsinlər
O şairin ruhuyla
Reinkarnasiyaya uğramış ruhlarını...
EPİDEMİYA
Elmi populyarlaşdırmaq üçün
Yığışın,
Toplaşın hər gün,
Yığncaq edin,
İclas çağırın!
Məndən də yaxşı bilirsiniz;
Elmi populyarlaşdırmaq üçün
Daha çox dedi-qodu,
Daha çox qalmaqal,
Daha çox saçyoldu
Gərəkdir sizə.
Onunçün də tezbazar
Dildən pərgar,
İstedaddan kasad,
Ortabab,
Fəqət ambisiyalı xanımları
Yığın elmə...
Onda siz də populyarlaşarsınız!!!
Elmi populyarlaşdırmağın bir yolu da vardır, cənablar
Bütün istedadları çərlədin,
Şərlədin,
Rədd edin elmdən!
Yığın başınıza
Ona, buna “dissertasiya” yazdıran
Pullu şərəfsizləri.
Anasını kərbalayı ismayıllara siğə elətdirib
Populyar bəy olanları;
Plagiatçıları,
Aktivistləri,
Şoumenləri,
Üzə duranları,
Dələduzları...
İyun. 2026
Sizin reaksiyanız nədir?
Bəyən
2
Bəyənmədim
0
Sevgi
0
Əyləncəli
0
Əsəbi
0
Kədərli
0
Vay
0