Qələmə mürəkkəb olub yazıram - Polad İbrahimoğlunun şeirləri

Apr 26, 2026 - 11:46
 0  17
Qələmə mürəkkəb olub yazıram - Polad İbrahimoğlunun şeirləri

Yazıçı Ədəbiyyat Portalı Polad İbrahimoğlunun şeirlərini təqdim edir.

VARIYDI

Mən güllərə vuruldum, dərdimi bölüm deyə,

Lalənin öz bağrında qara xalı varıydı.

Yasəməni, nərgizi, bənövşəni bəslədim,

Gül ətrində bağbanın bir xoş halı varıydı.

Qızılgül bir gözəllik, olsa da yüz tikanı,

Çox calağı kəsildi, ayrı düşdü məkanı.

Sevgi gülüm - "sevirmi-sevmirmi" həyəcanı,

Gecə üzə çəkməyə tirmə şalı varıydı.

  

Axşamkən gördüm ilbis gülə elə sarındı,

Qısqanıb dedim, şeytan, gül səninmi yarındı?

Polad, qoru gülləri, onlar sevgi barındı,

Sinəmin bir çəmənzar güllü yalı varıydı.

OLACAQ

Yağma yağış, aman ver, səfərim var,

Vaxtımı itirən yollar olacaq.

Aman, nə həsrətlə döyünür ürək,

Boynuma dolanan qollar olacaq.

Çox görmə mənə bu sevincli anı,

Gözləməkdən yarın qaralar qanı.

Zaman imtahana çəkir insanı,

Bilmək də olmur nə hallar olacaq.

Yoxsa, göylər bizə baxıb ağladı,

Polad, yolları sel yuyub bağladı.

Sevən ürəklər də coşub çağladı,

Arada nə qeylü-qallar olacaq.

YAZIRAM

Çox baxdım dünyada gedən gərdişə,

Acı günlər bizi saldı vərdişə.

Canım yaman düşüb yenə təşvişə,

Qələmə mürəkkəb olub yazıram.

Dağlara çatmadı hayım-harayım,

Düşmüşəm yollara, kimi arayım...

Viranə qalıbdı könül sarayım,

Günbəgün çiçəktək solub, yazıram.

Mən ki xəyallarda yaşadım ancaq,

Cahana baxaraq oldum utancaq.

Cinin yaxasına sancmışam sancaq,

Su kimi xəlbirə dolub yazıram.

Gecədən səhərə qədər çağladım,

Keçmişi yadıma salıb ağladım.

Bu röyamı, Polad, belə bağladım,

Dəlitək saçımı yolub yazıram.

OLARDIM

Kaş ki, yenidən gələydim dünyaya,

Özüm özümə bələdçi olardım.

Canı qorumaq üçün nankorlardan,

Əli silahlı gözətçi olardım.

Uzaq düşmüşəm o doğma dağlardan,

Bağban da qaçıb ta barsız bağlardan.

Azad etməyə dünyanı ahlardan,

Ulu Xudama xəbərçi olardım.

Aciz qalanda özümə zülm verdim,

Ha qaçdımsa heç azalmadı dərdim.

İki-bir düşür zərim, tasdı nərdim,

Buna da şükür, betərçi olardım.

Polad, könlüm həyatdan doymadı,

Nəfsim tamahı kənara qoymadı.

Əllərim qabar, sinəmsə oymadı,

Kaş dəyirmanda ələkçi olardım.

QALIBDI

Dizimi daşlara döyüb ağladım,

O qoca dağlarda yarım qalıbdı.

Olmuşam divanə, düşüb çöllərə,

Üzümdə nə həya-arım qalıbdı.

Qocaman ovçuyam silahım da yox,

Çəkdim yayı, dəydi öz sinəmə ox.

Loğmanı tapılmır, dərdlərim də çox,

Şikara kəklik, nə sarım qalıbdı.

Naləmə dözmədi o dağ da, daş da,

Zülmətə düşübdü dərə də, qaş da.

Gözüm görmür, ağıl azalır başda,

Yanğımı söndürən qarım qalıbdı.

Dərdimi dilləndir, ay aşıq, sazda,

Dedilər sevənlər qovuşur yazda.

Hər dəfə dedim, döz, canım, bir az da,

Zarımağa kaman, tarım qalıbdı.

Ay Polad, gəl burax ovun başını,

Bəsdi, ətəyindən sən tök daşını.

Get evdəkinin öp qara qaşını,

Yarıcan, xəstə bir qarım qalıbdı.

MƏNİ

Ala göz, sarışın mələk,

Üstündən əsməsin külək.

Qaməti gözəl, ağ bilək,

Yaman saldın düzə məni.

Dindirməsən söz də deməz,

Dayanır belə lal-dinməz.

Gözündəki atəş sönməz,

Salar oda, közə məni.

Boy-buxununa vuruldum,

Sevib arındım, duruldum.

Tənha gəzməkdən yoruldum,

Qoyma həsrət üzə məni.

Hər aşiqin öz dərdi var,

Qismətim kor, bəxtim də kar.

Gəzirəm bir vəfalı yar,

Bax ki, gözlər süzə məni.

Bir "hə" gətir şirin dilə,

Qol dolayım incə belə.

Polad heyran sarı telə,

Öpüb qoysan gözə məni.

Sizin reaksiyanız nədir?

Bəyən Bəyən 2
Bəyənmədim Bəyənmədim 0
Sevgi Sevgi 0
Əyləncəli Əyləncəli 0
Əsəbi Əsəbi 0
Kədərli Kədərli 0
Vay Vay 0