Qazi-şair Ədalət Nicatın 60 illiyi qeyd olunub
Noyabrın 14-də Sumqayıt Poeziya Evində I Qarabağ qazisi, şair Ədalət Nicatın 60 illik yubileyi və “Sözümə işıq düşür” kitabının təqdimatı münasibətilə ədəbi-bədii məclis keçirilib.
Noyabrın 14-də Sumqayıt Poeziya Evində I Qarabağ qazisi, şair Ədalət Nicatın 60 illik yubileyi və “Sözümə işıq düşür” kitabının təqdimatı münasibətilə ədəbi-bədii məclis keçirilib.
Yazici.az xəbər verir ki, Azərbaycan Yazıçılar Birliyinin (AYB) üzvü, qazi-şair Ədalət Nicatın 60 illik yubileyinə həsr olunmuş tədbir Sumqayıt ədəbi mühitinin tanınmış nümayəndələrini, Bakıdan, respublikanın müxtəlif bölgələrindən gəlmiş şair və yazıçıları, elm, mədəniyyət və ictimaiyyət təmsilçilərini bir araya gətirib.
Tədbiri AYB-nin Poeziya seksiyasının rəhbəri, Əli Kərim adına Poeziya Evinin direktoru, tanınmış şair İbrahim İlyaslı açaraq, yubilyarı əlamətdar yaş münasibətilə təbrik edib. O, Ədalət Nicatın ədəbi mühitdə qazandığı sayğıya, sözə və sənətə bağlılığına diqqət çəkərək, belə yubileylərin ədəbi nəsillər arasında mənəvi bağlılığın möhkəmlənməsi baxımından da önəmini vurğulayıb.
Yubiley məclisinin aparıcısı, Beynəlxalq “ALAŞ” Ədəbiyyat Mükafatı laureatı Əkbər Qoşalı Ədalət Nicatın ömür və yaradıcılıq yoluna nəzər salıb, onun şair və qazi kimliyinin mənəvi məzmunundan söz açıb.
Əkbər Qoşalı Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Fazil Mustafanın yubilyara ünvanladığı təbrik məktubunu oxuyub.
Ədəbi məclisin mühüm məqamlarından biri Ədalət Nicatın 60 illiyi münasibətilə işıq üzü görmüş “Sözümə işıq düşür” adlı yeni kitabın təqdimatı olub.
Tanınmış ictimai xadim, şair-publisist, “Vektor” BEA-nın qurucu başqanı, professor Elçin İsgəndərzadənin naşirliyi, önsözü ilə ərsəyə gələn kitab yubilyarın əlamətdar yaşına dəyərli töhfə kimi qiymətləndirilib.
Tədbirdə çıxış edən AYB-nin Quba bölməsinin sədri, tanınmış şair Ramiz Qusarçaylı, AYB-nin Sumqayıt bölməsinin rəhbəri Gülnarə Cəmaləddin, Sumqayıt şəhər Mədəniyyət İşçilərinin Həmkarlar Təşkilatının sədri Şahin Şəfiyev və yazıçı-dramaturq Əyyub Qiyas yubilyara səmimi təbriklərini çatdırıb, ona yeni yaradıcılıq uğurları arzulayıblar. Çıxışlar zamanı şeirlər səsləndirilib, Ədalət Nicata xatirə hədiyyələri təqdim olunub.
Yubiley məclisində tanınmış ictimai xadim Allahyar Eyyuboğlu, yazıçı Şərif Ağayar, ustad şair Rafail İncəyurd, şair və yazarlar Xaqani Abbasəli Öztürk, Əli Nəcəfxanlı, Qafqaz Əvəzoğlu, Polad İbrahimoğlu və pedaqoq-şair Çingiz Salmanov da çıxış edərək yubilyarla bağlı ürək sözlərini bölüşüblər.
Görkəmli ədəbiyyatşünas alim, filologiya elmləri doktoru Vaqif Yusiflinin çıxışı isə məclisin ədəbiyyatşünaslıq məzmununu daha da zənginləşdirib. Beləliklə, yubiley yalnız təbriklərin səsləndiyi mərasim çərçivəsində qalmayıb, şair şəxsiyyəti, yaradıcılıq taleyi, ədəbi dəyərlər və sözün mənəvi missiyası çevrəsində səmimi fikir mübadiləsinə çevrilib.
Yubileyin bədii hissəsi də zənginliyi və səmimiyyəti ilə seçilib. Sənətçilər İlham Əsgəroğlu və Səyyad Aydınoğlunun, gənc aşıq Cahid İlyaslının ifaları məclisə xüsusi ovqat bəxş edib.
Tədbirin sonunda söz yubilyara verilib. Ədalət Nicat yubileyinin təşkilatçılarına, məclisə qatılan qələm dostlarına, aydınlara, sənət adamlarına və ictimaiyyət nümayəndələrinə iştiraklarına, diqqət və sayğılarına, səmimi təbriklərinə görə təşəkkürünü bildirib. O, yeni qələmə aldığı şeirlərini oxuyaraq, yubiley sevincini sözün doğmalığı ilə bölüşüb.
Sizin reaksiyanız nədir?
Bəyən
0
Bəyənmədim
0
Sevgi
0
Əyləncəli
0
Əsəbi
0
Kədərli
0
Vay
0