Qəlbim sevginlə yandı - Tapdıq Yolçunun şeirləri
Yazıçı Ədəbiyyat Portalı mərhum şair Tapdıq Yolçunun şeirlərini təqdim edir.
Mən ağlamaq bilmirdim
Mən ağlamaq bilmirdim,
Səndən ötrü ağladım.
Göz yaşımı gözümdə,
Bu dəm üçün saxladım.
Gəzirdim bir dağ kimi,
Mən baş əyən deyildim.
Hardan çıxdın qarşıma?!
Səni gördüm...əyildim.
Nə vaxtdı dünyadayam,
Günüm, kəhərim, yolda.
Səni niyə görmürdüm,
Səni, ey...dünya boyda?!
Bu gün keçdin qarşımdan,
Gördüm, ayaq saxladım.
...Mən ağlamaq bilmirdim,
Səndən ötrü ağladım...
Baxan yoxdu içimə
Hər gün içim ağlayır,
Gəlirmi heç vecinə?!
Sən üzümə baxırsan,
Baxmayırsan içimə.
Gülüşündə gözümün,
Gülüm, yaşdı, gül deyil.
Sına bilmirəm, neynim,
Qürurum hey – gül, - deyir.
Bir Haqq bilir qəlbimdən,
Axan qara qanları.
(Mən çəkən dərdə düşsün,
Başıma qarayanları.)
Yol yorub, yaş sayıram,
Düşüb karvan köçünə.
Hamı baxır üzümə,
Baxan yoxdu içimə...
Yenə..
Mən səni xatırladım,
Yenə bu axşam, bu gün.
Qəlbim sevginlə yandı,
Oldu bir ağ şam bu gün.
Yenə doldu başıma,
Həsrətin boz dumanı.
Gedib sənə çatmadı,
Yenə andım-amanım.
Yenə nahaq gözlədim,
Gəlmədin sən bu axşam.
Yenə həmdəmim oldu,
Dəftər-qələm, bir ağ şam...
Bağışla
Səni də islatdımı,
Bura yağan yağışlar?
Sənə çətir olmadım,
Olammadım...
Bağışla.
Səni yordu, üzdümü,
Qurdlu, quduz baxışlar?
Sənə sipər olmadım,
Olammadım...
Bağışla.
Dağladımı dağ səni,
Yordumu yal-yoxuşlar?
Sənə dayaq olmadım,
Olammadım...
Bağışla.
Əl-qolumu bağladı,
Gülüm, oğul-uşaqlar.
Mən tək sənin olmadım,
Olammadım...
Bağışla.
Sən gəlmirsən yanıma
Sən gəlmirsən yanıma,
Sənin həsrətin gəlir.
Tanışların dilində,
Sözün-söhbətin gəlir.
Gözüm düşüb yollara,
Gəzir doğma, yadını.
Əsən xəzan yelləri,
Pıçıldayır adını.
Sən gedən bir ömürdə,
Neçə gün axşam olub.
İşıq salıb izinə,
Bu başım ağ şam olub.
Səbir yerim quruyur,
İl ildən çətin gəlir.
Sən gəlmirsən yanıma,
Sənin həsrətin gəlir...
Ayrılıqdan ayrılıb
Ayrılıqdan ayrılıb,
Gedə bilmək olurmu?
Üfüqdə göz-qulaqdan,
İtə bilmək olurmu?
Dost olub dərd-sər ilə,
Dövranla, dörd yer ilə,
Dərdləri dərd əliylə,
Didə bilmək olurmu?
Günə bir gün ağlayıb,
Bu dağları dağlayıb,
Gül-çiçəyə bağlanıb,
Bitə bilmək olurmu?
Ayrılıqdan ayrılıb,
Gedə bilmək olurmu?..
Tural Adışirinin təqdimatında..
Sizin reaksiyanız nədir?
Bəyən
0
Bəyənmədim
0
Sevgi
0
Əyləncəli
0
Əsəbi
0
Kədərli
0
Vay
0