Ta ömrü də sürmək olmur - Elşən Əzimin şeirləri
Yazici.az ədəbiyyat portalı tanınmış şair, "Söz odası" dərgisinin baş redaktoru Elşən Əzimin şeirlərini təqdim edir.
SƏRNİŞİN QATARI
Məni hansı səmtə apardı ömrüm?
Həsirtək yoluma sərdi günləri.
Bir haylı-haraylı qatardı ömrüm,
Çox olub sevdalı sərnişinləri.
Eşqin yolçuları çıxdı qarşıma,
Hərəsi bir ürək ağrısı oldu.
Tələsib çatdırdım mənzil başına,
Orda qarşılayan ayrısı oldu.
Taleyim uşaq tək ərk etdi mənə,
Könlüm incimədi, gileylənmədi.
Hərə bir vağzalda tərk etdi məni,
Çönüb arxamca da əl eyləmədi.
Mən yenə yollarda yaşayacağam,
Çəkməsəm bu tale yükünü, olmur.
Mən yenə sərnişin daşıyacağam,
Qatarın ömürlük sakini olmur.
TAPA BİLSƏM
Ayaq da basmaram sən olan yerə
Sən olmayan yerə yol tapa bilsəm.
Qovaram evimdən xəyallarını,
Ardınca düşməyə çöl tapa bilsəm.
Sənin də kiməsə minnətin olmaz,
Məni də yandıran həsrətin olmaz.
Bəlkə də unutmaq çox çətin olmaz,
Əgər ürəyimlə dil tapa bilsəm.
Çəkdiyim bəsimdi az deyərmmi?
Elşənə tab gətir, döz deyərəmmi?
Sənə güldən ağır söz deyərəmmi?
Sənə sözdən ağır gül tapa bilsəm.
BUDAQDAN QOPAN GECƏ
Qaranlıq asılıb əyir budağı,
qopur o budaqdan bu gecə düşür.
Gecə ha oynayır əsəblərimlə,
yenə qismətinə heç-heçə düşür.
Bəzən gecə ilə söz yaşıd olur,
aya ay, günə gün düz yaşıd olur,
Ayaq izlərinə göz yaşı dolur,
yolların bəxtinə gölməçə düşür.
Edir dar ağacı mənim sazımı,
asır hər simindən bir avazımı.
Allah, özün yoxla alın yazımı,
öz dəsti-xəttinə gör neçə düşür?!
TƏCNİS
Ədan yolları da yandırıb yaxır,
Gözəldi yerişin, mən ölüm yeri.
Ya sən öl, kor-peşman mən çıxıb gedim,
Ya da bir müjgan at, mən ölüm, yeri.
Göy elə dəhşətdi, yer elə ölüm,
Göy belə ölümdü, yer elə ölüm.
Ayağın altında yer elə, ölüm,
Onsuz da gəzirəm mən ölüm yeri.
Gözəl görməmişəm hələ sən təki,
Elşəni naümid qoyma sən, təki.
Mən hara and verim səni, səndə ki-
Yoxdu “sən öl” yeri, “mən ölüm” yeri.
* * *
Ay könül sındıran, ay ürək üzən,
Ürək sənin üçün güldümü, üzdün?
Bilmirəm yolunu kəsdimi qırdın,
Bilmirəm xoşuna gəldimi üzdün.
Axı nə bilirsən bu sirr dünyada,
Dərdi tam, sevinci kəsir dünyada.
Süd gölü gəzirdin qısır dünyada,
Göz yaşım sən deyən göldümü, üzdün?
Daha nə yellərsən gennən əlini,
Görmürəm dumannan, çənnən əlini.
Gümanın mənəydi, mənnən əlini-
O vaxt Elşən Əzim öldümü üzdün?
***
Əriyirəm ha yağsam da qar kimi,
Bu daş, dəmir günlərimin üstünə.
Fikrim sıxır ürəyimi nar kimi,
Qanım damır günlərimin üstünə.
Sürtük üzlü çay daşıdı günlərim,
Bu çaylarda dayanar su, axar daş.
Məni yaman çox yaşadı günlərim,
Mən gün görüb yaşamadım, a qardaş.
Mən bu ömrün dodağında zəhərəm,
Çəkir məni siqar kimi, qəm kimi.
Mən bu ömrün boğazında qəhərəm,
Görək çıxır axırına kim kimin?
AY ARI, GÖR HARDA ŞİRƏ GƏZİRSƏN
Açıq pəncərəmdən uçub bu səhər,
Evimi sən nahaq yerə gəzirsən.
Mənim dilim acı, sözlərim zəhər,
Ay arı, gör harda şirə gəzirsən?
Divarı bəlkə də ahım qurudub,
Çiçək şəkilləri oboyda solub.
Sağ olmuş taleyim elə yarıdıb,
Pöhrə arzularım o boyda solub.
Axı ağzınacan pətəyin baldı,
Qaldırıb səsini nə istəyirsən?
Dərə bilmədiyim bir çiçək oldu
Çəkdin şirəsini, nə istəyirsən?
Ta yolum yoxuşdu, məndən geridə
Şirin xəyalların dərəsi qalıb.
Haçansa bir şirin şeir yazmışam,
Dişində onunmu şirəsi qalıb.
Sancamğa gəlmisən? Elə sancaram,
Zəhər borc alarsan, ay arı məndən.
Gedib pətəyini acılayarsan,
Dostum, aralı gəz, aralı məndən.
PAYIZIN SƏHƏR OVQATI
Vaxt uçur kəpənək kimi,
Əlimə zəri dağılır.
Sarı yarpaqlar üstünə
Zamanın təri dağılır.
Əksi qalır sədaların,
Qəmzələrin, ədaların.
Hər gün dəli sevdaların
Başımdan biri dağılır.
Gülü sulu dərmək olmur,
Qönçə vaxtı görmək olmur.
Ta ömrü də sürmək olmur,
Gündə bir yeri dağılır.
ÖZÜMDƏN GETMƏYƏ YER YOX
Əsəbim içimdə dustaq,
Özümdən çıxmıram daha.
Öz əlimin altındayam,
Sözümdən çıxmıram daha.
Gözlərim qoşa pəncərə,
Şüşəsi toz, aynası tor.
Zaman hörümçəkmiş, demə,
Tor toxuyur bu gorbagor.
Gözümdə qalan arzular,
Gözümdəki tora düşür.
Kətana yüz rəng çəkirəm,
Bu həyat ağ-qara düşür.
Öz başıma dolanıram,
Özümtək sınanmış Pir yox.
Özümdən çıxmağa qapı,
Özümdən getməyə yer yox.
ÖMÜRDƏN
Ömür bizi yeyir, doymur,
Usanan bizik ömürdən.
Adam barmağa çevrilib,
Keçir bu üzük ömürdən.
Son nəğmədə, səsdə qalan,
Zildə qalan, pəsdə qalan.
Bir qara daş üstə qalan,
Bir kəlmə sözük ömürdən.
Yoxuş qalxıb dağ çıxmışam,
Yenə üzü ağ çıxmışam.
Allah, necə sağ çıxmışam,
Bu əzik-üzük ömürdən?
SAXLAYIR
Baxışını yaddaşımda,
Gözünün nuru saxlayır.
Ürəyimə od salmışdın,
Ürək o qoru saxlayır.
Söz dilimdə od tutardı,
İndi desəm buzdu, qardı.
Soyuqluq da etibardı,
Yaddaşı duru saxlayır.
Elə bilmə, vaxt heç nədi,
Ömür keçdi, gün keçmədi.
Həsrət özü bir çeşmədi,
Yaddaşı duru saxlayır.
YANDIRDI MƏNİ
Gülüm, əksin gözümə,
Düşüb yandırdı məni.
Dərdin sinəmin üstə
Bişib yandırdı məni.
Ala gözün aynadı,
Göz ha baxdı doymadı.
Sənə qanım qaynadı,
Daşıb yandırdı məni.
Həvəsdəydi ürəyim,
Şikəstəydi ürəyim.
Od üstəydi ürəyim,
Aşıb yandırdı məni.
Tural Adışirinin təqdimatında..
Sizin reaksiyanız nədir?
Bəyən
2
Bəyənmədim
0
Sevgi
1
Əyləncəli
0
Əsəbi
0
Kədərli
1
Vay
0