Taleyin gecikmiş oyunları var - Maarif Soltanın şeirləri
Yazıçı Ədəbiyyat Portalı tanınmış şair Maarif Soltanın 70 illik yubileyi münasibətilə şeirlərini təqdim edir.
Mən səni hələ də unutmamışam
Ayrıldıq,
Ayrılıq düşdü araya...
Ayrılıq məqamı soyuq bir öpüş...
Elə görüşmüşdük ayrılaq deyə -
Qəribə təsadüf, qəribə görüş...
Di gəl ki, bilmirəm, bilmirəm niyə
Mən səni hələ də xatırlayıram,
Mən səni hələ də unutmamışam...
Ünvan da almadıq bir-birimizdən –
Elə bil qəlbimiz, hissimiz daşdı.
Beləcə biganə, beləcə soyuq
Düşmən də düşməndən ayrılmamışdı.
Bu da bir taleymiş, bir bəxtmiş bu da...
Bəxt bir də üzümə gülərmi görən?
Ömrün sonunacan gözləsəm burda
O qatar fırlanıb gələrmi görən?
Demirəm, sinəmdə göynəyir yaram,
Demirəm, mən sənsiz qara bir daşam.
Sadəcə olaraq bilmirəm nədən
Mən səni hələ də xatırlayıram,
Mən səni hələ də unutmamışam...
Ömürdən o qədər adamlar keçir,
Görürsən, yaddaşda biri də qalmır.
Adam var, lap belə köynəkdən keçir,
Ayrılır, heç belə yeri də qalmır.
Elə görüşmüşdük ayrılaq deyə...
Di gəl ki, bilmirəm, bilmirəm niyə
Mən səni hələ də xatırlayıram,
Mən səni hələ də unutmamışam...
***
Niyə qarşılaşdıq biz onda axı,
Taleyin gecikmiş oyunları var.
Bir daha gördük ki, ömrün yaz çağı
Taleyin tufanı, düşən qarı var.
Kim bilir, bəlkə də bu saat, bu gün
Ömür başa çatır, ömür yarıdır.
Biz yaranmışıqsa bir-birimizçün,
Niyə yollarımız ayrı-ayrıdır?
Belə sədlər çəkib yolunda durum,
Sən ki, öz yolundan dönən deyilsən.
Bir vaxt tale səni elə susdurub,
İndi ha yalvarsam, dinən deyilsən.
Bəlkə də bir daha heç görüşmədik,
Yamanca araya düşdü ayrılıq.
Ayrılaq, təzədən görüşək – dedik,
Dünya uçardımı ayrılmasaydıq?
Bu da bir qismətmiş bizə tuş oldu...
Önümüz – uçurum, arxamız – qaya.
Sənli günlərimiz dönüb quş oldu –
Uçur yorulmadan, uçur arxaya...
Məni gözləmə
Ümid ağuşunda, qəm qucağında
Oturub otağın bir bucağında
Qucub dizlərini məni gözləmə -
Mən bu intizara layiq deyiləm...
Fikrin nağıllara getməsin sənin,
Bu yaşda nağıldan yan gəz, uzaq keç.
Ağatlı oğlana dönə bilmərəm,
Yenidən özünə bir ağatlı seç.
Burax bu ümidi, məni gözləmə,
Mən ki bu ümidə layiq deyiləm...
Güldürmə özünə sirdaşlarını-
Axıtma arxamca gözyaşlarını.
Onsuz da qayıtmaq gəlmir ağlıma,
Örtüb gözlərini əllərin ilə
Ağlama, sən Allah, məni ağlama,
Mən bu gözyaşına layiq deyiləm...
***
Sıyrılıb çıxarsan həsrət içindən –
Tökülər həsrətim ayaqlarına.
Nura, səadətə çevrilərəm mən,
Qonaram alnına, dodaqlarına.
Bəxtəvər-bəxtəvər gülümsəyərsən…
Tutaram əlini ovuclarıma.
Bir az yanaqların solub deyəsən,
Saçların bir azca uzanıb amma.
Yenə səhərəcən qalarıq oyaq,
Səadət tökülər sənin gözündən.
İlahi, görəsən mən səndən qabaq
Necə yaşamışam bu yer üzündə?!
Dayanıb lap yaxın – nəfəs-nəfəsə
Əlinə, gözünə baxaram elə.
Gülüb pıçıltıyla deyərsən nəsə,
Boğaram sözləri öpüşlərimlə.
… Sonra dan sökülər – oyanar hamı…
Mənimsə bədənim – yanar bir ocaq.
Yenə səndən mənə – dolu külqabı,
Bir də otaq dolu tüstü qalacaq.
Sənə məktub
O gecə taksi də tapa bilmədik,
Düşdük küçələrə payi-piyada…
Büründük bir dünya qayğısızlığa,
Sonra heç taksi də düşmədi yada.
Sonra bir dəlisov yağış başladı…
Yadındadırmı?
Sonra bir ilahi baxış başladı…
Sonra o ilahi baxış altda sən
Yumub gözlərini sığındın mənə.
Yumulu gözlərlə dünyaya baxdın,
Yumulu gözlərlə dünya necəydi?
O nə sayaq gecəydi…
O nə qısa gecəydi, o nə oyaq gecəydi…
O nə xumar gecəydi…
O nə rahat gecəydi, o nə hamar gecəydi…
O gecə növbətçi milisoner də,
O gecə yağış da, göylər də, yer də
Necə kövrək idi, ilahi idi…
İlahi, - deyirdim,- məndə baxta bax!
Qalxıb oturduğum sən bu taxta bax!
Sənsə titrəyirdin bir yarpaq təki…
Unudub hər şeyi hey deyirdin ki…
… Bax, elə o vaxtdan düşüb o taxtdan
Payi-piyadayam bu yollarda mən…
Bax, elə o vaxtdan, elə o vaxtdan
Hər gecə üstümə yağışlar yağır-
Yarpaq qarışıq…
Hər gecə yuxumda şimşəklər çaxır-
Diksinib yuxudan baxıb görürəm,
Yenə uzaqlaşır məndən bir işıq…
Bədənim yamyaşdır – su içindəyəm,
Alışıb yanıram – od içindəyəm…
Artıq min ildir ki, islanıram mən –
O yağış altda.
O yağış o odu söndürə bilmir…
Xəbərin varmı?!
Sinə daşı
Bu adam böyüdü, böyüdü getdi...
Böyüdü saat-saat, böyüdü pillə-pillə,
Böyüdü hiylə-hiylə.
Böyüdü asta-asta,
Böyüdü usta-usta.
Bu adam böyüdü, büyüdü getdi...
Getdi, hara getdi – bilə bilmədi,
Getdi, elə getdi, gələ bilmədi.
Getdi, adamların gözündən itdi,
İtdi bu dünyadan, özündən itdi.
Böyüdü bu adam, böyüdü getdi...
Getdi qulaqlarından anasının laylası,
Sonra atasının öyüdü getdi.
İlahi, bu adam böyüdü getdi!
Böyüdü pillə-pillə, böyüdü hiylə-hiylə,
Böyüdü ayla, illə.
Bu adamın yolları gedər-gəlməz deyilmiş,
Bundan betər yol imiş –
Gedər-itər yoluymuş,
İlahi, bu adam böyüdü itdi!..
...Bu adamın anası
Tanrını qarğıyır, göyü qarğıyır,
Oğlunu doğduğu günü qarğıyır.
Bir parça daş qoyub evin küncünə
Deyir: “Mən oğul yox, bu daşı doğdum,
Bala yox, mən bəla, gözyaşı doğdum...”
İlahi, böyüdü, bu daş böyüdü...
Böyüdü daşlardan-daşlara dəydi,
Böyüdü başladan-başlara dəydi.
-Daş yağır. –dedilər, -göydən daş yağır!
Baxdılar yazıq-yazıq, baxdılar fağır-fağır
Uçan daşın dalınca.
Baş qoymamış balınca
Düşdü adamların yuxularına
Çilik-çilik eylədi, sındırdı, qırdı bu daş
Adamların tərtəmiz, bəyaz yuxularını.
Kimlərsə sığındı qorxularına,
Kimlərsə sığındı həyalarına,
Kimlərsə sığındı yuxularına.
Gözyaşlarına da sığınan oldu.
Bir gün qeyb oldu o daş,
Unutdular onu da adamlar yavaş-yavaş...
...O gün bir dəstə uşaq
Köhnə bir məzarlıqda
sinə daşı görüblər.
Qaldırıblar o daşı
Qaldırıb görüblər ki,
Böyüyüb itən adam
O daşın altında büzüşüb qalıb.
Qalıb qovrula-qovrula,
Qalıb qıvrıla-qıvrıla...
Yığışıb günahları uçuşur başı üstdə.
Ana da bardaş qurub o sinə daşı üstdə
Layla deyib ağlayır:
-Laylay, günahım, laylay,
Qara sabahım laylay,
Laylay, laylay, a laylay...
Tural Adışirinin təqdimatında..
Sizin reaksiyanız nədir?
Bəyən
1
Bəyənmədim
0
Sevgi
0
Əyləncəli
0
Əsəbi
0
Kədərli
0
Vay
0