Azərbaycan elminin əqidə şəhidi — O niyə özünə qəsd etmişdi?

Avq 15, 2026 - 17:52
 0  9
Azərbaycan elminin əqidə şəhidi — O niyə özünə qəsd etmişdi?

Yazici.az ədəbiyyat portalı akademik Heydər Hüseynov haqqında Məcid Rəşadətoğlunun yazısını təqdim edir.

Paytaxtın mərkəzində yerləşən I Fəxri xiyabanı nə zaman ziyarət etsəm, görüşünə getdiyim 5-10 ziyalı şəxsiyyətdən biri də akademik Heydər Hüseynov olur. Bu dahi şəxsiyyətin məzarı başında dayanır, yanımdakı dost-tanışlarıma, ziyalı yoldaşlarıma onun zəngin omür yolundan ürəkdolusu danışıram. Sonuncu səfərimdə jurnalist həmkarım akademikin məzar daşı üzərindəki kiçik bir parçanı – ağ rəngli, mərmərdən hazırlanmış balaca pramidanı göstərib soruşdu: “Görəsən, bu ağ pramida nəyi simvolizə edir?” Mən bu sualın cavabını illər əvvəl oxumuşdum. Buna görə düşünmədən, xatırlama gərəyi duymadan cavab verdim: “Yarım qalmış nakam həyatı”. Diqqət etsəniz, Fəxri xiyabanda bir tək Heydər Hüseynovun məzar danışında belə bir parça var. Bu da onun məhv olmuş arzularının, yarım qalmış ömrünün, başsız qalan ailəsinin, nakam həyat eşqinin təzahürüdür...

    Bu gün Azərbaycan Milli Elmlər Akademiyasının təsisçilərindən biri və vitse-prezidenti, iki dəfə Stalin mükafatı laureatı, Azərbaycanın ən böyük filosof-alimlərindən və ilk akademiklərindən biri olan Heydər Hüseynov anım günüdür. O, sözün bütün mənalarda, yad edilməyə, xatırlanmağa dəyər şəxsiyyət idi...

   Akademik Heydər Hüseynov 1908-ci il aprelin 3-də qədim Azərbaycan şəhəri İrəvanda anadan olmuşdu. Cəmi 42 il ömür sürmüşdü. Uşaqlıq və gənclik illəri kimi, sonrakı həyatı da çətin və mürəkkəb dövrlərdən keçmişdi. Atası Nəcəf kişinin Gülsüm xanımla izdivacından beş uşaq dünyaya gəlmişdi: qızları Ruqiyyə, oğlanları Yusif, Əkbər, Yaqub və sonbeşikləri Heydər.

Heydər hələ həyatın bərkinə-boşuna düşmədən ata qayğısından məhrum olmuşdu. Bir müddət sonra isə ailə daha ağır zərbə almışdı. Belə ki, 1918-ci ilin mart-may aylarında ermənilərin İrəvan quberniyasında və Zəngəzurda törətdikləri qırğınlar zamanı Heydər Hüseynovun böyük qardaşı Yusif daşnaklar tərəfindən vəhşicəsinə öldürülmüşdü.

Bu hadisədən sonra anası Gülsüm xanım övladları və Yusifin yetim qalmış uşaqları ilə birlikdə vətəni tərk etməyə məcbur olmuşdu. Onlar 1920-ci ildə Bakıya köçmüş və İçərişəhərdə kirayə evdə məskunlaşmışdılar. Bu zaman Heydərin artıq 12 yaşı var idi.

Heydər Hüseynov orta təhsilini Bakı şəhərindəki 18 nömrəli məktəbdə almışdı. Həmin məktəbdə Heydərlə yanaşı Süleyman Rüstəm, Mikayıl Müşfiq, Əfrasiyab və Şəmsi Bədəlbəylilər, Məmmədağa Şirəliyev, Hüseyn Bakıxanov da oxuyurdular.

Heydər Hüseynov 1927-ci ildə 18 nömrəli məktəbi bitirdikdən sonra Bakı Pedaqoji Texnikumunda təhsilini davam etdirmişdi. Bu illərdə komsomol sıralarına qəbul olunmuşdu.

Maddi çətinlik çəkən ailəsini dolandırmaq məqsədilə kitabxanada işə düzəlmiş, eyni zamanda 16 yaşından fəhləlik etmişdi. Hələ gənc yaşlarından həyatın çətin üzü ilə qarşılaşan, ağır uşaqlıq və gənclik dövrü yaşayan Heydər 18 yaşında daha bir zərbə almışdı. 1926-cı il aprelin 25-də anası Gülsüm xanım 60 yaşında vəfat etmişdi. Ailəsinin bütün ağırlığını hələ bərkiməmiş çiyinlərində daşımalı olan Heydər təhsilinə fasilə vermədən daha gərgin şəraitdə işləməli olmuşdu. 1931-ci ilə qədər 59 nömrəli məktəbdə dərs demişdi.

1927-1931-ci illərdə gənc Heydər Hüseynov həm də Azərbaycan Dövlət Universitetinin Şərqşünaslıq fakültəsinin linqvistika ixtisasında təhsil almışdı. Universitetdə oxuduğu illərdə ərəb və fars dillərinə mükəmməl yiyələnmişdi.

42 illik ömrünün 20 ildən çoxunu, xüsusilə 1940-cı illərdən etibarən elmə və tədqiqata həsr etmişdi. Azərbaycan SSR-nin ən gənc akademiki kimi tanınmışdı.

Tədqiqatları, qələmə aldığı məqalələri bütün ittifaq məkanında oxunur və bir sıra tarixi həqiqətlərə işıq salırdı. 1937-ci ildən etibarən kütləvi xarakter alan Stalin repressiyaları Heydər Hüseynovun həyatından da yan keçməmişdi. Lakin o, bir zamanlar sinif yoldaşı olduğu Mikayıl Müşfiq kimi güllələnməmişdi. Həyatda qalmışdı. Ancaq gələcəkdə Heydər Hüseynovu daha böyük və ağır bir faciə gözləyirdi.

Haqqında qələmə alınmış məqalələrdən məlum olur ki, akademik Heydər Hüseynov tacir Süleyman Abdullayevin qızı Tale xanımla ailə həyatı qurmuşdu. Onların tanışlığı barədə Heydər Hüseynovun ikinci qızı Leyla xanım müsahibələrinin birində məlumat verirdi:

“Aralarında 4 il fərq var idi. Atam 1908-ci ildən, anam isə 1912-ci ildən idi. Atam Mirzə Ələkbər Sabirin oğlu Məmmədsəlim ilə dostluq edirdi. O, çox maraqlı insan idi, yumorlu, yüksək intellektli. Anam bizə ətraflı danışmırdı, ancaq bilirəm ki, onları Məmmədsəlim tanış etmişdi. Anam Tale ziyalı ailəsindən idi. Atası Süleyman Abdullayev Müsavatın üzvü idi. Yaxşı yaşayırdılar. 1937-də babamı güllələdilər. Sonradan o, bəraət qazandı. Bəraət kağızını anama verən atam deyirmiş ki: ‘Bilirsiniz, çox adamlar dözməyib bir çoxlarının “vətən xaini” olması haqqında kağızlara imza atdılar. Atanızla fəxr edin, o, heç bir kağıza qol çəkməmişdi’”.

Filologiya elmləri doktoru, ədəbiyyatşünas-alim Vilayət Quliyev 2021-ci il avqustun 8-də “525-ci qəzet”də işıq üzü görmüş “Alimin faciəsi: Akademik Heydər Hüseynov” adlı məqaləsində yazır:

“Görkəmli alimin rəhbərliyi və redaktəsi altında 2 cildlik “Müxtəsər Azərbaycan tarixi” (1943-1944), 4 cildlik “Rusca-azərbaycanca lüğət”, general Əliağa Şıxlinskinin “Xatirələri” (1943) kimi fundamental nəşrlər hazırlanmışdı. Azərbaycan dilində fəlsəfi terminlərin yaradılmasında və marksist filosof kadrların yetişdirilməsində də Heydər Hüseynovun xidmətləri olmuşdu. O, milli ictimai-siyasi və ədəbi-fəlsəfi fikrin Bəhmənyar, Nizami, Füzuli, Abbasqulu ağa Bakıxanov, Mirzə Kazım bəy, Mirzə Fətəli Axundzadə, Həsən bəy Zərdabi kimi görkəmli nümayəndələri haqqında çoxu ilk addım kimi dəyərləndirilə biləcək tədqiqatların müəllifidir.

Elmi fəaliyyətinin diqqətəlayiq nümunəsi — “XIX əsrdə Azərbaycanda ictimai-fəlsəfi fikir tarixindən” monoqrafiyası çapdan çıxanda Heydər Hüseynovun 41 yaşı vardı. Cəmiyyətimizdəki yaş kultu baxımından müəllifi hətta “gənc alim” də adlandırmaq olardı. Lakin bu “gənc alim” həmin dövrdə Azərbaycanda humanitar sahənin ağsaqqallarından sayılırdı. Amma elmi fikrə böyük töhfələr verə biləcək akademik Heydər Hüseynov yaradıcılığının ən məhsuldar çağında ehtiyatsızlıq və təcrübəsizlikdən doğan adi təsadüfün qurbanı oldu. “Respublikanın sahibi”nin — Mir Cəfər Bağırovun və Moskva ideoloqlarının tarixi şəxsiyyətlərə münasibətdə əsaslandıqları şablondan kənara çıxması Heydər Hüseynovun yalnız Azərbaycan deyil, az qala bütün SSRİ miqyasında növbəti xalq düşməni kimi ittiham edilməsinə gətirib çıxardı. Səbəb müəllifin yuxarıda adı çəkilən “XIX əsrdə Azərbaycanda ictimai-fəlsəfi fikir tarixindən” monoqrafiyasında Mirzə Kazımbəyin “Müridizm və Şamil” əsərindən, eləcə də dağlı qəhrəmanı Şeyx Şamilin şəxsiyyəti, mübarizəsi və ideallarından bəhs etməsi, onu “qəhrəman və qəhrəmanların yaradıcısı” adlandırması idi. Bədbəxtlikdən, bu, elə vaxt idi ki, müridizm mürtəce hərəkat, Şeyx Şamil isə “ingilis və türk casusu” kimi qələmə verilirdi...”

Xalq yazıçısı Elçin Əfəndiyev “Ədəbiyyat” qəzetində işıq üzü görmüş “Mir Cəfər Bağırov kim idi? — şəxsiyyəti, əməli və taleyi” (21 may 2024-cü il) adlı məqaləsində yazır:

“Belə bir söhbət gəzirdi ki, “Pravda” qəzetində Stalin mükafatı almış əsərlərin siyahısı çıxır və Mir Cəfər Bağırov gözlənilmədən ilk dəfə bu məsələdən xəbər tutur. Elə həmin gün Heydər Hüseynovu çağırtdırır və Stalin mükafatı almış kitabı (“XIX əsrdə Azərbaycanda ictimai-fəlsəfi fikir tarixindən” monoqrafiyası) kabinetində zərblə onun başına çırpır. Mən bir müddət rəhmətlik şair və tərcüməçi İmran Seyidovla qonşu olmuşam, bir blokda yaşamışıq və o, Elmlər Akademiyasında Heydər Hüseynovun köməkçisi işləmişdi. Bir gün ondan bu söhbətin həqiqət olub-olmadığını soruşanda, İmran müəllim həmin dövrü yenidən yaşayırmış kimi, acı bir həyəcanla təsdiq etdi ki, bəli, həqiqətdir: “Kitab da qalın və ağır idi...””

Heydər Hüseynovun uğurları ona çoxlu dostla bərabər, düşmən də qazandırmışdı. Təsadüfi deyildi ki, alimin yuxarı vəzifələrə çəkiləcəyi ilə bağlı xəbərlər bir çoxlarına, xüsusən də onunla bərabər elm yolunda addımlayan paxıl və xain “alimlərə” rahatlıq vermirdi. Onlar Heydər Hüseynovu Bağırovun gözündən salmaq üçün hər vasitəyə əl atırdılar.

Ailəsi ilə bağlı faktlar dərindən araşdırılmağa, alimə qarşı kompromatlar yığılmağa başlanmışdı. Hətta Heydər Hüseynovun qardaşlarının Türkiyə vətəndaşı, qayınatasının “xalq düşməni” olmasını şişirdilmiş şəkildə Mir Cəfər Bağırova çatdırırdılar. Bu qarayaxma işləri çox keçmədən öz bəhrəsini verdi. Düşmənləri istəyinə nail oldular: həqiqətləri gizlətməkdə — Heydər Hüseynov guya əsərlərində tarixi həqiqətləri gizlədir və təhrif edirdi — ittiham olunan alimə töhmət verildi.

Bir müddət sonra bu hücumlar kütləvi xarakter aldı. Görkəmli alimin elmi fəaliyyətinin mükafatlandırılmasına baxmayaraq, ona qarşı respublika rəhbərliyində dözümsüzlük başladı və şəxsən Mir Cəfər Bağırov tərəfindən kəskin tənqid edildi. Hətta Mir Cəfər Bağırov Azərbaycan KP MK-nın SSRİ Nazirlər Soveti qarşısında onun aldığı Stalin mükafatlarından məhrum edilməsi barədə vəsatət qaldırdı və vəsatət təmin edildi.

Professor Fəridə Səfiyeva “Milli varlığına bağlı olan alim” adlı məqaləsində yazır:

“Fevralın 14-ü Moskvaya, Ali Sovetin sessiyasına getməyə hazırlaşan alimi gecə saat 2-də MK-ya çağırır, Türkiyənin və İngiltərənin casusu Şamil haqqında əsər yazmaqda ittiham edirlər. Fevralın 15-i isə Akademiyaya gələn Heydər Hüseynov müavini Y. Tokarjevskinin onun yerində oturduğunu, seyfindən sənədlərinin, partiya biletinin götürüldüyünü görür. Alim başa düşürdü ki, “yuxarı”da artıq onun taleyini həll etmişlər və onun üçün “artıq hər şey bitmişdir”. Bu mənəvi basqılara tab gətirə bilməyən alim 1950-ci ilin mart ayının əvvəlində Akademiyadakı iş otağında hər iki biləyinin damarlarını kəsir. Heydər Hüseynovu xilas etmək mümkün olur. Alimin bu hərəkəti düşmənlərinə daha bir fürsət verir. Onlar Heydər Hüseynovun bu addımını partiyaya qarşı etiraz kimi qiymətləndirir və Bağırovun gözündə onu daha da nüfuzdan salırlar. H. Hüseynova qarşı kampaniya vüsət alır. Alim tutduğu bütün vəzifələrdən uzaqlaşdırılır...”

Görkəmli alimin qızı Sara xanım o günləri belə xatırlayır:

“Atam tamam qocalmışdı. Ancaq gözləri gözəlliyini saxlamışdı. Yeddi ay öz evindən çölə çıxmadı ki, həbs edəsi olsalar, küçədə, camaatın gözü qarşısında olmasın. Bir kimsəni güdaza verməmək üçün dostlarının heç biri ilə əlaqə saxlamırdı. Yalnız ən yaxın dostu Məmməd Arifə zəng edirdi. Səsini eşidincə dəstəyi asırdı. Çünki onun telefonuna qulaq asırdılar. Bu cür gərginlik içində yaşaması, nəhayət, onu son addımı atmasına səbəb oldu”.

Bəli, akademik Heydər Hüseynov 1950-ci il iyulun 14-də Filarmoniyanın yay salonunda ölkə ziyalılarının iştirakı ilə keçirilən plenumdan sonra ona qarşı yürüdülən amansız siyasətə, təqiblərə və təzyiqlərə son vermək, habelə Mir Cəfər Bağırovun təhdidlərindən qurtulmaq üçün intihar etdi; yaşadığı mənzildə özünü asdı.

O, bu hadisədən bir qədər əvvəl, qeyd etdiyimiz kimi, iş otağında damarlarını kəsərək intihara cəhd etmişdi. Lakin görkəmli cərrah, professor Mustafa Topçubaşov onu ölümdən xilas etmişdi. Ancaq son cəhdi ölüm ilə nəticələndi.

Heydər Hüseynov ailəsini, övladlarını və ən əsası, onun elminə və işığına möhtac olan tələbələrini başsız qoyaraq həyatdan getdi. Həyat yoldaşı yaşadıqları mənzilin otağına daxil olarkən ərinin cansız bədənini gördü. Onun fəryadı bütün Azərbaycanı bürüsə də, qorxu və əsarətin kök saldığı cəmiyyətdə bu səs, bu acı fəryad eşidilmədi.

Qızı Leyla xanım danışırmış ki, intihar etməmişdən əvvəl atası gecə onları üzlərindən öpüb. Gördü ki, gözləri yaşarıb. Səhərə yaxın isə anasının qışqırığını eşidiblər...

O gün Heydər Hüseynovun ölümü ilə bərabər haqq və ədalət, elm və mədəniyyət böhtanların, yalanların ayağına verildi. Görkəmli alim Heydər Hüseynov Birinci Fəxri xiyabanda dəfn olundu.

Heydər Əliyev onun haqqında danışarkən “əqidə şəhidi” ifadəsini işlədirdi.

Bəli, Heydər Hüseynov nakam ömür yaşayan, həyatının ən məhsuldar çağında dünyadan köçən “əqidə şəhidi” idi. Allah rəhmət eləsin...

Sizin reaksiyanız nədir?

Bəyən Bəyən 0
Bəyənmədim Bəyənmədim 0
Sevgi Sevgi 0
Əyləncəli Əyləncəli 0
Əsəbi Əsəbi 0
Kədərli Kədərli 0
Vay Vay 0
Tural Adışirin AMEA-nın Şəki Regional Elmi Mərkəzinin "Ədəbi-mədəni mühit və folklor" şöbəsinin elmi işçisi, Yazici.az ədəbiyyat portalının baş redaktoru