Adi adamın meracı - Hekayə

İyn 8, 2026 - 20:51
 0  21
Adi adamın meracı - Hekayə

Yazıçı Ədəbiyyat Portalı Pünhan Şükürün "Adi adamın meracı" hekayəsini təqdim edir.

Yaşlı Kişi hər axşamüstü adəti üzrə parkda yürüyərək dövrə vururdu. Skamyada qolboyun olan gənc cütlüyün yanından keçəndə cavanlığı yadına düşür, qeyri-ixtiyari özünü təravətli göstərmək, sürətini artırıb qaçmaq istəyirdi. Di gəl, addımlarını bir az yeyinlədəndə dizlərində sızıltı hiss edib bu fikirdən vaz keçirdi.

Parkda rastlaşa biləcəyi tanışlardan üzünü gizlətmək üçün gödəkcəsinin kapyuşonunu başına çəkir, zəncirbəndini çənəsindən də yuxarı, alt dodağına qədər dartırdı. İstəmirdi kimsə onu həyata bağlayan bu yeganə həzz duyduğu məşğuliyyətdən ayırsın. Bununla sağlamlığını qoruduğu qənaətindəydi. Ona elə gəlirdi ki, həm də hərəkət edəndə axır vaxtlar kütləşən hafizəsi bir az itiləşir, zehni aydınlanır, olanları yaxşı xatırlaya, olacaqları düzgün təxmin edə bilir. Ancaq o axşam baş verəcək hadisə yuxusuna belə girməzdi...

Yəqin, ömrünün payızını kasıbçılıqla qarşıladığından, qohum-əqrəbadan onu ziyarət edən yox idi. Özü gedib baş çəkməsə, oğlu, qızı da yaxşı halda yalnız telefonla hal-əhval tuturdular. Olsa-olsa, ildə bir dəfə atalarının ad günündə, ya da mərhumə analarının vəfatının ildönümündə bir araya gəlirdilər. Hətta o ailə tədbirləri də həmişə Kişinin öz təşəbbüsü ilə alınırdı. Öz növbəsində bayramları, övladlarının təvəllüd, hətta toy-nişan tarixlərini ötürməmək üçün əvvəldən yaddaş qeydləri aparır, vaxt çatanda əzizlərini təbrik etmək fürsətini qaçırmırdı. Hərçənd, cavan ailələr təqvimin özləri üçün əlamətdar olan günlərinin sevincini bir qayda olaraq evlərində deyil, başqa əyləncə məkanlarında, uyğun bildikləri adamlarla böldükləri üçün onların ağızucu dəvətlərini qəbul etməkdən yayınırdı. Bir də, hər ayın başında pensiya almağının vaxtı çatanda tələbə nəvəsi zəng vurub cibxərcliyi istəyirdi. Zalım oğlu ondan ötrü burnunun ucu göynəyən babası ilə görüşüb pulu əlbəəl götürməyə də ərinir, bank hesabına köçürülməsini israr edirdi.

...O axşam xeyli vaxt idi ki, trayektoriyası həyəcanla izlənilən göy cismi Yer atmosferinə daxil oldu və bu toqquşma havanın yuxarı qatında gözlənilən partlayışla müşayiət olundu. Bəlli oldu ki, bu nəhəng cisim heç də astronomların hesab etdikləri kimi Yer səthinə dağıdıcı güclə çarpacaq meteorit deyil, idarə olunan naməlum uçan obyekt imiş.

Obyekt Yer səthinə yaxınlaşarkən sürətini tədricən azaltdı və gəlib Kişinin gəzişdiyi parkın üstündə havada asılı vəziyyətdə dayandı. Parkdakılar təşviş içində, haray-həşirlə dağılışdı. Kişi başını qaldırıb yuxarı baxdı. Kosmik gəminin projektorlarından düşən gur işıqdan gözlərini qorumaq üçün əlini günlük tək alnına dayadı. Sonra bayaq sevgililərin qucaqlaşdığı boş skamyaya baxdı. Bir-iki dəqiqə çaşqınlıqdan sonra heç nə olmayıbmış kimi parkın perimetri üzrə yürüməyə davam etdi. Sanki özü özünə sübut etmək istəyirdi ki, qorxub qaçan ağciyər gənclikdən cəsarətlidir.

Bir azdan parkın ətrafındakı binaların sakinləri dünyanın heç də dağılmadığını, bu mövzuda çəkilən fantastik filmlərdə göstərildiyinin əksinə olaraq, elektrikin belə kəsilmədiyini, rabitədə problemin yaranmadığını, cihazların işləməkdə davam etdiyini görüb yavaş-yavaş özlərinə gəlməyə başladılar, pəncərələrdən heyrətlə tamaşa etdiklərini video-qeydə alıb sosial şəbəkələrdə paylaşdılar.

Gecədən səfərbər olunan güc strukturları təhlükəsizlik məqsədilə ərazini təcrid etdilər və heç kəsi yaxına buraxmadılar. Təcili iclas keçirən Təhlükəsizlik Şurası əhalinin evakuasiyası tədbirlərini zəruri saymadı; o məntiqlə ki, gəlmələrin hücum edəcəkləri halda dünyaya, bəşəriyyətə vura biləcəkləri ziyanın həcmini və miqyasını əvvəlcədən nəzərə almaq mümkünsüzdü. Yerli və xarici uzmanlar, hərbi ekspertlər məşvərət aparıb dəvətsiz qonaqların məqsədini müəyyənləşdirmək üçün mülahizələr yürüdürdülər. Bəraehtiyat, şəhər sakinlərinə hələlik evdən bayıra çıxmamaq tövsiyə olunur, mühitin radiasiya fonu mütəmadi ölçülürdü.

Ertəsi günün müəmmalı hadisəsi Kişinin parkı dövrə vurmuş olduğu vəziyyətdə kosmik gəminin rakursundan çəkilmiş nəhəng miqyaslı görüntüsünün səmada holoqram kimi mənzərə yaratması oldu. Sutka ərzində Yerin ən müxtəlif nöqtələrindən qeydə alınan bu müdhiş ilğım müşahidəçilərdə hədsiz maraq doğururdu. Jurnalistlər tezliklə Kişini tapıb müsahibə aldılar:

– Cənab, Siz o gün uçan boşqabın gəldiyi yerdə idiniz. Nə hiss edirdiniz?

– Mən də ilk əvvəl hamı kimi qorxu, həyəcan duydum.

– Bəs necə oldu, hamıdan fərqli olaraq qaçmadınız?

– Mən elə də maraqlı keçməyən ömrümün qışını yaşayıram. Son dərəcə adi həyat hekayəm, zəngin olmayan tərcümeyi-halım heç kəsə maraqlı deyil. O üzdən, heç olmasa, qeyri-adi, yaddaqalan şəkildə ölmək istəmişəm. İnanın, meteorit xəbərləri çıxandan bəri arzulayırdım ki, kaş, o göydən gələn qara daş heç kəsin yox, təkcə mənim başıma düşəydi. Bəlkə özüm kimi başqa adi adamlar üçün Kəbəyə, qibləgaha çevrildim. Axı, bir nəfərin ölümü faciədir, milyonların ölümü isə statistika. Di gəl, alınmadı. İndi də o parka getmək istərdim, heyf, buraxmırlar. Daha yürümək üçün stadiona gedirəm.

– Səmadakı görüntülərinizdən xəbəriniz var? Bu, Sizə necə təsir bağışlayır?

– Düzü, mən televizora-zada baxmıram. Dünən qızım zəng eləyib xəbər verdi. Baxdım. Özüm də təəccübləndim. Bu axşam da oğlum ailəsi ilə gələcək, gecə daha aydın görəcəyik. Yeganə dəyişiklik odur ki, qohumlarım, itib-batan dost-tanışım, çoxdandı səsi-sorağı gəlməyən keçmiş həmkarlarım mənimlə maraqlanmağa başlayıblar.

– Səhhətinizdə, fiziki və psixi vəziyyətinizdə hansısa dəyişiklik, fövqəltəbii güc hiss edirsiniz? Həkim müayinəsindən keçmisinizmi, xüsusi xidmət orqanları tərəfindən hansısa yoxlamaya məruz qalmısınızmı?

– Elə mənimlə maraqlananların hamısı oxşar suallar verirlər. Deyirlər ki, sənə vergi verilmiş ola bilər, xəstələri sağalda bilərsən, gələcəkdən xəbər verə bilərsən, bəlkə heç ölmədin, dünya durduqca yaşadın. Övladlarıma deyiblər ki, bəlkə atanızı yadplanetlilərə qoşub göndərdilər kosmosa, elə olan halda qayıtmasa belə, ailənin üzvləri təzminat alacaqlar. Hələ ki, bunların heç biri yoxdur. Yalnız o vaxt parkda olan bir çoxları kimi mənim də stresə məruz qalmağım, şüalanıb-şüalanmadığım yoxlanılıb. Şükür, müayinədən salamat çıxmışam.

– Yadplanetlilərin hansısa mesajı olurmu, məsələn, qəribə yuxular görürsünüzmü?

– Hamı kimi məni də bu işlərin axırı düşündürür. Heç bir mesaj-filan da almıram. Çoxdandı yuxusuzluqdan əziyyət çəkirəm. Gecələr iki-üç saat yatıram. Onu da möhkəm yatıram deyə yuxu görmürəm. Görürəmsə də, oyananda xatırlamıram. Bu məsələ ilə manipulyasiya etmək fikrindən uzağam.

– Elə isə son sualımıza cavab verin. Ola bilsin, kosmik gəmi gəldiyi kimi çıxıb getsin, yaxud, bizimkilər onu zərərsizləşdirsinlər. Səmadakı görüntünüzün əbədi qalmasını istərdinizmi?

– Mən bu sualınıza cavablayacam. Bir şərtlə ki, ictimailəşdirməyəsiniz...

Axırıncı sual-cavabı qayçılanmış müsahibə sürətlə müxtəlif dillərə tərcümə edilərək hər yerə yayıldı. Məlum oldu ki, müsahibənin qəhrəmanının yerində olmaq istəyən xeyli könüllülər varmış! Hətta dünyanın o başından gəlib parka buraxılmaq, uçan boşqabdakıların diqqətini çəkmək üçün ətək-ətək pul təklif edənlər tapıldı.

Dünya Təhlükəsizlik Şurasını isə başqa kritik məsələlər qayğılandırırdı. Belə ki, yadplanetli qonaqların təşrif buyurmasından ötən müddət ərzində tək bir şəhərdə, bir ölkədə deyil, bütün dünyada xaos müşahidə olunurdu. Qarşılıqlı etimada əsaslanan əlaqələr gələcəyə inamsızlıqdan dolayı zəifləyib qırılır, müqavilə öhdəlikləri yerinə yetirilmir, iqtisadiyyatlar çökür, maliyyə böhranı dərinləşir, inflyasiya həndəsi silsilə ilə artır, ərzaq çatışmazlığı ciddiləşirdi. Dindarlar Dəccalın zühur etməsindən danışır, ayrı-ayrı yerlərdə lokal toqquşmalar baş verir, dünya müharibəsi təhlükəsi artır, qonşu dövlətlər arasında sərhədlər bağlanırdı. Səhiyyənin onsuz da zəif olduğu kasıb ölkələrdə ölümcül epidemiyalar yayılmışdı.

Uçan boşqabdakılarla ünsiyyət qurmaq üçün verilən bütün siqnallar isə cavabsız qalırdı. Fərziyyə irəli sürülmüşdü ki, bəlkə də heç yadplanetlilərin özləri gəlməyiblər, gəmini avtopilot idarə edir. Kosmik gəmi nə qədər zərərsiz görünsə də, döyüş hazırlığı vəziyyətinə gətirilmiş silahlı qüvvələr yadplanetlilərin nəbzini yoxlamağa cəhdlər etməyə başlamışdılar. Doğrudur, onun üzərinə hücum etməyə tərəddüd edirdilər, çünki nə ilə cavab verəcəyini bilmirdilər. Birmənalı həqiqət idi ki, biz onları deyil, onlar gəlib bizi tapıblarsa, demək, texnoloji cəhətdən bizdən üstündürlər. Bununla belə, dronlar gəminin ətrafında təxribatçı reydlər aparır, gəlmələrin hər hansı bir reaksiyasını qeydə almağa çalışırdılar.

Gəmi isə susur, tərpənmirdi. Nə mühərriki görünürdü, nə istifadə etdiyi yanacağın növü bilinirdi. Fizikanın hansı qanunu ilə işlədiyi naməlum idi. Və bu sükut Yer sakinlərinin əndişəsini daha da artırırdı.

Günlərin bir günü uçan boşqab hərəkətə gəldi, şəhərin başqa səmtinə tərəf yönəlib, stadionun üzərində qərar tutdu. Bu dəfə də ilk gəlişində baş verən olaylar təkrarlandı. Yenə hamı dağılışdı, bircə yaşlı Kişi qaldı. Başını qaldırıb sanki köhnə tanışı ilə salamlaşırmış kimi əlini havada yellədi və adəti üzrə yürüdü. Yox, yürümədi, əməlli-başlı qaçdı. Təngnəfəs, tər içində qaçdı. Sanki Marafon Düzündəki qələbənin xəbərini afinalılara çatdırmağa tələsən yunan əsgər kimi qaçdı. Az əvvəl stadiondan uzaqlaşanlar da ürəklənib geri qayıtdılar. Ona qoşulub ardınca qaçdılar. İzdiham böyüdü.

Birdən hardansa güllə səsi eşidildi. Kişi üzüqoylu yerə yıxıldı. Hamı başına toplaşdı. Bu zaman stadionun üzərindəki kölgə çəkildi. Uçan boşqab sürətlə Yeri tərk elədi. Onunla birgə göy üzündəki ilğım da yox oldu.

Sonra neçə-neçə psixopat adam polisə könüllü təslim olub Kişinin şəxsində Dəccalı öldürdüyünü iddia etsə də, istintaq onları qatil kimi tanımadı.

Sonra oğlu Kişinin kross ayaqqabılarını, idman gödəkçəsini hərraca çıxarıb yüksək qiymətə satdı. Qızı jurnalistlərə müsahibələr verərək, atasının necə qeyri-adi insan olduğuna dair cəfəngiyyatlar danışdı.

Sonra şəhər bələdiyyəsi uçan boşqabın rezin maketini havadan yüngül qaz ilə doldurub parkda nümayiş etdirməyə, yadplanetlilərin təqlidi ilə müşayiət olunan konsertlər təşkil etməyə başladı.

Hərçənd, bütün bu çal-çağıra, atəşfəşanlığa baxmayaraq, bəlli idi ki, dünya daha əvvəlki kimi olmayacaq. Artıq bəşəriyyətin daimi narahat olmasına ciddi səbəb var – Onlar mütləq yenə gələcəklər!

Bu tarixçənin epiloqu Kişinin müsahibəsinin qalan yarısının yayılması oldu:

– ...O görüntülərimin göyün yeddinci qatında qalması mənə yaxşı heç nə vəd etmir. Bəllidir ki, hadisə insanlarda maraq, mənim doğmalarımda sevinc, bəlkə də qürur hissi doğurur. Amma get-gedə başqalarında əvvəlcə qibtə, sonra qısqanclıq baş qaldıracaq, “niyə mənim yox, məhz onun şəkli göyə çıxmalıdır” deyə öz-özlərinə sual verəcəklər. Daha sonra ulduzlu göyün gözümüzün öyrənişdiyi həmişəki mənzərəsini pozan bu işıq effekti hamını bezdirəcək, ondan qurtulmağın yolunu axtaracaqlar. Tapa bilməyəcəkləri halda bilirsiz nə edəcəklər?

– Nə?

– Məni öldürəcəklər.

– Niyə?

– Əminəm. Ya paxıllıqdan, ya da cahillikdən, axır ki, bu, baş verəcək. Hətta ola bilsin, başbilənlər eksperiment xatirinə məni qurban versinlər. Axı cadugər ovçuluğu, alimi tonqalda yandırmaq, dərisini soymaq hərisliyi bizim fitratımızdadır. Bizə yalnız uçan boşqabın gəldiyi kimi də çıxıb getməsi, ya da onu məhv etməyimiz məqbuldur. Üçüncü variant – bizə heç bir fayda vermədən sakitcə durduğu vəziyyətdə qalması sərf eləmir. Daha nə deyim? Mən ölümə hazıram. Sağlığımda hamının məni cənnətə qısqandığını bilsəm, ölüb cəhənnəmə getməyə razı olaram.

Sizin reaksiyanız nədir?

Bəyən Bəyən 1
Bəyənmədim Bəyənmədim 0
Sevgi Sevgi 0
Əyləncəli Əyləncəli 0
Əsəbi Əsəbi 0
Kədərli Kədərli 0
Vay Vay 0