Anar Eminov: Mir Cəlal irsi elmi-əxlaqi və pedaqoji kamilliyin məktəbidir
Azərbaycan elmi-ədəbi və pedaqoji düşüncə tarixində özünəməxsus məktəb yaratmış görkəmli yazıçı, ədəbiyyatşünas alim və pedaqoq Mir Cəlal Paşayevin irsi bu gün də milli-humanitar elmin inkişafında mühüm elmi-metodoloji və mənəvi-əxlaqi baza kimi aktuallığını qorumaqdadır.
Onun yaradıcılığı bədii ədəbiyyat nümunəsi olmaqla yanaşı, həm də insan davranışının sosial-psixoloji əsaslarını, cəmiyyətin mənəvi strukturunu və milli şüurun formalaşma mexanizmlərini tədqiq edən sistemli elmi düşüncə modeli kimi dəyərləndirilir. Mir Cəlal Paşayev Azərbaycan ədəbiyyatında realist nəsrin elmi əsaslarla inkişafına mühüm töhfə vermiş, bədii mətnin təhlilində yeni nəzəri yanaşmaların formalaşmasına şərait yaratmışdır.
Yazıçı Ədəbiyyat Portalı xəbər verir ki, bu fikirləri Azərtaca-a açıqlamasında Mingəçevir Dövlət Universitetinin rektoru Anar Eminov bildirib.
Onun “Bir gəncin manifesti”, “Dirilən adam”, “Açıq kitab”, “Yaşıdlarım”, “Təzə şəhər” və “Yolumuz hayanadır?” kimi əsərləri Azərbaycan nəsrinin mühüm mərhələsini təşkil etməklə bərabər, insan xarakterinin, ictimai münasibətlərin və mənəvi dəyərlərin elmi-bədii interpretasiyasını təqdim edən fundamental ədəbi nümunələrdir.
Eyni zamanda Mir Cəlal Paşayevin elmi və pedaqoji fəaliyyəti onu Azərbaycan ali təhsil sistemində xüsusi məktəb yaradan müəllim kimi fərqləndirir. O, universitet auditoriyasında sadəcə bilik ötürən müəllim olmaqla kifayətlənməmiş, eyni zamanda elmi düşüncə mədəniyyəti, intellektual məsuliyyət və mənəvi kamillik formalaşdıran pedaqoji sistemin əsasını qoymuşdur.
Rektor diqqətə çatdırıb ki, Mingəçevir Dövlət Universitetində bu günlərdə “Mir Cəlal Paşayev irsi: ədəbi, elmi və pedaqoji düşüncənin müasir çağırışlar kontekstində tədqiqi” mövzusunda elmi-praktik konfrans keçirilib. Universitetin professor-müəllim heyəti, ədəbiyyatşünas alimlər və pedaqoqların iştirak etdiyi konfransda Mir Cəlal irsinin müasir humanitar elmdə rolu geniş şəkildə müzakirə olunduğunu qeyd edən Anar Eminov bildirib ki, bu tədbir universitetin elmi fəaliyyətində mühüm hadisə kimi yadda qalmışdır.
Professor Xalid Əlimirzəyevin “Mənəvi borc” əsərində də qeyd olunduğu kimi, Mir Cəlal müəllimin şəxsiyyətində xeyirxahlıq və qayğıkeşlik davranış elementi deyil, onun daxili mənəvi təbiətinin ayrılmaz hissəsi idi.
Anar Eminov xüsusi diqqətə çatdırıb ki, müasir dövrdə ali təhsil müəssisələrimizin əsas strateji hədəfi sadəcə ixtisaslı kadr hazırlamaq deyil, eyni zamanda elmi düşüncəyə malik, milli-mənəvi dəyərlərə bağlı, yüksək intellektual və etik məsuliyyət daşıyan şəxsiyyətlərin formalaşdırılmasıdır. Bu baxımdan Mir Cəlal Paşayev irsi bizim üçün həm tarixi miras, həm də müasir təhsil fəlsəfəsinin mühüm dayağıdır.
Öz təşəbbüsü və layihə rəhbərli olduğu Mir Cəlal Paşayevin seçilmiş ibrətamiz hekayələrindən ibarət “İnsanlıq fəlsəfəsi” adlı üçdilli nəşr layihəsindən söz açan rektor vurğulayıb ki, kitabı 3 dildə türk, qazax və özbək türkcəsində nəşrə olunub. Məqsədimiz bu kitablar vasitəsilə Mir Cəlal müəllimin insanlıq, fədakarlıq, saf niyyət vicdan, zəhmət və əxlaq üzərində qurulan pedaqoji-fəlsəfi düşüncəsinin geniş coğrafiyada yeni nəsillərə çatdırılmasıdır.
"Mir Cəlal Paşayev irsi Azərbaycan humanitar elminin inkişafında elmi-əxlaqi dəyərlərin və pedaqoji kamilliyin vəhdətini ifadə edən fundamental məktəbdir və bu məktəb müasir dövrdə də öz aktuallığını və elmi əhəmiyyətini qorumaqda davam edir", - deyə Anar Eminov fikirlərini yekunlaşdırıb.
Sizin reaksiyanız nədir?
Bəyən
0
Bəyənmədim
0
Sevgi
0
Əyləncəli
0
Əsəbi
0
Kədərli
0
Vay
0