Bat sinəmə nizə dərdim - Qoşqar Qaraçaylının şeirləri
Yazici.az ədəbiyyat portalı Qoşqar Qaraçaylının şeirlərini təqdim edir.
* * *
Adını nə qoyum sənin,
Təzə dərdim, təzə dərdim...
Gəlməyəsən heç bir zaman,
Gözə dərdim, gözə dərdim...
Sualsanmı, cavabsanmı,
Günahsanmı, savabsanmı..
Gözlədiyim əzabsanmı,
Bat sinəmə nizə dərdim...
Ruhuma çök, fikrimə bax,
Damla-damla könlümə ax..
Oxu məni varaq-varaq..
Çək yaramı közə, dərdim...
Sənə qəza, qədər deyim,
Xeyir yoxsa, de, şər deyim..
Səni necə gətirməyim,
Sözə dərdim, sözə dərdim...
Əzizləyim beşikdəmi,
Evdəmi ya eşikdəmi..
Söylə qalım keşikdəmi,
Sənə əsə-əsə, dərdim...
Utanma, su-çörək verim,
Arzu verim, dilək verim..
Bəlkə ürək-dirək verim,
Narahatsan.. nəsə, dərdim...
Baxma ömür-gün başqadı,
Çəkdiyim zülüm başqadı...
Yaşamağın budur adı..
Anla məni kəsə, dərdim...
Qaraçaylı, bu mən, bu sən,
İnanarsan, söylə, desəm..?
Yazdığım ən son nəğməsən,
Gözəl dərdim, gözəl dərdim...
* * *
Həyat adlı bu qəfəsdə,
Açılmayır hər dan, ömür...
Aldığımız bu nəfəs də,
Yalan imiş, yalan, ömür...
Bəhanəymiş hər doğru da,
Hər sual da, hər sorğu da..
Canımızdakı ağrı da...
Qalan imiş, qalan, ömür...
Sorma hansı aləmdi bu..
Borcdu yoxsa, sələmdi bu...
Qızıl deyil ki, qəmdi bu..,
Kimdir bizdən alan, ömür...
Doğru Allah, düz,-Allahdı,
Ocaq Allah, köz,- Allahdı..
Ən qiymətli söz,-Allahdı...
Allah, Allah... balam ömür...
* * *
Sənə baxan gözlərim,
Yoluna baxır indi...
Köksümdə xatirələr,
Elə darıxır indi...
Əllərindən ayrılan,
Əllərim yetim qalıb..
Nəfəsin toxunmayan,
Tellərim yetim qalıb...
Zəng etmirsən, telefon
Əlimdə can üstədi..
Sənsiz duyğularım da,
Hisslərim də xəstədi...
Ən xoş keçən gün belə,
Sənsiz adi gün olub...
Sən gedəndən xəyalım,
Arxanca sürgün olub...
Tapa bilmirəm indi,
Özümü itirmişəm...
Sənə söyləmədiyim,
Sözümü itirmişəm...
Sənlə keçən günlərim,
Şirin yuxuya dönüb...
Gedişin ürəyimdə,
Dərdə, ağrıya dönüb...
Bir qurtum da su keçmir,
Boğazımdan biləsən...
Sən sinəmi göynədən,
Görən hansı naləsən...
Sənə bir yol əlvida,
Deməyə dilim gəlmir...
Nə sən gəlirsən, nə də,
Bir dəli ölüm gəlmir...
Sən yaralı pərvanə,
Mən indi tənha şamam...
Eh..,ayrılıq ömrümü,
Yedi qurtardı tamam...
Niyə əhdimizə de,
Axı doğru olmadıq..,
Birimiz od olsaq da,
Birimiz su olmadıq...
Sənə baxan gözlərim,
Yoluna baxır indi..,
Köksümdə xatirələr,
Elə darıxır indi...
***
Gözümüzdə acı hicran saxlayar,
Qəlbimizi bir az yavan saxlayar,
Qocalarıq, bizi cavan saxlayar,
Gec-gec yada saldığımız, şəkillər...
Könlümüzdən, perik düşər, bilmərik,
Fikrimizdən nələr keçər.., bölmərik..,
Üstünə toz qonar, bəzən, silmərik..,
Bir vaxt qurban olduğumuz şəkillər...
Həyat nədir? sual-sual yağarıq.
Olanından gözümüzə yığarıq.
Darıxanda bircə-bircə baxarıq,
Xəyallara daldığımız şəkillər...
Ürəyimiz, əsim-əsim əsəndə,
Bir gözəldən sevgi üstə küsəndə..,
Qapımızı ayrılıqlar kəsəndə..,
Əlimizdən saldığımız şəkillər...
Tural Adışirinin təqdimatında..
Sizin reaksiyanız nədir?
Bəyən
0
Bəyənmədim
0
Sevgi
0
Əyləncəli
0
Əsəbi
0
Kədərli
0
Vay
0