Bir də gördün yox oldu adam - Yubilyar şairlərdən şeirlər..
Müasir Azərbaycan ədəbiyyatının görkəmli nümayəndələri Camal Yusifzadə, Ələkbər Salahzadə və İsa İsmayılzadənin 85 illik yubileyidir.
Yazıçı Ədəbiyyat Portalı bu münasibətlə yubilyar şairlərdən seçmə şeirlər təqdim edir.
Camal Yusifzadə
Ay qonşu, bu evin yiyəsi hanı?
(Anamın xatirəsinə)
Uzaqdan, uzaqdan,
Çox-çox uzaqdan,
Darıxıb gəlmişəm,qaçıb gəlmişəm,
Ay qonşu, bu evin yiyəsi hanı?
Eyvanda çıxardım ayaqqabımı,
Açdım pəncərəni, açdım qapını,
Görmədim qonağı qarşılayanı
Ay qonşu, bu evin yiyəsi hanı?
Yağış suvağını yuyur bu evin,
Külək şüşəsini döyür bu evin,
Sükut hay- küyünü qovur bu evin,
Zaman taxtasını ovur bu evin,
Ay qonşu, bu evin yiyəsi hanı?
Qapıda soyumuş bir əl yeri var,
Həyətdə qurumuş ayaq yeri var,
Alça ağacının sol tərəfində
Külü laxtalanmış ocaq yeri var;
Ay qonşu, bu evin yiyəsi hanı?
Uzaqdan gəlmişəm, ay ev yiyəsi,
Darıxıb gəlmişəm,uçub gəlmişəm,
Kül olub gəlmişəm, ay ev yiyəsi.
Hər dəfə, hər dəfə ay ev yiyəsi,
Qovrula-qovrula gəlib gedirəm,
Hər dəfə, hər dəfə, ay ev yiyəsi,
Bu həyət-bacadan,
qonum-qonşudan
Soruşub gedirəm;
Ay qonşu bu, evin yiyəsi hanı ?
Payızım oy, qışım oy
Əhməd Oğuza
Payızın başı üstdən
Birər-birər qar gəlir;
Payızım oy, qışım oy.
İndi bilirəm ki, nə itirmişəm;
Birər-birər günlərim;
Birər-birər yaşım oy.
Göy üzündən
Yer üzünə qar gəlir,
Kişilikdən danışmaq
Yaman mənə ar gəlir.
Ümidi vağam olan
Torpağım oy, daşım oy!
Ovcumun arasında
Havalanmış başım oy.
Düzü-dünya ələnibdi ağappaq;
Meşəsi ağ,
Baxçası ağ, dağı ağ;
Dağım, bağım, qarım oy.
Nə yaxşı ki, sifarişlə ələnmir,
Yağır, yağır, yağır oy,
Yağır, yağır özbaşına;
Ayının yuxusuna,
İgidin qorxusuna,
Alçağın baş daşına;
Namərdim oy, mərdim oy!
Hələ məni gözləyən
Diri gözlü dərdim oy.
Varlığım qara təşnə,
Ardıc gözlü ocağım,
Çörək dolu tabağım,
Eşq havalı otağım;
Ocağım oy, eşqim oy.
Laxtalanmış bəxtim oy.
Dostların başı üstə
Qaldırılan taxtım oy.
Payızın başı üstdən
Birər-birər qar gəlir...
Niyə belə soyuqdu?
Vətən mənə dar gəlir!
Vətən mənə dar gəlir.
Axtarın, axtarın, axtarın məni
Həsrəti yağışda islatmaq üçün,
Bir payız gecəsi qayıdacağam.
Axtarın yağışı, gəzin gecəni -
Bəlkə gölməçədə tapdınız məni.
Axtarın,
Axtarın,
Axtarın məni.
Bir bahar səhəri qayıdacağam.
Axtarın sahili, gəzin dənizi,
Bəlkə təsadüfən, bəlkə yenidən
İsti qum üstündə tapdınız məni.
Gözləyin,
Gözləyin,
Gözləyin məni.
Bir qış nağılına qarışacağam,
Açın nənənizin nağıl boğçasın.
Dinləyin, gözləyin səhərə kimi.
Gözləyin,
Gözləyin,
Gözləyin məni.
Bir gün qayıdacağam
Yağış damlasında, mavi dənizdə,
Nağıl boğçasında axtarın məni.
Axtarın,
Axtarın,
Axtarın məni.
Bir gün qayıtmasam da
Gözləyin,
Gözləyin,
Gözləyin məni.
Ələkbər Salahzadə
Bir də gördün
Bir də gördün beşikdi adam,
bir də gördün bəbədi.
Bir də gördün uşaqdı adam,
bir də gördün babadı.
Bir də gördün oğuldu adın,
bir də gördün atadı.
Bir də gördün yox oldu adam,
bir də gördün fotodu.
Bir də gördün oddu adam,
bir də gördün ot oldu
Bir də gördün adamdı adam,
bir də gördün ad oldu.
Axşam
Qanadlara qondu axşam–
yordu, yordu quşları.
Yarpaqlara qondu axşam –
silkələyin ağacları!
Küləklər axşam daşıdı,
küləklər yavaşıdı.
Axşam, axşam…
Qüdrətinə mat qalıb
öz yerində dondu axşam.
Gülüşlərin, sədaların
üzərində dondu axşam.
Adamlar, adamlar…
Çıraqları gur yandırıb
işığını itilədi, –
Kölgələri qapılardan itələdi.
Axşamüstü
axşam üstə
atam çəkic vurdu,
anam paltar ütülədi.
Biz əl verib görüşəndə
axşam sanki sıxılırdı,
çırpınırdı əlimizdə!..
Yarpaqlara qondu axşam –
silkələyin ağacları!
Düzəlmədi
Gözlədim –
Bu dünya düzələ bəlkə,
Otuzumda düzəlmədi.
Otuz yazı otuz qışa
Uduzdum da düzəlmədi…
Döz, dedim,
Bu dünya bəlkə düzələ;
Yolum boyu düz getməyə
Bir yerində düzəlmədi.
Qırxımda düzəlmədi,
Qırx birimdə düzəlmədi.
Yüz dedim,
Bircə gün düzələ bəlkə,
Düz ilə, doğruyla düz gələ bəlkə;
əyildi ki, əyildi,
əllimdə də düzəlmədi.
Bildim, bala, düzəlmədi,
Qaldım, baba, düzəlmədi,
Öldüm, dədə, düzəlmədi!..
İsa İsmayılzadə
Güllələr demədi...
Getdilər. Getdilər fit çala-çala,
Getdilər atları çimizdirməyə –
Bizi aparmadılar,
Qulançar yığmağa, moruq dərməyə
Bizi aparmadılar.
Yalvarıb-yalvarıb, dil tökəndə biz
onlar üstümüzə ol ələdilər,
qışqırıb-təpinib, hədələdilər:
«Hələ uşaqsınız… nə yaşınız var…»
Bir gün xəbər gəldi: dava başlanıb…
Onlar əsgərliyə çağırıldılar.
Nə tütək çaldılar, nə fit çaldılar,
fikirli oldular, ağır oldular…
Yola salanlara qoşulanda biz
yalvarıb-yalvarıb, dil tökdü onlar:
«Gəlməyin, qayıdın… geri qayıdın…
Qayıdın atları çimizdirməyə,
Qulançar yığmağa, moruq dəyməyə».
Biz getdik atları çimizdirməyə,
qulançar yığmağa, moruq yeməyə:
düşüb arxamızca gəldi uşaqlar.
Dilimiz gəlmədi bir söz deməyə.
Onların yoxluğu düşdü araya,
Oyunlar, «məclislər» qaldı yarımçıq.
Toylar da seyrəldi, toyxanalar da,
aşıq da havanı çaldı yarımçıq –
Kəndimiz yamanca uralanmışdı,
hərdən korun-korun yanırdı ocaq.
Bir ağzıgöyçək də qaralanmışdı:
«Deyəsən, gedənlər qayıtmayacaq» -
Mərmilər, güllələr fit çala-çala
Hey böyür-başından ötdü onların.
Kətmən vura-vura, ot çala-çala
baxdıq yollara.
Getdilər, getdilər Berlinə sarı,
getdilər, getdilər ölümə sarı.
Güllələr demədi: geri qayıdın.
Lülələr demədi: geri qayıdın,
qəlpələr demədi: geri qayıdın,
hələ uşaqsınız, nə yaşınız var…
Mən bir termos şüşəsiyəm
Mən bir termos şüşəsiyəm,
çilik-çilik olmuşam,
tökülmüşəm içimə.
(Eh, kimin nə vecinə)
Birinin gözlərindən,
birinin ürəyindən
qolaylanıb atılanda,
tənhalığın üstünə düşüb, sınmışam –
necə sındığımı heç kəs görməyib,
Heç kəs öilməyib.
Mən bir termos şüşəsiyəm –
pərtliyin də üstünə,
sərtliyin də üstünə
düşəsiyəm bugun-sabah.
Mənim ürəyimin qırıntıları
qəlpəyə dönə bilər,
dostuma, tanışıma, arzuma deyə bilər…
Bir gecə
kiminsə əlləri qonaq gələcək,
kiminsə nəfəsi qonaq gələcək
kövrəlmiş ürəyimə.
Toplayıb bir yerə qırıntıları
düzəcək yan-yana.
Sonra da yana-yana
zərgər barmaqlarla cıllayacaq –
xarabalığın tən ortasında
möhtəşəm bir ürək ucalacaqdır.
Ancaq möhtəşəm ürək
mənim ürəyimə bənzəməyəcək.
Soyuqdan genişlənib, istidən sıxılacaq,
darıxacaq, boğulacaq,
bağlı qalmış qapı kimi
taybatay açılmaq istəyəcək.
Mən bir termos şüşəsiyəm,
Təzədən, təzədən,
təzədən sınmaq üçün,
təzədən yanmaq üçün
bir heyrətin üstünə
daş kimi düşəcəyəm…
Gözlərim yol çəkir..
Gözlərim yol çəkir illərdən bəri…
Çal-çarpaz cığırdır ovcumun içi.
Təyyarə kölgəsi aşır dikdiri,
Sonra bir uğultu adlayıb keçir.
Kimi gözləyirəm, görəsən kimi…
İllərin qırovu qalıb saçımda.
Ünvanı səhv düşmüş məhəbbətimi
Kimdən soraqlayım yolayrıcında.
Hələ il ayrıcı…
Hələ dost itkisi… həsrət yarası.
Beləcə, gözlərim yol çəkə-çəkə
Sovruldu havaya ömrün yarısı.
Tozlu illər qalıb Qarayazıda,
Qalıb nəfəsimi təngidən yollar.
Mən atlı olmuşam, onlar – piyada,
Məni yada salmır mən gedən yollar.
Bir divar qalxırdı… qalıb yarımçıq,
Yarımçıq bir aru məni göynədir.
Boynu zınqırovlu kürən bir dayça
Fit çalsam, yanıma gələrmi indi.
Gəlsə də mən yoxam… yoxdur yoxuşlar…
Vaxtın azlığı da durub qəsdimə.
Atları kişnədən gurşad yağışlar
İyirmi ildir ki, yağmur üstümə…
Gözlərim yol çəkir illərdən bəri…
Qatarlar kişnəyir çölün düzündə.
Bir göz qırpımında ötən illəri
Çıxıb qarşılamaq istərəm mən də,
Çıxıb yola salmaq istərəm mən də…
Tural Adışirinin təqdimatında..
Sizin reaksiyanız nədir?
Bəyən
0
Bəyənmədim
0
Sevgi
0
Əyləncəli
0
Əsəbi
0
Kədərli
0
Vay
0