Bir qərib sevdadan xatalı oldum - Sevinc Yunuslunun şeirləri
Yazıçı Ədəbiyyat Portalı Sevinc Yunuslunun şeirlərini təqdim edir.
●●●
Danışsam sükutu, sussam səsimi
Hamıdan yaxşı sən duyursan axı.
Mənə hər kəs səni unudum deyir
Girdiyim günaha dəyirsən axı.
Nə fərqi sevirsən, sevmirsən, olsun.
Bir dəli məhəbbət vermisən, olsun!
Bir az ətə - qana gəlmisən, olsun-
Ömrümü günümü yeyirsən axı.
Dayandır son bahar küləyini də,
Sındırır sərçənin ürəyini də.
Sən göy adamısan, gileyini də
Şeirlə Tanrıya deyirsən axı.
Mənə hər kəs səni unudum deyir
Girdiyim günaha dəyirsən axı.
Necə unudum mən bu məhəbbəti
Qurana, Tanrıya, tabuya deyil,
Məni varlığına əyirsə axı.
Girdiyim günaha dəyirsə axı.
●●●
Bir küçədə qaraçı qadın oğrasın məni.
El yığışıb önünə qoyub ağlasın məni.
Bir də bu yer üzünə kimsə doğmasın məni
Məni özün sev, yarat və köynəyindən keçirt.
Qarışmaz ki, savabım min yol bir xatamgilə
Qoşulub qaçmağım var sevdiyim adamgilə.
Biri xəbər yollasın bu gecə atamgilə,
Anamın dizlərinə ta döyməyindən keçib.
Bu nakam məhəbbətə buluda dön gözün sıx,
Söndür bu cəhənnəmi, odu üfür, közün sıx.
Ürəyim yaralıdı son gülləni özün sıx
Nəfəsini bağrımın düz göynəyindən keçirt.
Tut ağacı tək sınır, qırıqlarım neçədi..
Xırç ha xırç səslər gəlir qol-budağım, necədi?
Günün aydın , sevdiyim, məndə hər an gecədi
Yaşamağım getdi eh -eh , ölməyimdən keçib.
●●●
Mən gözəl qız deyiləm,
gözəl qadın deyiləm,
amma gözəl sevirəm.
Mənim sevdiyim kimi
gözəl sevəmmir heç kəs,
küsüb gedəmmir heç kəs,
susub gedəmmir heç kəs.
Mənim gözümün yaşı
buluddan boşa dammır.
Heç bir qadın mənim tək
ayrılıq yaşadammır.
Mən ağlasam güllərin
bükülmək dərdi olur.
Yarpaqların ağacdan
tökülmək dərdi olur.
Tanrının bu dünyadan
çəkilmək dərdi olur.
Çıxıb getsən, mənim tək
Ana qucağın olmaz.
Gəlsən, öpüşlərinlə
yanan qucağın olmaz.
Qədərimi ovcuna
qoyan həmin falçıyam.
Yolların mənə çıxsın
hər gecə duaçıyam.
Amma bir şey də var ki,
Hər toxunuşun mənim
dərdimə dərmanımdı.
Sünbüllər dənə çıxsa
nəfəsin xırmanımdı.
Bu dünyada gördüyün
tək doğru iş varsa o,
yanımda durmağındı.
Mən gözəl qız deyiləm,
gözəl qadın deyiləm
amma gözəl sevirəm.
Mənim sevdiyim kimi
gözəl sevəmmir heç kəs.
●●●
Cəhənnəm qurdular gözümün üstə
Səni sevdim min yol xatalı oldum.
Getdin yetim qaldım, getdin kimsəsiz,
Qayıtdın atalı- analı oldum.
Nə odlardan keçdim, sənə əyildim.
Bir dən oldum dəyirmanda döyüldüm.
Mən belə deyildim, belə deyildim-
Bu qərib günaha batalı oldum.
Xaraba könlümə bir yuva tikdin,
Cücərtdin xoşbəxtlik toxumu əkdin.
Dünyadan qopardın , bağrına bükdün,
Qollarının üstə yatalı oldum.
Sərçə qəfəsində adını çəkdim,
Balıq nəfəsində adını çəkdim
Hər əzan səsində adını çəkdim
Gecəni gündüzə qatalı oldum.
Cəhənnəm qurdular gözümün üstə
Bir qərib sevdadan xatalı oldum.
Getdin yetim qaldım, getdin kimsəsiz,
Qayıtdın atalı- analı oldum…
●●●
Bir də tövbə, aşiq halım,
Mən qərib, yol uzun, zalım.
Eşqə düşdüm, sındı belim,
Öldüm e, öldüm e, sevin.
Eşq dedikləri yarəymiş,
Dərviş Yunus nə karəymiş?!
Leyla necə biçarəymiş
Bildim e , bildim e , sevin.
Mən sənə qoşdum, yoruldum,
Nə dağlar aşdım , yoruldum.
Araz tək daşdım, yoruldum,
Dindim e, dindim e, sevin.
Xırmanda döyülsəm, gəlmə.
Düşmana əyilsəm gəlmə.
Ta lazım deyilsən, gəlmə
Adını dodaqlarımdan
Sildim e, sildim e, sevin.
●●●
Ruhumun həsrətinə tutduğu yas deyilmir
Qolların günahımı yuyacağım yerdimi?
Kimə deyim dərdimi bəlkə susub anlaya,
Sən olmasan bu dünya duracağım yerdimi?
Bir az bizə bənzəyir divardakı qopuqlar.
Geyilmir ki, min ildir aldığın al topuqlar..
Alnındakı qırışlar, üzündəki çapıqlar -
Dönüb yeni xəyallar quracağım yerdimi?
Çıxıb getmə, dəyişdik bəlkə bu durumları?
Söndürdü bax keşiş də yandırdığım mumları.
Bizi bağrına basan Xəzərin ağ qumları
Məni qolların üstdə yoracağın yerdimi?
Ağıl vermə, bir ip ver varsa öyüd ağacı.
Al əllərinlə yandır, könlüm nöyüd ağacı..
O ilk görüş yerimiz, o kənd, söyüd ağacı-
Yenə ümidlərimi qıracağın yerdimi?
Gözlərinin al -əlvan baxışına yandığım,
Eşqinə bir yol savab, min yol günahlandığım.
Hər gün silahlandığın, hər gün nişan aldığın,
Yenə ürəyim üstdən vuracağın yerdimi?
Ruhumun həsrətinə tutduğu yas deyilmir
Qolların günahımı yuyacağım yerdimi?
Kimə deyim dərdimi bəlkə susub anlaya,
Sən olmasan bu dünya duracağım yerdimi?
Sizin reaksiyanız nədir?
Bəyən
0
Bəyənmədim
0
Sevgi
0
Əyləncəli
0
Əsəbi
0
Kədərli
0
Vay
0