Daş səmimiyyəti ilə yazılmış şeirlər - Lütviyyə Əsgərzadə
Filologiya elmləri doktoru
Özümü bildim, biləli, dağların ucalığına, qayaların əzəmətli duruşuna heyran olmuşam. Bəzən saatlarla, heyrət və heyranlıqla dağları, qayaları, bəzən də, saatlarla çayın axışını izləmişəm, çay daşlarını və daşlardakı vizual gözəllikləri və fərqliliyi analiz edə - edə. Düşüncələrimə ayna tutmaq üçün onların yaranma və varolma proseslərini və forma baxımından əsaslı fərqlərin səbəblərini araşdırmışam. Qayalar unikaldır, biri digərinə bənzəmir. Əzəmət simvoluna çevrilən və təbii geoloji proseslər nəticəsində əmələ gələn, sərt, nahamar, kəskin qayalar milyon illər ərzində formalaşıb.
Dağlardan qopan iti və kələ-kötür qaya parçalarının çay sularının təsiri ilə minlər boyunca aşınması və bir-birinə sürtünməsi nəticəsində yaranan çay daşları isə suyun (çayların) uzunmüddətli axını nəticəsində aşınaraq hamar və yuvarlaq forma alır, suyun təsiri ilə cilalandıqca, toxunanda hamar və sürüşkənləşir. Sürtülmədən hətta parlaqlaşır da. Əsrlərdir yerində dayanan, fəsillərin dəyişməsini sükutla izləyən daş nəhənglər dağlar, qayalar isə məğrur və sarsılmaz bir əzəmət rəmzidir. İnsan əli dəymədən yaranmış, hər bucağından fərqli bir sirr və qüdrət oxunan bu nəhəng daş sütunlar təbii sənət əsərləridir. Onlar yerin göyə dikilən etirazı, zamanın sarsılmaz yaddaşı və duasıdır.
Yaradıcılığı çağdaş Azərbaycan nəsrinin ən mühüm ədəbi hadisələrindən biri olan Seyran Səxavət də Azərbaycan ədəbiyyatında yaradıcılığı və şəxsiyyəti ilə bir qaya əzəməti, dağ vüqarı ilə boy göstərir. Seyran Səxavət, əyilməyi bacarmayan, fəsillərin kəskin küləklərinə köks gərərək daha da bərkiyən bir “insan-qayadır”. Onun “dik” duruşu qayalar kimi bütövdür; nə yalanın yağışında aşınar, nə də mənfəət küləklərində yerini dəyişər. Seyran Səxavətin qələmi daşdan su çıxaran bir iradənin məhsuludur. Onun yaradıcılığındakı “dik” duruş, xalqın ruhundan gələn o sarsılmazlıq ruhudur. Bütövlükdə, Seyran Səxavət ədəbiyyatımızın zirvəsində dayanan, sükutu ilə də, hayqırtısı ilə də eyni dərəcədə ağır və sanballı bir imzadır, bir əzəmət, vüqar heykəlidir.
Müəllifin "Daş evlər"də, bütöv bir dövrün insan taleyini, cəmiyyət və fərd münasibətlərini psixoloji dərinliklə təhlil etdiyi kimi, biz də Azərbaycan ədəbiyyatında sərt qaya parçası kimi vüqarla və əzəmətlə dayanan, öz mövqeyi, öz sözü olan Seyran Səxavəti gücümüzün çatdığı, sözümüzün yetdiyi qədər təqdim etməyə çalışacağıq.
Bir haşiyə çıxaraq bildirim ki, əslində, bu yazını yazmağı çoxdan düşünürdüm, Seyran Səxavətin qələmdaşlarının və görkəmli elm adamlarının onun haqqında söylədiklərini oxuduqca, məni ciddi məsuliyyət hissi bürümüşdü. Oxuduqlarımdan bir neçəsini xatırlatmaq istəyirəm: "Seyran Səxavət müstəqillik dövrü Azərbaycan ədəbiyyatının "aparıcı arsenalı", əsas simalarından biridir" (İ. Həbibbəyli); "Seyran müəllimi oxumaq, dərk eləmək üçün yaradıcılığına dərindən bələd olmaq lazımdır. İnsanın daxili aləmində gedən təbəddülatları, insanı insan edən keyfiyyətləri, cəmiyyətdəki mövqeləşməni, yaxşını pisdən ayırmağı onun əsərlərində görə bilərik. Mən özümü Seyran Səxavətin əsərlərində tapıram. O xoşbəxt adamdır, ədəbiyyata şeirlə gəldi, gördü ki, misralara sığışa bilmir, sonra nəsrdə özünə geniş meydan tapdı. Onun nəsri axıcı, təkrarolunmazdır” (İ.Əliyeva); "Mən Seyranla 1963-cü ildən tanış olmuşam. Artıq 52-ci ildir ki, Seyranla bir yerdəyik. Bu taleyin işidir ki, həyatımızdan çox dostlar gəldi, getdi, yaxınlar, uzaqlar oldu, amma Allahın lütfüdür ki, bu qədər müddət ərzində Seyranla bir dəfə də sözümüz çəp gəlmədi, münasibətimiz pozulmadı. 50 il bundan əvvəl bir-birimizə necə səmimi idiksə, o səmimiyyət bu gün də qalır. Seyranı mənə və hamıya sevdirən xüsusiyyəti həm insan, həm də yazıçı kimi səmimiyyətidir. Seyran heç vaxt nə yazısında, nə davranışında saxtalıq etməyib. Mənə elə gəlir ki, bu onun ən böyük məziyyətidir. 50 il ərzində nələr, kimlər dəyişdi, amma Seyran dəyişmədi" (C. Nağıyev); "Seyran Səxavət çox böyük istedada malik bir insandır. Seyran müəllimin sənətdə çox zil səsi var. Yəni, o yazıda istədiyi nöqtəyə qalxa bilər. Onun bu kitablarının hər ikisində dönə-dönə zilə qalxdığının şahidi oluram. Seyran Səxavətin insana təsir eləyə bilməyən bircə cümləsi də yoxdur. Həm də insanı güldürə-güldürə, insanın içini işıqla doldura- doldura düşündürməsi möcüzədir. Seyran Səxavət bizim ədəbiyyatımızın sirri-sehri olan qələm sahiblərindən biridir. Onun əsərləri Nizaminin, Füzulinin, Mirzə Cəlilin və bütün böyük dahi sənətkarlarımızın əsərləri kimi bizim xalqımızın milli, mənəvi və ədəbi sərvətinə çevrilib" (V.Bəhmənli); "Seyran Səxavət heç vaxt konyukturaya getməyib. Zamanın, zəmanənin necə dəyişməsindən, nəyin aktuallaşmasından asılı olmayaraq, hər zaman öz inandığı, bildiyi həqiqəti yazıb" (N.Şəmsizadə). Bu fikirlərdən sonra hər zaman özünə, sözünə, üslubuna sadiq qalaraq yaşayan və yazan Seyran Səxavət haqqında yazmağa nə qədər məsuliyyətim artdısa, bir o qədər də yazmaq istəyim artıb çoxaldı.
Düşünürəm ki, Seyran Səxavətin həyatı və ömür yolunun təqdimatına ehtiyac yoxdur. O, öz adı, ingilis, fransız, alman, rus və fars daxil olmaqla dünyanın bir çox dillərinə tərcümə edilmiş zəngin yaradıcılığı ilə özünü Azərbaycan və Dünya oxucusuna təqdim edib. Azərbaycan nəsrinin ən gözəl yaradıcılarından biri olan Seyran Səxavət ədəbiyyata 1962-ci ildə gəlib, yəni mənim 2 yaşım olanda. 15-16 yaşlarımdan dövri mətbuatda rast gəldiyim şeirlərini, yazılarını sevə-sevə oxuduğum yazıçının haqqında yazmaq mənim üçün şərəfdir.
Seyran Səxavət ədəbi mühitə şeirlə gəlib, sonradan nasir və dramaturq kimi şöhrət qazanıb. Biz də ilk yazımızda "Ədəbiyyata təzə gələndə cavan şairlərin gözünü qorxudan, Azərbaycan şairlərinin xoşbəxtliyindən, Azərbaycan nasirlərinin bədbəxtliyindən poeziyadan nəsrə keçən” (R. Rövşən) Seyran Səxavətin poeziyasına nəzər salmağa çalışacağıq.
Ədəbiyyatımıza bir qaya əzəməti ilə daxil olan, sözü bütöv, duruşu “dik”, xarakteri sarsılmaz "Seyran Səxavətin məhəbbət lirikasından bəhs edərkən, ilk növbədə onun şair obrazının sarsılmaz bütövlüyünü görməmək mümkün deyil. Şairin yaradıcılığındakı əyilməzlik, əslində onun insani bütövlüyünün poetik əksidir. Qaya necə ki, küləyin, yağışın qarşısında sınmır, Seyran Səxavət də həm həyatda, həm də sənətdə öz həqiqətini eyni vüqarla qoruyur. Onun üçün söz namusdur, daşın daxilinə həkk olunmuş silinməz yaddaşdır. Məhz bu dəyanətli duruş sayəsində onun məhəbbət mövzulu şeirləri oxucuya sadəcə hissləri deyil, həm də o hisslərin arxasında dayanan mərd bir sənətkar ruhunu diktə edir. Bütövlükdə, onun yaradıcılığı bir insanlıq manifestidir.
Poeziyasının ana xəttini səmimiyyət və kövrəklik, daxili sükut və insan taleyi və məhəbbət fəlsəfəsi təşkil edən şairin 22 yaşında yazdığı "Ay ilk məhəbbətim, son məhəbbətim" şeiri Azərbaycan poeziyasının ən gözəl, ən səmimi və dillər əzbəri olan sevgi şeiridir. "Sevginin ali bir hiss kimi təqdim olunduğu şeirdəki bu ölməz misraları müxtəlif aspektlərdən bənd-bənd təhlil eməkdə fayda var. Yanmaq və kül olmaq:
Sən nə istəyirdin, nələr itirdin?
Qorxma kül olmaqdan, yan, məhəbbətim.
Sən mənim başıma nələr gətirdin,
Ay ilk məhəbbətim, son məhəbbətim.
Sevgini atəşdə yanmağa bənzədən şair, yanmağın sonunun kül olmaqla bitdiyini də bilir. Buna rəğmən, ürəyinə hökm edir: “Qorxma kül olmaqdan, yan, məhəbbətim”. Sevmək – yanmaqdırsa, yanmağın sonu kül olmaqdır. "Kül olmaqdan qorxmamaq" gənc şairin hökmüdür. Bunu şairin sevginin “odundan yanmaqdan və kül olmaqdan qorxmamağını”, ali duyğu üçün insanın mərhələ-mərhələ nələrdən keçəcəyini və ya keçməli, bu yolda fədakarlıq göstərməli olduğunu, sevginin ilahiliyini və təkliyini vurğuladığı aşağıdakı bənddə izləyək:
O parlaq sevgimdən çox utanıb dan,
Ulduzlar eşqimdən qızartı dərmiş.
İnsanlar bir dəfə doğulduğundan,
Elə bir dəfə də sevə bilərmiş…
Bu şeirin ən məşhur bəndlərindəndir. Şözlərə fəlsəfi məna yükləyən şair insanların dünyaya gəlişi, sevməsi və hətta ölməsi ilə bağ qurur. Həqiqətən də, elə şeylər var ki, insanlar üçün fiziki olaraq bir dəfə verilib, olum və ölüm kimi. Olum və ölüm həyatın fəlsəfəsi olduğu kimi, sevgi də həyatın fəlsəfəsidir. Və olum ilk, ölüm son olduğu kimi, "ilk məhəbbət" də "son məhəbbət" olmalıdır. İnsan yaşamında bu fəlsəfəni izləmək üçün fədakarlıqla yanaşı, sadiq olmalı, gözlərini sadiqliyə keşikçi etməlidir:
Mənəm, milyard naxış səpmişəm göyə,
De, varmı hesabı naxışlarımın.
Kirpiklər özgəyə baxmayım deyə,
Çəkir keşiyini baxışlarımın...
Belə bir deyim var, “Göz gördü, könül sevdi”. Könül sevgisinə sadiq qalsın deyə, göz bir başqasına baxmamalıdır. Lakin gözün missiyası görməkdir. Şair gözlər özgəyə baxmaması üçün kirpiklərin baxışlarının keşikçisi olmasını istəyir, kirpiklərə keşikçi olmaq missiyasını yükləyir. Digər tərəfdən də, dini inancımızdakı, “iki göz iki gözə halaldır”, - fikrini, ilahi məhrəmliyi xatırladır. Bu ifadədəki "halallıq" sadəcə dini yox, daha çox mənəvi bir anlayışdır. Əgər bir insan digərinə qaya kimi sadiqdirsə, onun baxışları ancaq qarşı tərəfə "halaldır". Bu, xəyanətdən və saxtalıqdan uzaq olan bir məhəbbətin təsdiqidir.
Şairin misralara pıçıldadığı təklik və məhəbbətsizlik qorxusunu izləyək:
Elə sızıldayır qəlbim tar kimi,
Sən kimin eşqini daşıyacaqsan?
Bəlkə də divarlar, maşınlar kimi,
Sən də məhəbbətsiz yaşayacaqsan...
Ruhu olan insan sevgisiz yaşaya bilməz. Şair sevgisiz yaşamağı cansız əşyalara, divarlara, maşınlara bənzədir. Divar kimi, maşınlar kimi sevgisiz yaşamaqsa, yaşamaq deyil. Eşq elə bir müqəddəs hiss, ilahidən verilmiş bir nemətdir ki, bəzən cansız daşın da qəlbində çiçək açdırır. Nizami Gəncəvi “Xosrov və Şirin” poemasında "Eşq düşsə daşın da qəlbinə əgər, / Gövhərdən özünə məşuq düzəldər”, - yazaraq məhəbbətin cansız varlıqlara belə təsir edərək, onları canlandıra biləcək qədər qüdrətli olduğunu vurğulayır.
Sən bir soyuq ulduz, mən gözlərinəm,
Eybi yox, mənimçün həmişə varsan.
Sıxma ürəyimi, ürək cəhənnəm,
Axı sən ordasan, sən sıxılarsan...
"Sıxma ürəyimi, ürək cəhənnəm, / Axı sən ordasan, sən sıxılarsan..." misraları
Seyran Səxavət poeziyasının fədakarlıq zirvəsidir. Şair öz ürəyini, öz acısını, varlığını deyil, o ürəyin içindəkini düşünür. "Ürək cəhənnəm" desə də, həmən o ürəyin içindəkini düşünür, ürəyi qorumağın vacibliyini vurğulayır: "Axı sən ordasan". Ürəyini yox, öz daxilindəki sevdiyini incitməkdən qorxur. Bu sevginin ən ali məqamıdır. Bu şeir Hegelsayağı desək, “Sevənin özünü unudub, bir başqa “mən”də tapmasıdır”. Şair, "Sən mənimçün həmişə varsan", - deməklə fiziki ayrılığı mənəvi əbədiyyətlə məğlub edir.
Seyran Səxavətin gənclik eşqi ilə yazdığı sevgi şeirləri özünəməxsusdur. Bunu onun məhəbbətin ən saf, ən toxunulmamış mərhələsini, “pıçıltı və baxış” mərhələsini təsvir etdiyi “Utancaq məhəbbət” şeirində izləməyimiz sözlərimizi daha hökmlü edər:
Bir utancaq məhəbbət
Doğulmuşdu sinəmdə.
Bir gözəlin baxışı
Ulduz-ulduz doğranıb
Dağılmışdı sinəmdə.
Sevginin hələ dilə gəlməyən, yalnız ruhun dərinliyində titrəyən halını "utancaq" adlandıran şair "Doğulmuşdu sinəmdə", - ifadəsi ilə sevgini kənardan gələn bir hiss kimi deyil, daxildən, insanın öz bətnindən, ürəyindən doğan bir canlı varlıq kimi təqdim edir. Buradakı "Baxışın ulduz-ulduz doğranması", - ifadəsi mükəmməl bir poetik tapıntıdır. Gözəlin baxışı şairin sinəsinə sadəcə dəymir, ora işıq saçaraq daxil olur və minlərlə parıltıya, ulduza bölünür. Bu, insanın daxili dünyasının bir anda aydınlanmasıdır. "Dağılmışdı sinəmdə", - ifadəsində sevginin nizamsız, coşqun və idarəolunmaz bir güc olduğunu, o gücün bir nöqtədə durmadığını, insanın bütün varlığına yayıldığını göstərir. Seyran Səxavətin bu "utancaqlığı" əslində, ən böyük cəsarətidir. Çünki bu, ulduzların sinədə dağılmasına icazə vermək, ruhun qapılarını tam açmaq deməkdir.
Bəzən məhz bu "utancaq məhəbbət" zaman keçdikcə o "ilk və son məhəbbətin" gətirdiyi fırtınaya çevrilə bilir. Bəzən isə o “utancaq” məhəbbət şairi çox şeylərə həsrət qoyur. Gözləri görsə də, ürəyi baxmağı qadağan edir:
Gözlərimin qarası
Həsrət qalmış qapqara,
Şəvə kimi tellərə.
Əllərimin həsrəti
Həsrət dolu əllərə.
İllər sürünüb keçib,
İllərimin çoxusu
Gözümə şimşək kimi
Bir an görünüb keçib.
...İstəyirəm birinin
Ürəyinə axım mən –
Donur,
axa bilmirəm.
İstəyirəm birinə
Oğrun-oğrun baxım mən,
Gözlərim görə-görə
Yenə baxa bilmirəm.
Bütövlükdə, mütləq bir həsrət və ruhun hərəkətsizliyi üzərində qurulan bu şeiri oxuduqca, “bu nə sevgi, İlahi”, demək keçir içimdən. Misralarda insanın daxili aləmindəki "istək" ilə "imkan" arasındakı dərin və ağrılı uçurum o qədər incə bir ustalıqla təsvir edilir ki...
Mətni tamamilə fərdi bir rakursdan rənglərin və hisslərin həsrəti üzərindən də təhlil edə bilərik. Şair "qara" rəngi (gözün qarası və şəvə tellər) bir-birinə qovuşmayan iki sahil kimi təqdim edir. Burada "qapqara" ifadəsi kədəri yox, arzunun intensivliyini göstərir. Əllərin həsrəti isə toxunma ehtiyacının yoxluğunu deyil, həmin boşluğun özünün bir "əşyaya", bir ağırlığa çevrilməsini ifadə edir. "İllərimin çoxusu gözümə şimşək kimi bir an görünüb keçib", - misrasında zamanın nisbiliyi izah edilir. İnsan acı çəkəndə illər "sürünür", amma dönüb arxaya baxanda həmin illər sanki heç yaşanmamış kimi, bir anlıq işıq parıltısı tək yox olur. Bu, ömrün sürəti qarşısında ruhun keçirdiyi dəhşətli bir heyrətdir. Şairin "axmaq" istəməsi onun həyat eşqini və sevgiyə meylliliyini göstərsə də, lakin “donur, axa bilmir”. "Donur, axa bilmirəm", - etirafı mənəvi bir qadağadır. Bu, insanın öz daxili dünyasında qurduğu "donma nöqtəsi"dir. Qəlbi buz kimi donmuş, insan başqa bir insanın ürəyinə axa bilməz. Bu, daxili bir sarsıntının, “baxışlara qoyulan qadağa”nın nəticəsidir.
Fikrimizcə, şeirin ən yüksək psixoloji nöqtəsi: "Gözlərim görə-görə yenə baxa bilmirəm", - misrasıdır. Görmək fiziki bir prosesdir və insan istədiyi və ya istəmədiyi hər şeyi görür. Baxmaq isə mənəvi prosesdir. Yəni şair obyekti görür, amma ona baxmağa, onu duymağa, onu özünə yaxın buraxmağa mənəvi gücüm çatmır və ya baxmaq istəmir. Bu, bir növ "könüllü korluq" və ya özünü qoruma instinktidir. Bir insanın gördüyü halda baxa bilməməsi, onun sevgisinə böyük sədaqəti və fədakarlığıdır.
Utancaq məhəbbətim!
Heç bilmirəm hardasan?!
Bəlkə özgə baxışlar
Qollarını bağlayıb,
Bəlkə elə dardasan
Utancaq məhəbbətim?!
Bilsəm ki, yaşayırsan
Dağlar gizlədib səni,
O pəhləvan dağları
Yumruğumla əzərəm.
Bilsəm dənizlərdəsən,
Mən bütün dənizləri
Dalğa-dalğa gəzərəm.
Şeirin bu hissəsində o "donmuş" və "baxa bilməyən" lirik qəhrəmanı birdən-birə vulkanik bir enerjiyə, mifik bir gücə çevirir. Utancaqlıq yerini sarsılmaz bir qətiyyətə verir. "Qolların bağlanması" və "Darlıq" ehtimalı” şairin sevgisini uzaqlarda axtararkən, onun azad olmadığı düşüncəsidir. "Özgə baxışların qolları bağlaması" istiarəsi (gizli təşbeh) möhtəşəmdir. Burada baxış sadəcə görmək deyil, həm də bir zəncirdir, məhdudiyyətdir. Öz sevgisini "darlıqda" (sıxıntıda) təsəvvür edərək, müəllifin ona qarşı böyük bir məsuliyyət və şəfqət hissidir.
Şair üçün ən böyük motivasiya ümiddir. "Bilsəm ki, yaşayırsan", - ifadəsi mənəvi açar rolunu oynayır. Şair sevginin hələ də diri olduğuna əmin olsa, onun üçün heç bir maneə qalmır. "Bilsəm" kəlməsi burada bütün imkansızlığı imkanı çeviririr. “Dağları əzmək”, “Dənizləri gəzmək” onun üçün mümkünsüz deyil. Əgər dağları əzmək gücdürsə, dənizləri gəzmək səbir və axtarışdır. Dalğa-dalğa gəzmək o deməkdir ki, şair sevginin hər bir titrəyişini, hər bir dərinliyini yorulmadan axtarmağa hazırdır. "Pəhləvan dağları yumruğumla əzərəm", - ifadəsində ruhun fiziki maddiyyat üzərindəki qələbəsi ifadə olunur. İnsan sevgisi üçün təbiətin ən uca və sarsılmaz simvolu olan dağları belə yox etməyə hazırdır. Artıq şeirin əvvəlindəki o "utancaq məhəbbət" dağları sarsıntıdan bir qüdrətə çevrilib. Əslində, daxilində ən böyük fırtınaları daşıyan ən sakit və səssiz sevgilərdir. Burada şairin utancaqlığı qorxaqlıq deyil, o böyük gücün hələ ki "sükutda" olmasıdır. Şeirin o kədərli və sual dolu sonluğuna boylanaq:
Ay yanağı qırmızı,
Utancaq məhəbbətim!
Bilsəydim ki, güllərin
Qoxusunda gəzirsən,
Əlimdə günəş boyda
Gül dəstəsi tutardım.
Bilsəydim insanların
Yuxusunda gəzirsən,
Bütün bəşəriyyətin
Əvəzinə yatardım...
Beləliklə, şeir başladığı kimi "utancaq məhəbbətim" müraciəti ilə bitsə də, artıq utancaqlıq bir hüzura, mütləq bir sükuta (yuxuya) çevrilib. Bu sevgi o qədər uca və zərifdir ki, o, bəlkə də ancaq yuxuların və ətirlərin içində yaşaya bilər. Sevgi insanı həm ən zəif, görən, amma baxa bilməyən, həm də ən güclü, dağları əzən varlığa çevirə bilər. Bu insanın mənəvi bütövlüyünün göstəricisidir
Seyran Səxavət bu şeiri ilə sübut edir ki, əsl məhəbbət insanı fərdilikdən çıxarıb kainatla birləşdirir. Günəş boyda gül tutmaq və bəşəriyyət əvəzinə yatmaq arzusu ruhun maddiyyat üzərindəki tam qələbəsidir.
Sevgini "müvəqqəti həvəs" kimi deyil, "ömürlük tale" (qaya kimi sabit) kimi görən "Seyran Səxavətin məhəbbət şeirləri sadəcə duyğu axını deyil, uca bir qayanın köksündən süzülüb gələn büllur bulaq kimidir. O, sevgini zəiflik və ya acizlik kimi deyil, bir qaya duruşu qədər dik və məğrur yaşayır. Onun lirikasında aşiq obrazı əyilməzdir; o, sevdiyinin qarşısında belə öz insanlıq vüqarını, daşdan yonulmuş iradəsini qoruyub saxlayır.
Bu sevgi sanki sərt qayaların arasında bitən zərif bir gülə bənzəyir. Bu təzad - qayanın əyilməzliyi ilə məhəbbətin həlimliyinin vəhdəti - onun yaradıcılığını bənzərsiz edir. Seyran Səxavət üçün sevgi fəsillərin keçici rüzgarı deyil, əsrlərin sınağından keçən qədim petroqliflər kimi ruhun dərinliyinə həkk olunmuş sarsılmaz bir yazı, bir qədərdir. Onun məhəbbət şeirlərindəki səmimiyyət, qaya qədər gerçək, onun qədər sarsılmazdır. Oxucu bu misralarda həm dərin bir şəfqəti, həm də heç bir fırtınanın yerindən oynada bilməyəcəyi bir sədaqəti görür."
Qaya fəsillərin dəyişməsinə, yayın qızmarına və qışın şaxtasına eyni mətanətlə necə dözürsə, Seyran Səxavətin sevgisi və vəfası da zamanın sınaqları qarşısında eləcə sarsılmaz və əzəmətlidir. Bu həm də bir xarakter məsələsidir. O, sevgiyə bir qaya bütövlüyü ilə yanaşır: bu məhəbbətdə tərəddüdə, aşınmaya və ya zamana görə rəng dəyişməyə yer yoxdur. Seyran Səxavət üçün vəfa – ruhun əzəli coğrafiyasına, öz kökünə və sevdiyinə bir qaya kimi bağlanmaqdır. Bu sədaqət elə bir ucalıqdadır ki, oraya hər külək çata bilməz, hər yağış o bütövlüyü poza bilməz.
Seyran Səxavət poeziyasında Azərbaycan cəmiyyətini narahat edən gerçəklikdən doğan problemləri də özündə əks etdirir. Yazdıqlarının hamısını "dünyanın mən baxan tərəfdən görünən hissəsidir”– adlandıran Seyran Səxavət həyata baxışı, “dik” duruşu, fikirlərinin orijinallığı, sözə sədaqəti və toxunduğu problemlərin aktuallığı ilə diqqəti çəkir. Şairin “Müdrik” şeirinə nəzər salaq:
Mənə deyirlər ki,
Həmişə dik-dik danışırsan-
dik adamsan.
Mənə deyirər ki,
Müdrik adamsan.
Şəhərdən baş götürüb
Kəndə qaçdım-
Dedilər müdrik adamsan.
Hamı qaçırdı
Mən də qaçdım-
Dedilər müdrik adamsan.
Cığır açmıram,
Yol çəkmirəm,
Deyirlər müdrik adamsan.
İyirmi ildi
Maaş cədvəlinə
Qol çəkmirəm –
Deyirlər müdrik adamsan.
Seyran Səxavət "Müdrik" şeiri ilə cəmiyyətdəki saxta dəyərlərə, "müdriklik" maskası altında gizlənən kütləvi düşüncəsizliyə və insanın öz həqiqəti ilə mühitin ona qoyduğu ad arasındakı uçuruma bir güzgü tutur. Şairin bu yanaşması cəmiyyətimizdəki bir başqa problemi, kimliyindən asılı olmadan hər kəsə “müəllim” sözü ilə müraciət olunmasını yadımıza salır. Əslində, müəllim hansı ixtisas sahibi olmasından asılı olmayaraq, hamıdan başdır. Çünki müəllimin əməyi insanın formalaşmasında, hər hansı bir istiqamətə yönlənməsində, təhsilində, tərbiyəsində danılmazdır. Buna baxmayaraq bəzən bu kəlmə o qədər ucuzlaşdırılır ki, lap Seyran Səxavətin “müdrik adamsan” kəlamı kimi…
Seyran Səxavət müdrik insandır. Amma bu söz yerli-yersiz hər kəsə deyiləndə, söz öz dəyərini itirir, gəlişigözəl sözə çevrilir. Nədənsə, hər kəsi adı və layiq olduğu sözlərlə anmaq istəmirik. Müəllimə müəllim, müdrikə müdrik demək bir ərdəmdir. Amma bu hər zaman belə olmur. Bu baxımdan “Müdrik” şeirindəki ironiyaya toxunmadan keçmək olmaz. Şair heyrətdədir. Bu dəfə fərqinə varmadan “müdrik adamsan” sözünü səxavətlə paylayanlar üçün bilərəkdən sözləri sanki tərsindən oxuyur:
Dərəyə dağ deyirəm,
Deyirlər müdrik adamsan.
Qatığa ağ deyirəm,
Deyirlər müdrik adamsan.
Allahımı danmıram,
Deyirlər müdrik adamsan
Bəzən heç nə qanmıram,
Deyirlər müdrik adamsan.
Qışda palto geyirəm,
Bıçağa balta deyirəm,
Boyunduruğa xalta deyirəm,
Nə deyirəmsə
Alt-alta deyirəm,
Deyirlər müdrik adamsan.
Yeri gəldi gəlmədi, layiq oldu, olmadı bu kəlmənin işlədilməsində, bu qədər ucuzlaşdırılmasında kimdir günahkar? Təbii ki, bu sözü mənfəət xatirinə işlədənlər, hər kəsin önündə küçilənlər, sözün dəyərini bilməyib ucuz satanlar.
Şair ona “müdrik adamsan” deyənlərin çəkisini ölçüb-biçmək üçün “baltaya bıçaq” desə də, heç nə dəyişmir. Şairin heyrətlənməsi boşuna deyil. Ən işlək yük heyvanı olan “eşşəyə” tənbəl demək belə bu sözü işlədənləri ayıltmır.
Eşşəyə tənbəl deyirəm,
Hər şeyi tən böl deyirəm,
Hər şeyi genbol deyirəm,
Deyirlər müdrik adamsan.
Heç vaxt ağac əkmə dedim,
Boş papağa çəkmə dedim,
Qarşımda diz çökmə dedim,
Tay zəhləmi tökmə dedim,
Dedilər müdrik adamsan.
Şair şeir boyu ən adi, bəzən isə tamamilə mənasız və ya səhv hərəkətlərini, öz təbirincə desək “dəlilik”lərini sadalayır: qaçmaq, yerli- yersiz hər yetənə daş atmaq”, “baş aparmaq”, “ağac əkmə” və s.
Hər yetənə daş atırdım,
Çox yerlərdə baş apardım,
Ev tikməyə daş apardım,
Dedilər müdrik adamsan.
Zaman uzun, uzundraz
Ömür törə.
Biz gəlmişik baxa-baxa,
Görə-görə,
Anlayırdım, qanırdım ki,
Müdriklik bir təşnədi.
Əgər müdriklik budursa-
Müdriklik heç nədi…
Şairin qarşısındakıların dəyərini ölçməkdən ötrü bilərəkdən etdiyi səhv hərəkətlər belə ona bu sözü ünvanlayanları ayıltmır. Onun cəmiyyətdən gözəldiyi başqa şeydir. Dəlilik etdiyi halda, hər dəfə xarab vallar kimi eyni sözü eşitməsi onu, qıcıqlandırır, bezdirir. Şair elə müqəddəs şeylərə toxunur ki, bu nəinki bir müdrikə, hətta normal bir insana yaraşan hərəkət sayılmır. Məsələn, “ustadına kəm baxmaq", “haram yemək, mənasız danışmaq, “ağac əkmə”, - demək və s. Bir dəfə də “müdrik adamsan” əvəzinə, sən yanlışsan, sən səhvsən, sözlərini eşitmək üçün desə də, yenə heç nə dəyişmir. Cəmiyyətin bu günahları belə "müdriklik" kimi qələmə verməsi sənətkarı heyrətləndirir. Bir şəxsiyyət olaraq, cəmiyyətə etiraz edir: "Əgər müdriklik budursa- / Müdriklik heç nədi…"
Seyran Səxavət “sübut edir ki, əgər müdriklik sadəcə kütlənin hər şeyə "hə" deməsi, hər saxtalığı alqışlamasıdırsa, o zaman bu anlayışın heç bir dəyəri yoxdur. Müdriklik əslində, duymaq və həqiqəti anlamaqdır, hər kəsin dediyi ilə razılaşmaq deyil. Seyran Səxavətin "Müdrik" şeirindəki o ironiya da məhz bu "sürtülmüş üzlərə" qarşıdır. Müəllif, saxtakarlığa, yaltaqlığa qarşı etiraz edir. İdeal insan yoxdur, o da, insani səhvləri və səmimiyyəti ilə görünmək istəyir. Hamı bir-birinə bənzəyəndə, hamı eyni cür "hamar" və "müdrik" görünəndə, şairin qəsdən bıçağa balta deməsi hər kəsin bu hamarlığı pozması üçün öz kobud və səmimi həqiqətini ortaya qoyması üçündür. Və bütün bunlar, Seyran Səxavətin bu qədər sərt və acı bir dillə özünü və mühiti tənqid etməsi, onun həqiqi müdriklik axtarışından və öz müdrikliyindən doğur.
Məsələyə Seyran Səxavətsayağı yanaşsaq, cəmiyyətimizdə “müdrik adamsan” etiketindən layiq olmadığı halda həzz alanlar, özünü müdrik sananlar da yox deyil. Şairin “müdrik adamsan”, - etiketinə qarşı etirazı elə onun müdrik adam olmasından irəli gəlir. Deyilən sözün məsuliyyətini və mənasını anlamayan insanlar bəzən ucuz mallara marka etiketi vurub satan ticarətçilər kimidir.
Sıradan birinə də “müdrik adamsan” demək ucuz mala marka etiketi vurmaqdır. “Müdrik adamsan” sözü də yerində işlədilməyəndə yamaq kimi görünür. Müdrikə “müdrik adamsan”, - deməyə lüzum yoxdur, çünki müdrik adam söhbətindən, sözündən, hal və hərəkətindən özünü bəlli edir. Mən bu şeiri şairin səsli düşünməsi kimi qəbul etmək istəyirəm, çünki bu cür hallarla hamımız çox tez-tez cəmiyyətdə rastlaşsaq da, heç bir reaksiya vermirik. Bu şeiri həm şəxsiyyət, həm də xarakter olaraq Seyran Səxavətin insanlara özünüzə və sözünüzə hörmət qoyun, - səslənişidir.
Məqalədə, şairin "sözü bütövlüyü" ilə qayanın "fiziki bütövlüyü" arasında paralel aparmağa çalışdıq. Şairin vəfa anlayışını zamana qarşı dirənən bir qüvvə, şairin xarakterinin bünövrəsini təşkil edən bir dəyər kimi xarakterizə etdik. Çünki onun məhəbbət şeirlərindəki sədaqət, min illərdir yerindən tərpənməyən uca bir qayanın sabitliyinə bənzəyir. Məqalədə vurğulanan bu qaya vüqarı, əslində şairin həm sənətinə, həm də insani münasibətlərinə olan sadiqliyinin ən parlaq rəmzidir. Onun misraları daş yaddaşına köçürülmüş bir əhdnamə kimidir – ağır, sanballı və əbədi."
Sonda da Seyran Səxavətin poeziyasında daş kimi sarsılmaz və eyni zamanda insanı daxilən sarsıdan o "daş səmimiyyəti" ilə yazılmış bu misralara nəzər salaraq bitirmək istəyirik. Bu şeir "hamar olmayan", "sürtülməmiş" həqiqət axtarışımızın poetik cavabıdır:
"Mən kimsəyə demədim ki, mənə inan,
Kimsəyə demədim ki, mənə inanma.
Mən bir daş idim,
Öz dərdimdən çatladım,
Öz daxilimdən partladım."
Bu misraları, bəhs etdiyimiz o "kobud və səmimi daş" fəlsəfəsi ilə təhlil edək. Şair özünü parıltılı bir bəzək daşına yox, daxilindəki ağrıdan çatlayan bir daş parçasına bənzədir. Bu, çay daşına bənzəyən "sürtülmüş üzlərin" əsla yaşaya bilməyəcəyi bir daxili fırtınadır. Hamar daşlar çatlamaz, onlar sadəcə sürtülüb kiçilərlər. Amma həqiqi, sərt və əzəmətli qaya daşına bənzəyən insan dərdi içinə sığışdıra bilməyəndə daxildən parçalanır. Bu isə o qaya parçasının “dik” duruşudur: "Mən kimsəyə demədim mənə inan". O, kimsənin xoşuna gəlmək, kimsəni inandırmaq üçün "parıldamır". O necə varsa, elədir. Bu, çatlasa da, onun öz həqiqətidir.
Deyirlər ki, daşlar hər şeyi "yadda saxlayır". İnsanlar da belədir; bəzi insanlar çəkdiyi iztirabları üzündəki qırışlarda, sərt xarakterində, sərt baxışında bir iz kimi daşıyır. Hamar, parıltılı insanlarda isə bu yaşanmışlıqları görmək çətindir, çünki onların həyatı sadəcə bir vitrindir. Şair, parıltılı "müdriklikləri" yox, sərt və acı həqiqətləri üstün tutur. Seyran Səxavətin “dik” duruşunu, sərtliyini əzəmətli qayalarla müqaisə etməkdə məqsədimiz, Azərbaycan nəsrinin, poeziyasının və dramaturgiyasının inkişafında böyük xidmətləri olan və öz dəsti xətti ilə seçilən Seyran Səxavətin şəxsiyyət və xarakter olaraq əyilməzliyini, sarsılmaz prinsiplərini, "dik" duruşunu qabartmaq idi. "Hamar daşlar"ın bolluğunda öz kələ-kötürlüyünü, əzəmətini, sərtliyini, xarakterini, şəxsiyyətini bir sözlə, prinsiplərini qorumaq Seyran Səxavətin ən böyük qələbəsidir. Qaya mühitə baş əymir, o, mühiti öz varlığı ilə dəyişir.
Bu il şair, yazıçı, tərcüməçi və dramaturq Seyran Səxavətin 80 illiyi qeyd olunur. 80 yaşınız mübarək olsun, qaya kimi əzəmətli, sərt, bir o qədər də həqiqət olan, Seyran Səxavət!!!
Sizin reaksiyanız nədir?
Bəyən
0
Bəyənmədim
0
Sevgi
0
Əyləncəli
0
Əsəbi
0
Kədərli
0
Vay
0