Etimad Başkeçid: Ruhundan tanınan adam
Yazıçı Ədəbiyyat Portalı Nəriman Əbdülrəhmanlının "Etimad Başkeçid: Ruhundan tanınan adam" yazısını təqdim edir.
1. Minillərdi tanıdığım oğlan
Hərdən öz-özümə Etimad Başkeçidi nə vaxtdan tanışdığımı dəqiqləşdirməyə çalışıram...
Hər dəfə də bir qənaətə gəlirəm: yəqin ki, Başkeçidin dağlar qoynundakı bir kəndində dünyaya gəlmiş qarayağız oğlan uşaqlıq oyunlarından əl çəkib Sözlə oynadığı məqamdan – yəni, hələ özünü görmədiyim, amma sorağını eşitdiyim vaxtdan...
Daha dəqiq desəm, o oğlanın atası Murtuz Muradov Borçalının sayılıb-seçilən ziyalılarından idi, Gürcüstanda yaşadığım illərdə tez-tez ictimai və ədəbi məclislərdə rastlaşırdıq. Onda Murtuz müəllim oğlunun Moskvaya oxumağa getmək istədiyini demişdi. Hələ sovet quruluşunun topdağıtmaz sayıldığı illərdə bu, həddən artıq çətin idi, üstəlik, dağ kəndində böyümüş bir cavanın dünya ədəbiyyatının paytaxtlarından birini “fəth eləmək” arzusu çoxlarına ağlagəlməz görünürdü...
Amma o oğlan ağlagəlməzi həqiqətə çevirdi: M.Qorki adına Moskva Dünya Ədəbiyyatı İnstitutuna daxil oldu, təhsilini başa vurdu, hətta bir müddət Rusiyada yaşadı, mətbuatda çalışdı.
Amma bir həqiqət də var: həmin təhsil ocağını bitirən xeyli adam tanıyıram. Bir neçəsi istisna olmaqla, qalanlarını, elə bil, dünya ədəbiyyatı bir yana, heç olmasa, rus dilinin, rus ədəbiyyatının, rus mədəniyyətinin mehi vurmayıb, diplomlarını alıb getdikləri kimi də qayıdıblar.
Xoşbəxtlikdən Etimad Başkeçid o istisna təşkil eləyənlərin arasındadı, ömrünün təhsilə ayırdığı illərinin haqqını lazımınca verə bilib. Obrazlı desək, Aşıq Hüseyn Saraclıdan Fyodor Dostoyevskiyə, Nikolay Qoqola, Moris Meterlinqə, Uilyam Folknerə, Stiven Kinqə, Tövratacan... yol keçib. Sözün bu iki mənzili arasındakı yol, əlbəttə, asan olmayıb, amma onun yetkinləşməsində zəruri mərhələlərdən birinə çevrilib...
2. Ruhunun möhürünü vurduğu sözlər
Etimad Başkeçidi başdan-binadan şair kimi tanımışam...
O poeziyaya Əli Kərim, İsa İsmayılzadə, Ramiz Rövşən, Eldar Baxış, Səməd Qaraçöp... kimi öz nəfəsi, öz havası, öz deyim tərziylə gəlib. Yazdıqları minilliklərin o üzündən yol alır, həm də tamamilə yenidi, hamısının da üzərində öz ruhunun möhürü var.
Bir də ki, duyumuma görə, Etimad Başkeçid şairliyi rəsmən yox, ruhən qəbul eləyib, Söz amanını kəsəndə, böyük dərddən, ya da istəkdən doğulan qəhər kimi, öz içinin dərinliklərindən qalxıb boğazına tıxananda, rahat yaşamağa qoymayanda dilinə gətirib, kürsülərdə oxumaq, AYB-yə girmək, təqaüd almaq, müsabiqələrdə iştirak eləmək, toplulara düşmək, kitab buraxdırmaq, populyarlaşmaq... üçün yazmayıb.
Üstəlik, Etimad Başkeçid özünü xəsisliklə xərcləyib, oxucunun gözünü yağır eləməyib, Sözünü dəyərləndirənləri intizarda saxlamağı bacarıb. Onun hələ ki, poetik yaradıcılığı 2006-cı ildə işıq üzü görən “Broy&Panoptikum” toplusunun bir hissəsini təşkil eləyir, o hissə isə həcmcə iri olmasa da, sanbalına görə qat-qat ağırdı.
Əlbəttə, zamanla Etimad Başkeçidə populyarlıq da gəldi, amma bu, məhz Sözünün, istedadının, intellektinin, savadının, zəhmətkeşliyinin, prinsipiallığının, ünsiyyətcilliyinin..., bir də Sözə sədaqətinin hesabına baş verdi. Etimad həmişə Sözün abrını gözləməyi, qəhrini çəkməyi bacardı.
Etimad Başkeçidin Söz yaddaşının yaşını rəqəmlərlə ifadə eləmək mümkünsüzdü. O yaddaşın əvvəli minillərin ö üzündə, sonu isə əlçatmaz gələcəkdədi. Məsələn, bu bəndlə başlayan bir şeiri var:
içim bir sovrulmuş xırman, bilirəm,
sən sitəm yapırsan –
dərman bilirəm.
nə gördüm, nə çəkdim - bir mən bilirəm,
tək bir mən bilirəm, bir Allah bilir.
Bir də “Qara-qışqırıq” şeirindən misraları götürək:
duymadım bəli,
heç duymaq belə istəmədim.
eşitmədim, görmədim,
umrunda deyildim çünki,
bilmədim, görmədim, eşitmədim deyə,
öldürəcəksinizmi məni indi?
Bu iki Yaddaş mənzili arasındakı genişlik Etimad Başkeçid ruhunun genişliyidi, bu da ki, hər söz adamına nəsib olmur...
3. Nəsrin ənginliyi arxasınca
Bir yazımda ifadə eləmişəm: qəbul elədiyim şairin nəsr yazması, yaxud, nasirin nəzmə keçməsi həmişə məndə qəribə narahatlıq doğurub. Ola bilsin, o qələm adamının uğursuz nəsr, ya da nəzm əsəri ortaya çıxaracağından, bununla da haqqında formalaşmış təsəvvürlərimi insafsızcasına dağıdacağından ehtiyatlanmışam...
Boynuma alıram, Etimad Başkeçidin ilk hekayələrini oxuyanda eyni narahatlığı yaşamışdım. Amma xoşbəxtlikdən, qələmindən çıxan “Devri-aləm və bir gün”, “Velosiped”, “Tüklücə”, “Veyil dərəsi” hekayələri narahatlığımı birdəfəlik aradan qaldırmağa bəs eləyib...
Sonra daha irəli getdi, 2012-ci ildə “Min yol mənə söylər” romanını nəşr etdirdi, aradan ötən illər ərzində “Günəş topla mənim üçün” hekayəsini, “Gözyaşları qapısı” romanından bir parçanı çap etdirdi...
Görünür, poeziyanın imkan vermədiyi genişliyi, sərbəstliyi nəsrdə tapıb yəqin ki, o ənginlik də Etimadı öz arxasınca çəkib aparacaq.
Etimad Başkeçidin nəsri avtobioqrafik nəsrdi, ömrünün yaşanmış məqamlarıdı, həmin məqamları ustalıqla, eyni zamanda illərin onun canına hopdurduğu qəribə ağrıyla təsvir eləyir. Bu nəsrin müşahidəçilikdən yarandığını Ramiz Rövşən dəqiq ifadə eləyib: “Lev Tolstoy hələ keçən əsrin əvvəlində yazırdı ki, nəsrdə bədii təxəyyül get-gedə öz yerini canlı müşahidəyə verəcək. Yazıçı müxtəlif süjetlər uydurmaqdan əl çəkib, iştirakçısı və ya şahidi olduğu hadisələri yazacaq. Ya da ki, ən azı bu görüntünü yaratmağa çalışacaq. Tolstoy belə bir nəsrin yüz il sonra, yəni təxminən bizim günlərdə yaranacağını demişdi. Etimadın “Min yol mənə söylər” romanı da, “Veyl dərəsi” hekayəsi də, məncə, Tolstoyun dediyi həmin o nəsrin ana dilimizdəki nümunələridir”.
Etimad nə vaxtdan bəri “Divlərin yürüşü” adlı roman üzərində də işləyir. Amma romanı nə vaxt başa vuracağını özü də bilmir: “Elə zəmanədə yaşayıraq ki, ürəyimiz istəyəndə yox, imkanımız olanda yazırıq. İmkanı isə heç vaxt kənarda axtarmamışam, özüm yaratmağa çalışmışam. Amma belə görünür ki, çox işləyən az qazanır, az işləyən çox və bu, bəlkə də, dialektikanın qanunudur. Ona görə də darılmağa dəyməz, hər şey yolundadır.”
Amma hələ “Günəş topla mənim üçün” hekayəsini oxucularına təqdim eləyib. Bəlkə, o hekayə yazdığı romanın fraqmentlərindən biridi və bunu heç özü də unamır...
Mənsə bir şeyə əminəm: indi poeziyanın Etimad Başkeçid məqamı onun vəfasızlığına için-için göynəyir...
5. Bədii tərcümə: daim mükəmməlliyə doğru
Şübhəsiz, Etimad Başkeçid də Allahdan Söz adamı olanların çoxu kimi oxşar tale yaşayır: ailə qayğıları, dolanışıq problemləri onu vaxtının çoxunu köşə yazmaq, tərcümə eləmək, inzibati işlərlə məşğul olmaq məcburiyyətində qoyub. Özü demiş, Azərbaycan Tərcümə Mərkəzinə keçənəcən Bakı Slavyan Universitetində rektor və prorektordan başqa bütün vəzifələrdə çalışıb, “Tərcümə nəzəriyyəsi və praktikası” kafedrasının müdiri kimi dəyərli işlər görüb. 2014-cü ildən də Azərbaycan Dövlət Tərcümə Mərkəzində redaktorluqdan idarə rəisliyinədək yol keçib, hazırda ADU-nun orqanı kimi nəşr olunan “Xəzər” ədəbiyyat və mədəniyyət dərgisinin redaktorudu...
“Bədii tərcüməylə təxminən on beş ildir ki, məşğulam, - müsahibələrinin birində deyir. - İlk dəfə OHenrinin “Bağdad quşu” hekayəsini çevirmişəm. Hekayəni çevirdim, sonra başım qarışdı, çapa verməyi də unutdum. Haradasa, ay yarımdan sonra baxıb gördüm, heç üzə çıxarılası deyil. O tərcüməni hələ də evdə saxlayıram ki, mənə görk olsun – belə tərcümə eləmək olmaz”.
Zaman keçdikcə də mətnlər üzərində səbrlə işləməyə, cilalamağa alışdı. Elə Boris Yevseyevin “Süddə çəpiş” (şərikli), Stiven Kinqin “Ölü zona”, Lev Anninskinin “Ceviz ləpəsi” (şərikli) kitabları bu yönümdə atdığı ilk addımlar idi...
Sonra daha da irəli getdi, M.Jirmunskinin “Xalq qəhrəmanlıq eposu” kitabını, Stiven Kinqin, Moris Meterlinqin, Alberto Moravianın “Seçilmiş əsərləri”ni... çevirdi, səriştəsini və peşəkarlığını sübuta yetirdi...
Ardınca “Tövratı”, Fyodor Dostoyevskinin, Anton Çexovun, Nikolay Qoqolun, Uilyam Folknerin əsərlərini dilimizdə səsləndirdi, hər iki dilə bələdliyini, peşəkarlığını, bədii söz və üslub duyğusunu daha sanballı şəkildə büruzə verdi.
Nizami Gəncəvinin 880 illiyinə töhfə kimi, ədibin “Xosrov və Şirin” poemasının təkmil və müfəssəl filoloji tərcüməsinə görə 2021-ci ildə Azərbaycan Dövlət Tərcümə Mərkəzinin mükafatına və “Nizami Gəncəvi” medalına layiq görüldü.
“Poetik mətnləri, fəlsəfəyə, dilçiliyə aid əsərləri tərcümə etmirəm, - deyir, - bu ixtisaslaşmış tərcüməçilərin işidir. Üslubçu yazarların əsərlərini də tərcümə etməyi xoşlamıram. Mənə görə, yazıçı yaddaqalan obraz yarada və oxucuların ürəyinə yol tapa bilməyəndə özünə “istedadlı üslubçu” imici qazanmağa çalışır. Yerdə qalan nəsr əsərlərinin bədii tərcüməsi ilə bağlı problem yoxdur”.
Bu sözlər Etimad Başkeçidin tərcümə işinə münasibətini açıqlayır. O, rus dilinə tərcümədə də eyni ölçülərə sadiq qalır, sifarişli tərcümə olsa belə, öz prinsipini qoruyub saxlamağı bacarır...
6. Ədəbiyyatları dostlaşdırmaq missiyası
Mənə görə, başqa ölkədə, başqa dildə təhsil almaq adamın qarşısına qeyd-şərtsiz bir missiya – xalqlar və mədəniyyətlər arasında körpü yaratmaq, yaxud yaranmış körpünü möhkəmləndirmək missiyası – qoyur...
Ədəbiyyatımızın dünyaya çıxa bilməməsinin bir səbəbini M.Qorki adına Dünya Ədəbiyyatı İnstitutunu və Ali Ədəbiyyat Kurslarının bitirənlərin böyük əksəriyyətinin bu həqiqəti unutmasıyla bağlayıram...
Xoşbəxtlikdən, Etimad Başkeçid o əksəriyyətə deyil, həm tərcümələriylə, həm də şəxsi əlaqələriylə aradakı körpünü möhkəmləndirməyə can atan qələm adamlarındandı. “İnsanın mənəvi dünyası, əsasən, iki tərkibdən formalaşır, - deyir, - bunlardan biri doğuşdan iliyinə və sümüyünə işləyən havadır, ikinci isə təhsil. Bunların arasında qradasiya aparıb, birin digərindən üstün tutmaq ən xeyirsiz işdir”.
Bu mənada, Etimad Başkeçidin doğuşdan iliyinə və sümüyünə işləyən hava özünü poeziyasında və nəsrində, təhsillə qazandığı hava isə tərcümələrində və ədəbi əlaqələrində büruzə verir...
7. Potretə daha bir neçə cizgi
Nəhayət, Etimad Başkeçidin portretinə daha bir neçə cizgi:
Bir çox cəhətləriylə standart insan tipindən uzaqdı...
Ona tam etibar eləyə bilərsən, düzlüyünə söz yoxdu, amma arada unutqanlıq baş versə, gərək olub-keçəni bağışlamağı bacarasan...
Şaqqıldayıb gülməyi, qəfildən mahnı oxumağı çoxlarını təəccübləndirə bilər, onu tanıyanlarsa bunu ruhən azad olmağının əlaməti sayırlar...
Özünü tanlyandan tapındığı prinsiplərindən geri çəkilməıyi heç xoşlamır...
İmtina eləməyi bacarır: AYB-nin “Min yol mənə söylər” romanı üçün mükafatını ədalət prinsipi pozulduğuna görə qəbul eləməyib...
Darıxan adamdı: həmişə ruhuna doğma yerlərin, adamların və məkanların xiffətini çəkir...
Milli olduğu qədər də dünyəvi düşüncə sahibidi, xislətində dar çərçivələr içinə qapanıb qalmaq yoxdu...
Bir də elə hey görmək istədiyi, macal tapıb gerçəkləşdirə bilmədiyi işlərin göynərtisini yaşayır...
Amma hələ ömür möhləti var, təki sağlıq olsun...
2016, iyul – 2026, iyul
Sizin reaksiyanız nədir?
Bəyən
0
Bəyənmədim
0
Sevgi
0
Əyləncəli
0
Əsəbi
0
Kədərli
0
Vay
0