Könül gözün ilə baxmağı bilsən - Yeni İmza
Yazici.az ədəbiyyat portalı "Yeni İmza" layihəsində Gülnar Rafiqqızının şeirlərini təqdim edir.
Sən də mənim kimi eh...
Uzaqlardan meh əsir,
Yadıma sən düşürsən.
Görən sən də gecələr
Mənimtək üşüyürsən?
Qəlbini sızladırmı
Bir əsimlik həzin meh?
Qəmə tez bürünürsən,
Sən də mənim kimi eh.
Deyirəm darıxmaqdan
Üşüyərmiş adam da,
Öz odundan od alar
Gecələr tək donanda.
Qorxutmasın gözünü
Bir əsimlik həzin meh,
Darıxırsan bilirəm,
Sən də mənim kimi eh.
Nəyimə gərək
Hərdən yarı könül hal-əhval tutub,
İtirsən, istisiz qış günəşi tək.
Elə ulduz kimi gəlsən bəsimdir,
Yalançı işığın nəyimə gərək?
Qışda donan ürək bahara qalmır,
Nə qədər od alsan, isinməyəcək.
Sönüb ocağımız, qaralıb yeri,
Arabir üfürmən nəyimə gərək?
Mavi xatirələr izinə düşmə,
Dözənməz, sıxılar sinəndə ürək.
Duyğular soyuyub, həvəslər keçib,
Ötəri həvəsin nəyimə gərək?
Ən sonda yazılan üç nöqtəyik biz,
Yollar ayrıcında qalmışıq tək-tək.
Biz ki, bir cümləni tamamlamadıq,
Sualın, vergülün nəyimə gərək?
Mən də yarıkönül ötürüm səni,
Di sağ ol, hələlik, görüşənədək.
Cəmi bir qanadlıq quş uçuşuyla,
Candərdi gəlməyin nəyimə gərək?
Dünyanın qanunu
Dünyanın qəribə qanunları var,
Xeyrin də, şərin də sırası olur.
Gecənin mavisi, gündüzün ağı,
Düşün ki, bəxtin də qarası olur.
Cəmi bir nəfəslə düşüb dünyaya,
Sən də qatılırsan cərgəyə, saya.
Arzular yetişmir bəzən səmaya,
Qəlbinin ən böyük yarası olur.
Düşüb taleyinin sonbaharına,
Dolan gəncliyinin boş vüqarına.
Baxırsan saçının bəyaz qarına,
Dünyada bir matəm havası olur.
Vaxtsız açan bənövşə
Qar altından boylanan
Bənövşəyəm indi mən.
Yaxınlaşıb əl vurma,
Tərpətmə öz kökümdən.
Nə olsun gözəxoşam,
Hər xoş olan dərilməz.
Vaxtsız qonaq kimiyəm
Ömrüm, vədəm bilinməz.
Nə qışdanam, nə yazdan,
Aralıqda qalmışam.
Təbiətin oyunu,
Qar altında solmuşam.
Yaz olsaydı ətrimdən
Sənə də pay düşərdi.
Ətirli ləçəklərim
Eşqini bölüşərdi.
Baxma mənə sevdalı,
Nə olsun gözəxoşam.
Aldanma varlığıma,
Bir də baxdın ki,yoxam.
Daha mən də özümə
Soyuqlaşdım qış kimi.
Yaz gələr bəlkə bir gün,
Qaytarar sevincimi.
İndi əl vurma mənə,
Tərpətmə öz kökümdən.
Amma gileylənmə heç
Təbiətin hökmündən.
Könül gözün ilə baxmağı bilsən
Dünyada nə qədər gözəlliklər var,
Gərək görə bilə, duya biləsən.
Bu sirli aləmdə yerin olmaz dar,
Könül gözün ilə baxmağı bilsən.
Mən də öz qəlbimi alıram ələ,
Baxıram səmaya bu axşamçağı.
Ay tutub ulduzu, söhbətə, dilə,
Nuru bəzəyibdir çəməni, dağı.
Görən hansı sirri açır bu gecə,
Sanki qovuşmağa bir addım qalıb.
Bu həm möcüzədir, həm də bilməcə,
Mənim könül gözüm xəyala dalıb.
Yer, göy gözəlliklə doludur, vallah,
Sən bu gözəllikdə nəçisən, kimsən?
Gözəl yaradıbdır dünyanı Allah,
Könül gözün ilə baxmağı bilsən.
Sizin reaksiyanız nədir?
Bəyən
3
Bəyənmədim
0
Sevgi
0
Əyləncəli
0
Əsəbi
0
Kədərli
0
Vay
0