Leylanın duası - Roza Mukanova
Yazici.az ədəbiyyat portalının "Qazax ədəbiyyatı" rubrikasının bu həftəki qonağı nasir Roza Mukanovadır.
Roza Mukanova (Roza Mükanova, 1964, 14 oktyabr) - nasir, dramaturq, ssenariçi
Semipalatinsk (Abay) vilayəti Urcar rayonu Aksakovka aulunda doğulub, Əl-Fərabi adına Qazaxıstan Milli Universitetinin jurnalistika fakültəsini bitirib (1987), Mərkəzi Muzeydə, QYİ-da (1987-2007), Mətbuat Nazirliyində, Qazaxstan Respublikası Parlamenti Senatında çalışıb (2007), hazırda Qazaxstan Milli İncəsənət Universitetinin professorudur.
R.Mukanova yayadıcılığa ötən əsrin 80-ci illərindən başlayıb. “Dünyanın işığı” (1994), “Dünyanın dönüşü” (1997), “Hər şeyə qadir” (2000) və s. nəsr topluları nəşr olunub, pyesləri respublika teatrlarının səhnəsində tamaşaya qoyulub, ssenariləri ekranlaşdırılıb. O, eyni zamanda, bir sıra monoqrafiyalar qələmə alıb. Əsərləri bir çox xarici dillərə tərcümə olunub. təltiflərinə,
R.Mukanova yaradıcılıq uğurlarına görə “Qazaxıstanın Əməkdar incəsənət xadimi” fəxri adına (2012), T.Aybergenov (1989), Qazaxıstan Gənclər İttifaqı (1996), QYİ-nın Beynəlxalq “Alaş” (2002), “Saxnager” Milli Teatr (2019), Abay adına Qazaxıstan Dövlət (2000) mükafatlarına, dünya ədəbiyyatının inkişafındakı xidmətlərinə görə Beynəlxalq F.Kafka medalına (2011) layiq görülüb.
LEYLANIN DUASI
(hekayə)
Tək deyildi. Leyla bunu hiss eləyirdi. Kimsə onun arxasınca bu daşın üstündən o daşın üstünə atılır, ensiz, sərin vadidə kiminsə kölgəsi görünüb yox ola-ola, az qala, yaxınlaşır, qız boynunun ardındakı nəfəsi hiss eləyirdi.
-Sən kimsən? – Qız kəskin tərzdə geri çevrildi. – Gecənin bu vaxtı buralarda gəzən kimdi, hə?
Qorxunc dərəcədə sirli, gözlənilməz səs cavab verdi:
-Mən bir vaxtlar Yer üzündə yaşamış insanların ruhuyam! – Sonra sanki dərindən köks ötürüb quru otları ayaqlaya-ayaqlaya dərəyə endi.
Başqa vaxt olsaydı, Leyla, yəqin, qorxardı, amma indi elə ümidsizliyə qapılmışdı, elə bədbəxt idi ki, dəhşətdən təsirlənmədi, ona görə də az sonra sıldırım qayaların arxasından peyda olan, qıyıq gözlərinin açıq-aydın gördüyü məxluqa yaxınlaşdı. Oraqşəkilli parlaq, gözqamaşdırıcı Ay – bu, məhz Ay idi - işıq saçır, həm də Leylanı sevirdi. Onu yalnız Ay sevgi bəsləyirdi, çünki qız onsuz darıxır, adəti üzrə, üzünü örtmədən, əllərini gizlətmədən Aya etibar eləyirdi. Hər dəfə də Ay başqa cür, həm də tanınmaz olur, amma Leyla sevgilisini dərhal tanıyır, intizarını çəkir, onun səsinə nə vaxt səs verəcəyini gözləyirdi. Biçarə qız həm də ağlayır, qəddar adamlardan şikayətlənir, dərdini danışırdı, cavabındasa ancaq Ayın kədərli tərzdə köks ötürdüyünü eşidir, ona vurğun nurunu hiss eləyir, get-gedə öz taleyilə barışırdı. İndi də göydəki rəfiqəsinə öz qəlbini açmaq istəyirdi, amma bu məqamda Ayın mehriban nəzərlərini təkcə ona, Leylaya yox, Allahın lənətlədiyi Karaula da zillədiyini sezdi. Karaul aulu Çingiz dağlarındakı vadidə yerləşir, əbəs yerə də qara adlanmır. Yox, bu, əbəs deyil...
Buna görə də Leylaya elə gəldi ki, mübhəm rəfiqəsi, çoxdankı sirdaşı ona - biçarə şikəst qıza da, dərd-qəm içində çabalayan Karauluna da - artıq sevgiylə yox, daha çox yüngül istehzayla, etinasızcasına nəzər salır. Hər ikisi Ayın vecinə deyildi, o öz mehrini başqalarına bəxş eləmək üçün çıxıb getməyə, yorğun dağların arxasına enməyə hazırlaşırdı. “Nəyimə gərəksiniz axı, - sanki bəyaz, saf Ay deyirdi. - Atılmış köhnə əsgiyə oxşayan bu Yer üzündə, bu on altı yaşlı qızda nə var axı? Çiçək kimi açılmağa macal tapmamış qarıya çevrilib...” Ay gözəl, bərq vuran gözlərini yumub üzünü çevirdi, uzun kirpiklərinin kölgəsi dərədəki daşların üzərinə düşdü. Leyla kölgənin ağuşuna girib yorğun göz qapaqlarını yumdu.
Onun gözləri yaşla doldu. Qız o yaşları dərhal uddu. Ağlamağa haqqı yox idi. O, qaranılığın içində ağaran evə yaxınlaşdı. Qapını açmaq üçün əlini uzatmaq istəyirdi ki, qətiyyətsizlik içində dayandı. Evə girmək istəmirdi. İndi söz-söhbət başlayacaqdı: “Normal adamların hamısı yatır, sən də hardasa avaralanırsan!” Sonra o gözləri - nifrətlə dolu sarımtıl gözləri, canavar gözlərini - görəcəkdi.
“Bəlkə, artırmada oturub vaxtımı öldürüm?” – Leyla beynindən keçirdi, amma qapının qəfil cırıltısından diksindi. Xalası Katira bayıra çıxdı.
-Ey, gecəgəzən! Qaranlıq düşən kimi, yoxa çıxmaq səndə nə xasiyyətdi, hə? İnsansan, yoxsa kabus?
Leyla həmişəkitək susdu. Qorxurdu ki, xalası onun ağlamasından xəbər tutar, axı onsuz da qızı başa düşməyəcəkdi. Yox, dişlərini bir-birinə sıxıb dözsə, daha yaxşı olar.
-Bir də soruşuram, harda avaralanırsan? – Xalası əl çəkmirdi.
Qadının gözlərinin sarı rəngi hətta qaranlıqda belə sezilirdi. Leyla sanki daşa dönmüşdü, onu sarsıtmaq mümkün deyildi: “Yox, yox! Susmaq lazımdı. Axı Dərin Dərəyə gedib Ayla rəfiqəmlə söhbət elədiyimi, canlı olduğuna görə məni dinlədiyini söyləsəm, məni ələ salacaq...”
Xalası onun inadından əməlli başlı qəzəblənib hiddətlə tüpürdü:
-Görürəm, təkcə eybəcər yox, həm də lal-kar olmusan! Afərin sənə!
Leyla adamların arasında görünməyi sevmir, səs-küylü məclislərdən gen gəzirdi. Amma xalasının ona yazığı gəlir, tərs kimi əl çəkmirdi:
-Gedək! Bu gün Karaulda toy var, çoxlu cavan gələcək, eynin, heç olmasa, bir qədər açılar, - Katira onu boğaza yığırdı.
Sonra qadın özü də geyinib-keçinir, ona da bəzənib-düzənməyi tapşırırdı. Leyla dinməzcə nazik dodaqlarını çeynəyir, beynindən keçirirdi: “Məni qəsdən, rüsvay eləmək üçün ora sürüyür!” Amma bu dəfə xalasına qarşı düşüncələrində haqlı deyildi. Katira, həqiqətən, bacısı qızını əyləndirmək istəyirdi, çünki həmin məqamda özünün kefi kök idi.
-Gedək! Gedək!
-Yorulmuşam... – Leyla mümkün qədər mülayim tərzdə boyun qaçırırdı.
-Dincələrsən də! – Xalası, az qala, şirin dillə danışırdı.
O, inadkar qızı yumşaltmaq üçün böyrünü çimdikləyir, qıdıqlayır, var gücüylə həvəsləndirirdi. Leyla qıdıqdan çox qorxur, ucadan qaqqıldaya-qaqqıldaya əlindən çıxmağa can atırdı, bu məqamda da uzun, arıq əlləriylə sinəsindən bərk itələdi. Katiranın rəngi qaçdı, Leylanı özündən kənara itələdi:
-Yaramaz! İstəmirsən, evdə qal!
Qadının ovqatı tamam təlx oldu. Siması tutuldu, arıq çiyinləri sallandı, Leyla onun çox tez qocaldığını, sifətindəki şux rənglərin yoxa çıxdığını sezdi. Bir zamanlar isə çox gözəl olmuşdu.
-Yox, gedəcəyəm! – Leyla özü də gözləmədən qızışdı. – Gedəcəyəm, vəssalam!
***
Toyda camaat çox idi, Leyla xalası ilə birgə çatanda artıq məclisin qızğın vaxtıydı. Heç kəs onun sakitcə bir küncə çəkdiyini, bəy və gəlinin gənclik nuruyla alışıb-yanan simalarına, qızların gülüşdən və rəqsdən qızarmış sifətlərinə, oğlanların hərarətli dodaqlarına baxır, göz yaşları ondan xəbərsiz yanaqları boyu axırdı. “Normal insan olmaq, adamlardan gizlənməmək, sir-sifətini gizlətməmək çox böyük xoşbəxtlikdi! – Leyla beynindən keçirirdi. – Şənlənməyi mən də çox istərdim! Ey Yaradan, doğrudanmı, sən də bədbəxtliyimə tamaşa eləyib zövq alırsan? Məni öldürsən, daha yaxşı olardı. Yoxsa yaradandan dərhal sonra unudubsan? Yoxsa sən də insanlar kimi vaxtını keçirmək üçün qəddar əyləncələrə ehtiyac duyursan?” – Qız taleyindən bu cür şikayətlənir, səs-küylü məclisdə başını qatırdı.
“Hə, bu ki, Kumardı! – Leyla beynindən keçirməyə macal tapdı. - Kumar! Əziz Kumarım! Məni yalnız o Bəyaz Leylək adlandırırdı. Nə qədər böyüyüb!”
Gözlənilməz görüşdən Leylanın səsi batdı.
Kumar hələ də mehribancasına gülümsəyə-gülümsəyə elə hey danışırdı. Qız onun dediklərini eşitmirdi. Beynini bircə fikir məşğul eləyirdi: “Bu lənətə gəlmiş, həddən artıq uzun, qarısayağı qollarını harda gizlədim?” Yaraşıqsız sifətini etinasızcasına kənara çevirdi. Ancaq tək olduğunu sezəndə özünə gəldi... Tək idi...
-Kumar! Kimar! Hardasan? – Qız astadan dilləndi.
Leylanı ümidsizlik bürüdü: doğrudanmı, onu həmişəlik itirmişdi? Doğrudanmı, göydən enmiş, bir qədər əvvəl gerçəkliyə çevrilmiş xoşbəxtlik bu cür də qəfildən, peyda olduğu kimi əriyib yoxa çıxmışdı? Yox, bunlar yuxuda baş verməmişdi – Leyla bunu dəqiq bilirdi. Necə ümidsizcəsinə qışqırdığını, əylənən adamlara doğru cumduğunu xatırlamırdı...
Leyla qaranlıq çayda asta-asta üzür, axın onu aparır, dincəlmək üçün sahilə, dayaz yerə çıxmaq get-gedə çətinləşirdi, çünki suyun üzərini qalın duman bürümüş, qız səmti itirmişdi: sahil, torpaq, xilaskar Ayın bərq vurduğu səma harda idi?
Yarısayıqlama, duman içində keçən belə günlərin birində Leyla qəfildən Katiranın cingiltili səsini eşitdi:
-Allahın mənə rəhmi gəldi! Gözlərimin ağı-qarası bircə oğlumu evləndirirəm! Bizim evimizdə də toy olacaq!
Katiranln oğlu şəhərdə yaşayır, Karaula nadir hallarda gəlirdi, yaxşı ki, heç olmasa, evlənəcəyini demişdi. “Bu həyat nə qədər etibarsızdı, - Leyla düşünürdü, insanı sevindirmək üçün çox az şey lazımdı...” Tutqun çay onu bürkülü dumanın içindən keçirib daha da uzaqlara aparır, Leyla boğulurdu. “Ayaq saxlayın, özünüzə gəlin, insanlar!” – O, qışqırmaq istəyir, amma boğazından yalnız xırıltılı nəfəs çıxırdı.
Bu məqamda Katira xala kiməsə fəxrlə izah eləyirdi:
-Toydan sonra Karauldan birdəfəlik çıxıb gedəcəyik. Oğlum məni də aparacaq. Hə, söz verib!
“Müqəddəs torpağımız da boşalır... Cənnətin yerini də cəhənnəm tutur... – Leyla çayın coşqun dalğaları üzərində yırğalana-yırğalana pıçıldaydırdı. – Doğrudanmı, Yaradan bu cür məsləhət görüb? – Qız hiddətlə beynindən keçirirdi. – Nəyə görə axı?”
***
Ay asta addımlarla otağa girdi, işıq ləkəsi döşəmə taxtalarının üzəriylə hərəkət elədi. Leylanın xoşbəxtlikdən boğula-boğula uzandığı yatağa yaxınlaşdı. Ay Leylanı qucaqladı, Leyla da Ayı bağrına basdı. Uzun müddət beləcə qaldılar, amma qısa payız gecəsi artıq sona çatırdı, az sonra qız Ayın qollarının boşaldığını, əridiyini, qaranlıqla birgə uzaqlaşdığını hiss elədi. Üfiqin arxasına enən Ay son məqamda iki iri yaş damcısı gördü. O damcılar asta-asta qızın gözlərinin kənarından qulaqlarına sarı diyirlənməyə başladı. Leyla əllərini gicgahlarına aparıb o damcıları saxlamaq istəyirdi, amma artıq gözləri də sözünə baxmırdı. Həyat qızı tərk eləyirdi.
O, Yerin bəhrəsiydi, Yer də onu özünə çəkirdi, Ay isə Göydən doğulmuş, bu səbəbdən də ora üz tutmuşdu. Nə olar, əlvida, Ay!...
Başı tamam oğlunun toy hazırlığına qarışmış Katira bacısı qızının ölümünü hiss eləmədi. O, otağın ortasında donub qalmışdı, Leylanın bədəninin nəyə görə belə dartınıb uzandığını, simasınasa dinclik çökdüyünü dərk eləyə bilmirdi.
-Ay bədbəxt! Ölməyə vaxt tapdı! – Qadın bağırdı. – Tərslikdən toy günü canını tapşırdı! Bir işə bax! İndi neyləyim? - O, hıçqırtısını, lənətlərini başqalarının eşitməməsi üçün əlini ağzına basdı, sonra sakitləşdi, göz yaşlarını silib pərdələri çəkdi.
-Ondan ötrü toyu təxirə salmayacağıq ki... Oy, o həmişə evimə bədbəxtlik gətirib! İndi qoy dincəlsin... Açıb-ağartmaq olmaz... Toy başa çatanacan heç kəsə bir kəlmə söz demək lazım deyil, - Katira özünü dilə tutur, həvəslə də razılaşırdı. – Qonaqlar dağılışanacan kimsə bilməməlidi...
O, bir gözü qapıda tələm-tələsik qızın solğun sifətini yaylıqla örtüb özünü cəld otaqdan bayıra atdı. Həyətdə artan həyəcanlı səs-küy diqqətini çəkdi. Artırmaya çıxanda yerindəcə donub qaldı. Evinə doğru çoxdan bədbəxtlik xəbərçisi olan qara kütlə axışırdı. “İlahi, özün kömək ol!” – Katira beynindən keçirdi.
İzdiham yaxınlaşdı, Katira ehtiyatlanıb qapının ağzını kəsdi:
-Rədd olun! Evimdən rədd olun! – O, əllərini yellədi. – Buraxmaram! Burda toy var! Evimdə sevinc var! Gedin, rədd olun!
O, arxa otaqda camaatdan gizlətdiyi məhrum bacısı qızı olduğunu xatırladı. Mərhum! Bəs belə... Bəlkə bu qara kütlə onun yanına gəlib?
Qara geyimli adamlarsa ağı deyə-deyə, yırğalana-yırğalana get-gedə evinə yaxınlaşırdılar. Katira əllərini göyə qaldırıb Allaha üz tutmaq istədi, amma macal tapmayıb dinməzcə yanı üstə aşmağa başladı. Həmin məqamda nəhəng Ayı gördü. “Günün günorta çağı bu nədi?!.” – O, beynindən keçirdi. Ay çevrilib gözləri qarşısında yarıya bölündü. “Artıq insanlar Aysız qaldılar... – Katira kədərləndi. – Ayı zülmət gecə uddu. Bəyaz Ayı qara gecə uddu. Nə yaman qaranlıqdı, İlahi... Dünya kor oldu...” O, titrək barmaqlarıyla daralmış, sinəsini basıb əzən beşmetinin düymələrini açmağa çalışırdı. Qadın boğulduğunu hiss eləyirdi... O, elə hey sinəsindəki mövcud olmayan düymələri açırdı...
Tərcümə: Nəriman Əbdülrəhmanlı
Sizin reaksiyanız nədir?
Bəyən
0
Bəyənmədim
0
Sevgi
0
Əyləncəli
0
Əsəbi
0
Kədərli
0
Vay
0