Mümtaz ömrünün dolanbacları - Asif Rüstəmli yazır
Yazıçı Ədəbiyyat Portalı professor Asif Rüstəmlinin "Mümtaz ömrünün dolanbacları" yazısını təqdim edir.
Salman Mümtaz görkəmli Azərbaycan ədəbiyyatşünası, peşəkar mətnşünas, klassik ədəbi irsin mahir toplayıcısı, tədqiqatçı-alim, incə ruhlu şeirlər müəllifi, mənəvi sərvətlərimizin əvəzsiz sərrafı və qədirşünasıdır. Onun diyar-diyar gəzib şəxsi vəsaiti hesabına əldə etdiyi, topladığı və incələdiyi zəngin klassik ədəbiyyat materialları misilsiz dəyərlərə malik bütöv bir xəzinə təşkil edir. Araşdırıcıların qənaətinə görə, Salman Mümtaz 1937-ci ildə həbs edilərkən şəxsi arxivindən 238 saxlama vahidi olan qədim, qiymətli əlyazmalar, çap kitabları müsadirə edilmiş və bir daha geri qaytarılmamışdır. Onun ədəbiyyat tarixi qarşısındakı xidmətləri, ictimai-fəlsəfi düşüncəmizdəki yeri və rolu yüksək əhəmiyyətə, böyük dəyərə malikdir.
Salman Məhəmmədəmin oğlu Əsgərov (Mümtaz) 1933-cü ildə qələmə aldığı “Tərcümeyi-hal”ında sonralar təhriflərə məruz qalan doğum tarixi haqqında birmənalı və konkret olaraq yazırdı: “Mən 1883-cü ildə Şəki şəhərində tacir ailəsində anadan olmuşam. 1887-ci ildə atam vəfat edib, fərdi qaydada təhsil almışam” (AMEA Arxivi, fond-39).
Salman Mümtaz atasının vəfatından sonra anası, dayısı və kiçik qardaşı ilə Şəkidən Aşqabada köçərək atasının vaxtilə burada aldığı mülklərə sahiblənir, ticarət sahəsində dayısına köməklik göstərməklə yanaşı, Cənubi Azərbaycanın Xalxal şəhərindən gəlmiş Mirzə Əsədullanın məktəbində təhsilini davam etdirirdi. Geniş dünyagörüşə, möhkəm yaddaşa malik olan gənc Salman öz üzərində mütəmadi çalışmaqla türk, ərəb, fars, rus, urdu dillərini qənaətbəxş səviyyədə öyrənmişdir.
S.Mümtaz böyük satirik şair Mirzə Ələkbər Sabirlə ilk dəfə hicri 1311-ci (1893) ildə 10 yaşında olarkən Aşqabadda şamaxılı Məşhədi Teymur Səmədovun karvansarayında şagird yoldaşının vasitəsilə görüşüb tanış olur, mehriban qarşılandığına və onun “Söylədim Müştaqə, ver ağ kürkünü, bir gün geyim. Dedi: Get, get vermərəm, bu ityatanımdır mənim” beytinin izahına, suallarına cavab aldığına görə çox məmnun qalır. 1906-cı ildə Tiflisdə nəşrə başlayan “Molla Nəsrəddin” jurnalını isə Aşqabadda böyük sevinc hissi ilə qarşılayır, özünün qeyd etdiyi kimi, məcmuəyə “...xırda-xırda xəbər, məqalə, məktub, həm də bəzi imzasız şeirlər” yazır. Jurnalın səhifələrində “Hophop” imzası ilə sevə-sevə oxuduğu satiraların müəllifi haqqında Hacı Kazım bəy Qabildən səhih məlumat alaraq Məşhədi Teymurun karvansarayında sabun bişirən “arıq, qaraşın oğlan”ı xatırlayır.
Salman Mümtaz Mirzə Ələkbər Sabir ilə ikinci görüşü haqqında qayğı və sayğı ilə yazırdı: “1910-cu ilin iyun ayında mən Bakıya gəlmişdim... Süleyman bəylə (Əbdürrəhmanbəyov) görüşmək üçün İsmailiyyəyə getmişdim. Koridorda (dəhlizdə) birdən-birə Sabirlə üz-üzə çıxdıq. Mən onu tanımadım, o məni tanıdı. Sabir: – Əfv ediniz, gözümə tanış gəlirsiniz – deyə məni saxladı. Mən də “çox ola bilər” – deyib dayandım. Sabir 17 il qabaq Aşqabadda olan ilk görüşümüzü xatırladı və onu yerli-yataqlı söyləməyə başladı...
Biz zalın uzaq bir guşəsinə çəkilib oturduq. Bir az söhbət etmişdik ki, söz şeirdən, “Molla Nəsrəddin” məcmuəsindən düşdü və bir neçə dəqiqədən sonra mənim “Molla Nəsrəddin” məcmuəsi ilə sıx əlaqədə olduğuma mültəfid oldu və təəccüblə mənə üz tutaraq “Siz Salmansınız?” – deyə sual etdi. Mən də “hə” dedim. Lütfən ayağa duraraq əl verdi və ikinci dəfə tanış olduq. Haqqımda fövqəladə ehtiramlar göstərdi”.
S.Mümtazın “Molla Nəsrəddin”dəki fəaliyyəti M.Ə.Sabirin diqqətini cəlb etmiş Aşqabaddan məcmuəyə xəbərlər yazan müəllifin kimliyi görkəmli sənətkarda ciddi maraq oyatmışdır. Böyük şairin ilk dəfə 1893-cü ildə gördüyü 11 yaşlı Salmanı 17 ildən sonra asanlıqla xatırlamasında möhkəm hafizə, yaddaş sahibi olması ilə yanaşı, ehtimal ki, jurnalda Aşqabaddan göndərilmiş xəbərləri, məqalə və şeirləri oxuduqca gözü önündə ona Müştaqdan sual verən məktəblini canlandırmışdır.
Salman Məhəmmədəmin oğlu XX əsrin Cümhuriyyətəqədərki dönəmində Aşqabad şəhərində “Firiduniyyə” adlı məktəb açmış, oranı dərslik və dərs ləvazimatı ilə təchiz etməyə çalışmış, yeni təşəbbüsləri ilə müəllim və şagirdləri təhsilə, dünyəvi elmlərə ruhlandırırdı. O Bakıda demokratik yönümlü dövri mətbuat orqanları ilə sıx təmaslar qurmuş, onlardan “Molla Nəsrəddin”, “Zənbur”, “Kəlniyət”, “Hacı Leylək”, “Tuti”, “Qurtuluş”, “Şeypur”, “Qardaş köməyi” jurnalları və “Səda”, “Günəş”, “İqbal”, “Yeni iqbal”, “Açıq söz” və b. qəzetlər ilə əməkdaşlıq etmiş, şeir və məqalələri çap olunmuşdur. Gizli imzaların görkəmli tədqiqatçısı Qulam Məmmədlinin araşdırmalarına görə, Salman Mümtaz yuxarıda adı vurğulanan qəzet və jurnallarda 39 gizli və ya yarımgizli imzadan istifadə etmişdir.
Salman Mümtaz 20 yaşından – 1903-cü ildən Azərbaycan ədəbiyyatına aid materiallar, əlyazma kitablar toplamağa başlamış, hicri tarixi ilə 1331-ci ildə (1913) Tiflis şəhərində “Salman Əsgərovun nəşriyyatı”nı təsis etmişdir. İlk nəşr kitabı olan “Seyyid Əhməd Hatif İsfahani. Tərcibənd və tərcümeyi-halı” (25 s.) adlı əsərini Tiflisdəki “Şərq” mətbəəsində çap etdirir. Əslən Ordubaddan olan, XVIII əsrdə İsfahanda doğulmuş və yaşamış Seyyid Əhməd Hatifin mühiti və yaradıcılığı haqqında Salman Mümtaz ətraflı məlumat verərək yazırdı: “Seyyid Əhməd Hatif on ikinci əsr hicridə dünyaya gələn İran şairlərinin mümtazı və hətta səramədi (başda gələni-A.R.) hesab olunmağa layiq bir şair, nəzahətpərvərdir (saflıqsevəndir). Təxəllüsü “Hatif” və vətəni-əslisi İsfahandır. Hatif qayət dərəcədə fəsih (fərasətli) zamanındakı ülumun (elmlərin) cümləsinə dara (sahib) olduğundan masiva (başqa), təbdə də dəxi artıq məharət sahibidir. Hökumət və ya millət tərəfindən qeyri şairlərimiz kimi tamini-məişət edilməməyindən idi ki, təbiblik ilə güzəranını keçirdirdi. Hacı Lütfəli bəy Azər və Hacı Süleyman Səbahi ilə həməsrliyindən ayrı, hətta rəfiq və həmməslək imişlər”.
Azərbaycandan İsfahana köçmüş, Ordubad əsilli Seyyid Əhməd Hatifin “Tərcibənd və tərcümeyi-halı” adlı kitabına Salman Mümtaz 12 səhifəlik ön söz və lüğət yazmış, şairin əsərlərindən seçmə beş tərcibəndi çapa hazırlamış və nəşr olunan ilk kitabçasına daxil etmişdir. Bu kitab Salman Mümtazın klassik ədəbiyyata böyük həvəsinin, səmimi sevgisinin, vurğunluğunun ilk rəsmi sənət vəsiqəsi idi.
Salman Məhəmmədəmin oğlu əsasən Aşqabadda yaşayıb fəaliyyət göstərsə də, Bakı, Tiflis mətbuatını mütəmadi izləyir, dəvətlərə, çağırışlara zamanında münasibət bildirir, əməli köməkliyini, mənəvi dəstəyini əsirgəmirdi. 1917-ci il yanvarın 4-də M.Ə.Rəsulzadənin təşəbbüsü ilə şairlər, yazarlar, publisistlər İsmailiyyə binasının zalına yığışaraq “Mühərrirlər və ədiblər cəmiyyəti”ni təsis etdilər. Cəmiyyətə “qələmlə müavinət” göstərənlərdən biri də Aşqabadda yaşayıb-yaradan sənətkarlarımız, şair, tədqiqatçı Salman Məhəmmədəmin oğlu oldu. O, “Qardaş köməyi”nin ilk (və son) sayında “Qul” elmi-publisistik üslubunda yazdığı məqaləsi və qəzəl janrında qələmə aldığı “Tək” rədifli mənzuməsi ilə çıxış etdi. “Qul” əsəri Salman Məhəmmədəmin oğlu Turxan, “Tək” şeirini isə Turxan adı ilə imzalamışdır.
Təqdim olunan fakt təsdiqləyir ki, Salman Mümtaz Azərbaycandan kənarda yaşasa da, qəlbi, ruhu, amalı ilə vətənə sıx bağlı olmuşdur. Azərbaycan Xalq Cümhuriyyəti elan edildikdən və Bakı işğalçı bolşevik-daşnak hərbi qüvvələrindən azad edildikdən sonra Salman Məhəmmədəmin oğlu ailəsi ilə Aşqabaddan Bakı şəhərinə köçmüşdür.
Mümtaz – sözü ərəb mənşəlidir, mənası “seçilmiş” deməkdir. O, “mümtaz”ı təxəllüs kimi qəbul etməmişdən əvvəl bu sözü leksik mənada bəzi ədiblər haqqında yazdığı məqalələrdə işlətmişdir. Məhəmmədəmin oğlu Salman Bakının xilaskarı, Qafqaz İslam Ordusunun baş komandanı Nuri Paşaya ithaf olunan “Ögün millət” şeirini “Azərbaycan” qəzetində “Mümtaz” təxəllüsü ilə dərc etdirmişdir:
“Ziyasız rus zülmündən o yüksək ruhun ölmüşdü,
Tutardı şişəyə hər dəm şərabi-nab tək qanın.
Qızılgül tək açıl, gül, gör ki, türkün şanlı ordusu
Rəvaqi-ərşə nəsb etmiş böyük Osmanlı ünvanın.
Səmaya doğru Toğrul tək sən ey türk oğlu, uç, yüksǝl,
Ki, sənsən şanlı övladı şərəfli, əski Turanın”.
Misilsiz qardaşlıq yardımına görə Azərbaycan xalqının minnətdarlıq hisslərini, istiqlal və azadlıq duyğularını yüksək bədii-estetik səviyyədə, poetik ruhda Qafqaz İslam Ordusunun zabit və mehmetciklərinə, onun baş komandanı general Nuri Paşaya ünvanlanan qəzəl müəllifin böyük sənətkarlıqla, vətənpərvərlik və türkçülük sevdası ilə qələmə aldığı əsərlərdən biridir.
Salman Mümtaz təbiət, qayə etibarilə maarifçi, istiqlalçı ziyalılarımızdan idi. O, Hüseyn Sadığın rəhbərliyi ilə 1919-cu ilin avqustunda Bakıda yaradılan “Yaşıl qələm” cəmiyyətinin ilk təsisçilərindən biri idi. Təsis iclasında cəmiyyətin fonduna 1000 (1 min) manat ianə ödəmiş, Hüseyn Sadıq “Yaşıl Qələm” Heyəti-idarəsi adından yardıma görə Salman Mümtaz əfəndiyə izhari-təşəkkür ərz etmişdir. S.Mümtaz cəmiyyətin məramnaməsinin müzakirəsində fəal iştirak etmiş, onun təklifi ilə sənəddə 8-ci bənd: “Cəmiyyət itib-batmış türk lüğətlərinin toplanması üçün çalışacaqdır” – cümləsi ciddi müzakirələrdən sonra qəbul olunmuşdur.
Ədəbi-bədii yaradıcılığın ideya istiqamətini müəyyənləşdirmək, bədii əsərlərin müzakirəsini, təhlilini təşkil etmək, gənc yazarlar yetişdirmək, tərcümə məsələləri ilə intensiv məşğul olmaq və b. niyyətlə yaradılan “Yaşıl qələm” cəmiyyətinin səlahiyyətlərini S.Mümtaz daha da genişləndirərək “...itib-batmış türk lüğətlərinin toplanması”nı əlavə etməklə cəmiyyətin təcrübi funksiyasına yeni fəaliyyət istiqaməti – elmi-tədqiqat statusu vermişdir.
Cümhuriyyət dövri mətbuatında Salman Mümtazın bəyənilən və təqdir edilən təşəbbüslərinə rast gəlinir. O, 1919-cu ilin yanvarında dövrünün tanınmış bir qrup ədib və mühərrirləri ilə ictimai-siyasi yönümlü bir məcmuə nəşr etmək üçün Cümhuriyyətin Maarif nazirinə və “Azərbaycan” qəzetinə müraciət ünvanlayırlar. Məktubda yazılırdı: “...biz ərbabi-qələm (qələm sahibləri-A.R.) və ədəbiyyat maraqlıları bir ədəbi məcəllə (məcmuə) nəşrini çoxdan bəri düşünməkdəyiz. Zira böylə məcəlləyə Cümhuriyyətimizin ehtiyacı vardır.
Əski rus istibdad idarəsi altında yaşadığımız zamanlar, fikirlərimiz və qələmlərimiz azad olmadığı halda, ədəbi məcmuələrə malik bulunurduq. İstiqlaliyyətimiz elan, fikirlərimiz və qələmlərimiz sərbəst olduğu bir mühitdə ədəbi, ictimai və siyasi məcəllələrimiz yoxluğu Cümhuriyyətimiz daxilində bir boşluq, həm də gözə çarpacaq və nəzəri-diqqəti cəlb edəcək bir boşluq, dolayısı ilə bir nöqsan təşkil etməkdədir”.
Müraciəti Məhəmmədəmin oğlu Salman Mümtaz, Kazım oğlu Seyid Hüseyn Sadiq, Qafarzadə Əbdülxaliq Cənnəti, Əbdülxaliq Yəqubzadə Yusif, Kazımzadə Səməd Mənsur, Məhəmmədəli Sidqi, Axund oğlu Mirzə Məhəmməd, Məhəmmədzadə Əli Nəzmi, Əli Yusif Yusifzadə, Bədrəddin Əlhüseyni və b. imzalamışdır. Məcmuə təsisçilərinin məramı “Cümhuriyyətimizdə gözə çarpacaq... nöqsanları islah etməyə çalışmaq”, “Molla Nəsrəddin” tipli satirik bir jurnal yaratmaq idi. Onları Cümhuriyyətin maarif naziri qəbul etmiş, ayda bir dəfə nəşr ediləcək 200 səhifəlik şəkilli məcmuənin çapı nəzərdə tutulmuşdur. Hətta maarif naziri Salman Mümtaz əfəndiyə məcmuənin “smeta”sını hazırlamağı həvalə etdi. Görünür, bu məcmuədə Salman Mümtaz satirik şeirləri, felyetonları ilə bərabər, klassik ədəbi irsdən, əlyazmalardan parçalar da, dərc etmək niyyətində olmuşdur. Təşəbbüs nə qədər əhəmiyyətli, aktual, dəyərli olsa da, təəssüf ki, mövcud kağız, maliyyə böhranı nədənindən reallaşmadı. Çıxış yolunu Seyid Hüseyn Sadığın 1915-ci ildə bir neçə nömrəsi çıxmış və fəaliyyəti Rusiya İmperiyasının senzoru tərəfindən dayandırılmış “Qurtuluş” məcmuəsinin bərpasında görürdülər. “Yaşıl qələm” cəmiyyətinin ədib və mühərrirlərinin “müavinəti-qələmləri” ilə “Qurtuluş” məcmuəsinin ilk sayı 1920-ci il 1 nisan (aprel) tarixində nəşr edildi. Bu sayda Hüseyn Cavidin “Uçurum”, Əhməd Cavadın “Dağlar”, Hüseyn Rzanın “Mənsur şeirlər”i, Feyzulla Sacidin “Faciələr qarşısında”, Cəfər Cabbarzadənin “Dün o gözlərdə inləyən sevgi” misrası ilə başlayan “Şeir”i ilə yanaşı Salman Mümtazın “Mirzə Şəfi” məqaləsi də çap olunmuşdur. Ədib məqalədən öncə bir gileyini də xatırlatmağı unutmamışdır: “Qurtuluş”da bənim də iştirakım arzu buyurulmuşdu. Məmnuniyyətlə bunu qəbul ediyorum. Çoxdan bəridir ki, ədəbi bir məcmuənin müştağında idik. Təəssüf ki, müəssislər və idarələr, ali idarələr bizim bu ehtiyacımızı təmin etmədi. Qələm arkadaşlarımın hazırkı ağır şərait altında ədəbi bir məcmuə təsis etmək fikri şayani-təqdirdir. Bən bunu alqışlayıram”.
Salman Mümtaz “Mirzə Şəfi” məqaləsinin sonunda şairin türk və fars dilində olan qəzəl və müxəmməslərindən bir qismini “Qurtuluş”un növbəti saylarında oxuculara təqdim olunacağını vəd etmişdir.
“Qurtuluş”un ikinci və sonuncu sayı 1920-ci il 20 nisan (aprel) tarixində nəşr edilir. Məcmuənin ikinci sayında Əli Yusifin “Qarabağ xainlərinə”, Cəlal Sahirin “Qafqas türküsü”, Hüseyn Cavidin “Uçurum” əsərinin mabədi, Mirzə Bala Məhəmmədzadənin “Paytaxt əfsanələri”, Abdulla Şaiqin “Arazdan Turana”, Seyid Hüseynin “Ağ at və ağ çuxa”, Ümmügülsümün “Bir qız üçün”, Abbas Səhhətin “Nəvayi-aşiqanə”, Cəfər Cabbarlının “Yaşamaq”, Seyid Zərgərin “Azərbaycan izçilərinə”, Əbdül Rəhman Dainin “Vətən qayğısı” və digər ədiblərin əsərləri ilə birlikdə Salman Mümtazın “Ədəbiyyatımız tarixindən” ümumi başlığı ilə “Zövqi” haqqında yığcam icmalı və şairin “Könlüm səni istər” rədifli bir müstəzadı çap olunmuşdur.
S.Mümtazın məlumatına əsasən, Əhməd Əfəndi Zövqi XIX əsrdə Şəkinin Baş Göynük kəndində doğulub təhsil almış, burada yazıb-yaratmışdır. Hicri 1285-ci ildə (miladi 1868) vəfat etmişdir. Zövqi mömin müsəlman, şəriət elmini mükəmməl bilən, əhli-təqva, nüfuzlu şəxsiyyət, incə ruhlu şair idi. Salman Mümtaz Zövqi haqqında yazdıqlarına əlavə edirdi ki: “Mərhum Əhməd Əfəndi Zövqinin tərcümeyi-halı qayət dərəcədə tuhaf (dəhşətli) və olduqca qəmli və qüssəlidir. Bu barədə “Qurtuluş”un gələcək saylarının birində ətraflı məlumat verəcəyik”.
Böyük ədəbiyyatşünasın Əhməd Əfəndi Zövqi haqqında “Qurtuluş”un gələcək saylarının birində ətraflı məlumat ver”mək imkanları əlindən süngü ilə alındı, arzu və xəyalları vaxtsız suya düşdü. Zövqi barədə məqaləsinin nəşrindən bir həftə sonra bolşevik Rusiyasının hərbi təcavüzü nəticəsində müstəqil, milli istiqlalına sahib çıxmış Azərbaycan Cümhuriyyəti süquta uğradı. Bütün cəmiyyətlərin, quruluşların “qələmlə müavinət”ə ehtiyacları, şübhəsiz ki, labüddür. Yeni quruluş, “sovetləşmiş” Azərbaycan Salman Mümtaz kimi rus dilini mükəmməl bilən “əhli-qələm”ə, fədakar ziyalıya, sözün əsl mənasında, möhtac idi. Nəriman Nərimanov 1920-ci il aprel çevrilişindən 18 gün sonra, mayın 16-da Moskvadan Bakıya gəldi və Azərbaycan İnqilab Komitəsinin sədri vəzifəsinin icrasına başladıqdan sonra onun Komitəyə işə dəvət etdiyi milli ziyalılardan biri Salman Mümtaz idi. Bir müddətdən sonra S.Mümtaz Xalq Maarif Komissarlığında, 1923-1924-cü illərdə “Kommunist” qəzeti redaksiyasında, eyni vaxtda ictimai əsaslarla Azərbaycanı Tədqiq və Tətəbbö Cəmiyyətində fəaliyyət göstərmişdir. Onun əsərlərinə “Füqəra füyuzatı”, “Maarif və mədəniyyət”, “Kommunist” və digər qəzet və jurnal səhifələrində səxavətlə yer ayrılırdı. 1920-ci illərin birinci yarısı bu mətbuat orqanlarında Salman Mümtaz “Azərbaycan şairləri” və “Unudulmuş yapraklar” silsiləsindən Şeyx Nizami Gəncəvi, Nəsimi, Şah Xətai, Füzuli, Ağa Məsih Şirvani, Nəşə, Sultanüşşüəraye-Həbibi, Azəri Çələbi, Baba bəy Şakir, Məhəmməd Hüseyn xan Müştaq, Səfi, Şahi və b. ədiblər haqqında ilkin məlumatlar verməklə dəyərləndirmiş və əsərlərindən nümunələr təqdim etmişdir.
Azərbaycanı Tədqiq və Tətəbbö Cəmiyyəti 26 oktyabr 1923-cü ildə yaradılmış, fəaliyyətə başladığı ilk çağlardan Salman Mümtaz cəmiyyətin fəal üzvü olmuşdur. ATTC Etnoqrafiya komissiyasının 20 noyabr 1923-cü il tarixli iclasında “Azərbaycan xalq ədəbiyyatı”nın gündəliyə gətirilməsi Əbdürrəhim bəyin yeni bir uğuru idi. Komissiyanın qərar hissəsində yazılırdı: “Azərbaycan xalq ədəbiyyatının toplanması üzrə qrup yaradılması məqsədəuyğun hesab edilsin. Bu iş Əbdürrəhim bəy Haqverdiyev, Salman Mümtaz və Hacı Kərim Sanılıya həvalə olunsun. Onlara Etnoqrafiya komissiyasında Azərbaycan xalq ədəbiyyatı haqqında məruzə etmək və mütəxəssislər seçmək səlahiyyətləri verilsin”.
S.Mümtaz Cəmiyyətin ona tapşırdığı sifarişdən ruhlanaraq həmin il “El şairi Qurbani” haqqında oxuculara maraqlı və yeni məlumat vermiş, 1925-ci ildən “Kommunist” qəzetinin rəsmi əməkdaşı olaraq bu mətbuat orqanında “Xalq ədəbiyyatı həyatdan doğar” adlı silsiləsində unudulmuş sənətkarların həyatı və yaradıcılığı haqqında məqalələr hazırlayıb dərc etdirmişdir. O, “Beş min söz” adlı 6 cildlik lüğət hazırlamış, həmin dövrdə Moskva şəhərində nəşr edilən “Krasnıy Vostok” (“Qızıl Şərq”) jurnalı ilə sıx əməkdaşlıq etmişdir.
ATTC-nin təşəbbüsü və təşkilatçılığı ilə 1926-cı ilin fevral ayında Bakıda keçirilən Birinci Türkoloji Qurultayda ən fəal iştirak edənlərdən biri də Salman Mümtaz olmuşdur. Tədqiqatçı-alim Ədalət Tahirzadə bu barədə yazırdı: “...I Türkoloji qurultaya yaxından qatılan, qurultaya “Nəsimi” adlı kitabını ərmağan edən S.Mümtaz artıq akademik Məhəmməd Fuad Köprülüzadə, Samoyloviç, Oldenburq kimi görkəmli alimlərin hesablaşdığı ciddi tədqiqatçı kimi tanınırdı. Həmin il onun şəxsi kitabxanasına (“Kitabxaneyi-Mümtaziyyə”) baxan akademiklər Bartold və Oldenburq buradakı əlyazmaların zənginliyinə və elmi dəyərinə heyran qalmışdılar”.
ATTC-nin Tarix və etnoqrafiya seksiyasının 1924-cü il 2 yanvar tarixli iclasında Ədəbiyyat və Türk qrupu yaradılır, Salman Mümtaz həmkarları Ə.Haqverdiyev, H.Zeynallı, C.Cabbarzadə, V.Xuluflu və b. ilə Türk qrupunun üzvü seçilir. Onun uzaq-yaxın ellərdən sətir-sətir, qətrə-qətrə topladığı milli-mənəvi sərvətlərimizin nəşrində cəmiyyət mühüm rol oynayır. S.Mümtaz yalnız 1925-1928-ci illərdə “Azərbaycan ədəbiyyatı” seriyasından 16 kitab nəşr etdirir. Onlardan Ağa Məsih Şirvani, Molla Pənah Vaqif, Nişat Şirvani, Məhəmməd Hüseyn xan Müştaq, Qövsi Təbrizi, Kərbəlayi Allahi Arif, Nitqi Şirvani, Qasım bəy Zakir, Mirzə Şəfi Vazeh, Seyid İmadəddin Nəsimi, Baba bəy Şakir, Aşıq Abdulla, Mirzə Nəsrullah bəy Didə, Mehdi bəy Şəqaqi və Ağa Bağır Şirvaninin əsərləri Azərbaycan ədəbiyyatı xəzinəsini zənginləşdirən klassik ədəbi irsimizin nadir inciləridir.
Bu əsərlərdən bir örnək olaraq qeyd edək ki, Salman Mümtazın 1925-ci ildə “Azərbaycan ədəbiyyatı” silsiləsindən çap etdirdiyi 2-ci kitab “Molla Pənah Vaqif”dir. O, kitaba eyniadlı başlıq ilə 45 səhifəlik ön söz yazmış, müqəddimədə şairin sevilən qoşma, müxəmməs, qəzəl, mürəbbe, müstəzad, müəşşər müstəzad və b. şeir janrlarında yazdığı əsərlərdən yerli-yerində barınmış, nümunələri təhlil edərək yüksək dəyərləndirmiş, ön sözü 14 aprel 1925-ci ildə bitirdiyini qeyd etmişdir. Kitabın böyük marağa səbəb olan fəslindən biri də “Vaqifin qeyri-mətbu əşarı”dır. Salman Mümtaz bu bölmədə Vaqifin naməlum əlyazmalarından bir qismini ilk olaraq geniş oxucu auditoriyasına təqdim edir. Vaqifin bu gün dillər əzbəri olan, gözəllərə müraciətlə yazdığı, yüz il əvvəl yalnız əlyazma şəklində olan qoşmasından bir bənd belədir:
Əvvəl gözəllikdə gərəkdir çağlıq,
Ondan sonra ola sadəlik, ağlıq,
Nə ağzında yaşmaq, yüzündə yaylıq,
Çirkinlik yüzini bürüyəndədir.
On səkkizinci yüzillikdə Vaqif gözəllik mücəssəməsi olan gəncləri əvvəlcə çağlığa, çağdaşlığa, müasirliyə səsləyir. Şübhəsiz ki, bu çağdaşlıq fikirdə, düşüncədə, əqidədə, əxlaqda öz təcəssümünü tapmalıdır. Ondan sonra “sadəlik, ağlıq” tələb edir. Hər iki məfhum mədəni və mənəvi keyfiyyətlərə işarədir. “Ağlıq” deyiləndə mənəvi saflıq, bəyazlıq, təmizlik, ləkəsizlik anılır. Bunlar olandan sonra yaşmağa, yaylığa, bürünməyə ehtiyac qalmır.
Salman Mümtazın 1927-1928-ci illərdə nəşr etdirdiyi ikicildlik “El Şairləri” kitabının hər bir cildinin həcmi 200-300 səh-dən çoxdur. Bu kitablarda tanınmış el sənətkarları ilə yanaşı naməlum və ya az tanınan şair və aşıqlar da yer almışdır.
“El Şairləri” (1928) kitabının ikinci cildində Salman Mümtaz əlyazmalarını əldə etdiyi aşıq və şairlərdən Aşıq Əhməd Paşa, Aşıqlı Aslan, Şəkili Dəli Bəbir, Pəri xanım, Kəbirli Molla Heydər, Arasbarlı Xan Çoban, Şəkili Rəsul, Molla Yusif Raci, Təbrizli Baba Rəmzi, Dərbəndli Zərnigar, Zöhrə Banu, Təbrizli Hacı Mehdi Şükuhi, Şirvanlı Aşıq Saleh, Qarabağlı Mirzə Əhməd, Şirvanlı Molla Qasım, Tikmədaşlı Xəstə Qasım, Dirili Qurbani və b. şairlərin, söz ustadlarının poeziya nümunələrini kitaba daxil etmişdir.
Arasbarlı Xan Çobanın “Apardı sellər Saranı” şeiri mahnı kimi də məşhurdur. Salman Mümtaz şairin digər əsərini – “Bilməz” adlı gəraylısını da kitaba salmışdır. Şeirin sənətkarlıq səviyyəsi, dil-üslub cazibədarlığı, xalq ruhuna yaxınlığı diqqəti cəlb edir:
Bir igid ki, dərdə düşə,
Dərd əlindən yata bilməz.
Qabağında min av gəzə,
Heç birisin ata bilməz.
Xan Çobanam Arasbardan,
Bağçalarım dolu bardan,
İgid qalsa gər qatardan,
Tay-tuşuna çata bilməz.
1920-ci illərin ikinci yarısı Salman Mümtaz üçün xüsusilə uğurlu olmuş, topladığı, tərtib etdiyi və ön söz yazdığı əlyazmaların müəyyən bir qisminin nəşri həmin əsərləri “it-bat” təhlükəsindən xilas etmişdir.
Azərbaycanı Tədqiq və Tətəbbö Cəmiyyəti 1929-cu ildə ləğv edildi və onun bazası əsasında Azərbaycan Dövlət Elmi Tədqiqat İnstitutu yaradıldı. Salman Mümtaz İnstitutun Dil və Ədəbiyyat bölməsində fəaliyyətini davam etdirmiş, 1931-ci il fevralında “Kapitalizməqədərki ədəbiyyat seksiyası”nın rəhbəri, 1932-ci ildə Azərbaycan Dövlət Muzeyinə elmi işçi və eyni zamanda Azərbaycan Dövlət Nəşriyyatının Ədəbi irs şöbəsinin müdiri vəzifəsinə təyin olunmuşdur. 1932-ci ilin sonunda SSRİ EA Zaqafqaziya Filialının Azərbaycan bölməsi (Az.OZFAN) təsis edilir. S.Mümtaz 15 fevral 1933-cü ildən yeni qurumun Ədəbi irs seksiyasının rəhbəri vəzifəsinə təyin olunur.
Bir aydan sonra, mart ayının 20-də isə əməkhaqqı saxlanılmaqla Ədəbiyyat sektoruna birinci dərəcəli elmi işçi (ədəbiyyat alt seksiyasının rəhbəri) vəzifəsinə keçirilir. Sektor müdiri Əli Nazim ilə elmi mübahisələri çox çəkmir ki, şəxsi incikliyə qədər yüksəlir. İki ay sonra Ədəbiyyat sektoru rəhbərinin müraciəti və sədr müavini Cəfər Kazımovun dərkənarı ilə 27 may tarixində 37 saylı əmr ilə iyun ayının 1-dən S.Mümtaz vəzifəsindən azad edilir. İyun ayının 15-də isə 37 nömrəli əmr ləğv olunur, Mümtaza 2 aylıq (1933-cü il, 19 iyundan 19 avqustadək) ödənişli məzuniyyət verilir və məzuniyyətdən sonra müqavilə əsasında işləyəcəyi 48 saylı əmrdə bildirilir. Həmin ilin dekabrın 4-də isə EA Azərbaycan Bölməsi İctimai Elmlər şöbəsinin müdiri, akademik İ.İ.Meşaninovun rəhbərliyi ilə sektor və seksiyalarda kadr və struktur dəyişikliyi həyata keçirildi. Salman Mümtaz Ədəbi irs, Hənəfi Zeynallı Şifahi ədəbiyyat, prof. Bəkir Çobanzadə Milli azlıqlar və H.İmanov Əlyazma qaynaqlar seksiyalarının rəhbərləri təyin edilmişdir.
1934-cü il üçün Ədəbiyyat Sektorunun nəzərdə tutduğu iş planı üzrə Məhəmməd Füzulinin 25 ç.v. həcmində türkcə 1-ci cildini çapa hazırlamaq professor Y.E.Bertelsə və Salman Mümtaza tapşırılmışdır. S.Mümtaz eyni zamanda Xəqani, Xətai və Füzuli haqqında 6 ç.v. həcmində monoqrafik əsər yazmağı da öhdəsinə götürmüş, tədqiqatın redaktəsi isə Ruhulla Axundova və Bəkir Çobanzadəyə həvalə olunmuşdur.
Azərbaycan ədəbiyyatı klassiklərinin ədəbi irsinin sistemli araşdırılması, qədim yazılı abidələrin incələnməsi və nəşrə hazırlanması işi 1935-ci ildə daha geniş miqyasda davam etdirildi. S.Mümtaz fərdi iş planına “İlk türk şairləri” və “Türk ədəbiyyatına daxil olan rus sözləri” adlı tədqiqat işləri üzərində çalışmışdır.
Dil və Ədəbiyyat İnstitutunun 1936-cı il üçün təsdiqlənmiş iş planınına əsasən Salman Mümtaz böyük mütəfəkkir Məhəmməd Füzuli əsərlərinin II cildini Sankt-Peterburq (keçmiş Leninqrad) və İstanbul arxivlərində saxlanılan əlyazma nüsxələri əsasında, Daşkənd nəşri ilə müqayisəli şəkildə, qüsurları aradan qaldırmaqla çapa hazırlamış, dahi şairin 5 ç.v. həcmində elmi bioqrafiyasını tamamlamış, eyni zamanda İsmayıl bəy Qutqaşınlı, Əbülqasım Nabati, Molla Vəli Vidadi, Qasım bəy Zakir və b. haqqında mətbuatda məqalələr dərc etdirmişdir.
1937-ci ilin yanvar ayından Salman Mümtaza qarşı da etimadsızlıq, şübhə sindromu, elmi fəaliyyətini gözdən salmaq cəhdləri özünü büruzə verməkdə idi. O, bəzi “həmkar”larının paxıllıq və həsəd hissindən qaynaqlanan, Füzulinin I cild materiallarının həcmi barədə irad və atmacalarından usanaraq Tarix, Dil və Ədəbiyyat İnstitutunun direktoru A.R.Zifeldtə ünvanladığı ərizəsində yazırdı: “Mənim təhvil verdiyim Füzulinin I cild materiallarının həcmini yoxlamaq və müəyyənləşdirmək üçün təcili komissiya yaratmağınızı xahiş edir və diqqətinizə çatdırıram. TDƏ-nin əməkdaşı: S.Mümtaz. 19.03.1937-ci il”.
TDƏ İnstitutunun direktoru A.R.Zifeldt bir gün sonra ərizəyə dərkənarda yazmışdır ki, S.M.Əsgərovun Füzuli əsərlərinin I cildi üzrə işinin yerinə yetirilməsi üzrə Həbibulla Səmədzadə, Abdulla Şərifov və İsgəndər Sitaşidən ibarət komissiya yaradılsın və mənə məruzə edilsin.
Komissiya dərhal yoxlamaya başlamış, “Nəticə”də qeyd etmişdilər ki, S.M.Əsgərovun 1934-cü il planında Füzuli əsərlərinin I cildini nəşrə hazırlamaq olmuş, iş 1935-ci ilin sonunda tamamlanmışdır. Mətnin həcmi 600 səh., 75 rübai və 82 sözlükdən ibarətdir. Komissiya belə nəticəyə gəlmişdir ki, Sümtaz Mümtaz göstərilən müddətdə Füzuli əsərlərinin I cildi üçün 18 ç.v. mətn, 2 ç.v. şərh və 3 ç.v. lüğət – cəmi 23 ç.v. işləyib hazırlamışdır.
Bəlli olur ki, komissiyanın işindən S.Mümtaz narazı qalmış, müraciət rəhbərlik tərəfindən biblioqraf-ədəbiyyatşünas Əliəjdər Seyidzadəyə göndərilmişdir. Ə.Seyidzadə “Komissiyanın nəticəsi”nə sərt yanaşmış, üzvləri qeyri-obyektivlikdə və səriştəsizlikdə günahlandırmışdır. Onun fikrincə, komissiya suala cavab vermək əvəzinə onu daha da mürəkkəbləşdirmiş, şeirin həcmini çap vərəqi ilə hesablamış, Füzulinin poetik misralarını S.Əsgərova aid olunan iş kimi dəyərləndirmişlər. Şeirin 300 misrası 1 ç.v. həcmindədir və bu meyarla S.Mümtaz 23 ç.v. yox, 39 ç.v. həcmində mətnşünaslıq işi görmüşdür.
Repressiya dalğasının 1936-cı ilin sonlarından Elmlər Akademiyasının Azərbaycan Filialında hiss olunduğunu nəzərə alsaq, 1937-ci ilin mart ayından Salman Mümtazın müxtəlif bəhanələr ilə qaralanmasının səbəblərini anlamaq o qədər də müşkül deyildir.
S.M.Əsgərovun elmi fəaliyyətinin komissiya tərəfindən yoxlanması və həqiqətin üzə çıxarılması bir müddət onun opponentlərini, narazı qalan qüvvələri müvəqqəti sakitləşdirmişdir.
Az.FAN Tarix, Dil və Ədəbiyyat İnstitutunun 19 iyun 1937-ci il tarixli 26 saylı əmri ilə Salman Mümtaz Əsgərov burjua millətçisi kimi “ifşa” olunduğu üçün iyun ayının 20-dən TDƏİ Ədəbiyyat şöbəsinin kiçik elmi işçi vəzifəsindən azad edilir. Növbəti mərhələ dövlət təhlükəsizliyi orqanları tərəfindən həbs edilməsini əsaslandırmaq və həyata keçirmək idi. Salman Mümtaz növbəti mərhələni dörd aya yaxın səksəkə içində gözləməli olmuşdur. Nəhayət, o, 1937-ci il oktyabr ayının 9-da 1669 saylı orderə əsasən XDİK əməkdaşları tərəfindən həbsə alındı, haqqında “İstintaq işi” (№ 12493) açıldı. Evində axtarış aparılarkən alimə aid üç kisə əlyazma, 121 ədəd kitab, bir qutu şəkil neqativi və şəxsi sənədlər müsadirə edilmişdir. S.Mümtazı 10 oktyabrda XDİK 4-cü şöbə, 3-cü bölməsinin rəisi Qalstyan dindirdi.
Qeyri-insani işgəncələrə, fiziki, psixoloji təzyiqlərə baxmayaraq, Salman Mümtaz böhtanı boynuna almaq, şəri qəbul etmək fikrində deyildi. Müstəntiq onu professorlardan Bəkir Çobanzadə, Əziz Qubaydulin ilə üzləşdirməli oldu. Salman Mümtazın tənəli iradlarına Əziz Qubaydulin “Salman, məcbur edirlər, bacarmıram” – deyə cavab vermişdir.
Salman Mümtazın işi üzrə 1937-ci il 7 dekabrda istintaq prosesi başa çatmışdır. O əksinqilabi, pantürkist təşkilatla əlaqədə, Azərbaycanı SSRİ-dən silahlı üsyan yolu ilə ayırmaqda, EA Azərbaycan Filialında zərərli işlər görməkdə günahlandırılsa da, irəli sürülən ittihamların heç birini qəbul etməmişdir.
“SSRİ Ali Məhkəməsi Hərbi Kollegiyasının Səyyar Sessiyası 9 yanvar 1938-ci ildə Bakı şəhərində keçirdiyi qapalı iclasında EA Azərbaycan Filialı Dil və Ədəbiyyat İnstitutunun kiçik elmi işçisi Salman Mümtaz Əsgərova siyasi hüquqları beş il ərzində məhdudlaşdırılmaqla, ona məxsus bütün şəxsi əmlakı müsadirə edilməklə on il müddətinə həbs cəzası vermişdir. S.M.Əsgərovun cəza müddəti 10 oktyabr 1937-ci ildən başlamışdır”.
O “cəza”sını çəkmək üçün Rusiya Federasiyasının Oryol vilayət həbsxansına göndərilmiş, “1941-ci ildə Oryol şəhəri faşist işğalçıları tərəfindən tutulmamışdan öncə Salman Mümtaz həbsxana rəhbərliyi tərəfindən güllələnmişdir”. Ədəbi-ictimai fəaliyyətində cinayət tərkibi olmadığına rəğmən, Mümtazın əzablı ömür dolanbacları Oryol həbsxanasında sonuclanmışdır.
Mətnşünas, ədəbiyyat tarixçisi, şair-publisist Salman Mümtazın Azərbaycan ədəbiyyatı sahəsindəki titanik xidmətləri, klassik ədəbi irsin toplanması, nəşri, təbliği yönümündə fədakar fəaliyyəti, nadir, klassik əlyazmalara bəslədiyi sonsuz sevgi, diqqət və qayğı onun intellektuallıq miqyasının göstəricisi, milli-mənəvi sərvətlərimizə təəssübkeşlik meyarı və dəyəridir.
"Ulduz" jurnalı. May/2026
Sizin reaksiyanız nədir?
Bəyən
0
Bəyənmədim
0
Sevgi
0
Əyləncəli
0
Əsəbi
0
Kədərli
0
Vay
0